Bioloji savaşa yol açan sirli görüş: Çin “dərin dövləti” niyə hədələndi və  hansı ölkələr xəritədən silinə bilər
Tarix: 25-04-2020, 21:45
Baxılıb: 1 416
Google+ Paylaş
Tumblr Paylaş

Bioloji savaşa yol açan sirli görüş: Çin “dərin dövləti” niyə hədələndi və hansı ölkələr xəritədən silinə bilər

25-04-2020, 21:45

“Virusun missiyası” hələ sona çatmayıb və “dərin güclər” arasındakı savaşın nəticəsinə bağlıdır; Yeni dünya düzənində dollar yeni valyuta vahidi, kapitalizm yeni ictimai formasiya ilə əvəzlənə, solçu ideologiyalar isə ön plana keçə bilər

Dünyada qarışmayan heç nə qalmayıb. Hər şey və hər yer allak-bullakdır. “Domino effekti” yaşanır. Dünyada onilliklər ərzində qurulan mövcud siyasi, sosial, hüquqi, humanitar  və maliyyə-iqtisadi sistem bir-birinin ardınca çökməyə, dağılmağa başlayıb.
Düzdür, “hər şey dağıldı, dibə vurdu, məhv oldu” demək üçün hələ bir qədər tezdir. Çünki proses hələ davam edir. Sadəcə, beynəlxalq deqrodasiya prosesinin nə vaxt duracağı, və ya durdurulacağı müəmmalı olaraq, qalmaqdadır.
Hələliksə, məlum olan tək bir şey var. O da baş verənlərin bir təsadüf deyil, məhz insan zəkasının məhsulu olmasıdır. Hər halda koronavirusun yarasa şorbasından deyil, məhz “laboratoriya torbası”ndan çıxdığı artıq rəsmən etiraf edilib.
Ona görə də, indi əsas mübahisə o “torba”nın kimə aid olması ətrafındadır. Yəni o “torba”nı zorla birisinin əlinə verib, özünü də “torba”ya salmağa çalışırlar.
İndi ABŞ və Çin bir-birini suçlayır. Hər iki dövlət pandemiyanın günahkarı statusunda qarşı tərəfi hədəf göstərir. Ağ Ev koronavirusu “Çin virusu” adlandırmaqla yanaşı, həm də Çinin bioloji silahı hesab edir.
Çin isə Ağ Evin ittihamlarını qətiyyətlə rədd edir. Üstəlik, rəsmi Pekin virusun Çində yayılmasına görə ABŞ-ı suçlayır. Və virusun Çin ərazisinə hərbi təlimlər üçün gəlmiş ABŞ hərbçiləri tərəfindən gətirildiyini iddia edir.
koronavirus_7361.jpg (78 KB)

Virusun əsl mənşəyini ifşa edən ziddiyyətli ittihamlar…

Təbii ki, bu ittiham qarşıdurmasında kimin haqlı olması böyük əhəmiyyət daşıyır. Ancaq ondan da daha əhəmiyyətli olan bu ittihamların virusun əsl mənşəyini ortaya çıxartmasıdır. ABŞ və Çinin bir-birini ittiham etməsi əslində, koronavirusun laboratoriyada hazırlanması barədə şübhələri təsdiqləyir.
Bu baxımdam, ABŞ-ın virusu laboratoriyada hazırlayıb, Çinə 3 milyona satan virusoloq alimin həbs edildiyini bəyanlaması baş verənlərin üzərindəki “sirr pərdəsi”ni bir qədər aralamış oldu. İnsanları inandırmağa çalışdılar ki, sən demə, bütün dünya iqtisadiyyatının iflasa uğramasının əsas səbəbi hansısa bir tamahkar alimin cəmisi 3 milyonluq qazanc əldə etmək istəyiymiş...
Bu versiya kimsəni tam qane etmədi. Və tezliklə yeni versiya gündəmə gətirildi. Böyük Britaniyanın rəsmi dairələrindən iddia edildi ki, guya virus Çinin Uhan şəhərindəki laboratoriyadan sızıb. Hətta bu virusun saxlandığı iddia olunan sınıq soyuducunun fotolarını da yaydılar.
Heyrətlənməmək mümkün deyil. Belə anlaşılır ki, Çin kimi nəhəng dövlət, dünyanın yeni supergücü olmağa iddialı bir ölkə bu virusu laboratoroyada hazırlaya bilib, ancaq onun nə qədər təhlikəli olduğunu və hansı fəlakətləri törədəcəyini anlaya bilməyib.
Üstəlik, dünyanın “texnologiya emalatxanası” olan Çində elə bir normal soyuducu tapılmayıb ki, kəşf etdikləri “fəlakət mənbəyi”ni daha etibarlı qoruyub, saxlaya bilsinlər.
chin-absh.JPG (66 KB)

Virusun mutasiya qabiliyyəti yenidən kodlaşdırma effekti yaradır

Təbii ki, bu iddialara inanmaq sadəlövhlük olardı. Və kimlərinsə, istəyinə uyub, sadəlövh olmaq məcburiyyətində də deyilik.
Bütün bu ziddiyyətli və uydurulmuş iddialar əslində, hədəf yayındırmaq məqsədi güdür. Ancaq bu, koronavirusun bir bioloji silah olduğuna olan inamın daha da möhkəmlənməsindən başqa da heç nəyə yaramır.
Belə görünür ki,bir “bataqlığa” düşüblər və cabalayırlar. Ancaq hələlik o “bataqlıq”dan heç cür çıxa bilmirlər. Daha irəlidə bu “bataqlığın” necə yaradıldığına qayıdacağıq...
Hələliksə, virusun bioloji silah olduğunu təsdiqləyə biləcək daha bir önəmli məqama diqqət yetirməyə çalışaq. Artıq dəqiqləşib ki, bu virus müəyyən zaman intervalından sonra düşdüyü mühitə uyğun olaraq, mutasiyaya uğrayır.
Əslində, belə virusların mutasiyaya uğraması o qədər də qeyri-adi hal deyil. Ancaq bu olaydakı qəribəlik odur ki, koronavirusda mutasiya sanki yeni kodlaşma effekti yaradır.
Belə ki, mövcud məlumatlara görə, bu virus Çindən başlayan səyahəti ərzində artıq 4-5 dəfə mutasiyaya uğrayıb. Yəni Çində peyda olan virusla İtaliyada, İspaniyada, ABŞ-da və s. ölkələrdə olan virus tam eyni deyil. Və bu ölkələrdə tətbiq olunan müalicə üsulları da fərqlənir.
mutasiya11.JPG (69 KB)
Ona görə də bu virusun antivirusunu və ya vaksinini hazırlamaq vəzifəsi həddindən artıq qəlizləşib. Hətta epidemiyaya məruz qalmış ölkələrdən hansısa vaksin və ya antivirus hazırlamağa nail olsa belə, bu, onu təhlükədən tam sığortalamır.
Çünki hazırlanmış preparatlar digər ölkələrdə fərqli mutasiyada olan virusa təsir göstərməyəcəyindən onun başqa "cildə girib", dönmə ehtimalı tamamilə realdır.
Bunu daha anlaşıqlı olması baxımından, müəyyən mənada, hər hansı telekanalın şifrələnməsi modelinə bənzətmək olar. Məsələn, hazırda dünyada ən geniş istifadə edilən şifrələmə sistemləri "İrdeto 2" və "Verimatrix" kodlaşdırma modelləri sayılır.
Bu kodlaşdırma modellərini fransız proqramçılar kəşf ediblər və tam etibarlıdır. "Sındırmaq" hələlik demək olar ki, mümkün deyil.
Çünki özündən əvvəlkilərdən fərqli olaraq, bu şifrələmə sistemləri bir və ya bir neçə koddan ibarət deyil. Eyni vaxtda minlərlə şifrə aktiv olur və hərəsi 4-5 saniyə ərzində istifadə edilir. Və sürəkli olaraq, bir-birini əvəzləyir. Şirfəli telekanala müftə baxmaq istəyən "pirat tamaşaçı" bir kodu "sındırmağa" imkan tapmamış digərləri onu əvəzləyir və kələfin ucu itir.
Koronavirus da təxminən buna bənzər davranır. Ölkədən ölkəyə adladıqca, mutasiyaya uğrayır. Deməli, bu situasiyada onun qarşısını almaq qəliz məsələdir.
regnum_picture_15689727711407263_normal.png (1.34 MB)

Bioloji savaşın episentri və seçilmiş hədəflər…

Çıxış yolu, bu virus laboratoriyada icad olunarkən, ona paralel hazırlanmış antivirusunun tətbiqinə başlanılmasıdır. Və həmin antivirusun mövcudluğu qətiyyən şübhə doğurmamalıdır.
Məsələ ondadır ki, əgər, bir virus laboratoriya məhsuludursa, o bioloji silah növü sayılır. Eyni zamanda, onu icad edənlər bir qayda olaraq, antivirusu da mütləq paralel şəkildə hazırlayırlar.
Yəni dediyim odur ki, bu virusun durdurulması üçün yeganə çıxış yolu onun antivirusunu əlində tutanların bu preparatı ümumi istifadəyə buraxmalarıdır. Əks halda, kim nə deyirsə desin, kim nə edirsə etsin, hamısı boşuna olacaq. Və virus bəşəriyyəti hələ uzun müddət təhdid və qorxu altında saxlayacaq.
Trump-coronavirus-conference-ap-img.jpg (147 KB)
Çünki dünyada sözun birbaşa mənasında, bir bioloji savaş başladılıb. Amma bütün planet ümumi bioloji savaş məkanına çevrilsə də, toqquşmanın əsas episentri məhz ABŞ-dadır. ABŞ-dakı və dünyanı idarə edən "dərin güclər"in bu savaşı əvvəllər də var idi, sadəcə, prezident Donald Trampın hakimiyyətə gəlişiylə yeni - həlledici mərhələyə keçdi.
Bu barədə ötən yazılarımdan birində daha ətraflı bəhs etdiyim üçün yenidən detallarına varmağa ehtiyac duymuram (Bioloji savaşın əsas şifrəsi: Kraliçaya kimlər silah doğruldub, onu hədələmişdilər... - https://musavat.com/news/bioloji-savasin-esas-sifresi-kralicaya-kimler-silah-dogruldub-onu-hedelemisdiler_690999.html ).
Sadəcə, onu qeyd edim ki, səngərin bir tərəfində prezident Donald Trampı hakimiyyətə gətirən "millətçi dinçilər", digər tərəfində isə "dolların üzərində imzası olanlar"dır.
Çin və onun ətrafında baş verənlərə diqqət etdikdə savaşın əhatə dairəsi və təxmini hədəfi ortaya çıxmağa başlayır. ABŞ-dakı "dərin güclər"dən biri SSRİ-nin dağılmasından üzü bəri Çini həm himayə və həm də öz nəhəng sərmayəsi ilə ayaqda tutub, idarə edir. Digər tərəfsə, bunu öz dünya hegemonluğu hədəfləri qarşısında əsas əngəllərdən biri kimi görür.
Ona görə də, əsas zərbələr Çinə və bu ölkə ilə gələcəyə yönəlik strateji iqtisadi layihələrdə iştirak qərarı vermiş ölkələrə vurulur. Həmin ölkələr və razılaşdırılmış ortaq layihələr barədə ötən yazılarımın birində yazmışam…
barmaq11.JPG (36 KB)

Əfqanıstanda Çinin “dərin konsey” təmsilçiləri ilə məxfi görüş…

İndisə onu qeyd etmək olar ki, hazırki olayların ortaya çıxmasında ABŞ-ın dövlət katibi Maykl Pompeonun Əfqanıstana səfərinin müəyyən rolunun olduğu bildirilir. Xatırlayırsınızsa, həmin səfərin məqsədi bir müddət izah edilməyərək, gizli tutulmuşdu.
Ancaq bir müddət sonra gözlənilmədən həmin səfər çərçivəsində Çinin rəsmi dairələri ilə önəmli müzakirələrin aparıldığı bəyanlanmışdı. Və bu, olduqca təəccüblü idi. Çünki Əfqanıstan ABŞ-Çin rəsmi müzakirələri üçün seçilməsi ən sonda ağla gələ biləcək bir ölkədir.
Ona görə də "Nədən Əfqanıstan" sualı yersiz görünmürdü. Halbuki, rəsmi Pekin bu sualı "Çinin heç bir rəsmisi M.Pompeo ilə müzakirələr üçün Əfqanıstana səfər etməyib" bəyanatıyla dərhal gündəmdən çıxartdı.
Ancaq bu dəfə də başqa sual cavabsız qalmış oldu. Tərəflərdən hansı doğru, hansı yalan danışır?
Tezliklə buna hər halda, dumanlı da olsa, cavab tapıldı. Ağ Evdəki gizli mənbələrdən bu barədə müəyyən məlumatlar sızdı. Və məlum oldu ki, hər iki tərəf bir yerə qədər doğru, bir yerdən sonra isə yalan söyləyir.
trumppompeopence_03202020getty.jpg (59 KB)
Məsələ ondadır ki, iddialara görə, M.Pompeo Əfqanıstanda həqiqətən də Çinin təmsilçiləri ilə görüşübmüş. Ancaq həmin çinlilər Çinin rəsmi təmsilçiləri olmayıblar. M.Pompeo ilə məxfi Əfqanıstan görüşündə Çinin "dərin konsey"ini təmsil edən üç nəfər çox zəngin şəxs olub.
Çinlilər M.Pompeonun diqqətinə çatdırıblar ki, ölkənin indiki siyasi rəhbərliyinin hələ uzun müddət hakimiyyətdə qalmasında maraqlıdırlar. Qarşılığında isə onlar ABŞ-ı qıcıqlandıran layihələrdən imtina edilməsi şərti ilə üzləşiblər. Və tərəflər arasında "sürtüşmə" yaşanıb.
Çünki görüşə qatılan çinlilər M.Pompeonun şərtinə müsbət cavab vermək səlahiyyətində ola bilməzdilər. İmtina edilməsi tələb olunan layihələr əslində, Çinə deyil, bu ölkəni himayə edən və öz maliyyəsi ilə qidalandırıb, ayaqda tutan rəqib "dərin güclər"ə aiddir. Bu projelərdən (Böyük İpək Yolu və Yeni Afrika layihələri də daxil olmaqla) həmin "dərin güclər"in razılığı olmadan heç rəsmi Pekin belə, imtina edə bilməz. Rəsmi Pekin öz himayədarlarının təlimatlarına sadiq qalmağa məhkumdur.
Təbii ki, iddialara görə, görüş gərginlik fonunda bitib. Və Çin "dərin konsey"inin təmsilçiləri görüşdən "Çini məhv edib, xəritədən siləcəyik" təhdidi ilə ayrılıblar.
kralica.jpg (51 KB)

Britaniyanın parçalanmış və fəqrli “səngərlər”də yer alan kraliyyət ailəsi…

Əlbəttə, bütün bunlar ABŞ-dakı araşdırma mərkəzlərinin özəl mənbələrə istinadən iddialarıdır. Və son bir neçə ayda baş verənləri yan-yana düzdükdə, həqiqət payının ola biləcəyini təsdiqləyən xeyli məqamlar da mövcuddur.
Məsələ ondadır ki, Çin və onunla ortaqlığı olan hər kəs və hər dövlət zərbə alır, zərər görür. Hətta dünyanın ən qüdrətli və toxunulmaz hesab edilən ailəsinin də böyük risk və real təhlükə altında olduğu iddia edilir. Böyük Britaniya kraliçasının necə təhdid olunaraq, "Brexit"ə razı gətirilməsi barədə də ötən yazılarımdan birində bəhs etmişdim.
Bu dəfə yalnız onu qeyd edim ki, hazırda kraliyyət ailəsinin iki önəmli üzvü fərqli “səngərlər”də yer alır. Kraliça istəsə də, istəməsə də, Trampı himayə edən "dərin güclər"in yanında yer almağa məhkumdur.
sahzade-carlz-avropadaki-yehudi-lobbisi-yaxin-serqde-boyuk-problemlere-sebeb-olublar-20618.jpg (64 KB)
Şahzadə Çarlız isə Çini himayə edən və "dolların üzərindəki imzanın müəllifi olan dərin güclər"lə yanaşı addımlamaqda qərarlıdır. Ona görə də adı virusa yoluxanların siyahısında yer alır. Və bu, kifayət qədər ciddi mesajdır.
Bundan sonra nə olacaqsa, onu irəlidə görəcəyik. Ancaq "dünya düzəni dəyişəcək" iddialarına ciddi yanaşılmasının vacibliyi hər ötən gün daha da artır.
Məsələn, kraliyyət ailəsinin iki önəmli üzvü məcburiyyət qarşısında da olsa, fərqli "səngərlər"də yer alırlar. Heç şübhəsiz ki, həmin "səngərlər"dən biri mütləq ələ keçiriləcək.
Deməli, kraliyyət ailəsinin həmin iki önəmli üzvündən biri məğlub "dərin güclər"lə birlikdə səhnədən çıxarılmış olacaq. Hətta elə bir situasiya da yarana bilər ki, kraliyyət ailəsi ümumiyyətlə, tarixin arxivinə göndərilmək taleyi ilə barışmaq məcburiyyətində qalar.
Bu, baş verərsə, Böyük Britaniya monarxiyasının parçalanaraq, dağılması qaçılmaz ola bilər. Çünki formal da olsa, hətta Avstraliyanı belə, öz tərkibində saxlamağı bacaran Böyük Britaniya buna görə kraliyyət ailəsinə bağlı monarxiya dövlət quruluşuna borcludur.
lampa11.JPG (35 KB)

Yeni dünya düzəninin əsas faktoru: “KORONAVİRUS İQTİSADİYYATI”…

Çinlə ortaq layihələrdə israr edən baş nazir Boris Consonun da virusa yolux(durul)masını Böyük Britaniya üçün geri sayımın, müəyyən mənada, artıq başladılmasının əlaməti kimi də dəyərləndirmək olar. Böyük ehtimalla Boris Consonun baş nazir kimi karyerası artıq bitirilib. Yəqin ki, o, tezliklə uyğun bir formada siyasi səhnədən uzaqlaşdırılacaq.
Böyük Britaniya barədə ehtimallarımız özünü doğruldarsa, yeni dünya düzəninin ilkin əlamətlərinə şahidlik etmiş olacağıq. Bu halda, “dərin savaş”ın qalibinin mövcudluğu barədə də danışmaq mümkün olacaq. Və bu gün bütün dünyanı əsir-yesir edən virusun “missiya”sı da məhz o zaman bitəcək.
Bunun davamı olaraq, Çin də Böyük Britaniya ilə təxminən eyni taleyi yaşaya və yeni dövlətlərin yaranma prosesi qaçılmaz ola bilər. Dolların beynəlxalq maliyyə məkanından tədricən yığışdırılacağı, onu yeni valyuta vahidinin əvəzləyəcəyi, kapitalizmin ictimai formasiya kimi iflasa uğrayacağı, onun yerini yeni ictimai formasiyanın tuta biləcəyi də qətiyyən istisna deyil.
İndi bir kommunistdən soruşsaq, SSRİ-nin mövcud olduğu dövrlərdəki kimi kapitalizmi mütləq kommunizmin əvəzləyəcəyini əsaslandırmağa çalışar. Düzdür, yeni dünya düzənində solçu ideologiyaların ön plana çıxma ehtimalı kifayət qədər yüksək görünür. Ancaq bu, “kommunizm nağılları”nın yenidən gur səslə söylənməsinə qədər irəliləyə bilməz və heç imkan da verməzlər.
Əlbəttə ki, koronavirusdan sonra bütün münasibətlər sistemi, o cümlədən, maliyyə-iqtisadi münasibətlər ciddi dəyişikliyə uğrayacaq, yeni keyfiyyət qazanacaq. Və mövcudluq dövrü bitməkdə olan kapitalizmdən sonrakı formasiyanın əsası qoyulacaq, yeni maliyyə-iqtisadi münasibətlər formalaşacaq.
Necə adlanacağını təbii ki, zaman göstərəcək. Hələliksə, biz bunun adını sadəcə, “koronavirus iqtisadiyyatı” kimi də qəbul edə bilərik…
Bütün bu ehtimallar və onların özünü doğrulda bilib-bilməyəcəyi barədə isə növbəti yazımızda bəhs etməyə çalışacağıq…
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)

Elçin XALİDBƏYLİ


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ