Elvin Paşa: "Gözlərindən gedən yola düzəldim..."
Tarix: 17-04-2020, 12:35
Baxılıb: 1 151
Google+ Paylaş
Tumblr Paylaş

Elvin Paşa: "Gözlərindən gedən yola düzəldim..."

17-04-2020, 12:35

Bu adamın ağrımayan gözləri, 
ağrımağa başladı.
Ağrımayan barmağı, 
ağrımayan qolları,
yorulmağa başladı...

Neçə ildi bu ağrıya 
necə susub dururmuş?!
Gülə-gülə ağrımağa dözürmüş?!
Qaşlarında düyünlənən kədəri,
Vergül boyda gülüşüylə əzirmiş.

Gözlərindən gedən yola düzəldim,
Toxunduqca gülüşünə, duruldum.
Əlləriylə zikr elədim Tanrını,
Barmağına salxım-salxım vuruldum.

Gülə-gülə, sevdim gülün tikanın,
batmağına kim deyər ki, dözmədim?!
Bir közərən arzu qaldı gözümdə,
Budağının yanıq yerin üzmədim...

Otuz ilə nətər ayaq uydurub?!
Ağrılara necə gülüb, İlahi?!
Bu ürəklə bu dünyaya səhv gəlib
Bir nəfər də bilmir hələ kimdi bu
Hara girib, harda gizlin kövrəlib?

Mən bilirəm necə olur ağrımaq?!
İçin dolur, üzün gəlmir güləsən...
Bir də sənin əkizin var uzaqda.
Gəlib soyuq taleyinə baxasan,
Sənə necə oxşadığın görəsən...

Bu adamın ağrımayan gözləri, 
ağlamağa başladı.
Ağrımayan barmağı, 
ağrımayan qolları,
yorulmağa başladı...



*
Saçlarına qurban olum, 
Saçlarını ağartma.
Əllərinə qurban olum,
Duaları unutma.

Gözlərinə qurban olum
Ha tərəfə baxırsan?
Dillərinə qurban olum
Bilirsən ki gələrəm
Hansı yoldan çağırsan...

Ürəyinə qurban olum
Dərmanını içirsən?
Baxışına qurban olum
Nəyin dərdin çəkirsən?

Gülüşünə qurban olum,
Necə gözəl gülüşdü.
Ayağına qurban olum,
Həyatımı dəyişdi...

Həyatına qurban olum,
Çox oynama ocaqla.
Qollarına qurban olum,
Məni görsən qucaqla.

Allahına qurban olum,
Aramızı qatırlar.
Hərdən sən də qurban ol,
Hərdən məni xatırla...



"O darıxır, hardasan?"

Daha adicə sözdü, daha adi xəbərdi
"O darıxır, hardasan?"
Bircə mən deyiləm ki, indi gör nə qədərdi
özünü səndən asan.

Gör nə qədər ümidlər, nə qədər ip asılır
yenə daş ürəyindən.
Gör nə qədər yatanı azan səsi oyatmır,
Gör nə qədər çarəsiz ümid yığıb qayıtmır
Allahın ətəyindən.

Hərə bircə ev tikir xatirə kərpicindən,
Və bir gün ölü çıxır, o daxmanın içindən.

Lap istəsən and içim, bir az sənin canınçün,
biraz mənim canımçün.
"Darıxıram, əzizim" bunu ki, gizlətmirəm
Bir də deyim biləsən, mən sənin olmadığın
yuxuya da getmirəm

Səni də istəyirəm, sən yaşayan evi də,
O balaca qızı da, içimdəki divi də.
Gəzdiyin dəhlizi də sevirəm addım-addım
Bağışla çox danışdım, bağışla çox uzatdım

Ağrılarım səngiyib
bircə darıxmağım var

Elvin Paşa


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ