Qərbdən Bakıya diplomatik hücum
Tarix: 6-12-2023, 11:33
Baxılıb: 152
Google+ Paylaş
Tumblr Paylaş

Qərbdən Bakıya diplomatik hücum

6-12-2023, 11:33

Avropa təsisatlarının Azərbaycana qərəz və kin qusan münasibəti dəyişmir - sərt reaksiyalar 

Azərbaycana münasibətdə bəzi Qərb ölkələrinin və təsisatlarının qərəzli münasibəti illər keçsə də dəyişmir. Bu sırada bəzi Avropa ölkələri ilə yanaşı Avropa Şurası, Avropa Parlamenti, “Sərhədsiz Reportyorlar” kimi qurumlar da var. 
“Hazırda ciddi hadisələr baş verir. Avropa Parlamentinin Azərbaycana qarşı ağlasığmaz, qeyri-adi təhqiredici bir sənədi komitə səviyyəsində müzakirəyə çıxarır. O sənədin qəbul edilmə mexanizmini araşdırsanız görərsiniz ki, saytda hələ "qəbul olunmayan" sözünün yazıldığı sənədi artıq “qəbul olunan” kimi ifadə edirlər. Ermənistan artıq bu barədə bizə qarşı kampaniya aparır. Ortada erməni lobbisinin fəaliyyəti var. Bu gün pafoslu səslənsə də deməliyəm ki, Azərbaycana qarşı güclü diplomatik savaş başlayıb". “Yeni Müsavat” bildirir ki, Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Gününsesi.info-ya belə deyib. S.Seyidov vurğulayıb ki, Qərbin Azərbaycana qarşı qeyri-obyektiv təsirindən doğan hadisələr var: “Ortalıqda Azərbaycanın Qarabağdakı qalibiyyətinin həzm olunmamasının görüntüsü var. Ən əsası bizim müstəqil siyasətimizi qəbul etmirlər. Hesab edirlər ki, Azərbaycan bunların aləti olmalıdır. Yaxud da iflasa uğrayan, yazıq, özünü itirmək dövrünü yaşayan məmləkət kimi görmək istəyirlər”. 
Bəli, bu gün məhz Azərbaycanın yürütdüyü xarici siyasət nəticəsində Rusiya, Gürcüstan və İran bölgədəki proseslərə uzaq, region dövlətləri olmayan qüvvələrin müdaxilələrinin yolverilməz və təhlükəli olduğunu anlayırlar. Birləşmiş Ştatların Konqresində indiyədək Azərbaycan əleyhinə çox çıxışlar edilib, qətnamələr qəbul olunub, sanksiyalar və cəzalarla bağlı çağırışlar səslənib. Lakin hər “qəzəb dalğası”ndan sonra Ağ Evin və Dövlət Departamentinin daha yüksək rütbəli yetkililəri Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi, əlaqələrin miqyasının genişləndirilməsi istiqamətində daha fəal addımlar atıblar. ABŞ və əksər Avropa ölkələri əvvəlki illərdə olduğu kimi, bu gün də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesinə ciddi maneələr törədirlər. Həmin dairələr əvvəllər belə bəyanatlar səsləndirirdilər ki, əgər tərəflər özləri hansı razılığa gələrlərsə, biz bunu sadəcə dəstəkləyərik. Son 20 ildə biz bunu dəfələrlə eşitmişik. İndi bütün bunlar baş verib, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, Ermənistanla sülh müqaviləsi imzalamaq üçün danışıqlar aparılır. ABŞ və Avropa tərəflərə dəstək vermək əvəzinə, əks proses görürük. Axı bizdən niyə əl çəkmirlər? 
MHB şikayətləri nazirliklərə göndərir
Xəzər Teyyublu 
Siyasi Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu Qərb təşkilatlarının Azərbaycana münasibətinin dəyişməməsini iki səbəblə izah edir. Hüquq müdafiəçisi hesab edir ki, burada ilk növbədə Rusiya faktoru mühüm təsirə malikdir, ikincisi, xristian təəssübkeşliyi rol oynayır. Onun sözlərinə görə, Avropadan baxanda Bakını Moskvanın yanında görürlər: “Azərbaycanı Moldova kimi Rusiya əleyhinə sanksiyalara qoşulmağa çağırırlar, Ukrayna kimi bəlaya salmaq istəyirlər, Ermənistan kimi üz-üzə qoymaq arzusundadırlar. Amma praqmatik siyasət bunun əksini tələb edir. Ona görə Azərbaycan region dövlətləri, qonşuları ilə tərəfdaşlığı üstün tutur. Bizə qonşumuzla düşmən olmaq lazım deyil. Qərb bunu bizdən görmədiyi üçün qərəzli şəkildə üstümüzə gəlirlər. Burada Türkiyə faktoru da mühüm rol oynayır”. Hüquq müdafiəçisinin fikrincə, ikinci amil ermənilərin xristian olmasıdır və Avropa təsisatları onlara qahmar çıxır: “Fransa həmin beynəlxalq təşkilatların siyasi konyukturasını müəyyən edir. O təsisatlar Parisin təsiri altındadır. Onlar Azərbaycan əleyhinə kampaniyaya qoşularaq, bir ağızdan xor oxuyurlar. Guya xristian ermənilər öz yurd-yuvasından didərgin düşüblər. Beynəlxalq ictimaiyyəti bu yalana inandırmağa çalışırlar. Biz Avropada çox iş görməliyik. Azərbaycanın diplomatları, diaspor təşkilatları, lobbisi təbliğatı gücləndirməlidir, yoxsa bu diplomatik müharibədə "zəif bənd" kimi görünə bilərik. Çünki avropalıları inandıracaqlar ki, ermənilər hücuma məruz qalıblar və qovulublar. Ona görə biz deyirdik ki, hərb meydanında qalib gəldikdən sonra diplomatik və psixoloji-informasiya savaşı başlayacaq. İndi diplomatik müharibədə qələbə qazanmaq lazımdır. Bu, daha uzunmüddətli bir hibrid mübarizədir. Azərbaycan bütün təbliğat, informasiya resurslarını səfərbər etməli, səfirliklər var gücü ilə çalışmalıdır". 
Qarabağın dağlıq hissəsi terror yuvasına çevrilməkdədir" - ZAUR MƏMMƏDOV
Zaur Məmmədov
Politoloq Zaur Məmmədovun sözlərinə görə, Azərbaycan xarici siyasətinin ən böyük özəlliyi, dövlətin bütün çağırışları bir-bir dəf etməsi, rəsmi Bakının balansı qoruması ilə bağlıdır: “Azərbaycan bu illər ərzində hegemon dövlətlərin - "Bakı bizimlə yox, rəqibimizlədir" kimi düşünməsinə şərait yaratmadı. Bəli, müəyyən dövrdə müəyyən dövlətlərlə problemlər yaşana bilər, bu labüddür. Dövlət də insan kimi enişli-yoxuşlu dövrlərdən keçir, proseslər siyasi orqanizmə bənzəyir. Ancaq Azərbaycan indiyə qədər olduğu kimi, bundan sonra da ABŞ, Avropa İttifaqı, Rusiya, İran və Çinlə əməkdaşlığını davam etdirəcək, xarici siyasi vektorlar arasında ayrı-seçkilik etməyəcək, kiminləsə birləşərək digərinə qarşı proseslərdə iştirak etməyəcək. Hazırkı İranı çıxmaq şərtilə, digər istiqamətlərlə münasibətlərdə sabitliyi proqnoz edirəm. Xüsusilə, ABŞ, Avropa İttifaqı və Rusiya istiqamətləri arasında balanslı siyasət aparacaq. Qərb platformalarında fəallıq davam edəcək. Eyni zamanda Bakı Türk dövlətlərinin bir-birinə  inteqrasiyası üçün əlindən gələni edəcək. Çünki Türk Dövlətləri qlobal gücü olan siyasi- iqtisadi - hərbi platformaya çevrilməlidirlər. Hər kəs də bilməlidir ki, Cənubi Qafqazı öz geosiyasi ambisiyalarının qurbanına çevirməməlidir. Belə olan təqdirdə istər-istəməz Azərbaycanla aralarında problemlər yaranacaq".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ