MÜƏLLİMİ ADAMYEYƏNDİR – Şamaxının icra başçısının təzə müavini Elxan İbrahimov hannibaldan dərs alıb?
Tarix: 25-04-2020, 03:28
Baxılıb: 2 785
Google+ Paylaş
Tumblr Paylaş

MÜƏLLİMİ ADAMYEYƏNDİR – Şamaxının icra başçısının təzə müavini Elxan İbrahimov hannibaldan dərs alıb?

25-04-2020, 03:28

Rəhbər vəzifələrə yeni kadr təyinatı həmişə ictimaiyyətin marağını çəkib. Yeni təyin olunan şəxslərin kimliyi, dosyeləri araşdırılıb, gündəmi zəbt edib. Aprel ayında Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunan Elxan Oqtay oğlu İbrahimovun da personası hazırda KİV-in diqqət mərkəzindədir.
Məsələ burasındadır ki, Şamaxı RİH-nin Elxan İbrahimovun dosyesi barədə kütləvi informasiya vasitələrinə verdiyi arayışda onun əslən şamaxılı olması, sovetlər dövründə tanınmış katiblərdən olan, o cümlədən Şamaxıda ikinci katib, Bərdə, Ağdaş, Daşkəsən və Goranboy rayonlarında isə birinci katib vəzifəsində işləmiş Xəlfə İbrahimovun nəvəsi olması xüsusi vurğulanıb, bu məqam da jurnalistlərin nəzərindən qaçmayıb.
Mediatv.az saytından olan həmkarlarımıza isə RİH-nin e-mail poçtundan aldıqları əlavə məlumat təəccüblü görünüb: “Xahiş edirik, məlumatda yalnışlıq olduğu üçün xəbəri hələ yayımlamayasınız. Tezliklə sizə əlavə məlumat verəcəyik”.
“Şamaxının icra başçısının təzə müavininin dosyesindəki müəmmalar” başlıqlı məqalədə sayt yazır ki, üstündən xeyli vaxt keçməsinə baxmayaraq, Şamaxı RİH hələ də dəqiqləşdirəcəyini vəd etdiyi xəbəri redaksiyaya çatdırmayıb. Odur ki, həmkarlarımız ilkin informasiyanı nəzərdən keçirib səhvin nədən ibarət ola biləcəyini təxmin etməyə çalışıblar və maraqlı nüanslar aşkar ediblər: “Məlum olub ki, Stokholm İqtisadiyyat Məktəbinin Riqada (Latviya) və Sankt-Peterburqda (Rusiya) da filialları vardır. Şamaxı RİH-nin təqdim etdiyi bioqrafiyada E.İbrahimovun məhz hansı filialdan söhbət getdiyi bilinmir. Stokholm İqtisadiyyat Məktəbinin postsovet məkanındakı filialllarında tədrisin səviyyəsini müzakirə etmək niyyətindən uzağıq. Sadəcə, bilmək maraqlı olardı ki, Azərbaycanda oturub həmin filiallarda qiyabi, yaxud, distant təhsil almaq mümkündür, ya yox”.
Sual doğuran bu və başqa məqamlara aydınlıq gətirmək üçün “Dərkənar” qəzeti adından Şamaxı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin köməkçisi cənab İrşad Osmanovla əlaqə saxladıq. Elxan İbrahimova vermək istədiyimiz sualları axıradək dinləməsini və müdirinə çatdırmasını xahiş etdik. Həmçinin təklif etdik ki, suallarımızı rəsmi formada elektron poçtla da göndərə bilərik. İrşad müəllim özünün və müdirinin həmin vaxt məşğul olduqlarını (yəqin ki, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı daha vacib məsələlərlə), başqa sərbəst (qeyri-müəyyən) vaxt mövzuya qayıda biləcəklərini deyib hələlik məsələyə belə izah verdi: “Əgər Administrasiya (Azərbaycan Respublikası Prezidentinin Administrasiyası – red.) Elxan müəllimin təyinatı ilə bağlı qərar veribsə, demək, ona aid məlumatlar yoxlanılıb, məncə müzakirəyə ehtiyac yoxdur”.
Müzakirə məsələsinə gəlincə, xatırladaq ki, Elxan İbrahimovu hazırki vəzifəsinə “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq, Prezident deyil, Şamaxı RİH-nin başçısı təyin edib. Təbii ki, rayon rəhbərinin Prezident Administrasiyasına verdiyi təqdimata “xeyir-dua” alınandan sonra. Burada isə subyektiv yanaşmalar da həlledici rol oynaya bilər.
Öz növbəmizdə biz də araşdırma aparıb aşkar etdik ki, Stokholm İqtisadiyyat Məktəbi dünya iqtisadiyat elminə əhəmiyyətli töhfələr vermiş, maraqlı, eyni zamanda birmənalı qarşılanmayan nəzəriyyələr müəllifi olan alimləri ilə tanınır. Onların arasında ən qalmaqallısı isə stajlı professor Maqnus Söderlanddır (Magnus Saderlund). Çoxdandır ki, kannnibalizmi təbliğ edən professor Söderland belə təklif irəli sürüb ki, bəşəriyyətin ekoloji fəlakətlərdən və ərzaq qıtlığı təhlükəsindən qurtulması üçün insanlar ölülərinin ətini yeməlidir və kannibalizmə qoyulan “konservativ” tabulardan əl çəkilməlidir. O hətta deyib ki, özü də insan ətinin dadına baxmağa hazırdır. Yeri gəlmişkən, nə qədər qəribə olsa da, onun nəzəriyyəsini dəstəkləyənlər də tapılıb.
Beləliklə, əgər Elxan İbrahimov Stokholm İqtisadiyyat Məktəbində legitim təhsil alıbsa, demək, həm də adam əti yeməyi təbliğ edən professordan dərs alıb. Xəbərdarlıq edirik ki, hazırki pandemiya şəraitində Maqnus Söderlandın çağırışına əməl etmək məqsədəuyğun deyil. Təsdiqlənib ki, insanlar koronavirusa ölülərlə təmasdan da yoluxa bilərlər. Ona görə də bu xəstəlik səbəbindən dünyasını dəyişənlər xüsusi qaydada dəfn olunurlar. Şamaxılılara da məsləhətdir ki, Elxan İbrahimovun kabinetinə qəbula düşəndə müdirlə özləri arasında sosial ara məsafəsini saxlasınlar.
Pünhan Şükür,
“Dərkənar”


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ