Tehran atom bombasının bir addımlığında - şok!
Tarix: 7-02-2023, 11:10
Baxılıb: 337
Google+ Paylaş
Tumblr Paylaş

Tehran atom bombasının bir addımlığında - şok!

7-02-2023, 11:10

Qərb hərəkətə keçdi: İran daxilində 3 min obyekt...

İrandakı fars kriminal rejimi üzləşdiyi bunca daxili və xarici təhdidlərə rəğmən, girəvəyə salıb nüvə silahı yaratmaq istiqamətində irəliləyir. Nə dərəcədə və nə müddətə buna nail olacaq, dəqiq söyləmək mümkün olmasa da, gerçək belədir ki, böyür-başda özünə çoxlu düşmən yığmış və faktiki küncə sıxılmış durumda olan klerikal hakimiyyət bu yöndə israrlıdır.
Bu arada ABŞ, Fransa, Almaniya və Böyük Britaniya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın Fordo zavodundakı nüvə obyekti ilə bağlı hesabatı ilə əlaqədar olaraq, İranı beynəlxalq öhdəliklərə əməl etməyə və bu qurumla əməkdaşlıq etməyə çağıran bəyanat yayıb. Bu haqda ABŞ Dövlət Departamentindən bildirilib. Qeyd olunub ki, İranın 60 faizə qədər yüksək zənginləşdirilmiş uran istehsal etməsi bu dövlətin Hərtərəfli Təminatlar Sazişindən (JCPOA) irəli gələn öhdəliklərinə uyğun deyil. Bəyanatda habelə bildirilib ki, İranın hərəkətləri bu dövlətin verdiyi açıqlamalara yox, MAQATE-nin qərəzsiz və obyektiv hesabatlarına uyğun qiymətləndirilir. Bəyanatda vurğulanıb ki, İranın Fordo Zənginləşdirmə Zavodunda yüksək zənginləşdirilmiş uranın istehsalı ilə bağlı xəbərlər risklidir: “İranın hərəkətləri narahatlıq doğurur. Çünki bu dövlət JCPOA çərçivəsində öhdəliklərin icrasını, o cümlədən Əlavə Protokolun icrasını dayandırıb. Ötən il İdarə Heyətinin bu məsələ ilə bağlı iki qətnamə qəbul etməsinə baxmayaraq, İran hələ də AEBA-nın suallarına cavab verməyib. Biz İranı JCPOA irəli gələn bütün hüquqi qüvvəyə malik beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq”.
Xatırladaq ki, İranın ali dini lideri Xameneyi kütləvi qırğın silahı olan atom silahının haram olduğunu, ölkənin buna can atmadığını iddia etmişdi. Amma indi belə çıxır, İran artıq ən azından mini və ya “çirkli” atom bombası hazırlaya bilər. Qalır onu hədəfə çatdıran vasitə. Göründüyü kimi, fars-molla rejimi dünyanı aldatmağa davam edir. Aydındır ki, əlinə atom bombası düşən antiislam rejimi onu ilk öncə hara tuşlayacaq. Bunu İsraildə də yaxşı bilirlər. Ona görə yəhudi dövləti dəfələrlə xəbərdarlıq edib ki, rəsmi Təl-Əviv İranın nüvə silahı əldə eləməsinə imkan verməyəcək və bunun üçün konkret plan artıq masadadır. İrana qarşı xüsusi sərtliyi ilə seçilən sağ mərkəzçi qüvvələrin lideri B. Netanyahu baş nazirliyə qayıtdıqdan sonra bunu bir daha net şəkildə bəyan edib. Fransa radiosu isə anonim mənbəyə istinadən məlumat yayıb ki, İsrail İran daxilində 3 minə yaxın obyekti müəyyən edib və ölkənin həssas hərbi mərkəzlərinə hücum etmək üçün Qərb dövlətləri ilə hərbi koalisiya qurmağı planlaşdırır.
“İran hökumətinin mərkəz və obyektlərinə hücum planı hazırdır və hərbi rəsmilər əməliyyat planını ətraflı nəzərdən keçiriblər”, - məlumatda qeyd olunur. O da qeyd olunur ki, İsrail İran hökumətinin hərbi mərkəzlərinə qarşı əməliyyatları təkbaşına həyata keçirmək fikrində deyil. Tehranı danışıqlar yolu ilə durdurmaq mümkün olacaqmı, yoxsa “cərrahi müdaxilə”yə ehtiyac yaranacaq?

Niyaməddin Orduxanlı: “Molla rejimi tam nüvə dövlətinə çevrilərsə...”
BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı nüvə silahı əldə etdikdən sonra İranın daha təhlükəli ola biləcəyini qeyd etdi: “İran molla rejimi mütləq şəkildə beynəlxalq qurum olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ilə yaxından əməkdaşlıq etməlidir. İrandakı molla-fars rejiminin açıq və gizli şəkildə terrorçuluğu dəstəklədikləri hər kəsə bəllidir. Belə bir rejimin əlinə nüvə silahının düşməsi təbii ki, qorxuludur və dünyanın özü üçün təhlükədir. ABŞ Dövlət Departamenti də artıq İranın 60 faizə qədər yüksək zənginləşdirilmiş uran istehsal etməsini bəyan edib və bunu İranın Hərtərəfli Təminatlar Sazişindən irəli gələn öhdəliklərinin pozulması kimi qiymətləndirib. Bu gün heç kim təminat verə bilməz ki, İran molla rejimi tam nüvə dövlətinə çevriləndən sonra bunun istifadəsindən bəşəriyyət üçün böyük ziyan vurmaz. Bilirsiniz ki, faktiki olaraq İran qapalı bir rejim yaradıb. Öz hakimiyyətləri üçün İran vətəndaşlarını asırlar, qətlə yetirirlər, əllərini kəsirlər. 15-ci əsrin feodal təfəkkürü ilə dövləti idarə edirlər. Baxın, son aylarda İranda etiraz edən mülki şəxslərə hansı divan tuturlar. Yüzlərlə, hətta deyilənə görə minlərlə şəxsi etiraz etdiyinə görə qətlə yetiriblər, on minlərlə şəxsi həbs ediblər, mitinqdə iştirak etməyən ailələrin evlərinə daxil olub zor tətbiq ediblər. Bütün bunları biz sosial şəbəkələr üzərində görürük. Bunu ona görə xatırladıram ki, kütləvi qırğın silahı olan nüvənin İran mollalarının əlinə düşməsi həddindən artıq təhlükəlidir. Və bunu Amerikada, Qərbdə, Avropada çox yaxşı başa düşürlər. İranın ali dini lideri Xameneyinin kütləvi qırğın silahı olan atom silahının haram olduğunu, ölkənin buna can atmadığını iddia etməsi, sanki baş altına yastıq qoymağa oxşayır. Heç kim onun səmiyyətinə inanmır. Əlbəttə ki, hamı bilir ki, İran atom bombası əldə edən kimi, ilk olaraq İsrail dövlətinə atacaq. Bu səbəbdəndir ki, yəhudi dövləti dəfələrlə xəbərdarlıq edib ki, rəsmi Təl-Əviv İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək və bunun üçün konkret plan artıq masadadır. Özünü qorumaq üçün İsrailin addım atması gözləniləndir. Fransa radiosunun anonim mənbəyə istinadən İsrailin İran daxilində 3 minə yaxın obyekti müəyyən edib ölkənin həssas hərbi mərkəzlərinə hücum etmək üçün Qərb dövlətləri ilə hərbi koalisiya qurmağı planlaşdırması xəbərini də adi məlumat kimi qəbul etmək doğru deyil. İsrail belə bir addım atacaqsa, mütləq şəkildə ABŞ, İngiltərənin və digər ölkələrin böyük dəstəyi ilə həyata keçirəcək. Müharibənin ən böyük qanunu var, ən yaxşı müdafiə hücumdur. İnanmıram ki, molla rejimini danışıqlar yolu ilə nüvə silahını əldə etmək fikrindən daşındıra bilsinlər”.

Asif Nərimanlı: “Tehranı dayandırmağın yeganə yolu...”
Siyasi analitik Asif Nərimanlı getdikcə beynəlxalq aləmdə cənub qonşumuzun təkləndiyini qeyd etdi: “İran rejiminin nüvə proqramını könüllü şəkildə dayandırması çətin görünür. İllərdir aparılan danışıqlar prosesi də bunu deməyə əsas verir. Sonuncu Vyana danışıqları da göstərdi ki, rəsmi Tehran uranı nüvə silahı əldə edə biləcək qədər zənginləşdirə bilmək üçün zaman qazanmağa çalışır. Artıq 60-60 faizə qədər zənginləşdirə biliblər və mütəxəssislər bunun nüvə silahı yaratmağa imkan verdiyini hesab edirlər. O baxımdan, İranı dayandırmağın yeganə yolu kimi güc tətbiqi görünür. Sonuncu zərbələr də əslində Tehrana atıla biləcək addımların xəbərdarlığı idi. Belə bir müdaxilənin regionda böyük müharibəyə də səbəb olacağı aydındır, çünki İran İraq, yaxud Suriya deyil, rejimin əlində böyük resursları var və cəmiyyətdə dayaqlarını tam itirməyib. Lakin nüvə silahlı məsələsinə görə müdaxilənin olması ehtimalı daha böyükdür və fikrimcə, nüvə beşliyi bu prosesdə həmrəy olacaq. Digər tərəfdən, İrana müdaxilə Rusiyanın hazırkı vəziyyətdə maraqlarına uyğun gəlir. Mümkündür ki, İrana müdaxilə qərarı verilsə, Qərb Rusiya ilə Ukrayna məsələsində anlaşacaq. Proseslər İranın beynəlxalq səviyyədə təklənməsinə doğru gedir və bu, müdaxilə gözləntilərini artırır”.

Akif Nağı: “İranda təkamül yolu ilə dəyişikliklərə üstünlük verilməlidir” 
Azad Vətən Partiyasının sədri Akif Nağı isə İranın Şimalı Koreya yolu getdiyini bildirdi: “Əlbəttə, nüvə müharibəsi təhlükəsi var və təşəbbüs İran tərəfindən də edilə bilər. Belə görünür ki, İran sivil qaydalarla dünya siyasi sistemində, dövlətlərarası münasibətlərdə yer tuta, dünya siyasətinə təsir imkanları əldə edə bilmədi. Ona görə də şantaj, o cümlədən nüvə şantajı ilə iddialarını yerinə yetirməyə çalışır. Bu, Şimali Koreya rejiminin yoludur və dövlət, millət üçün yaxşı heç nə vəd etmir. İran bu yolu tutubsa, çox böyük fəlakətə doğru gedə bilər. İsrailin İranı müharibə ilə hədələməsi də yaxşı hal deyil. Əhalisinin xeyli hissəsinin dini fanatizmə düçar olduğu, həmçinin geniş əraziyə malik bir ölkə ilə müharibəni başlayıb udmaq inandırıcı deyil, təşəbbüs edəcək tərəf üçün bumeranq effekti də verə bilər. Bu ölkənin əhalisinin yarıdan çoxunun etnik azərbaycanlı olması faktını, onların daha çox zərər çəkə biləcəyini də nəzərə almalıyıq. Ona görə də müharibə perspektivi kənara qoyulmalı, İranda təkamül yolu ilə dəyişikliklərə üstünlük verilməlidir”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ