Reportyor

ABŞ — ın vəd etdiyi MİLYONLAR: Küçə inqilabları yenidən QAYIDIR? » www.REPORTOR.org

Bayden “Demokratiya sammiti”ndə vəd etmişdi ki, Birləşmiş Ştatlar 2022-də dünyada demokratik təşəbbüslərin dəstəklənməsinə 424 milyon dollar ayıracaq, bəzi ekspertlər bu vəsaiti “küçə inqilabları yenidən qayıdır” kimi şərh etmişdi; Qazaxıstan üsyanı digər postsovet ölkələrinə sıçraya bilərmi -

Bayden “Demokratiya sammiti”ndə vəd etmişdi ki, Birləşmiş Ştatlar 2022-də dünyada demokratik təşəbbüslərin dəstəklənməsinə 424 milyon dollar ayıracaq, bəzi ekspertlər bu vəsaiti “küçə inqilabları yenidən qayıdır” kimi şərh etmişdi; Qazaxıstan üsyanı digər postsovet ölkələrinə sıçraya bilərmi - ekspertlərin yanaşması...

Qazaxıstan hadisələri “ərəb baharı”nın 11-ci ildönümü ərəfəsinə təsadüf edir. “Yeni Müsavat” yada salır ki, o zaman ilk etirazlar hələ dekabrın 17-də Tunisdə göyərti satan Məhəmməd Buəzizinin bələdiyyə məmurlarına etiraz olaraq özünü yandırmasından bir neçə gün sonra başlamışdı və tezliklə ölkəni 23 il idarə edən Zeynəlabidin bin Əliyə qarşı total etirazlara çevrilmişdi.
Xatırlayırsınızsa, 2011-ci il yanvarın 14-də bin Əli Tunisi tərk edərək Səudiyyə Ərəbistanına qaçdı. Ardınca “ərəb baharı” adlanan etiraz dalğası domino kimi ərəb ölkələrində tiranların yıxılmasına səbəb oldu. Tunisdən sonra fevralda Misirdə 31 ildir ölkəni idarə edən Hüsnü Mübarəkin hakimiyyəti süqut etdi, oktyabrın 20-də isə Liviyanın 42 illik hakimi-mütləqi Müəmmar Qəzzafi üsyançılar tərəfindən öldürüldü. 1 il sonra isə Yəmənin 30 illik lideri Əli Abdullah Saleh istefa verdi və üsyan dalğası Əlcəzair, İordaniya kimi ölkələrə də yayılmaqda davam edirdi. Lakin Bəhreyn, Mərakeş, İordaniya, Küveyt və daha bu kimi monarxiya quruluşlu ərəb ölkələrində etiraz dalğası hökumətlərin istefası və bir sıra siyasi islahatlara səbəb olmaqdan o tərəfə keçə bilmədi. Yalnız Suriyada proseslər dalana dirəndi və xalq etirazlarını uzunmüddətli vətəndaş müharibəsi, terror əvəzlədi.
İndi isə ötən ilin dekabrında keçirilən “Demokratiya sammiti”ndən sonra Mərkəzi Asiyada küçə döyüşləri başlanıb. Bayden sammitdə vəd etmişdi ki, Birləşmiş Ştatların yeni administrasiyası 2022-ci ildə bütün dünyada müxtəlif demokratik təşəbbüslərin dəstəklənməsinə nə az, nə çox, 424 milyon dollar vəsait ayırmaq niyyətindədir. Bu isə bəzi ekspertlərdə “küçə inqilabları yenidən qayıdır” kimi yorumlara səbəb olmuşdu. Məlumdur ki, keçmiş sovet respublikalarının bir çoxu bu mərhələdən keçib və nəticələri o qədər də yaxşı olmayıb. O cümlədən Ermənistanda...
Amma belə görünür ki, hələ də küçə inqilabları üçün münbit şərait var və ya belə bir şərait yetişməkdədir. Çünki pandemiyanın yaratdığı problemlərə indi dünyada bütün sahələrdə başlamış bahalıq da əlavə olunub. O deməkdir ki, hökumətlərdən narazılıqlar artacaq və küçələr yenidən qaynaya bilər. Amma bu kortəbii başlamış etiraz aksiyalarında eynilə “ərəb baharı” kimi liderlər, müxalif partiyalar, avanqard güc yoxdur, yenə kütlələr xaotik şəkildə üsyana qalxıblar. Bu narazılıqların digər postsovet məkanına yayıla bilmək ehtimalı varmı? Türkmənistan, tez-tez qiyam etməyə öyrəşmiş Qırğızıstan, habelə Tacikistan, Monqolustan kimi Asiya ölkələrinə də etirazlar sıçraya bilərmi?
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, Qazaxıstan hadisələri Amerika yox, Rusiyanın təsirləri ilə inkişaf edir. ADP liderinin fikrincə, rus qoşunları bu ölkəyə girib və Qazaxıstanı işğal etməyə hazırlaşır. “Əksinə, Baydenin demokratikləşmə bəyanatına Rusiyanın bir revanşıdır. Putin SSRİ-nin bərpası üçün uzun müddətdir ki, iş aparır, artıq Belarusu özünə bağlayıb, eyni ssenarini Qazaxıstan üçün təkrarlayır. Əgər Qərb bu prosesə imkan versə, Rusiya imperiyası qarşısında aciz qalacaq”, - deyə ADP sədri bildirdi.



Sərdar Cəlaloğlu

S.Cəlaloğlu hesab edir ki, “ərəb baharı” heç kimə xoşbəxtlik gətirmədi, tam tərsinə, münaqişələrə təkan verdi: “Ona görə ”ərəb baharı"nın demokratiya ilə əlaqəsi yox idi. Guya Qazaxıstanda demokratikləşmə prosesi gedir ki? Əhali sosial problemə görə ayağa qalxıb və iğtişaşların arxasında heç bir real siyasi qüvvə yoxdur. Hətta prezident getdi, parlament buraxıldı, kim ölkəni idarə edəcək? Bu, Qazaxıstanın başını qatmaqdır ki, Rusiya oranı işğal etsin".
S.Cəlaloğlunun fikrincə, bu hadisələrin digər türkdilli ölkələrə keçid etməməsi üçün Türkiyə ilə hərbi müttəfiqlik müqaviləsi bağlamalıdırlar: “Qazaxıstan vaxtında hərbi müqavilə bağlasaydı, bu vəziyyətlə qarşılaşmazdı. Türkiyə ilə ciddi hərbi müttəfiqlik müqaviləsi bağlamasalar, Türkmənistanı, Qırğızıstanı da oxşar Rusiya işğalı gözləyir. Sadəcə, bu ölkələrdə avtoritar idarəçilik var deyə prosesi diktaturaya qarşı mübarizə kim qələmə verirlər, əsas niyyətləri gizlətmək üçün bu faktor qabardılır. Həmçinin ”ərəb baharı"nda diktaturalar getdi, əvəzində Misirdə daha pis diktator var, Liviyada xaos davam edir, Suriya böhran içindədir. Əslində ölkələri dağıdıb imperialist siyasətlərini yürüdürlər".



Murad Sadəddinov

Politoloq Murad Sadəddinovun “Yeni Müsavat”a bildirdiyinə görə, sosial etirazları proqnozlaşdırmaq politologiyada ən çətin məsələdir. Onun fikrincə, bu cür proqnozlar logik sonunu tapa bilmir: “Ona görə birmənalı şəkildə demək olmaz ki, Qazaxıstan kataklizmləri sonunu başqa ölkələrdə tapacaq. Mən Baydenin bəyanatının təsirlərini də burada görmürəm. Sadəcə, insanların narazılığı yığılıb və maye qazın qiymətinin iki dəfə artırılması partlayışa səbəb olub. Açığı, başqa regionlarda təkrarını da ehtimal etmirəm. Çünki ölkələrin xüsusiyyəti və problemləri fərqlidir”.
Politoloq hesab edir ki, “ərəb baharı” dalğasından fərqli olaraq, ABŞ-ın Orta Asiyaya təsir imkanları zəifdir: “Xüsusən Əfqanıstandan çıxandan sonra Amerikanın mövqeyi əvvəlki deyil. İndi Çin və Rusiyanın bölgədə nüfuzu güclənib. Ona görə bu hadisələrin digər Orta Asiya dövlətlərinə, o cümlədən postsovet məkanına keçəcəyini gözləmirəm. Sadəcə, bu cür sosial etirazlardan həmişə kənar qüvvələr istifadə edirlər və öz maraqlarını həyata keçirmək naminə təxribatlar yaradır, prosesi idarə etməyə çalışırlar ki, geostrateji maraqlarını təmin etsinlər. Baş verənlər ciddi sosial etiraz idi, çünki xüsusilə yükdaşımalara qiymət artımı təsir göstərmişdi”.



Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, Qazaxıstanda baş verən hadisələrdə Qərb izini axtaranlar bir məsələni xatırlamalıdır: “Qərbin yeni şüarı - “Qocalar getsin”dir. “Qoca” sözünü Belarusda baş verən hadisələrdə də eşitmək olardı. O zaman Putini bu adla çağırırdılar. Deməli, Qazaxıstanda baş verənlər Belarusun davamı kimi qiymətləndirilir. Rusiya burada öz anklavını yaratmağa çalışsa, zamanında olduğu kimi, rus çarına qarşı vuruşan basmacılar yenə meydanda peyda ola bilər. Rusiya bunu çox gözəl anlayır. Qərbin bu bölgələrdəki varlığına isə göz yuma bilməyən Rusiya məsələni “rus işğalı” olmadan həll etməlidir. Bunun da ən yaxşı yolu Tokayevin KTMT-yə müraciəti idi".
Ekspertin sözlərinə görə, Qazaxıstanın bütün qaz yataqları onun qərbində yerləşir və xəzinəyə gələn vəsait də orada çalışan insanların zəhmətidir: “Etirazlar da məhz bu bölgədə başlayıb. Rusiyanın əlində olan ikinci silah Qazaxıstanda yaşayan rusların təhlükəsizliyidir. Yəni əlində yetərincə rıçaqlar var. Rusiya Qərbə regionun ağasının kim olduğunu göstərmək, qazax hökumətinə isə Rusiyaya qarşı son apardığı siyasətin - ruslaşmanın azalmasının yanlışlıqlarını gözünə soxmaq, Türk dünyası üçün çalışan Türkiyəyə böyüyən nüfuzuna zədə vuraraq ismarış göndərmək istəyindədir”.