Qızılca və qrip ölkədə epidemiya səviyyəsinə çatır - səbəb...
Tarix: 30-11-2023, 08:29
Baxılıb: 157
Google+ Paylaş
Tumblr Paylaş

Qızılca və qrip ölkədə epidemiya səviyyəsinə çatır - səbəb...

30-11-2023, 08:29

Yoluxma əsasən Bakının 11 rayonunda qeydə alınıb, xəstəlik daha çox sıx məskunlaşmış ərazilərdə müşahidə olunur

Azərbaycanda qızılca, suçiçəyi və qrip tüğyan edir. Rəsmi statistika da təsdiqləyir ki, xüsusilə qızılca sürətlə yayılır. 
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb. Yoluxma əsasən uşaqlar arasında müşahidə edilir. Ötən dövr ərzində ölkə ərazisində 284 qızılcaya yoluxma hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12 faizi (35 nəfər) yaşlı insanlar arasında olub. 
Qazaxıstan hökuməti ölkədə qızılca epidemiyası ilə bağlı hər hansı məhdudlaşdırıcı tədbir tətbiq etməyi planlaşdırmır. Qazaxıstan Səhiyyə Nazirliyinin Sanitariya və Epidemioloji Nəzarət Komitəsinin yaydığı məlumatda bildirilib ki, ilin əvvəlindən 17,7 min xəstə arasında 82%-dən çox və ya 14 465 hadisə uşaqların payına düşüb. Qeyd edilib ki, bunlardan 83%-i peyvənd olunmayıb: “Xəstə uşaqların 60%-i valideynlərin imtinası səbəbindən peyvənd almayıb, digərləri isə peyvənd yaşına çatmayanlardır”. 
Rusiyada isə 2023-cü ildə uşaqlar arasında qızılcaya yoluxma hallarının sayı 2022-ci illə müqayisədə 262 dəfə çoxdur. TASS agentliyi Səhiyyə Nazirliyinin təqdimatına əsasən yazıb ki, bu ilin yanvar-sentyabr aylarında uşaqlar arasında 63 mindən çox qrip hadisəsi qeydə alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 799% çoxdur. Məlumatda deyilir: “2023-cü ilin yanvar-sentyabr aylarında Rusiyada uşaqlar arasında qızılcaya yoluxma hallarının sayı 4,9 min nəfərdən çox olub, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə (19 hadisə) 262 dəfə çoxdur. Bu cür məlumatlar Rusiya Federasiyası Səhiyyə Nazirliyinin profilaktik tibb üzrə baş müstəqil pediatriya mütəxəssisi Leyla Namazova-Baranova tərəfindən "İmmunlaşdırma proqramlarının hazırlanmasına yanaşmalar üzrə ən yaxşı təcrübələr" II Ümumrusiya Konfransında təqdim edilib. Bundan əlavə, təqdimata görə, 2023-cü ilin yanvar-sentyabr aylarında uşaqlar arasında 63 mindən çox qrip hadisəsi qeydə alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə (7 mindən çox hadisə) 799% çoxdur. Eyni dövr ərzində göy öskürək xəstəliyinin artması 965% təşkil edib, 2022-ci ildə 1,6 mindən çox, 2023-cü ildə isə 17,4 mindən çox hadisə qeydə alınıb: “Səylərimizi azaldan kimi (peyvəndləmə nəzərədə tutulur) infeksiyalar geri qayıdır. Son pandemiya periodu "peyvənd aktivliyinin" azalmasının dünyada yoluxucu xəstəliklərin artmasına necə təsir etdiyini açıq şəkildə göstərdi. Ona görə də peyvəndləmə vacibdir. Yəni uşaqların və digər hədəf qruplarının təqvimdə nəzərdə tutulduğu kimi peyvənd olunması təmin edilməlidir. Əks halda, səylərimizin çoxu təbii olaraq boşa çıxacaq", - deyə ekspert qeyd edib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən (ÜST) qızılca xəstəliyinə yoluxmalarda belə artımlar öncədən proqnozlaşdırılmışdı. Təşkilatın rəsmi məlumatında bildirilib ki, Avropa regionunda yoluxma payız-qış aylarında artıb. Buna səbəb uşaqların peyvənd yaş dövrünün COVİD-19 pandemiyasına təsadüf etməsi olub. Məhndudlaşdırma tədbirləri ilə bağlı olaraq onlara vaksin vurulmayıb. Məlumata görə, dünyada qızılcaya yoluxmada 18 faiz artım, ölüm hallarında isə 43 faiz artım qeydə alınıb. 
Aytən İsmayılzadə: “Sağlam övladı məşqə gedib, ölümcül olur və ölür, uşağın  qohumları elə danışır ki, elə bil, belə də olmalıymış...” Pravda.az
Aytən İsmayılzadə
Pediatr Aytən İsmayılzadə bildirib ki, qızılca virusu güclü virusdur. İmmuniteti zəiflədir və tez zamanda ağırlaşmalara gətirir. Həkim qızılca xəstəsini müalicəyə yazdırmaq üçün özəl klinikalara, poliklinikalara aparmamağı tövsiyə edir: “Bu halda körpələr, hamilələr riskə məruz qalır. Qızılcaya yoluxmuş xəstəyə xüsusi nəzarət lazımdır. Birbaşa xəstə müayinə olunmalıdır. Buna görə sahə həkimi evə baş çəkməlidir. Qızılca virusu xəstəliyin ilk bir həftəsində hələ səpkilər yox ikən daha çox yoluxucudur. Buna görə də onu qrip ilə səhv salıb həkimə aparmağa tələsməyin. Gözlərdə qızartı, halsızlıq, davamlı başağrısı görsəniz, bu, qızılcanın əlaməti ola bilər və səpkilər gözləniləndir. Eyni zamanda həkimə də məlumat verin. Yeri gəlmişkən, peyvənd vurdurmağa tələsməyin. Bu düzgün olmayacaq. Çünki indi epidemiya başlayır və onun peyvəndi canlıdır. Siz uşağın yoluxduğunu bilmədən peyvənd etdirə bilərsiniz ki, bu da ağırlaşmaya gətirər. Qızılca virus xəstəliyi olsa da həm viral, həm bakterial ağırlaşmalar tez görülə bilər: sətəlcəm (pnevmoniya), ensefalit ( beyin iltihabı) meningit, karlıq, kolit və s. Qızılca ölümlə də nəticələnə bilər. Qızılca skarlatina və oxşar digər xəstəliklərdən fərqlidir. Qızılca səpkiləri xırda-xırda, birləşməyə meyilli, üzdən başlayır. Bütün bədənə yayılır. Səpkilər mədə-bağırsaqda da olur, pəhrizlə qidalanma lazımdır. Gözlərdə güclü viral konyuktivit səbəbindən işıqdanqorxma olur. Qızılca virusu göz əzələ siniflərini zədələyərsə, çəplik, görmə problemi, korluq yarada bilər. Xəstə ilə təmasda olan uşaqlara profilaktik immunoqlobulin təyin olunur. Qızılcaya immunitet ömürlük yaranır”.
O ki qaldı peyvəndin nə zaman vurulmasına, həkim bildirdi ki, peyvənd iki dəfə edilir - 1 və 6 yaşda: “Hamilələr və 12 aya kimi uşaqlara peyvənd edilmir. Buna görə xəstələr onları rahat yoluxdura bilər. Peyvənd olunmuş uşaqlar xəstəliyi yüngül, simptomsuz keçirə bilər. Bununla yanaşı, onlar aktiv mənbə hesab olunmur. Əhalinin 90%-dan çoxunun peyvəndli olması xəstəliyin yayılmasına əngəldir. Bizdə bu faiz aşağıdır ki, haradansa gələn bu virus belə arta bilir. Uşaqların peyvəndini vaxtında etdirmək lazımdır. Valideynlərin imtina ərizəsi ilə razılaşanda nəticə belə də olacaqdı”.
Afaq Əliyeva: Koronovirus qeydə alınmayıb
Afaq Əliyeva 
Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva isə bildirib ki, oktyabr və noyabr aylarından başlayaraq qızılca xəstəliyinə yoluxma ciddi şəkildə artıb. Həmsərhəd ölkələrdə - Türkiyədə 4 mindən çox, Rusiyada 3400-dən çox, Qazaxıstanda 7 mindən çox yoluxma qeydə alınıb: "Azərbaycanda ilk yoluxma Türkiyədən gətirilib və peyvəndi olmayan uşaqlar arasında yayılmağa başlayıb. Xəstəliyin inkubasiya dövrü ən azı 14-15 gün, ümumilikdə 21 gündür. Yoluxma əsasən Bakının 11 rayonunda qeydə alınıb. Xəstəlik daha çox sıx məskunlaşmış ərazilərdə müşahidə olunur. Yoluxanların 95%-i peyvənd olunmayanlardır. Qızılca çox ağır və fəsadlar verən xəstəlikdir. Ortayaşlılar arasında da az da olsa, yayılma var". Afaq Əliyeva həmçinin bildirdi ki, vaksinasiya məcburi olmayacaq, istəyənlər özləri müraciət etməlidirlər. 
Qrip və digər respirator xəstəliklərə gəlincə, Səhiyyə Nazirliyindən verilən məlumatda bildirilir ki, Azərbaycana qrip əleyhinə peyvənd gətirilib. Qeyd olunub ki, Azərbaycanda qrip və digər respirator xəstəliklər üzrə epidemioloji vəziyyət Səhiyyə Nazirliyinin daim diqqət mərkəzindədir: “Bu məqsədlə, Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən ölkə ərazisinə qrip əleyhinə peyvənd gətirilib. Peyvəndlərin Bakı şəhəri üzrə paylanılması artıq başa çatıb. Hazırda peyvənd materiallarının respublikanın digər şəhər və rayonlarına çatdırılması davam edir və yaxın zamanlarda yekunlaşacaq. Azərbaycanda əhali arasında qrip əleyhinə peyvəndlənmə könüllü şəkildə aparılır. Qrip virusuna qarşı vaksinasiya xəstəliyin profilaktikası üçün əhəmiyyətlidir”.
Nazirlikdən həmçinin bildirilib ki, epidemioloji vəziyyəti nəzərə alaraq, ölkə ərazisində orta və yaşlı əhalinin profilaktikası məqsədilə vaksinasiyası üçün peyvənd (Qızılca-Parotit-Məxmərək) tətbiq olunacaq. Qeyd olunub ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2015-ci ildən etibarən Azərbaycanda rəsmi olaraq qızılca və məxmərək xəstəliklərinin eliminasiyası (ölkə ərazisində endemik halların qeydə alınmaması) elan edilib: “Ötən illər ərzində (2014 və 2018-ci illərdə) ölkə ərazisində qızılca infeksiyasının 2 kiçikmiqyaslı alovlanmasının qeydə alınmasına baxmayaraq, həyata keçirilən əks-epidemik və profilaktik tədbirlər nəticəsində qısa müddət ərzində bu alovlanmalar dayandırılıb”.
Nazirliyin məlumatına görə, həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb: “Yoluxma əsasən uşaqlar arasında müşahidə edilir. Hadisələrin epidemioloji təhlili yoluxmanın əsas səbəbi kimi peyvəndlərdən yayınma hallarının olunmasıdır. Bu da əksər hallarda əsassız əks-göstərişlər və peyvənddən imtina ilə izah olunur. Belə ki, yoluxan xəstələrin 95%-i profilaktik peyvənd təqviminə əsasən, peyvəndlərini almayan uşaqlardır. Yaranan vəziyyətlə əlaqədar olaraq, mütəşəkkil kollektivlərdə (xüsusilə internat tipli məktəblərdə), qapalı müəssisələrdə (uşaq evləri, sanatoriyalar) uşaqların sıx təması nəticəsində hava-damcı infeksiyalarının yayılması üçün daha əlverişli mühitin olmasını nəzərə alaraq, bütün ölkə ərazisində tibb müəssisələri tərəfindən profilaktik peyvənd işi gücləndirilib. Eyni zamanda yaşa görə peyvəndlərdən kənar qalan uşaqların aktiv aşkarlanması və təcili vaksinasiyaya cəlb edilməsi işinə nəzarət artırılıb. Həmçinin ocaqlarda əks-epidemik tədbirlər görülür, xəstə insanlarla təmasda olan şəxslər müəyyən edilir və 21 günlük müşahidə aparılır.
Bununla yanaşı, epidemioloji vəziyyəti nəzərə alaraq, ölkə ərazisində orta və yaşlı əhalinin profilaktikası məqsədilə vaksinasiyası üçün peyvənd (Qızılca-Parotit-Məxmərək) tətbiq olunacaq.
Azərbaycan Texniki Universitetində 8 tələbədə qızılca xəstəliyi aşkar edilməsi məsələsinə gəldikdə isə noyabr ayı ərzində Azərbaycan Texniki Universitetindən 1 nəfər qızılcaya şübhəli şəxsin məlumatı daxil olub və onun son diaqnozu inkar edilib".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ