Məşhur rayondan bu görüntülər ŞOK etdi – Şəhərə yadplanetlilər hücum çəkib? – VİDEO
Tarix: 29-01-2024, 09:43
Baxılıb: 435
Google+ Paylaş
Tumblr Paylaş

Məşhur rayondan bu görüntülər ŞOK etdi – Şəhərə yadplanetlilər hücum çəkib? – VİDEO

29-01-2024, 09:43

Vaxtaşırı sosial şəbəkələrdə müxtəlif rayonlardan, böyük şəhərlərdən görüntü paylaşılır. Həmin görüntülər abadlıq, quruculuq işləri ilə bağlı olmur. Zatən sosial şəbəkə istifadəçiləri bu cür video, foto paylaşmırlar. İnsanlar daha çox neqativ axtarışındadırlar.
Məsələ burasındadır ki, hansısa rayonda, şəhərdə quruculuq, abadlıq işləri aparılanda da orda neqativ axtarılır. Heç nə tapmayanda “məmurlar təzə yeyinti yeri tapıblar” deyilir. Cəmiyyətimiz neqativə daha çox köklənib. Bunun səbəbləri haqda indiyə kimi çox yazılıb, danışılıb. Mövzumuz bu olmadığı üçün üzərində çox dayanmağı lazım bilmədik.
Vətəndaşları qınamaq doğru yanaşma sayıla bilməz. Gözünün qarşısından baş verən xoşagəlməz proseslər barədə necə sussun? Buna necə etiraz etməsin? Əksinə, vətəndaşların etirazı məmur özbaşınalığının qarşısını xeyli alır.

Bu günlərdə Lənkəran şəhərindən yayılan görüntülər ciddi müzakirə olunmaqdadır. Sosial şəbəkələrdə, bəzi saytlarda cənub bölgəsinin incisi sayılan Lənkəranın bəzi küçələrində, massivlərində biabırçı durum haqda videolar yayılır.
Videolardan birində Lənkəran bazarının içi və çölü göstərilir. Burdakı antisanitar vəziyyət diqqət çəkir. İnsanların qida məhsulu aldığı bazarda bu cür vəziyyətin olması xüsusilə müxtəlif virusların yayıldığı indiki vaxtda daha çox narahatlıq yaradır. Palçıqlı, gölməçəli yollar, gigiyena və sanitariyanın hökm sürdüyü küçələr açıq-aydın görünür. Adətən bazarlar rayonun paytaxtında fəaliyyət göstərir. Belə çıxır, Lənkəranın mərkəzi hissəsi biabırçı vəziyyətdədir.

Bir başqa foto və videoda isə ağacların sınaraq küçələrdə hərəkətə mane olduğu görünür. Bildirilir ki, Lənkərana yağan sonuncu qarda xeyli ağac sınaraq küçələri, yolları kəsib. Üstündən günlər keçsə də yollar təmizlənmir.
Ümumi görüntü çox üzücü və biabırçıdır. Xatırladaq ki, təxminən 10 gün öncə Prezident İlham Əliyev cənub bölgəsində səfəri çərçivəsində Lənkəran şəhərində də oldu. Bir neçə iri obyektin açılışında iştirak etdi. Əksər icra başçıları kimi Taleh Qaraşov da ölkə başçısının hərəkət etdiyi marşrutda bəzi abadlıq işləri aparıb, qalan yerlər isə bərbad vəziyyətdədir.

Taleh Qaraşov
O mənzərələrə baxdıqda fantastik filmlərin süjetləri göz önünə gəlir. Sanki gecə ilə yad planetlilər Lənkəranın mərkəzinə hücum çəkib, hər şeyi viran qoyub, gediblər. Halbuki o “yad planetlilər” əslində məmurların məsuliyyətsizliyidir. Vaxtaşırı özünü bu və başqa formada göstərir.
Xatırladaq ki, son aylar Lənkəranla bağlı bu cür şikayətlər çoxalıb. Şəhərdə məişət tullantılarının daşınmaması, elektrikin fasilələrlə verilməsi, məktəblərdə şagirdlə müəllimlərin arasında yaşanan qalmaqallar və s. tez-tez ictimailəşir. İndi də bu videolar yayılıb. Təəssüf ki, rayon icra hakimiyyəti bu videolar, fotolar, yazılar barədə susur, şərh verməkdən yayınır.
Xatırladaq ki, Lənkəranın icra başçısı Taleh Qaraşov bu vəzifəyə 2012-ci ilin aprel ayında təyin olunub. Görünür, 12 ildir vəzifədə olması onu arxayınlaşdırıb. Heç bir ictimai qınaq, tənqid T.Qaraşovu narahat etmir.
Dövlətin aidiyyatı qurumlarının bu mənzərəyə biganə qalmayacağına inanmaq istəyərdik.
Lənkəran Rayon İcra Hakimiyyəti (RİH) mediaya qapalı qurum olduğu üçün onlardan hər hansı rəy almaq mümkün olmur. Mövzu ilə bağlı RİH açıqlama versə, dərc etməyə hazırıq.
 
    
     


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ