Həkim səhvinin qurbanı olan uşaqlar - Təbabətimiz zəifdir, yoxsa...
Tarix: 4-02-2023, 09:13
Baxılıb: 2 426
Google+ Paylaş
Tumblr Paylaş

Həkim səhvinin qurbanı olan uşaqlar - Təbabətimiz zəifdir, yoxsa...

4-02-2023, 09:13

Bakıda burun-boğaz əməliyyatı olunan məktəbli vəfat edib. Belə ki, iki gün əvvəl özəl klinikalardan birində əməliyyat olunan 9 yaşlı Nadirli Ağasəlim Vüqar oğlu daha sonra evə buraxılıb. Lakin o, Xətai rayonunda yaşadığı evdə dünyasını dəyişib.
A.Nadirli Xətai rayonu, İ.Məmmədov adına 261 nömrəli məktəb-liseyin 3-cü sinif şagirdi olub. Faktla bağlı araşdırma aparıldığı bildirilir.
Keçın ay isə Şəkidə 5 yaşlı qız uşağı yanlış həkim müalicəsini qurbanı olmuşdu. Ümumiyyətlə, son vaxtlar bu kimi faciəvi halların artması həyəcan doğurmaya bilməz. Bəs səbəb nədir - həkim peşəkarlığının, ümumiyyətlə, təbabətimizin aşağı səviyyədə olması, dərman keyfiyyətsizliyi, yoxsa başqa amillər? Ölkədə həkimlərin attestasiyası nə dərəcədə keyfiyyətli aparılır?
Azərbaycanda vaksinasiya ilə bağlı durum müsbətdir”-Vaqif Qarayev
Vaqif Qarayev: “Həkimin səhvini ya prokurorluq, ya da nazirliyin xüsusi komissiyası deyə bilər”
Tanınmış pediatr Vaqif Qarayev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Əvvəllər az qala hər gün xəbərlərdə yayılırdı ki, ”qohumlarının dediyinə görə, xəstə həkim səhvi ucbatından dünyasını dəyişib", “qohumlarının dediyinə görə, doğru nəzarət olmayıb” və sairə. Bu cür hadisələrdə mütləqdir ki, qarşı tərəfin də rəyi alınsın, əks halda insanlar arasında çaşqınlıq, qorxu yaranır. Həkim səhvini ya prokurorluq  araşdırır, ya da Səhiyyə Nazirliyinin xüsusi komissiyası. Onlar sübut etsə ki, həkim səhv edib, bu zaman xəbərdə qeyd etmək olar. Ümumiyyətlə, Azərbaycanda  yazılmamış qayda var, qohum doğmasını itiribsə, ilk növbədə həkimi günahlandırır. İndi mən Bakıda oturub Şəkidə  baş verən ölüm hadisəsi haqqında desəm ki, bu, həkim səhvi ucbatından olub, doğru olmaz. Yəni məsələ tam araşdırılmalı, daha sonra dəqiq məlumat verilməlidir. 
O ki qaldı burun-boğaz əməliyyatından sonra uşağın dünyasını dəyişməsi hadisəsinə, deyə bilərəm ki, bu əməliyyatda ən çox qanaxmalar fəsad kimi göstərilir və bütün dünyada bu var. Bəzən həkimlər damarı ya düzgün, ya da tam bağlamırlar, buna görə də qanaxma ola bilir. Amma inanmıram ki, belə bir qanaxma ölümə səbəb olsun. Çünki bu zaman ciddi qanaxma olmur. Sadəcə, əməliyyatı aparan klinikaya sorğu göndərmək olar ki, uşaq hansı əməliyyatı keçirib və nə gözlənilirdi.
Qeyd edim ki, sovet dövründə də bu cür hadisələr baş verirdi, sadəcə, mətbuata çıxmırdı. Məsələn, bir az öncə xəbər oxudum ki, ana doğuş zamanı dünyasını dəyişib. O vaxt belə xəbərləri yaymırdılar. Ona görə də belə xəbərləri yayanda diqqətli olmaq lazımdır, xüsusən də uşaqlarla bağlı olanda. Son vaxtlar plastik-estetik əməliyyatı keçirən nə qədər gənc qız dünyasını dəyişib. Burada həkimlərin günahı nə idi? Pasiyentin vəziyyətinin ağırlaşa biləcəyi ilə bağlı ya pasiyentə, ya da onun valideynlərinə əvvəlcədən deməlidir. Amma bu cür hadisələr zamanı da görürük ki, həkim deyir ki, əvvəlcədən bu barədə məlumat verib".
Vaqif Qarayev hazırda həkimlərin peşəkarlığı, təbabətimizin səviyyəsi haqqında da danışıb: “İcbari Tibbi Sığorta yaradılana qədər əhalinin narazılığını anlayırdım. Həkim-pasiyent münasibətlərində narazılıq yaradan əsas məsələ ödənişdir. Tez-tez məlumatlara rast gəlirdik ki, hansısa pasiyent klinikada dünyasını dəyişəndə qohumları həkimdən ödənişi geri istəyirdi. Bu əslində çox utandırıcı bir hadisədir. Sığortanın tətbiqi nələrə kömək edir - əsl peşəkar həkimlərin kimlərin olduğunun ortaya çıxmasına, əhali üçün tibbi xidmətin hamı üçün əlçatan olmasına. Doğrudur, əhali yenə də nələrdənsə narazıdır, amma bu bir faktdır ki, sığortadan istifadə edə bilir. Təbabətin, səhiyyənin  iki prioriteti var - peşəkarlıq əlçatanlıq və bu, bütün dünyada belədir. Beləliklə, İcbari Tibbi Sığorta tətbiq olunandan səhiyyəmizdə yaxşılığa doğru dəyişikliyi hiss edirəm, amma arzuolunan  səviyyədə deyil. Təbii ki,  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin öz problemləri, maliyyə məsələləri var. Yəni yığım olmalıdır ki, xidmət göstərənlərə maliyyə ayıra bilsinlər”.
Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq
Zülfüqar Yusifov: “Dünyanın hər yerində belə hadisələr baş verir, amma...”
“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov isə qeyd edib ki, burun-boğaz tipli əməliyyatlar böyük həcmli əməliyyatlar sayılmır və adətən bu cür əməliyyatlarda pasiyenti bir gün xəstəxanada saxlayıb, daha sonra əgər xəstə risk qrupuna daxil deyilsə, qanaxmalara meyilliyi yoxdursa, müvafiq məsləhətlər verilərək evə buraxılır: “Hesab edirəm ki, sonuncu hadisədə də belə olub. Amma pasiyentin sonradan evdə hansı səbəbdən dünyasını dəyişməsi haqqında fikir söyləmək çətindir. Yəqin ki, müvafiq strukturlar, ekspertlər araşdıraraq ölümün əsl səbəbini açıqlayacaqlar. Lakin qeyd edim ki, kiçikhəcmli əməliyyatlardan sonra ev şəraitində qanaxma baş verə bilir və həkim tərəfindən verilmiş tövsiyələr əsasında öz həllini tapmış olur. Amma belə bir hadisənin baş verməsi, əlbəttə ki həm ailə, həm də səhiyyə adına çox üzücüdür. Qeyd edim ki, dünyanın hər yerində belə hadisələrə rast gəlinir. Hər halda ekspertlərin rəyindən sonra hadisənin hansı səbəbdən baş verdiyini biləcəyik”.
Zülfüqar Yusifov həkimlərin attestasiyadan keçirilməsi məsələsinə də toxunub. Qeyd edib ki, ildən-ilə attestasiyaların keçirilmə forması daha da təkmilləşdirilir və bunun sayəsində kifayət qədər həkim öz üzərində çalışması artıb: “ Yəni bu məsələnin faydası ciddi şəkildə müşahidə olunur. Lakin məndə olan məlumata görə, yaxınlarda daha çevik, daha effektiv bir sistem tətbiq olunacaq. Yəqin ki, bundan sonra keçirilən attestasiyalar və yaxud buna bənzər digər təkmilləşmə, imtahan qaydaları daha faydalı olacaq. Səhiyyə Nazirliyində attestasiyalar ilə yanaşı, belə bir fikri də var ki, davamlı surətdə bal sistemi keçirsin. Müəyyən bal sistemi ki, həkimlərin davamlı  müasir məlumatlara yiyələnməsini təmin etsin, elmi konfranslara cəlb olunsun. Hesab edirəm ki, bütün bunlar ümumi mənzərəni daha da yaxşılaşdıracaq. Bununla yanaşı, qardaş Türkiyə ilə belə bir anlaşma olub ki, ölkələrimizin səhiyyəsi arasında inteqrasiya, həm də birgəliyə yaxın sistem qurulsun. Düşünürəm ki, bunlar da olacaq və bu gün səhiyyədə bizi narahat edən məsələlər öz həllinin tapmış olacaq”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ