İrəvan bu dəfə də müharibəni seçdi - Ermənistan yenə “dəmir yumruq” istəyir
Tarix: 17-01-2023, 10:10
Baxılıb: 306
Google+ Paylaş
Tumblr Paylaş

İrəvan bu dəfə də müharibəni seçdi - Ermənistan yenə “dəmir yumruq” istəyir

17-01-2023, 10:10

Mirzoyandan Azərbaycana qarşı misilsiz həyasızlıq; deputat Ceyhun Məmmədov: “Xəbərdarlıqdan nəticə çıxarılmayacaqsa, cəzalandırılacaqlar”

Erməni rəsmiləri təzə il başlar-başlamaz, Bakı ilə kövrək sülh prosesinə zərbələr vurmağa, tərəflər arasında onsuz da zəif olan etimad mühitini daha da sarsıtmağa davam edirlər. Bu da növbəti fakt. Yanvarın 14-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan uydurma “dqr”in yeni “xarici işlər naziri” Arsen Qazaryanı bu “vəzifəyə” təyin olunması münasibətilə təbrik edib. Erməni mənbələrinin yazdığına görə, Mirzoyan “qarabağlı həmkarı ilə Laçın dəhlizinin bağlanması nəticəsində yaranmış vəziyyəti” müzakirə edib və ona “fəaliyyəti”ndə uğurlar arzulayıb.
Hansı “fəaliyyəti”ndə? Azərbaycana meydan oxumasında, Azərbaycan qanunları və konstitusiyasına qarşı cinayətkar fəaliyyətdə?  Guya Mirzoyan bilmir ki, xarici işlər naziri postu yalnız müstəqil dövlətlərdə olur?! Əla bilir. O zaman “Qarabağ ərazi məsələsi deyil, hüquq məsələsidir, biz Azərbaycanın ərazi bütövlüyünü tanımışıq” kimi riyakar bəyanatları necə başa düşək? Hansı “xin”dən söhbət gedir? Bu nə təbrikdir belə? Bəlkə “artsax” adında BMT üzvü olan dövlət var, xəbərimiz yox? Ümumiyyətlə, hansısa dəftər-kitabda bu adda “dövlət” varmı?
Ən absurdu odur ki, bütün bunların fonunda Ermənistan rəsmiləri gecə-gündüz beynəlxalq hüquqdan dəm vurur, utanmazcasına Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü pozduğunu iddia edirlər. Amma buradan-bura, misilsiz həyasızlıqla Azərbaycan ərazisindəki cinayətkar və kukla rejimi dövlət kimi tanıyır, onun “xin rəhbəri”ni hətta qəbul və təbrik edirlər!
Qısası, Ermənistan rəhbərliyi növbəti dəfə beynəlxalq hüquqa meydan oxuyaraq, bölgədə sülhün deyil, müharibənin tərəfdarı olduğunu nümayiş etdirir. O zaman həm separatçılar, həm də kapitulyant ölkə növbəti “dəmir yumruğa” da hazır olsunlarmı? Rəsmi Bakının bu fakta münasibəti nə olacaq?
Əlavə edək ki, üzdəniraq qurumun qondarma “xin” başçısı Qazaryan Laçın yolundakı aksiya səbəbindən neçə vaxtdır İrəvanda ilişib qalıb, Xankəndinə gəlməyə qorxur. Çox çəkməz digər separatçı quldurlar da həmişəlik Qarabağı tərk edib onun yanına gedərlər.
Ceyhun Məmmədov - YouTube
Ceyhun Məmmədov
Yeni Azərbaycan Partiyasının deputatı Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, baş verənlər, o cümlədən Ararat Mirzoyanın separatçını “nazir” adlandıraraq təbrik etməsi, fəaliyyətində uğurlar arzulaması Ermənistanın növbəti riyakarlığının, pozuculuğunun göstəricisidir: "Bir tərəfdən əvvəlki görüşlərdə Azərbaycanın ərazi bütövlüyünü qəbul etdikləri barədə açıqlamalar verirlər, o biri tərəfdən Azərbaycanın ərazi bütövlüyünə qarşı fikirlər dilə gətirirlər. Bir neçə gündür Ermənistan mediası göstərməyə çalışır ki, Ermənistan Qarabağdakı proseslərə laqeyd və biganə deyil. Bu cür hərəkətlər daha çox Ermənistanın daxili ictimai rəyinə yönələn addımlardır. Həmçinin radikal revanşist müxalifəti, Qarabağ klanını sakitləşdirmək üçündür. Son zamanlar həmin qüvvələr və ictimaiyyətin müxtəlif kəsimləri Ermənistan hakimiyyətini, xüsusilə də Nikol Paşinyanı Qarabağ məsələsini kənara qoymaqda, unutmaqda, hətta Azərbaycana satılmaqda ittiham edirdilər və bu ittihamlar get-gedə geniş miqyas almaqdaydı. Görünür, Nikol Paşinyan hökuməti bu ittihamların dayanması üçün ənənəvi riyakarlığa əl atmalı olurlar. Qondarma rejimin qondarma "xarici işlər naziri"nin qəbul edilib təbrik edilməsi də bunun üçündür. Yəni səbəblərdən biri budur. Digər tərəfdən isə bununla Ermənistan sülhə razı olmadığını, prosesləri gərginlik fazasına daşımaq yolunu tutduğunu nümayiş etdirir. Rəsmi Bakı mövqeyini açıq şəkildə ortaya qoyub və Ermənistana, eləcə də Qarabağdakı erməni separatçılara xəbərdarlığını edib. Bu xəbərdarlıqdan nəticə çıxarılmayacaqsa, cəzalandırılacaqlar. Ermənistan növbəti dəfə Azərbaycan qanunlarına və beynəlxalq hüquqa meydan oxuyur. Bu məsələyə beynəlxalq təşkilatlar da münasibətlərini bildirməlidirlər. Buna münasibət bildirilmədikcə, Ermənistan arxayınlaşır və beynəlxalq hüququ pozmaqda davam edir. Nəticədə isə bölgədə yeni gərginlik yaranır, yeni eskalasiya ehtimalı artır".
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov "Yeni TV"-nin  canlı yayımında
Abutalıb Səmədov
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov isə bildirdi ki, özünə “DQR” deyən qondarma qurumu dünyada heç kim, hətta Ermənistan belə tanımayıb. Parlamentin iki dəfə müraciət etməsinə baxmayaraq Fransa da belə bir addımı atmadı: "Digər tərəfdən, ötən ilin dekabrında əvvəlcə Praqada Avropa İttifaqı, Fransa və Ermənistan, sonra Soçidə Rusiya Azərbaycanın bütün ərazisində, yəni həm də Qarabağ üzərində suverenliyini tanıdı və bu ərazidə xarici siyasətin yalnız Azərbaycan hakimiyyəti tərəfindən həyata keçirildiyini  qəbul etdi. Həmin günlərdə Qarabağ ermənilərini təmsil etdiyini iddia edən Ruben Vardanyan Azərbaycanın tərkibində olmayacaqlarını və "müstəqilliyi" qorumaq naminə döyüşməyə hazır olduqlarını bəyan etdi. Bu ilin əvvəlində mətbuat konfransı keçirən Nikol Paşinyan xəcalət çəkmədən “Qarabağla aramızda fikir ayrılığı yoxdur” - dedi və nə qədər sürüşkən, güvənilməsi mümkün olmayan siyasətçi olduğunu bir daha nümayiş etdirdi. Nəhayət, Ermənistan hakimiyyətinin son təxribatçı addımı- xarici işlər naziri Ararat Mirzoyanın uydurma “dqr”in yeni “xarici işlər naziri” Arsen Qazaryanı bu “vəzifəyə” təyin olunması münasibətilə təbrik etməsi, “qarabağlı həmkarı ilə Laçın dəhlizinin bağlanması nəticəsində yaranmış vəziyyəti” müzakirə edib və ona “fəaliyyəti”ndə uğurlar arzulaması bu dövlətin beynəlxalq hüquqa və imzaladığı sənədlərə nə qədər etinasız yanaşdığının daha bir nümunəsidir. Düşünürəm ki, Xarici İşlər Nazirliyimiz bu məsələyə kəskin reaksiya verməli, Ermənistanın beynəlxalq hüquqa zidd addımı dünya birliyinin, ilk növbədə Praqada və Soçidə Azərbaycanın suverenliyini öz imzaları ilə təsdiq etmiş nüfuzlu qurumların və dövlətlərin diqqətinə çatdırılmalıdır. Laçın dəhlizində gömrük orqanlarımızın və sərhəd xidmətinin postlarının qurulmasını artıq ləngitmək olmaz. Bu addımlar qısa müddətdə atılmalı və hər kəsə izah olunmalıdır ki, Laçın dəhlizi eksterritorial deyildir və bu barədə heç bir razılaşma, yaxud beynəlxalq konvensiya yoxdur. Nəhayət, deməliyik ki, ermənilərin “dəmir yumruq” istəmələri göz qabağındadır. Güman edirəm ki, Qarabağda antiterror əməliyyatı keçirməyin vaxtı artıq çatmışdır. Sadəcə olaraq bu addım ciddi şəkildə hazırlanmalı və beynəlxalq birlik, erməni dəstəkçiləri  Azərbaycanın haqlı olduğunu inkar edə bilməməlidirlər".
Asif Nərimanlı: "Avropanı “qazla boğmaq” və..."
Asif Nərimanlı
Politoloq Asif Nərimanlı isə hesab edir ki, Ermənistan heç vaxt sülh tərəfdarı olmayıb və olmadığını son günlər bir daha nümayiş etdirir: "Sülh istəmirsə, demək, müharibə istəyir. Azərbaycanın müdafiə nazirinin bir neçə gün öncə bütün ordu komandanlığının iştirakı ilə keçirdiyi toplantı və orduya hər an döyüşə hazır olmaq barədə əmr verməsi Azərbaycanın dəmir yumruğunun istənilən an işə düşəcəyinin növbəti mesajıdır. Zakir Həsənovun "Hazır ol" əmri ordunun daim tətikdə dayanması baxımından təbiidir, lakin indi sərhəddə və Qarabağda mümkün təxribatların olması fonunda daha çox aktuallıq qazanır. Ermənistan sərhəddə eskalasiya ilə razılaşmaları sıfırlamaqda, danışıqların yeni şərtlərini formalaşdırmaqda maraqlı tərəfdir. İstisna deyil ki, İrəvan sərhəddə “itirdiyini” hesab etdiyi hansısa mövqeyi ələ keçirmək, bununla delimitasiya məsələsində əlini gücləndirmək istəyə bilər. Laçın yolundakı aksiyanın davam etməsi fonunda erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası məsələsi daha da aktuallaşır və separatçılar da, ruslar da, erməni diasporu/lobbisi və onların müdafiəçisi olan ölkələr də belə bir perspektivdə maraqlı deyil. Ermənistan xarici işlər nazirinin separatçıların qondarma “naziri”ni qəbul etməsi ona fəaliyyətində uğurlar arzulaması da bunu sübut edir. Erməni əhalisinin Bakıya düşmənçiliyinin körüklənməsi və mümkün təmasların sıradan çıxarılması məqsədilə Qarabağda təxribatlar törədə bilərlər. Ona görə də Azərbaycan hər iki istiqamətdə mümkün ssenariyə hazır olmalıdır. Belə hazırlıq təkcə hərbi yox, diplomatik və informasiya müstəvisində də nəzərə alınmalıdır".
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ