“Bütün bunlar iqlim dəyişikliyini önləmək üçün aparılan oyundur” - ekoloq
Tarix: 11-04-2020, 01:20
Baxılıb: 1 199
Google+ Paylaş
Tumblr Paylaş

“Bütün bunlar iqlim dəyişikliyini önləmək üçün aparılan oyundur” - ekoloq

11-04-2020, 01:20

Karantin rejimi dünyada havanı təmizləyib, lakin...

Koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminə görə Bakıda nəqliyyatın sıxlığı əhəmiyyətli dərəcədə azalıb, ictimai-iaşə obyektləri və digər müəssisələrin fəaliyyəti məhdudlaşdırılıb, bununla da atmosferə atılan qaz qarışıqlarının miqdarı minimuma enib.
Paytaxtda artıq tüstü və toz dumanları görmürük. Eyni zamanda, nə qədər nəzarət olunsa da, zavodların, restoranların ətrafından gələn xoşagəlməz qoxular da aradan qalxıb. Bakı sakinləri bildirirlər ki, həqiqətən də nəfəs aldıqda belə ciddi fərq hiss edirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva bildirib ki, Bakı şəhərində atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə keçirilən növbəti monitorinq nəticəsində məlum olub ki, gücləndirilmiş izolyasiya tədbirlərindən sonra atmosferə atılan tullantıların miqdarı 45-50 faiz azalıb. Onun sözlərinə görə, aprel ayının əvvəlində arabir yağıntılı və küləkli günlərin olması da havanın təmizlənməsi üçün münbit şərait yaradıb. O bildirib ki, yağışlı hava şəraiti zərərli maddələrin havada toplanmasının qarşısını alır və bu da bir növ havanı təzmizləyir: “Eyni zamanda, artıq bir neçə gündür ölkə ərazisində havada yüksək təzyiq sahəsi var. Bu da havanın oksigenlə zənginləşməsi deməkdir. Ona görə də evdə qalan insanlara tövsiyə edirik ki, otaqlarının havasını tez-tez dəyişsinlər”.
Koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi dünyanın da ekoloji xəritəsini dəyişib. Belə ki, NASA alimləri Yer kürəsinin aerokosmik monitorinqini həyata keçiriblər. Onlar yarım ay ərzində ən çirkli atmosferə malik Çinin ekologiyasının kifayət qədər dəyişdiyini müşahidə ediblər. Çinlilər bildiriblər ki, son 20 ildə səmanın mavi rəngdə olduğunu görməyiblər. Lakin karantin günlərində havada bu cür dəyişiklik hiss edilib və onlar səmanın mavi rəngini müşahidə edə biliblər.
Musavat.com-a danışan ekoloq Telman Zeynalov bir sıra ilginc faktları açıqladı. Ekoloq hesab edir ki, koronavirusla bağlı dünyada oyun aparılır və bütün bunlar iqlim dəyişikliyini önləmək üçün nəzərdə tutulur: “Karantin dönəmində təyyarələrin hərəkətindən tutmuş, zavodların, fabriklərin, ictimai-iaşə obyektlərinin fəaliyyəti dayandırılıb. Bu isə əlbəttə ki, havaya müsbət təsir göstərir. Lakin ətraf mühitlə bağlı məsələ fərqlidir. Qlobal iqlim dəyişmələri ilə bağlı müzakirələrdə deyirdilər ki, ətraf mühitə ən çox kənd təsərrüfatı tullantıları zərər verir. İndi isə bunlarla bağlı heç bir açıqlama verilmir və hamı susub. Niyə kənd təsərrüfatı ilə bağlı bu problem üçün hər hansı bir tədbir görülmür? Ona görə də hesab edirəm ki, bu, bir oyundur. Bundan öncə “quş qripi” vardı və 40 milyona qədər insanı məhv edib. İndi isə heç 100 min adam ölməyib, aləmi bir-birinə qatıblar. Deyirlər ki, insanları qoruyuruq. Ancaq görünən budur ki, insanları qorumurlar, işsiz qoyurlar. Bütün bu məsələlərə də diqqət etmək lazımdır. Ətraf mühitin təmizlənməsi ilə bağlı dəyişiklik var və bunu danmaq olmaz. Lakin ətraf mühiti ən çox çirkləndirən tullantıdır. Çünki evdə oturan adam nə isə yeyir və tullantılarını atır”.
Ekoloq hesab edir ki, görülən tədbirlər çərçivəsində dünyada su qıtlığı da yaranır: “Çünki deyirlər ki, əlləri yu, küçələri yu və sairə. Bütün bu yuyulma isə su ilə həyata keçirilir və dünyada da onsuz da su qıtlığı yaşanır. Ona görə də bir tərəfdən yaxşı hal var, digər tərəfdən pis. İndi açıqlama verilir ki, qlobal istiləşmənin qarşısı alınır. Hesab edirlər ki, bu cür oyunlarla iqlim dəyişikliyinin qarşısını alacaqlar. Havanın istiləşməsinin qarşısını almaq mümkün deyil. Bunun üçün gərək sən Günəşin qarşısını alasan. Bu da mümkün hal deyil. Ona görə də havaya atılan tullantıların qarşısını almaqla iqlim dəyişikliyini önləmək olmaz. Bu, sadəcə oyundur”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ