Virus təhlükəsi ilə "çiyin-çiyinə": avtobuslarda sıxlıq davam edir - Reportaj, FOTOLAR
Tarix: 15-04-2020, 21:37
Baxılıb: 1 352
Google+ Paylaş
Tumblr Paylaş

Virus təhlükəsi ilə "çiyin-çiyinə": avtobuslarda sıxlıq davam edir - Reportaj, FOTOLAR

15-04-2020, 21:37

Metro bağlanan ilk gündən (1 aprel) avtobuslarda yaşanan sıxlıqdan dəfələrlə mətbuatda yazılsa da, problem həllini tapmayıb. Bu gün də günün pik saatlarında yalnız metro stansiyalarında dayanmaqla çalışmalı olan avtobuslara minmək mümkün olmur.
Musavat.com-un əməkdaşı "Gənclik" Mall-ın qarşısında avtobus gözləyən sərnişinlərlə həmsöhbət olub. Sərnişinlər bildiriblər ki, hər gün eyni mənzərə ilə rastlaşırlar. Bakı sakini Fərrux Məmmədov bildirib ki, hələ indiyə qədər saat 18 radələrində ekspress avtobuslara minə bilməyib:
"Hər gün burada sıxlıq yaşanır. Mən metronun "Gənclik" stansiyasından, "Neftçilər" stansiyasına gedirəm. Lakin indiyə qədər bu avtobuslara minə bilməmişəm. Avtobuslarda virusla bağlı təhlükəsizlik tədbirləri çərçivəsində qoşa oturacaqdan yalnız birində əyləşmək olur. Hər iki oturacaqdan biri dolduğu təqdirdə sürücü qapını açmır və burada sərnişin sayı durmadan artır. Axırda isə maraqlı hal baş verir. Belə ki, şüşəsinə vurulan kağıza "M1" yazılan avtobus gəlir və nə qədər sərnişin varsa, hamısını götürüb, aparır. Yəni ekspress avtobuslarda təhlükəsizlik qorunduğu halda, xəttə buraxılan əlavə avtobusda insanlar çiyin-çiyinə gedirlər. Bu sərnişinlərin birində virus varsa, digərlərinə də keçməsi üçün avtobusda hər bir şərait var".
"Qara Qarayev" stansiyasına gələn Leyla Həmidova bildirdi ki, hər gün eyni vəziyyətlə üzləşirlər:
"Burada camaat gördüyünüz kimi növbə gözləmir. Hamı çalışır ki, avtobusa birinci minsin. Çünki sürücü uzaq başı 2 nəfər sərnişin götürür. Qalanları qalır, növbəti avtobusu gözləyirlər. Yenə camaat özü qadınlara yer verirlər, minə bilirik. Əksəriyyət burada gözləyir. Bir dəfə əlavə xəttə buraxılan avtobusa mindim, o da metroya çatana qədər neçə yerdə saxladı. Sıxlıqdan da ayaq qoymağa yer yox idi".
Elə biz də orada bir qədər gözlədik və xəttə əlavə avtobus verildi. Həmin avtobusa minib, "Gənclikdən" "Həzi Aslanov" istiqamətinə yola düşdük. Avtobusda sıxlıq yaşanırdı. Hələ "Gənclik" stansiyasından "Koroğlu" stansiyasına qədər sürücü bir neçə dəfə sərnişin götürüb, düşürdü. Avtobusdakı sərnişinlərin etirazından sonra sürücü yalnız metro dayanacaqlarında saxlamağa başladı.
Bir neçə gün öncə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev onlayn mətbuat konfransında  deyib ki, sərnişinlərin hərəkətində məhdudiyyətlərin qoyulmasına baxmayaraq hələ də səhər və axşam saatlarında istər avtobuslarda, istərsə də dayanacaqlarda sıxlıq müşahidə olunur:
"Sərnişinlərdən xahiş edirik ki, mövcud epidemik vəziyyətdə sosial məsafəsini saxlasınlar. Təəssüf ki, insanlar dayanacaqlarda sosial məsafənin saxlanılmasına riayət etmir”.
Ağayev daha sonra qeyd edib ki, bu günə kimi sürücülərin sağlamlığı ilə bağlı hər hansı narahatedici məqamla rastlaşmayıblar:
" 65 yaşdan yuxarı sürücümüz yoxdur, səhhətində azacıq bir problemi olan sürücülər də xəttə çıxmır", - deyə M. Ağayev bildirib.
Əli Rais,
Musavat.com
Fotolar müəllifindir.







Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ