Məmur yalançıdırsa.... Vətən xainidir...
Tarix: 22-12-2023, 22:37
Baxılıb: 1 863
Google+ Paylaş
Tumblr Paylaş

Məmur yalançıdırsa.... Vətən xainidir...

22-12-2023, 22:37

Bilirəm... Yazdığım bu fikirləri dostluğumda olan 6-7 nəfər bəyənməyə özündə cəsarət tapacaq, ya yox... Qalan min nəfərdən çox adam ya görməmiş kimi davranacaq, ya da bu fikirlərə reaksiya verməyi lüzumsuz biləcək. Çünki hara gedir-getsin, işi məmurdan keçir, çörəyi məmurdan gəlir... 
Əslində, bu, bu statusu bəyənməyəcək adamların problemi deyil, bizim jurnalist olaraq yetişdirdiyimiz cəmiyyətin üzü, siması bundan artıq olmaz, ola bilməz.... 
Konteksdən uzaqlaşmayım... 
25 illik jurnalist təcrübəmə əsasən deyə bilərəm ki, mərhum Heydər Əliyevin vəzifəyə təyin elədiyi məmurların böyük əksəriyyətinin xislətində bir canavarlıq vardısa da, adamların bütün mənfi tərəflərinin fonunda şəxsi xüsusiəyyətlərində bir bütövlük, xislətlərində böyüklük vardı... Adamlar sözün həm yaxşı, həm də pis mənasında sözlərinə bütöv idilər. 
Son beş ildə xüsusilə bölgələrdə vəzifəyə təyin edilənlər elə bil, "maniken siyasəti"nin təzahürünün nəticəsidir. Elə bil, daha bütöv adamlar tükənib vəzifəyə yerləşdirmək üçün. Daha çaplı məmur tapmaq olmur sanki... Çox nadir halda vəzifəli şəxslə rastlaşmaq olur ki, istər mənəvi cəhətdən, istər intellektual baxımdan cəmiyyətdə ölkənin birinci şəxsini təmsil eləməyə layiq olsun. 
Məmur necə olmalıdır? Çox çətin sualdır... Ola bilər ki, məmurun intellektual səviyyəsi orta xətdən aşağı olsun....
Ola bilər ki, məmurun özünü aparmaq qabiliyyəti bir az eqo yüklü olsun... 
Ola bilər ki, məmur hesab eləsin ki, özü başını dəvəquşu kimi quma soxub, "dalının" çöldə qaldığını unutsun... 
Ola bilər ki, məmur tabeliyində olan hansısa dövlət qurumunun 3-5 manata möhtac işçilərinə vəzifələrindən kənar işləri yerinə yetirdib, "zəhməthaqqı"ları hansısa qurama MMC-nin xeyrinə "aformut" elətdirsin.... 
Ola bilər ki, məmur hansısa MMC-nin əndrəbadi tenderindən ələ edilən pulları "yumağın" yollarını usta səviyyəsində bilsin... 
Ola bilər ki, təyin edildiyi vəzifənin sayəsində əldə etdiyi dolayı gəlirləri Türkiyədə, paytaxtın müxtəlif rayonlarındakı gəlir yerlərinin inkişafı üçün yönəltsin... 
Çox şey ola bilər... Hətta bu status sabah mənim "qaralanmağım" üçün vəsilə də ola bilər... 
Amma bütün bunlar nisbi şeylərdir... Əsas məsələ məmurun yalançı olmamasıdır... 
Rəhbərlik etdiyi rayonun sakininə, ziyalısına, qazisinə, şəhid ailəsinə yalan danışan, verdiyi vədi "gözləməyə qoyan", başçılıq etdiyi müəssisənin işçisini, təşkilatın əməkdaşını aldadan məmur hamıdan əvvəl, ona etimad göstərib onu həmin vəzifəyə təyin edən dövlət başçısına xəyanət edir.... 
Ölkə rəhbəri ilə istənilən zaman görüşə bilməyən sıravi vətəndaş rayon rəhbəri ilə qarşılaşdıqda, amma bu qarşılaşmadan sonra bütün təsəvvürlərinin fiaskoya uğradığını, uçuruma yuvarlandığını dərk edincə, onda ölkənin hakim strukturlarına inamsızlığın formalaşmasından başqa heç bir təsəvvür formalaşmır... 
Çox gördük... Haylı-küylü icra başçılarının çoxu ilə işlədik... Neçəsi bir vaxtlar rəhbərlik etdiyi rayona gəlməyə "üz" tapa bilmir... Neçəsi  həbsdən yayına bilmədi...  Neçəsi həbsdən çıxdı, dünyasını dəyişdi... Neçəsi harın böyütdüyü balasının güdazına getdi... 
Amma elələri də var ki, gücü tam çatmasa da, bacardığı qədər, ölkə başçısının etimadını doğrultmağa çalışır: bu günkü reallıqların, bu günkü imkanların, bu günkü təfəkkürlərin imkan verdiyi meyarlardan daha çox... 
Nə isə... Məmur yalançıdırsa, o, öz dövlətindən çox, onun dövlətini istəməyən irticaçıların xeyrinə və öz şəxsi maraqlarına xidmət edir. Nə Vətən, nə bu millətin sabahı, nə dövlətin gələcəyi onun üçün maraqlı deyil... Təsadüfən əlinə düşmüş şansı, türklər demiş, kullanıb bu milləti aldatmaqla sərvət toplamağa girişib... 
Xeyirli olsun qazandığı... Olacaqsa əgər...  
Bəzi məmurlar bir şeyi unudurlar: Nə qədər pullansalar da, nə qədər "yekəlsələr də", nə qədər "şişsələr də", Azərbaycan Respublikasının Prezidentinin bir sənəd üzərindəki imzasından böyük deyillər....
Teymur Zahidoğlu


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ