Hökumətlər pandemiyadan sonra: iqtidarlar dəyişəcək, yoxsa...
Tarix: 21-04-2020, 21:38
Baxılıb: 782
Google+ Paylaş
Tumblr Paylaş

Hökumətlər pandemiyadan sonra: iqtidarlar dəyişəcək, yoxsa...

21-04-2020, 21:38

Elxan Şahinoğlu: “Cəmi ay yarım ərzində Amerika 20 ildə qazandığı iş yerlərini itirdi, buna görə Trampı qınamadılar, biz də çətinlikləri adlayacağıq”
Pandemiya dövrü siyasi hakimiyyətlər üçün bir sınaqdır. Bu testin neqativ, yoxsa pozitiv çıxacağını koronavirus epidemiyası tam sovuşandan sonra müəyyən etmək olacaq. Koronavirusun ən çox elə Avropanı iri pəncələri ilə əzdiyini nəzərə alsaq, Qərb ölkələrində işçilərin tətilləri, nümayişləri gözləniləndir.   
Hətta görünməmiş xərclər və iqtisadi geriləmələr dünyada iqtidarların dəyişməsini sürətləndirə də bilər.
Bəs pandemiyadan sonrakı dövrdə mümkün sosial çətinliyə görə iqtidarları günahlandırmaq, “cümlə problemlərə bais çıxarmaq” ədalətli yanaşma olarmı? 
Elxan Şahinoğlu: "Tramp münasibətlərin yumşalmasını istəyir"
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Musavat.com-a bildirdi ki, pandemiya bütün dövlətlərə zərər yetirib. 
“Dünyanın elə bir dövləti yoxdur ki, koronavirusdan əziyyət çəkməsin. Dünyanın ən inkişaf etmiş ölkələri göz qarşısında çökürlər. ABŞ-da son 20 ildə milyonlarla yeni iş yerləri açılmışdı. İşsizlərin sayının azalmasına və yeni iş yerlərinin açılmasına milyardlarla dollar xərclənmişdi. Cəmi ay yarım ərzində Amerika həm 20 ildə qazandığı iş yerlərini itirdi, həm də işsizlərin sayı daha da artdı. Aydındır ki, buna görə Amerika prezidenti Donald Trampı qınamaq çətindir”, - deyə politoloq vurğuladı. 
Onun fikrincə, çünki məhz Tramp özündən əvvəlki prezidentlərdən fərqli olaraq, ölkəsi üçün daha çox iş yeri açmışdı: “Ancaq Trampdan asılı olmayan səbəbə görə həmin iş yerlərinin tamamı itirildi. İndi buna görə kimsə Trampı günahlandırmır. Eyni sözləri Avropanın aparıcı dövlətlərinə də aid edə bilərik. Onlar da iqtisadi çətinliklərlə üzləşiblər. Hər bir dövlət əlindən gələni etməyə çalışır ki, bu ağır vəziyyətdən minimum itkilərlə qurtulsun”.
Siyasi analitik hesab edir ki, Azərbaycan hakimiyyəti də hazırda iki istiqamətdə fəaliyyət göstərir: “Birinci istiqamət  koronavirusla aparılan mübarizədir və bu mübarizədə aşkar uğurlarımız var. Virusa yoluxanların sayı azalır, virusdan sağalanların sayı isə getdikcə artır. Bu, çox müsbət tendensiyadır. Qorxulan olmadı. Azərbaycanda bundan sonra virusun yayılma sıçrayışı baş verməyəcək. İkinci istiqamət isə iqtisadiyyat və sosial sahədir. Hökumət aztəminatlı ailələrə kömək edir, iş yerlərinin qorunmasına çalışır. Sahibkarlara tapşırılıb ki, işdən azad etmələr olmasın”. 
Siyasi şərhçinin sözlərinə görə, neftin qiymətinin sürətlə düşməsi iqtisadiyyatımıza mənfi təsir edəcək: “Ancaq bu illərdə valyuta ehtiyatımız artıb, hələ ki bu bizim üçün təhlükəsizlik yastığıdır. Lakin elə etmək lazımdır ki, iqtisadiyyatımız neftin satışından asılı olmasın. Bu, hökumətin qarşısında dayanan başlıca vəzifədir. Mayın əvvəllərindən Azərbaycanda karantin rejiminin yumşaldılmasına başlanacaq. Bu baxımdan iqtisadiyyatımızın yenidən canlanacağına əminəm. Əlbəttə, bu il çətin olacaq. Buna baxmayaraq, sosial sahədəki layihələrin icrası davam edəcək. Ərzaq təminatında da problem görmürəm”. 
Mərkəz rəhbəri yada saldı ki, Avropa dövlətləri yeni “Marşal planı”ndan danışırlar: “Bir çox dövlətlərin, o cümlədən qonşularımız - İranın, Ermənistanın, Gürcüstanın, Ukraynanın və digərlərinin kənar maliyyə dəstəyinə ehtiyacları var. Bunsuz həmin dövlətlər iqtisadiyyatlarını bərpa edə bilməyəcəklər. Biz kimdənsə maliyyə yardımı xahiş etmirik. Fikrimcə, öz resurslarımızla çətinlikləri adlayacağıq. Millətimiz işgüzardır, çalışqandır, yetər ki, qarşısında süni maneələr olmasın”.
Emil Salamoğlu,


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ