“Niyə məhz indi və niyə məhz Azərbaycan?!”
Tarix: 21-04-2020, 15:25
Baxılıb: 632
Google+ Paylaş
Tumblr Paylaş

“Niyə məhz indi və niyə məhz Azərbaycan?!”

21-04-2020, 15:25

Hüquq müdafiəçisindən “Amnesty İnternational”a ittihamlar


Demokratiya və İnsan Haqları İnstitutunun direktoru Əhməd Şahidov “Amnesty İnternational”ın aprel ayında açıqladığı illik hesabatına Azərbaycanın adının daxil edilməsinə etiraz olaraq videomüraciət göndərib. Müraciət sözügedən təşkilatın elektron poçtlarına və sosial şəbəkə hesablarına ünvanlanıb.
Bu barədə Musavat.com-a Əhməd Şahidov məlumat verib.
Ə.Şahidov bildirib ki, Azərbaycan yenə haqsız və əsassız olaraq bu təşkilatın hədəfindədir. Dövlət başçısı cənab İlham Əliyevin son videomüşavirədə bəzi beynəlxalq təşkilatları sərt tənqid etməsindən sonra rəsmi Bakıya qarşı hücumlar yenidən fəallaşıb. Bütün dünyanın koronavirus pandemiyasına qarşı mübarizə apardığı bir dövrdə bir sıra beynəlxalq insan haqları təşkilatları var ki, onlar yalnız bir neçə ölkə ilə mübarizə aparırlar və həmin ölkələr arasında Azərbaycan da var. Adətən bu tip kampaniyalar müəyyən dövrlərdə konkret hadisələrdən əvvəl və ya sonra müşahidə olunur: “Xatırlayırsızsa, Bakıda Avropa Liqasının final oyunu keçirilirdi. Böyük idman hadisəsi sayılan bu oyundan hələ bir neçə həftə əvvəl rəsmi Bakıya qarşı qarayaxma kampaniyasına start verilmişdi. O zaman Bakının guya təhlükəsiz şəhər olmadığı barədə yalan təbliğat aparan “Amnesty İnternational” təşkilatının məqsəd və hədəfləri barədə hələ o vaxt geniş danışmışdıq və Britaniyada yerləşən bu qurumun iç üzünü açıb göstərmişdik”.
Hüquq müdafiəçisinin sözlərinə görə, “Niyə məhz indi və niyə məhz Azərbaycan?!” sualının cavabı aydındır-rəsmi Bakını növbəti dəfə ləkələmək və nüfuzdan salmaq üçün çox ciddi zərurət yaranıb: “Baxın, bütün dünyada COVID-19 pandemiyasına qarşı mübarizə aparıldığı bir vaxtda dünya ölkələri arasında ən az itki verən məhz Azərbaycandır. Son 2 ayda cəmi 19 ölüm faktı qeydə alınıb. Bir çox Avropa ölkələrində, hətta “Amnesty İnternational” təşkilatının yerləşdiyi Böyük Britaniyanın özündə sadəcə 1 gündə bundan 50 dəfə çox ölüm faktı qeydə alınır ki, bu da həmin ölkələrdə siyasi idarəetmənin düzgün qurulmamasının göstəricisidir.
Məhz Azərbaycanda effektiv qabaqlayıcı tədbirlər sayəsində koronavirusla bağlı tendensiya azalmağa doğru gedir və bir çox ölkələr bu məsələdə rəsmi Bakının təcrübəsini öyrənməyə can atır, bu baxımdan Azərbaycanı uğurlu örnək kimi göstərirlər. Və bu məsələ bir sıra beynəlxalq anti-Azərbaycan qüvvələri narahat etməyə bilməzdi. Odur ki, dərhal düyməyə sıxılır və yenə də səhnəyə “Amnesty İnternational” təşkilatı çıxır. “Amnesty İnternational” təşkilatının Azərbaycanla bağlı açıqladığı hesabatı diqqətlə oxudum.
Təsəvvür edin ki, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsini iki ölkə arasında mübahisəli məsələ kimi qələmə verən bu təşkilat rəsmi Bakını tənqid etmək üçün ən xırda detalları belə fürsətə çevirməyə çalışır. Ölkə başçısının koronavirusla bağlı imzaladığı əfv sərəncamını işıqlandırmayan bu təşkilat xüsusi karantin rejimində inzibati həbslərə məruz qalmış şəxsləri siyasi məhbus kimi qələmə verməyə çalışır və ölkədə tətbiq olunan zəruri məhdudlaşdırıcı tədbirləri Azərbaycanda insan haqları və azadlıqların boğulması kimi qələmə verir.
Bu gün bütün dünyada tətbiq olunan karantin rejimi çərçivəsində insanların küçəyə çıxması məhdudlaşdırılıb və şəhərlər insansız qalıb. Heç bir kütləvi tədbirlərin və görüşlərin keçirilməsinə icazə verilmədiyi bir dövrdə, hətta ölkə başçılarının öz iclaslarını videokonfrans şəklində həyata keçirdiyi günlərdə “Amnesty İnternational” təşkilatının Azərbaycanı bu mənada ittiham etməsi absurddur.
“Amnesty İnternational” iddia edir ki, Azərbaycanda siyasi partiyaların fəaliyyəti məhdudlaşdırılıb, vətəndaşların sərbəst toplaşmaq hüququ pozulur və insanların azad şəkildə hərəkət imkanları minimuma endirilib. Düşünməyin ki, bu təşkilat rəsmiləri ağılsızdırlar və Azərbaycan hökumətinin bu tədbirləri nə üçün etdiyini bilmirlər. Çox gözəl bilirlər. Bilirlər ki, Azərbaycan dövləti ilk növbədə öz vətəndaşlarını qorumaq və pandemiyanın ölkədə daha geniş yayılmaması üçün bütün bu zəruri tədbirləri həyata keçirir.
Hər gün 800-1000 nəfərin virusdan öldüyü Böyük Britaniyadakı kimimi olsun bizdə də vəziyyət?! Və ya dünyaya demokratiya dərsi keçməyə çalışan ABŞ-dakı kimi bir gündə 5000 nəfər insan ölməlidirmi bizdə də?! Bunu istəyir “Amnesty İnternational?!”"
Ə.Şahidov vurğuladı ki, “Amnesty İnternational” təşkilatının ürəkbulandırıcı digər bir tərəfi Ermənistanla bağlı açıqladığı hesabatdır: “Məhz Ermənistanla bağlı hesabatı oxuduqdan sonra bir daha tam əmin oldum ki, bu təşkilatın başbilənləri ya ermənidir, ya da erməni lobbisinin əlaltıları.
Çünki Ermənistanla bağlı hesabatında “Amnesty İnternational” o qədər neytral fikirlər səsləndirir ki, Ermənistanı yaxından tanımayan adamın bu ölkəyə simpatiya bəsləməkdən başqa seçimi qalmır. Sanki dünyanın ən demokratik və humanist ölkəsi elə Ermənistandır.
Amma nədənsə bu təşkilat Ermənistanda müxalif siyasi partiya liderinin türmədə aclıq aksiyası keçirərək dünyasını dəyişdiyindən yazmır. Azərbaycanın işğal olunmuş torpaqlarında məscid və tarixi abidələrdən, 6 ildir ki, Şuşa həbsxanasında qeyri-qanuni girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevdən, Paşinyanın şovinist çağırışlarından, paytaxt İrəvanın mərkəzində ucaldılan faşist heykəlindən və bu kimi digər məqamlardan danışmır bu insan haqları təşkilatı. Amma Azərbaycana gələndə hər şeyi əyri görür”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ