Bu şəxslərə ŞAD XƏBƏR: pensiyaya tez çıxacaqlar – Sabiq nazir izah edir
Tarix: 8-05-2024, 10:31
Baxılıb: 62
Google+ Paylaş
Tumblr Paylaş

Bu şəxslərə ŞAD XƏBƏR: pensiyaya tez çıxacaqlar – Sabiq nazir izah edir

8-05-2024, 10:31


Prezident İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər ictimaiyyətdə diqqət çəkib. Dəyişikliklərin mahiyyətini tam açmaq üçün Qanunda dəyişiklik aparılana qədər mövcud olmuş qaydaların yeni qaydalarla müqayisəli şəkildə təhlilinə ehtiyac duyulur.

Mövzu ilə bağlı danışan sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifovun sözlərinə görə, “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulurdu ki, qadınlar öz uşaqlarından əlavə övladlığa və ya qəyyumluğa uşaq götürüb, onları 8 yaşınadək tərbiyə edərlərsə və bu zaman uşaqların sayı öz uşaqları ilə birlikdə 5 və ya daha çox olarsa, onlar yaşa görə pensiya hüququnu 5 il erkən əldə edə bilərlər.

Onun sözlərinə görə, qanunda həmin bəndlə bağlı edilən dəyişikliklə bundan sonra pensiyaya 5 il erkən çıxmaq hüququ o zaman yaranacaq ki, övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum uşaqlar olsun:

“Bu dəyişiklik qanunun verdiyi imkanlardan sui-istifadə hallarının aradan qaldırılması məqsədilə edilib. Belə ki, təcrübədə pensiyaya 5 il tez çıxmaq güzəştini əldə etmək məqsədilə bəzən valideyn himayəsində olan uşaqların övladlığa və ya qəyyumluğa götürülməsi hallarına rast gəlinirdi.

Bu istiqamətdə daha bir mütərəqqi dəyişiklik isə belədir: Qanuna görə, 5 və daha çox uşağı olan şəxslərə güzəştli şərtlərlə (5 il öncə) pensiya təyinatı üçün onlardan həmin uşaqları 8 yaşınadək tərbiyə edib, böyütmək tələb olunurdu. Dəyişiklikdən sonra 5 və daha çox uşağı olan valideynlər üçün bu tələb tam aradan qaldırılır. Yeni qaydalarla bundan sonra belə valideynlərin güzəştli pensiya almaq üçün müraciət etmələrinə və ya pensiya təyin olunması üçün hər hansı bir sənəd təqdim etmələrinə ehtiyac qalmayacaq. Onlara elektron qaydada proaktiv pensiya, yəni vətəndaşın müraciəti olmadan pensiya təyin ediləcək”.

Sabiq nazir deyib ki, “Əmək pensiyaları haqqında” Qanunda digər bir dəyişiklik isə əlilliyi müəyyən edilmiş uşaqlarla bağlıdır:

“Qanunla əlil uşağını 8 yaşınadək tərbiyə etmiş şəxslərin yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var idi. Edilən dəyişiklikdən sonra əlilliyi müəyyən edilmiş uşağı 8 yaşınadək övladlığa və ya qəyyumluğa götürmüş şəxslərə də yaş həddi 5 il azaldılmaqla, yaşa görə əmək pensiyası hüququ veriləcək.

Qanunda edilən daha bir dəyişiklik isə atalar üçün yeni güzəşt müəyyənləşdirir. Belə ki, əgər dəyişikliyə qədər ana vəfat etdiyinə və ya valideynlik hüququndan məhrum edildiyinə, yaxud ana ilə nikaha xitam verildiyinə görə 5 və ya daha çox uşağını və ya əlilliyi müəyyən edilmiş uşağını növbəti nikah bağlamadan, təkbaşına 8 yaşınadək böyüdən atalara 5 il erkən pensiyaya çıxmaq hüququ verilirdisə, yeni qaydalarla həmin atalara bundan sonra növbəti nikaha daxil olduqları halda da bu hüquq şamil ediləcək”.  /  Globalinfo.az
Ətraflı


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ