“Bu parkda adam ölsə, heç kimin xəbəri olmayacaq” – FOTOLAR
Tarix: 12-01-2024, 17:50
Baxılıb: 227
Google+ Paylaş
Tumblr Paylaş

“Bu parkda adam ölsə, heç kimin xəbəri olmayacaq” – FOTOLAR

12-01-2024, 17:50

“Hər axşam işdən evə gəlirəm, yolum park tərəfdən keçir, amma qorxudan bilmirəm necə gedim. Park zülmətdir”.
Bu sözləri Musavat.com-un əməkdaşına Nizami rayonu, Məmmədəli Şərifli 9 küçəsində yaşayan sakinlər bildiriblər.
Onların sözlərinə görə, yaşadıqları binanın yaxınlığında, Şərif Mirzəyev 216 küçəsində park var ki, əhali bu parkdan mütəmadi olaraq istifadə edir.
“Bu parkdan demək olar ki, ətraf binaların hamısı istifadə edir. Burada uşaqlarımız oynayır. Baxın, düz yol ayrıcındadır deyə metroya buradan piyada düşməli oluruq. Qışdır, günlər qısalıb, qaranlıq tez düşür. İşdən gələnimiz var, tələbəmiz var. Adam zil qaranlıqda ürkür. Birinin başına hadisə gəlsə, heç kimin xəbəri olmaz. Bir işıq qoymayıblar ki, keçdiyin yolu görə biləsən. O gün getdiyim yerdə ayağımın altındakını görə bilmədim, dəydim yerə, elə əzildim ki... Yaşlı adamam da, ay bala”, - deyə Nərminə Əliyeva adlı sakin bildirib.
Bu parkdan yolu düşən daha bir sakin, Oksana Lembikova da şikayət edənlər sırasındadır:
“Mən də hər axşam işdən evimə gedirəm, bu park çox vahiməli olur axşamlar. Qışdır deyə heç kim olmur, qaranlıqda bilmirsən necə keçib gedəsən. İndi hansı zəmanədir ki, işıqsız qoyurlar parkı. Baxın, parkla üzbəüz restoran da var, buradan içkili çıxanlar olur, istər-istəməz təkcə qorxursan. Bu parkda adam ölsə, heç kimin xəbəri olmaz. Mən Bakıda dünyaya gəlmişəm, uşaqlığım da bu ərazilərdə keçib, doğmadır buralar mənə. Çox heyif ki, nəzarətsiz qalıb” .
Məsələ ilə bağlı Nizami Rayon İcra hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Cavid Qafarovla əlaqə saxladıq. O, Musavat.com-a açıqlamasında bildirdi ki, məsələ araşdırılacaq və məlumat veriləcək.







Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ