Baş Prokurorluğun keçmiş müstəntiqi dövlət içində kök salmış şəbəkəni İFŞA ETDİ
Tarix: 7-06-2022, 23:39
Baxılıb: 324
Google+ Paylaş
Tumblr Paylaş

Baş Prokurorluğun keçmiş müstəntiqi dövlət içində kök salmış şəbəkəni İFŞA ETDİ

7-06-2022, 23:39

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
reportyor.org xəbər verir ki, Bakı Hərbi Məhkəməsində bu gün keçirilən iclasa da əvvəlkilər kimi jurnalistlər buraxılmayıb.
Hakim Elbəy Allahverdiyev açıq keçirilən məhkəmə iclasına jurnalistlərin buraxılmaması barədə göstəriş verib.
İyunun 7-də keçirilən proses cinayət işi üzrə zərərçəkən Zaur Əliyev sərbəst ifadəsi ilə davam etdirilib. Baş Prokurorluqda vaxtı ilə müstəntiq işləmiş Zaur Əliyev bildirib ki, Zakir Qaralovun rəhbərliyi altında Ağır Cinayətlərə dair İstintaq İdarəsində “MTN işi” üzrə istintaq qəsdən 6 ilə qədər uzadılıb: “Məqsəd isə cinayət təqibi üzrə cəlbetmə müddətlərinin keçməsinə nail olmaq idi. Zakir Qaralov və Rüstəm Usubov bu mütəşəkil cinayətkar dəstənin ən aktiv üzvləridir. Çünki bunların birbaşa iştirakı ilə vətəndaşlar girov götürülürdü.
Qaralovla Usubov iş üzrə hər bir zərərçəkən vətəndaşın qanunsuz həbsindən 2 dəfə pul alırdılar. Şıxəliyev və başının dəstəsi gələcək qurbanı müəyyən edib, qanunsuz olaraq, əvvəlcədən uydurulmuş ittihamla həbs edir, faktiki olaraq girov götürürdülər. MTN zindanına salıb, pul vermək üçün təhdid olunurduq. Məndən pulu tələb edən Şıxəliyevin müavini Təhsin Ağayev oldu. Bu gün özünü tüklülüyə vurub, guya xəstədir. Hamı bilir ki, Təhsin Ağayev qorxaq, rəzil biridir. İstintaqa cəlb edilsə idi, qorxusundan bu mütəşəkkil cinayətkar quldur dəstənin bütün cinayətlərini bir-bir açıb deyəcəkdi. Ona görə də onu xəstəlik adı ilə istintaqdan, məhkəmədən yayındırırlar”.


Zaur Əliyev deyib ki, onu MTN-də girov götürəndən sonra Təhsin Ağayev 200 min manat tələb edib: “Heç bir cinayətimin olmadığını və müvafiq olaraq pul verməyəcəyimi dedim. Barəmdə cinayət işi başlandı, qanunsuz olaraq həbs olundum. Faktiki isə məni girov götürüb, MTN zindanında saxladılar. Girovluqda qaldığım 3 ay ərzində məndən bir tələb vardı - pul ver. Təhsin Ağayev deyirdi ki, pul verilməsə, buradan çıxmayacaqsan. Həmin günlərdə MTN-də yaxın qohumum müstəntiq idi. Onun adını çəkmirdim. Düşünürdüm ki, onun bu işlərə aidiyyatı yoxdur. Adını çəkəcəyim halda onun da problemlərinin ola biləcəyini ehtimal edirdim. Öz təşəbbüsü ilə Təhsin Ağayevə qohumluq əlaqələrimizi demişdi və pul söhbətini aparmağa başlamışdı. Ailəmlə də pul söhbətlərini o etmişdi. Mənim giovluqdan azad edilməyim üçün pulu da Mövlam Şıxəliyevgilə onun iştirakı ilə yoldaşım Samirə Əliyeva və qaynım Mirəli Əliyev verib. Pulu yoldaşımdan alan Təhsin Ağayev olub. Təhsin Ağayev pulu Mövlam Şıxəliyevə çatdırmaq üçün dəridən-qabıqdan çıxıb. Məqsədi də bu olub ki, pulu alıb, çatdırmasına görə ona tula payı verilsin. Qaralovla Usubov Şıxəliyevin dəstəsinə vətəndaşları girov götürülmələrinə şərait yaradır, bunlar da pul və mal alınandan sonra işi məhkəməyə göndərirdilər. Həmin zaman Qaralovla Usubov həbs-qəti imkan tədbirinin dəyişdirilməsində də bilavasitə iştirak edirdilər. Həbs adı ilə girov götürülmüş, mən də daxil olmaqla Azərbaycan vətəndaşlarından alınan pulun bölgüsündə də Qaralovla Usubovun xüsusi payı olub. Buradakı məhkəmə-istintaq araşdırması zamanı sadaladıqlarım öz təsdiqini tam olaraq tapdı. Zərərçəkən Əfsəl Həsənəliyevin ifadəsindən aydın şəkildə bilindi, Yasin Məmmədov ona bildirib ki, pul verməsən, buradan çıxa bilməyəcəksən, onların, yəni Qaralovla Usubovun hesabı çatmasa, səni buradan buraxan olmayacaq. Çünki səni biz həbs etməmişik, onlar həbs ediblər. Yasin Məmmədov Əfsəl Həsənəliyevə deyib ki, tanıdığın imkanlı adamın varsa, adını çək, çağıraq, pulunu alaq, həmin pulu sənin əvəzinə, səndən alınan pul kimi Qaralov və Usubova çatdıraq, səni MTN-dən buraxaq.

Digər zərərçəkmiş şəxs Hacı Elman Əhmədov da sərbəst ifadə verərək açıq şəkildə bildirib ki, ondan 160 min pul alıb azadlığa buraxıblar. Bundan sonra onu təkrar MTN-nə çağırıblar. Müstəntiqin xidməti otağında prokurorluğun işçisinin iştirakı ilə ondan alınan pulun məbləğini dəqiqləşdiriblər və sərbəst buraxıblar.
Belə anlaşıldı ki, Əhmədovdan alınan pul məbləği ilə bağlı Baş Prokurorluqla Şıxəliyevin arasında narazılıq olub. Bu narazılıqla bağlı Əhmədovu çağırıblar, ondan alınan məbləği Baş Prokurorluqdan gələn nümayəndənin yanında dəqiqləşdiriblər. Bununla aydın şəkildə sübuta yetirilir ki, baş prokuror Qaralov və onun 1-ci müavini Usubov nəinki vətəndaşların qanunsuz həbs olunmasında birbaşa iştirak ediblər, hətta onlardan alınan pul və malların da bölgüsündə maraqlı şəxs olublar”.

“Şıxəliyevgil vətəndaşı qatı cinayətkar kimi girov götürəndən sonra Qaralov və Usubov bunların əməllərə “qanuni don” geyindirir, vətəndaşdan pul alınandan sonra mütəşəkkil dəstə üzvləri arasında bölünürdü və iş məhkəməyə göndərilirdi. Burada Şıxəliyevgil arxa plana keçirdi. Məhkəmədə Qaralovla Usubov yenidən işə qoşulur və bu dəfə məhkəmədən azad edilməsi üçün ikinci dəfə alınan pula tam şərik çıxırdılar. Mən də, digər zərərçəkənlər kimi şərlənərək girov götürülmüşdüm”, - deyə Zaur Əliyev ifadəsində qeyd edib.
Zaur Əliyev deyib ki, ondan pul ala bilməyəcəklərini anladıqda şantaja əl atılıb: “Hazırda təqsirləndirilən şəxs statusunda olan bu şəxslər pul qoparmaq, var-dövlət toplamaq üçün hər vasitəyə əl atmaqdan çəkinmirdilər. Mən təqdim etdikləri qondarma sənədlərə imza atmayıb qeydlər edəndən sonra şantaja keçdilər. MTN-in istinaq idarəsində hansısa TV kanaldan çəkiliş qrupu gətirdilər. Bildirdilər ki, çəkiliş edib telekanallarda yayacaqlar, məni rüsvay edəcəklər. Həmin vaxt vəziyyətim pisləşdiyindən çəkiliş mənsiz aparıldı”.
Zərərçəkən deyib ki, 3 aylıq həbsi dövründə ailəsindən azad edilməsi üçün pul tələb olunub. Son olaraq onun azadlığı üçün 100 min dollar tələb olunub: “Təhsin Agayev mənə şəxsən bildirdi ki, MTN-də cənab, yəni Eldar Mahmudov tərəfindən qayda qoyulub, 100 min manatdan aşağı pul barəsində heç bir kəslə danışıqlar aparılmasın. Bu məbləğdən aşağı pul alınmasın. Təhsin Ağayev deyirdi ki, qohumunun xətrinə, hörmət naminə Mövlam Şıxəliyev 100 min dollar qarşılığında səni azad etməyə razılaşıb. Ailəm pulu verəndən sonra, 18 iyun 2010-cu ildə səhər saatlarında məni Elşən Murtuzovun xidməti otağına gətirdilər, orada məhkəmə tibbi ekspertizanın işcisi var idi. Təhsin Ağayev təklikdə mənə bildirdi ki, həbsdən çıxandan sonra ekspertizanın rəyinə görə əlavə 5 min pul verəcəksən. Razılaşmaqdan başqa çıxış yolu qoymamışdılar. Əvəzində xahiş etdim ki, məni birinci günə kimi, yəni 21 iyuna kimi gözlətməsinlər, 19 iyun, şənbə günü olsa da, azad etsinlər. 18 iyun 2010-cu ildə vəkilim müayinə olunmağım barədə vəsatət yazdı. Həmin gün Elşən Murtuzovun xidməti otağında formal qaydada müayinə olundum. 19 iyun 2010-cu ildə barəmdəki qanunsuz həbs qəti imkan tədbiri dəyişdirildi. Azadlığa çıxmamışdan qabaq Təhsin Agayevin təşəbbüsü ilə məni Şıxəliyevin yanına apardılar. Təhsin Ağayev dedi ki, mən ona minnətdarlığımı bildirməliyəm.

Ətraflı
Halbuki, mənim minnətarlığım üçün heç bir əsas yox idi. Şıxəliyev mənə qarşı dövlətin gücündən istifadə etməklə şərəfsizlik etmişdi, heç bir günahım olmaya-olmaya girov götürülmüşdüm, ailəmin, övladlarımın gözünü yaşlı qoymuşdu. Şıxəliyevgil girov götürülən adamlardan pul almaqla yanaşı özünə minnətdarlıq ifadə etdirməklə cinayətlərini ört-basdır etməyə çalışırdı. Danışanda da deyirlər ki, qanunsuz həbs etmişdiksə, azad ediləndə niyə gəlib minnətdarlıq edirdin? Yəni bu adamlar cinayəti düşünülmüş qaydada, mütəşəkkil şəkildə, dövlətin gücündən istifadə etməklə törədirdilər”.
Zaur Əliyevin sözlərinə görə, həbsdən azad ediləndən ona aydın olub ki, başlarına gələn bəlalar Əhməd Mirzəyevin imkanlı iş adamı olmasından qaynaqlanıb: “Uydurulmuş ittihamla həbs etmək üçün plan qurulub, həmin zaman tam təsadüfən Mirzəyevin mənimlə əlaqəyə çıxmağı səbəbindən birgə həbs etmək adı ilə faktiki girov götürdülər. Mirzəyevdən azadlığa buraxılması ücün Şıxəliyev 378 min manat pul alıb. Əhməd Mirzəyevin sürücüsünün pulu olmadığı səbəbdən onu 1 ildən çox istintaq təcridxanasında girov saxladılar. Təhsin Ağayevdən cinayət işi və özümün aqibəti ilə maraqlandıqda, bildirdi ki, cinayət işi məhkəməyə göndəriləcək və orada yüngül pul verməklə barəmizdə şərti cəza hökmü çıxarılmaqla məsələ bitəcək. Prokurorluğun buna dair mövqeyini soruşduqda, Təhsin Ağayev gülümsəyib bildirdi ki, narahat olma, cinayət işi məhkəmədən istədikləri kimi rahat və problemsiz keçiriləcək. Barəmizdəki cinayət işi 1 ildən sonra Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi və baxılması ücün hakim Əfqan Hacıyevə həvalə olundu. Sonda Əfqan Hacıyev məndən 20 min manat tələb etdi. 20 min manatı Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında iki dəfəyə Əfqan Hacıyevin katibinə çatdırdım. Əhməd Mirzəyev isə şəxsən hakim Əfqan Hacıyevlə danışmışdı. Özünün və sürücüsü Arifin barəsində şərti cəza üçün 70 min manat pul almışdılar. 50 min özünə görə, 20 min isə sürücü Arifə görə. Bundan sonra Əfqan Hacıyev cinayət işi üzrə barəmizdə şərti cəza təyin etməklə saxta bir hökm çıxardı”.

Zərərçəkən bildirib ki, hazırki iş üzrə kifayət qədər yeni hallar açılıb: “Aydın olub ki, iş üzrə 36 zərərçəkəndən alınan pullar hesabına Mövlam Şıxəliyev həyat yoldaşı Aybəniz Şıxəliyevanın, qızı Samirə Əliyevanın, oğlu Elgün Şıxəliyevin adına çoxsaylı mülklər alıb. Bu əməllə faktiki olaraq Mövlam Şıxəliyev özünün cinayətlərinə ailə üzvlərini də şərik edib. Amma bu gün onun ailə üzvlərinə qarşı cinayət təqibi aparılmır. Əslində isə bu gün iş üzrə təqsirləndirilən şəxslərin sayı 4 deyil, 7 olmalıdır. Yəni Şıxəliyevin ailə üzvləri də cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşmasında birbaşa iştirak ediblər. Bizlərə qarşı xüsusilə ağır cinayət törədilib. Niyə xüsusilə ağır deyirəm? Çünki Mövlam Şıxəliyev, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov bu cinayətləri Azərbaycan vətəndaşlarının keşiyində dayanmalı orqanın – Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri olaraq törədiblər. Azərbaycan dövlətinin gücündən, biz Azərbaycan vətəndaşlarına qarşı istifadə etməklə var-dövlət yığıblar, dövlətin nüfuzuna xələl gətiriblər. Vüsal Ələkbərov MTN-də hansı vəzifəni tutub? Bu adam Dövləti Cinayətlərin Araşdırılması şöbəsinin rəisi olub. Vüsal Ələkbərov nə edib? Dövləti Cinayətlərin Araşdırılması şöbəsinin rəisi ola-ola dövləti öz cinayətlərinə şərik edib. Mövlam Şıxəliyev də Vüsal Ələkbərovun rəisi, cinayət şəriki olub. 8 aydır məhkəmə gedir. Siz, hakim Elbəy Allahverdiyev bu günə qədər zərərçəkənlərin verdiyi vəsatətlərin birini belə təmin etməmisiniz. Məhkəmə ilk gündən Şıxəliyevin müdafiəçisi rolunda çıxış etmək niyyətini gizlətmir. Bu məhkəmə zalında siz istəsəniz də, istəməsəniz də bizə qarşı törədilən ağır cinayətlər tam çılpaqlığı ilə ortalığa çıxdı. Şıxəliyev adlar çəkir, özünə şəriklər axtarır. Məhkəmədə Şıxəliyev və onun dəstəsi belə mövqe tutublar ki, guya biz zərərçəkənlər, 36 zərərçəkən rüşvət verib etmədiyimiz cinayətlərimizi ört-basdır etməyə çalışmışıq. Mən və təmasda olduğum zərərçəkənlər deyirik ki, bizi qanunsuz həbs edib, MTN zindanına salınmışıq. Aylarla özümüzü, ailələrimizi təhdid altında saxlayıb azad edilməyimiz üçün pul tələb ediblər. Pul verməyib nə edə bilərdik? MTN İstintaq Baş İdarəsinin rəisindən kimə şikayət edə bilərdim? Və ya baş prokuror Qaralovdan, onun 1-ci müavini Usubovdan şikayətlərimizə kim idi baxan? Şıxəliyev vəzifədə ikən ondan şikayət edənlər bu gün həyatda yoxdurlar. Bunlar tam cinayətkar şəbəkə idi”.

Zaur Əliyev bildirib ki, iş üzrə zərərçəkmiş Nizami Kazımov burada Vüsal Ələkbərovun cinayət işindən danışarkən çox diqqətçəkən bir məqamı açıqlayıb: “Məlum oldu ki, Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyev Vüsal Ələkbərovla bağlı araşdırma aparıb sona çatdırandan sonra Ali Məhkəməyə Ramiz Rzayevin qəbuluna çağırılıb. Hakimə tapşırıq verilib ki, Vüsal Ələkbərovun cinayət işi üzrə zərərçəkənlərdən MTN-də alınan pullar rüşvət kimi rəsmiləşdirilsin. Zərərçəkənlər barəsində rüşvət vermə maddəsi ilə cinayət işi başlansın. Siyavuş Hacıyev isə belə yanaşmanın məntiqsiz olduğunu deməklə Ramiz Rzayevi bu qanunsuzluqdan yayındıra bilib. Vüsal Ələkbərova cəza təyin olunarkən isə Ramiz Rzayevin tapşırığı əsas götürülüb və yalnız 1 zərərçəkənə vurulan ziyanın əvəzi olaraq müsadirəyə çıxarılmış ev verilib. Vüsal Ələkbərov ilkin olaraq 12 il həbs cəzasına məhkum olunub. Evi zərərçəkən Akif Qurbanovun sərəncamına keçib. Vüsal Ələkbərovun şikayəti üzrə Ali Məhkəmədə verilən qərarı eşidən hər kəsi təəccübləndirir. 12 illik cəza 5 ilə endirilib, şərti hesab edilib və Vüsal Ələkbərov azadlığa buraxılıb. Zərərçəkən Akif Qurbanova vurulmuş ziyanın əvəzi olaraq verilən ev isə geri alınaraq Vüsal Ələkbərova qaytarılıb. Ramiz Rzayev bu gün vəzifədədir və hazırkı məhkəməyə də belə bir tapşırıq verməsi istisna deyil. Sizlərə də belə bir tapşırıq veriləcəyinə əminəm. Bununla belə sizin yüksək diqqətinizə çatdırıram ki, mənə qarşı törədilən cinayətlərə bu məhkəmədə obyektiv, tam, hərtərəfli qiymət veriləcəyinə qəti inanmıram. Buna baxmayaraq bu istiqamətdə mübarizə aparacağam”.

Zaur Əliyev sərbəst ifadəsini yekunlaşdırandan sonra tərəflərin suallarını cavablandırıb.
İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ