Azərbaycan vətəndaşlarının qardaş Türkiyəyə yardımı üçün fond yaradılacaqmı - RƏSMİ AÇIQLAMA
Tarix: 7-02-2023, 10:26
Baxılıb: 294
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan vətəndaşlarının qardaş Türkiyəyə yardımı üçün fond yaradılacaqmı - RƏSMİ AÇIQLAMA

7-02-2023, 10:26

Hüseyn Altınalan: “Böyük ehtimalla Türkiyə dövləti belə bir kampaniya başladacaq”

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülür.
“Azərbaycan təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyəyə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görür”. Bu barədə baş nazir Əli Əsədov Türkiyə Respublikasının cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Türkiyənin vitse-prezidenti Fuat Oktaya ünvanladığı başsağlığı məktubunda qeyd edib.
Xatırlatmaq yerinə düşər ki, Türkiyədə zaman-zaman güclü zəlzələlər baş verib. Belə bir zəlzələ 1999-cu il avqustun 17-də mərkəzi Kocaeli vilayətinin Gölcük rayonu olmaqla, Türkiyənin Marmara bölgəsində 7.4 bal gücündə baş vermişdi. Zəlzələ nəticəsində ümumilikdə 18 min insan ölüb, 20 mindən çoxu yaralanmışdı. Bu hadisə Türkiyə ərazisində tarix boyu meydana gələn ikinci ən güclü yeraltı təkan olaraq qiymətləndirilirdi.  Düzcədə də 1999-cu il noyabrın 12-də 7,2 bal gücündə zəlzələ baş verib. 30 saniyə davam edən yeraltı təkanlar zamanı 710 nəfər ölüb, 2678 insan yaralanıb.
Onu da nəzərə çatdıraq ki, Azərbaycan hər zaman qardaş ölkənin ağır zamanlarında yanında olub, yardım əlini uzadıb. Belə ki, 1999-cu ildə baş vermiş zəlzələ ilə bağlı həm dövlət tərəfindən yardımlar edilib, həm də vətəndaşlar üçün yaradılmış xüsusi fond vasitəsilə yardım edilib. Bəs görəsən, indiki məqamda Azərbaycan vətəndaşları qardaş Türkiyəyə necə yardım edə bilər? Yenə də hər hansı fond yaradılacaqmı?

Fazil Mustafa
Millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a dedi ki, bununla bağlı artıq təklif verib: “Ya dövlət, ya da Türkiyə səfirliyinin nəzarəti altında, yaxud da onun təşəbbüsü ilə hansısa bir hesab açılmalıdır. Çünki evini itirmiş çox sayda insanlar var. Bu faciəni yaşayan insanlar bunun psixoloji sarsıntısından yəqin ki, xeyli müddət qurtula bilməyəcəklər. Ona görə bunun vətəndaşların öz təşəbbüsü ilə olmasının əleyhinəyəm. Etibarlılıq baxımından bu kimi məsələlərdə müəyyən xoşagəlməyən problemlər də ortaya çıxır. Amma insanlar rahatlıqla bunu etibar etdiyi istiqamətə yönəldə bilərlər. Onda Azərbaycan cəmiyyəti də yardım kampaniyasına rahatlıqla qoşular. Bu baxımdan dərhal Türkiyə səfirliyində hesab açılsa, çox yaxşı olar. Ən azı mənəvi cəhətdən qardaş Türkiyəyə dəstək göstərməyin rahatlığını yaşaya bilərik”.

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi Hüseyn Altınalan mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, böyük ehtimalla Türkiyə dövləti belə bir kampaniya başladacaq: “Əgər belə bir kampaniya başladılarsa, o zaman bəlkə böyük elçilik belə bir addım ata bilir. Hadisə hələ ki yeni baş verib, acımız var. Ona görə kimsə hər hansı bir təşəbbüs etməyib. Bu üzdən hələlik bir söz deyə bilməyəcəm”. 
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə də “Yeni Müsavat”a məsələ ilə bağlı mövqeyini bildirdi. O qeyd etdi ki, hazırda ilkin addımlar atılır: “İlk olaraq müəyyənləşdirilir ki, orada Azərbaycan vətəndaşları neçə nəfərdir,  xəsarət alan varmı, yox.  Hər hansı fondun yaradılması, yardımların göstərilməsi ilə bağlı indiki məqamda məlumat yoxdur. Bu istiqamətdə çox güman ki, tədbir görüləcək. Hazırda ilkin olaraq xəsarət alanların sayı müəyyənləşdirilir, yardımlar göstərilir. Bir fondun yaradılması barədə isə hələlik məlumat yoxdur”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ