Azərbaycanda koronavirusdan ölənlər necə dəfn olunur?
Tarix: 10-04-2020, 19:44
Baxılıb: 3 170
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda koronavirusdan ölənlər necə dəfn olunur?

10-04-2020, 19:44

Cəlal İsayev: “İndiyə qədər qripdən ölənləri ayrı basdırırdıq?..”
Dünyanın əsas probleminə çevrilən koronavirusdan ölənlərin necə dəfn olunması müzakirə mövzularından biridir. Bir çoxu belə şəxslərin ayrıca yerdə torpağa tapşırılmasının vacibliyindən söz açır. Lakin bununla bağlı həkimlərin rəyləri daha çox diqqət çəkir. 
Türkiyə Səhiyyə Nazirliyinin Elmi Şurası və Dini İşlər İdarəsi koronavirusdan ölənlərin dəfni ilə bağlı açıqlama yayıb. Xəbərə görə, infeksiyaya yoluxma riskinə qarşı mütəxəssislərin tövsiyələrini nəzərə alaraq cənazə uyğun şəkildə yuyulmalı, kəfənlənməli, dəfn edilməlidir. Qeyd edək ki, martın 22-də hər iki qurum koronavirusa yoluxma halında cənazə namazının qılınması və dəfnlə bağlı fitva yaymışdı. Həmin fitvada insanların bir-birindən sosial məsafəyə diqqət yetirmələri tövsiyə olunurdu.
Modern.az xəbər verir ki, ölənlər arasında yoluxma hallarının artmasının qarşısını almaq üçün dini qurumlar, o cümlədən İslam təşkilatları yeni dəfn qaydaları təsdiqləyir. 
Qırğızıstan Müsəlmanlarl İdarəsinin Şura üzvü Qədir Məlikov koronavurusdan ölən şəxsin şəriətə uyğun dəfn olunmasının düzgün olduğunu söyləyib: “Ölüm halı baş veribsə, İslam qaydalarına görə, ilk növbədə xəstəliyin növünə baxmaq lazımdır. Əgər ölən şəxsin cəsədindən virus başqa insanlara keçmək təhlükəsi varsa, meyitin yuyulması məsafədən – üstünə vedrədən isti su atmaqla yaxud “şlanq” vasitəsilə gerçəkləşir. Amma yuyulma istənilən halda çox vacibdir. Meyiti yuyanlar mütləq qaydada maska və rezin əlcək geyinməlidir”.
Qazaxıstan Müsəlmanlar İdarəsi koronavirusdan ölən müsəlmanların dəfn qaydaları üçün xüsusi fətva verib. Ölən şəxsin dəfni sanitar-epidemioloji tələblərə uyğun aparılmalıdır. Əgər ölən şəxsin yuyulması morqda həyata keçirilibsə, onun təkrar yuyulmasına ehtiyac yoxdur. Kişiləri kişilər, qadınları isə qadınlar yumalıdır. Ölən şəxsin kəfənə bürünməsi vacibdir. Onu kəfənə epidemiologiya üzrə xüsusi qurumların ekspertləri bürüməlidir. Bu mərasim morqda da keçirilə bilər. Cənazə namazı mərhumun ən yaxın ailə üzvlərinin çevrəsində gerçəkləşməlidir. Təhlükəsizlik xatirinə onların sayı maksimum az olmalıdır. Xəstəliyin şəhərələrdə yoluxma riskinin yüksək olmasını nəzərə alaraq, ölən şəxsin morqdan birbaşa qəbiristanlığa aparılması və namazın orada yerinə yetirilməsi tövsiyə olunur. Epidemioloji qaydalara görə, namaz zamanı mərhumun cənazəsi din xadimi və mərasim iştirakçılarından 2 metr məsagədə olmalıdır.
Cənazəni qəbiristanlığa xüsusi tibbi nəqliyyat vasitəsi gətirməlidir. Qəbir sanitar normalara uyğun hazırlanmalıdır. Cənazənin torpağa tapşırılması prosedurunu tibb mütəxəssisləri yerinə yetirməlidir. Bundan başqa, ölən şəxs yalnız öz doğulduğu yaşayış məntəqəsində torpağa verilməlidir. Sanitar-epidemioloji mərkəzin icazəsi olmadan cəsədin başqa şəhərə aparılması qadağan edilir.
Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Kristian Lindmayer isə koronavirusdan ölən şəxsin cəsədinin virus təhlükəsi saçmadığını vurğulayıb: “Xəstəlik hava-damcı yolu ilə yayılır. Şəxs öldükdən sonra virus da ölür və buna görə yoluxma halı ola bilməz. Amma insanların dəfn mərasimində kütləvi toplaşması xəstəlik riskini artırır”.
Özbəkistan Müsəlmanları İdarəsi, Türkiyə Dəyanət İşlər Nazirliyi, Misri Fətvalar Assosiasiyası və s. dini qurumlar meyitin yuyulması, kəfənə bürünməsi və torpağa tapşırılması prosedurunun şəriət normaları əsasında tibbi personal tərəfindən həyata keçirilməsinə qərar verib. Bu proseslərdə mərhumun yaxınları iştirak etmir. Onlar yalnız cənazə namazında və mərhumun torpağa basdırımasına qatıla bilərlər. Mərasimdə iştirak edən hər kəs maska və rezin əlcəkdə olmalı, mərasimdən sonra ərazidə dezinfeksiya işləri aparılmalıdır.
Bəs Azərbaycanda bu günə qədər virusdan həyatını itirən 9 nəfər necə dəfn olunub?
Baş infeksionist Cəlal İsayev koronavirusun həyatlarına son verdiyi insanların qəbiristanlıqdan kənarda dəfn olunmalarına ehtiyac görmür: “Bu, heç tələb də olunmur. Burada götürüb deyəsən ki, virus yayıla bilər, nəşi yandırmaq lazımdır, elə şey yoxdur. İndiyə qədər qripdən ölənləri ayrımı basdırırdıq? Xeyr. Bu da həmin şeydir. Adi insanlar kimi, onlar da elə dəfn olunurlar. Buna heç bir ehtiyac yoxdur. Zərurət yoxdur ki, virusdan həyatını itirən şəxs ayrı qəbiristanlıqda dəfn olunsun. Hazırda epidemiya təhlükəsi var və insanların bir yerə toplaşması arzuolunan deyil. Koronavirusdan ölən şəxsin dəfn mərasimində ən yaxın qohumları, yaxınları iştirak edirlər. Mərasim zallarında yas vermək isə hamıya məlumdur ki, karantin şərtlərini pozmaq, xəstəliyin yayılmasına rəvac vermək deməkdir. Mərhumun ən yaxın adamları dəfnə buraxılır. Operativ Qərargahın qərarında bu var. Kimlərin buraxıldığı orada açıq yazılıb. Uzaqdan biri gəlib deyəcək ki, mən dostuyam, tanışıyam, olmaz. Qohumluq əlaqəsi olan ən yaxın insanlar dəfndə iştirak edirlər”.
C.İsayev virus getdikcə artarsa, qarşıdakı zamanlarda dəfn qaydalarında dəyişiklik edilib-edilməyəcəyinə də toxundu: “Virus getdikcə yayılır. Təkcə son iki günə diqqət yetirsəniz, artma tepmini açıq görərsiniz. Aprelin 5-dən sonra qaydalar daha da sərtləşdirilib. Buna səbəb də insanların təmas vəziyyətinin olmamasıdır. Təmasla, qidalarla virus keçə bilər. Əsas yoluxma havadandır. Hamıdan tələb olunur ki, toplaşmaq olmaz, işin oldu-olmadı küçəyə çıxıb kiminsə yanına getmə, təmas qurma. Aprelin 20-dən sonra nəticələr əldə olunmazsa, daha sərt addımlar atılacaq. Dövlət əhəmiyyətli müəssisələrdə işləyənlərə icazə verilir ki, onlar bundan sui-istifadə edirlər. Haradansa bir kağız tapıblar. Ondan istifadə edirlər. İnsanlar qanunu pozmur, amma qanunlardan yan keçirlər. Belə hallara yol vermək olmaz. Polis hamının qarşısını kəsib, sənədini yoxlaya bilməz. Onların da o qədər iş gücləri var ki. İnsanlar başa düşməlidirlər ki, özlərinin, yaxınlarının taleyinə diqqət etməlidirlər, ölkənin gələcəyi bundan asılıdır. Baxmayaraq ki, bu xəstəlik yüngül keçir. Amma yaşlı, xəstəliyi olan insanlarımız çoxdur. Hansı ki, onlar bu gün də müalicə alırlar. Onların xəstələnməsi ən ağır nəticələrə gətirib çaxara bilir. Bu nöqteyi-nəzərdən istəmirik ki, xəstəlik yayılsın. Mənim orqanizmim güclüdür, mənə heç nə ola bilməz demək, çox səhv fikirdir. Ola bilsin ki, heç nə olmasın. Amma virus daşıyıcısı kimi gedib yaxınlarını, əzizlərini, yoluxdura bilərsən. Onların arasında da orqanizmi zəif, xəstəsi olan ola bilər və nəticədə də bunun hansı fəsadlar verə biləcəyini təsəvvür etmək elə də çətin deyil. Bu da insanlara növbəti zərbə vurar. Bütün bunlar nəzərə alınaraq, tədbirlər sərtləşdirilir. Tədbirlər həyata keçirilir, insanlar buna əməl etməlidir. İnsanlar əməl etməsə, təbii ki, o tədbirlər kağız üzərində də qalacaq. Nə qədər də polis nəzarət etsə, nəzarətdən kənar insanlar tələblərə əməl etmirlərsə, demək görülən işlər nəticəsiz qala bilər. Hər adama bir polis qoymaq olmaz. Ona görə deyirəm ki, hər şey insanın ilk növbədə özündən asılıdır. Amma əvvəldə dediyim kimi, virusdan ölənləri kənar bir yerdə dəfn etməyə zərurət yoxdur”.
Cavanşir ABBASLI,
Müsavat.com  


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ