Azərbaycanda mədəkiçiltmə əməliyyatı ilə bağlı ŞOK FAKTLAR
Tarix: 31-01-2024, 09:41
Baxılıb: 69
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda mədəkiçiltmə əməliyyatı ilə bağlı ŞOK FAKTLAR

31-01-2024, 09:41

Aytən İsmayılzadə: “Bu həkimlərə əməliyyatı qadağan etməlidirlər, Hippokrat andına xəyanət edənlər...”
Azərbaycanda mədəkiçiltmə əməliyyatları ilə bağlı həyəcan təbili çalınıb. Tanınmış həkim Aytən İsmayılzadə öz sosial şəbəkə hesabında mədəkiçiltmə əməliyyatlarının biznes obyektinə çevrildiyini, bunun üçün həkimə müraciət edən pasiyentlərin birmənalı şəkildə mədəsinin kəsildiyini söyləyib.
“Son dövrlər Hippokrat andına xəyanət edərək pasiyentlərinə, sadəcə, biznes obyekti kimi baxan həkimlərin sayı durmadan artır. Gəlir gətirən sahələrdən biri də mədəkiçiltmə əməliyyatlarıdır. Çəkisi ilə kompleks yaşayan xanımlara mədəkiçiltmənin fəsadları izah olunmur, pəhriz və idmana yox, məhz əməliyyata sürüklənir. Azərbaycanda üzdə olan xanımların mədəkiçiltmə əməliyyatından sonra ağır xəstəliklərə düçar olub, cavan yaşda həyatdan köçməsi heç kimə sirr deyil. Bir qədər araşdırma aparsaq, hər kəsin bu əməliyyatın fəsadından əziyyət çəkən bir yaxınının olması faktına rast gələrik”, - deyə həkim bildirib.
Aytən İsmayılzadə mədəkiçiltmə əməliyyatının fəsadlarından danışaraq xanımları bu yoldan çəkinməyə çağırıb: “Pulu veririk ki, mədəmizi kəsdirib özümüzü yarımcan edək. Bu, cahillikdən başqa şey deyil. Elə intihar kimi bir şeydir. Öz kefimizdən sağlamlığa cavabdeh olan orqanımızın bir hissəsini kəsdirib atırıq. Heç bircə hüceyrə yarada bilmədiyimiz halda o boyda vacib orqanı atırıq zibilə. Mədə bir orqan olaraq, sadəcə, yemək kisəsi deyil ki, dibi kəsilib tikilsin. Mədənin hissələri bir-birini təkrar etmir və hər tərəfi müəyyən hormon maddələr buraxır. Mədənin cismi, dibi, girişi, çıxışı, əyrilikləri fərqlidir. Bağırsaq təkrarlana bilir, onun kəsilib tikilməsi ilə mədə bir deyil. Əməliyyatın adı isə mədəkiçiltmə yox, mədəkəsilmə olmalıdır. Çünki sadəcə mədə kiçilmir, mədə kəsilərək dəyişir. Və bu dəyişən orqan artıq mədə olmur. Biz mədəmizi ancaq onu və özümüzü qorumaq məqsədilə kəsdirə bilərik. Məsələn, mədə xərçəngi zamanı kəsilə bilər, öz görünüşümüzə görə deyil”.
Həkim insanların əksər hallarda sosial şəbəkələrdə reklamlara aldanaraq bu addımı atdığını bildirib: “Heç bir səhiyyə sistemində bu həkimlərə "dur" deyən yoxdur. Bu həkimlərə ümumiyyətlə, əməliyyat etməyi qadağan etməlidirlər. Mədə kəsilibsə, bir çox minerallar sorula bilmir, zülal yaxşı həzm olunmur, kimdəsə öyümə, qusma olur, insan normal həcmdə qidalana bilmir".
Bir çox məşhurların mədəkiçiltmə əməliyyatını edən laporoskopik və bariatrik cərrah, Azərbaycan Tibb Universitetinin dosenti Aslan Abdulla deyir ki, bədən-kütlə indeksi dedikdə insanın təkcə çəkisi yox, onun boyu da nəzərə alınır. O deyir ki, əslində Beynəlxalq Piylənmə cərrahiyyəsi və Metabolik xəstəliklər Assosiasiyası bədən-kütlə indeksi 27 olan pasiyentlər üzərində mədəkiçiltmə əməliyyatına icazə verir. Amma A.Abdulla deyir ki, bu, aşırı piylənmə problemi olan ölkələrə tövsiyə edilir: “Mən də bu assosiasiyanın üzvüyəm. Amma nəzərə almaq lazımdır ki, bəzi ölkələrdə əhali arasında piylənmə ciddi problemə çevrilib. Bu, fəsd-fud qidalanma, oturaq həyat tərzi və sair amillərlə bağlıdır. Azərbaycanda piylənmə ilə bağlı vəziyyət elə ciddi həddə deyil. Artıq çəkidən xilas olmaq üçün idman, sağlam qidalanma kimi tədbirlərdən istifadə etmək olar. Həddindən artıq piylənmə olarsa, artıq mədəkiçiltmə əməliyyatına göstəriş var. Çox təəssüf ki, Azərbaycanda bəzi yeni bu işə başlayan həkimlər kim müraciət edirsə, o pasiyenti də mədəkiçiltmə əməliyyatı edirlər. Bu, doğru və peşəkar yanaşma deyil. Bunu biznes, gəlir vasitəsinə çevirmək olmaz”.
Mədəkiçiltmədən sonra ölkəmizdə həyatını itirənlər az deyil. Ötən ilin sonunda AzTV-nin 24 yaşlı əməkdaşı Vüqar Rəsulov mədəkiçiltmə əməliyyatından sonra dünyasını dəyişdi. İstedadlı aktrisamız, ölümü ilə tamaşaçılarını üzən Tünzalə Əliyevanın da məhz mədəkiçiltmə əməliyyatından sonra xərçəng olduğu iddia edilir. 
Qeyd edək ki, mədəkiçiltmə əməliyyatı müasir dövrümüzün dəbli olan əməliyyatlarından biridir. Əməliyyatla mədə kiçildikdən sonra insanda aclıq hissi itir. 2-3 ildən sonra isə əvvəlki çəkisini getdikcə geri almağa başlayır, amma sağlamlığında çox ciddi problemlər əmələ gəlir.
Alimlərin araşdırmasına görə, mədəkiçiltmə əməliyyatı edilən insanlarda kəskin qocalma baş verir. Belə ki, daxili orqanların funksiyasına idarəedici hormonlar təkan verir. Hormonların passivləşməsi ilk növbədə insanların şüuruna təsir edir. İnsan orqanizmində müxtəlif, o cümlədən xoşbəxtlik, aclıq, toxluq, həyat aktivliyi, cinsi fəaliyyəti aktivləşdirən, orqanların hüceyrə toxumalarına təsir edən, şəkərli hüceyrələri tənzimləyən və sairə hormonlar var. Bu hormonların sürət mexanizmi normativə uyğun olmalıdır.
Ləman Süleymanova: "Arıqladıcı kokteyldən 15 yaşlı qız dünyasını dəyişib" -  MÜSAHİBƏ - 14.01.2018, Sputnik Azərbaycan
Ləman Süleymanova 
Həkim-dietoloq Ləman Süleymanova “Yeni Müsavat”a açıqlamasında bildirib ki, mədəkiçiltmə əməliyyatı edən şəxslərin 80 faizi xərçəng xəstəliyinə tutulur: “Hər kəsdə genetik kodlar var. Uşaq doğulanda yaxşı genetik kodları açılır, məsələn, irsi xarakter, zehni qabiliyyət və sairə. Təxminən 35 yaşdan sonra isə pis genetik kodların açılması baş verir. Məsələn, nəsildə hansısa irsi xəstəlik varsa, həmin kodlar açılır. Təbii ki, insanlar özlərini bu xəstəliklərdən sığortalaya bilər, amma mədəkiçiltmə əməliyyatından sonra bu xəstəliklər erkən açılır. Məsələn, əgər nəsildə onkoloji xəstəlik varsa, bu xəstəlik mütləq ortaya çıxır. Hətta sağlam, genetikasında heç bir xəstəlik, o cümlədən onkoloji xəstəlik olmayan insanlarda belə xərçəngin yaranma təhlükəsi çox yüksəkdir. Araşdırmalar da onu göstərir ki, mədəkiçiltmə əməliyyatı edən şəxslərin 80 faizini bu xəstəlik yaxalayır”.
ELNUR MEHRƏLİ – LAPAROSKOPİK ESTETİK PLASTİK CƏRRAH | Azərbaycan Tibb  Ensiklopediyası
Elnur Mehrəli
Plastik-cərrah Elnur Mehrəli də qeyd edir ki, orqanizmdə olan artıq çəki və piylənmənin dərəcəsini müəyyən edərək, mədəkiçiltmə əməliyyatı taktikası seçilir. Lakin təəssüf ki, bəzən nə xəstələr, nə də həkimlər buna riayət etmir: “Çəki boya görə tənzimlənir, məsələn, 150 sm boyunda bir pasient üçün 55-60 kq çəki normal sayıla bilər. Bu nöqteyi-nəzərdən də artıqlıq özünü BKİ-də göstərir. BKİ çəki ilə boyun arasında mütənasibliyə görə təyin edilir və bu göstərici normativlərdə göstəricisi 25-30 olarsa, əməliyyat taktikası mədəkiçiltmə olaraq seçilir. Yəni əgər bir pasiyentin boyu 170 sm, çəkisi isə 120 kq olarsa, BKİ hesablanarkən həmin şəxs mədəkiçiltmə əməliyyatına göstərişi olan pasiyent sayılır. Mədəkiçiltmə əməliyyatı bədəndə olan artıq yükün, əlavə çəkinin mədənin həcminin kiçildilməsi hesabına, pasiyentin qida qəbulunun azaldılması, eləcə də mədənin aclığa cavabdehlik daşıyan hissəsinin götürülməsi hesabına kökəlmə dayanır. Belə ki, xəstələrdə aclıq hissiyyatı olmur, əksinə, daim toxluq hissi olur, nəticədə kökəlmə getmir.
Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq
Zülfüqar Yusifov
“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı dedi ki, son zamanlar müşahidə olunur ki, mədəkiçiltmə əməliyyatı lazım olmadıqda belə istifadə etməyə cəhd edənlər var: “Bəziləri düşünür ki, pəhrizdənsə asan yolla - mədəkiçiltmə əməliyyatı edib daha yaxşı, daha tez fit bədənə sahib ola bilər. Bu çox təhlükəlidir. Mədəkiçiltmə əməliyyatına alternativ əməliyyatlar var, məsələn, mədəyə silikon balon qoyulur və yaxud mədəyə botoks vurulur, bununla da iştaha azalır. Hesab edirəm ki, bununla da artıq çəki problemindən qaçmaq olar. Lakin qeyd etdiyim kimi, əgər həyati göstəriş yoxdursa, mədəkiçiltmə əməliyyatına müraciət etmək tövsiyə olunmur”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ