Qafqazdan Afrikaya uçan terror...
Tarix: 21-04-2020, 17:25
Baxılıb: 1 138
Google+ Paylaş
Tumblr Paylaş

Qafqazdan Afrikaya uçan terror...

21-04-2020, 17:25

Ermənistanın baş naziri Nikol Paşinyanın terrora erməni dəstəyini dövlət səviyyəsində etiraf etməsi ölkədaxili gərginliyi, həmçinin dünya mülki aviasiya sistemində rəsmi İrəvana mənfi münasibəti pik həddə çatdırıb. O, Ermənistanda qeydiyyatda olan mülki təyyarələrin uzun illər Afrika ölkələrində qanunsuz fəaliyyəti, silah və narkotik daşınmasında iştirakını bəyan edib: “Keçmiş vəzifəli şəxslər var ki, onların fəaliyyəti ilə bağlı hazırda cinayət işi açılıb. Onların cinayətkar səhlənkarlığına görə, uzun illər Ermənistan qeydiyyatlı təyyarələr Afrikada qanunsuz fəaliyyətdə, silah satışında iştirak edib. Bəli, mülki aviasiya sahəsində problemlərimiz var, aviaşirkətlərimiz Avropaya uçuşlar etmək hüququndan məhrum edilib və manipulyasiya edənlər bunu boş yerə edirlər”.

Erməni siyasi elitasına rəhbərlik edən N. Paşinyanın bu açıqlamasının, heç də onun demokratik fikrli və ya sülhsevər olmasından irəli gəlmədiyi məlumdur. Erməni təyyarələrinin, yaxud erməni pilotların dünyanın müxtəlif yerlərində terror zonalarına silah daşıması ilə bağlı fikri, öz ölkəsindəki düşmənlərinə qarşı hesablanmış addımlarından biridir. O, Afrika dövlətlərində və Yaxın Şərqdə terror zonalarındakı qanunsuz silahlı birləşmələrə erməni dəstəyinin mövcudluğunu dövlət səviyyəsində etiraf etməklə, Serj Sarkisyan və onun komandasına zərbə vurmağı hədəfləyib.


Paşinyan bu barədə danışarkən bildirib ki, bəzi səlahiyyətli şəxslərin fəaliyyəti ilə əlaqədar nəinki vəzifədən azadolunmalar var, həm də bəzi faktlar üzrə cinayət işi açılıb, çünki bu adamların cinayətkar səhlənkarlığı nəticəsində bütün bunlar baş verib.

Günahkar axtarışı…

Diqqətlə fikir verək: azad olunanlar kimdir? Cavab məlumdur: Serj Sarkisyan və onun prezidentliyindən əvvəlki dövrlərdə bu vəzifələrə təyin olunmuş şəxslər.

Maraqlısı budur ki, Paşinyan hazırda öz sələflərinə qarşı geniş, siyasi, iqtisadi cəbhə açıb... Yaxın keçmişə nəzər salıb, Rusiyanın ən böyük silah istehsalçılarından biri olan ORSİS-lə Ermənistan arasında yaranan qalmaqalı xatırlayaq. Paşinyan bu ziddiyətdən istifadə edərək, Ermənistan Ordusunun silahlanmasında xüsusi payı olan şirkətləri və şəxsləri demək olar ki, tamamilə ya lokallaşdırdı, ya da bu işdən həmişəlik uzaqlaşdırdı. Hansı ki, həmin şirkətlər və adamlar ölkənin sabiq prezidenti Serj Sarkisyanın ən yaxşın çevrəsi hesab olunurdu. Erməni təyyarələrinin xaricdə qanunsuz silah daşımalarına dair məlum faktları siyasi alətə çevirən Paşinyan bu sahədə də, keçmiş dövlət başçılarına yaxın adamları sıradan çıxarmaq məqsədi güdür.

Çıxışlarından birində bildirib ki, Ermənistan mülki aviasiyasında vəzifəsindən uzaqlaşdırılan şəxslər, erməni təyyarələrinin qanunsuz silah daşımaçılığına dair faktları korrupsiya səbəblərilə, guya Ermənistan Mülki Aviasiya Komitəsinin rəhbəri Tatevik Revazyandan və hökumətdən gizlədiblər.


Sözügedən komitənin keçmiş rəhbəri Artyom Movsesyan erməni jurnalistlərinin, Paşinyan tərəfindən qaldırılan bu məsələyə dair suallarını cavablamaqdan imtina edib.

“Ermənistan Beynəlxalq Hava Limanları” şirkətinin direktoru Sergey Avetisyanın mətbuat katibi Satenik Hovhannisyan isə deyilən hadisələrlə heç bir əlaqəsinin olmadığını iddia edib...

Bəs həqiqət nədən ibarətdir? Erməni təyyarələrinin Afrika ölkələrində silah daşınmasında iştirakı necə üzə çıxıb? Bu erməni aviaşirkətləri kimə məxsusdur?

Kremlə atılan daş…

Bu və digər suallara cavab axtarışını yazı boyu davam etdirəcəyik.

Ancaq cavabları tapana qədər bir neçə siyasi məqama da diqqət yetirək. Nikol Paşinyanın xaricdəki erməni təyyarələri ilə bağlı səsləndirdiyi fikir təkcə ölkə daxili deyil, həm də regional xarakter daşıyır. Bir sözlə, onun bu açıqlamasını Rusiyaya mesaj kimi də qəbul etmək olar. Həm də, ikili eyham kimi… Daha açıq desək, Paşinyan Kremlə eşitdirmək istəyib ki, Ermənistan Rusiyadan başqa heç bir dövlətlə irimiqyaslı silah ticarətinə malik deyil. Hazırda bir neçə ölkəsində silahlı münaqişərin cəngində çabalayan Afrika və Yaxın Şərq dövlətlərinə silah satışı Amerika və Qərb ölkələri tərəfindən yasaqlanıb. Belə olan halda, deməli, erməni təyyarələrinin Afrika və Yaxın Şərqə daşıdığı silah Kremlin maraq dairəsinə daxildir. Belə çıxr ki, keçmiş Ermənistan rəhbərliyi erməni aviaşirkətlərinin vasitəsilə Afrika ölkələrindəki silah bazarına Rusiya istehsallı hərbi məhsullar daşıyıb, bununla yanaşı həm də rəsmi İrəvanın Moskvadan yardım və ya çox ucuz qiymətə aldığı silah-sursatı Afrika ölkələrində münasib qiymətə satıb.


Digər tərəfdən də, son 15 il ərzində erməni mülki təyyarəçilərinin uğradığı qəzalara diqqət yetirək. Aviakatastrofların hamısı SSRİ, Rusiya və Ukrayna istehsallı təyyarələri əhatə edir. Bu, həm də Rusiyadan yeni irimihəcmli silah və döyüş texnikası paketi almağa hesablanmış gediş kimi də qiymətləndirilə biər.

Erməni təyyarələrinin qanunsuz silah daşınmasında iştirakına gəlincə, qeyd edək ki, bir müddət əvvəl erməni mətbuatı Avropa Mülki Aviasiya Təşkilatının erməni təyyarələrinə qadağa tətbiq etiyi haqda xəbər yayıb. Fevral ayında aparılan yoxlamalar nəticəsində, Ermənistan Mülki Aviasiya Dövlət Komitəsinə Avropaya uçuşa icazə verən sertifikatlar ləğv edilib. Bu ləğvetməyə əsasən, erməni təyyarələri Avropaya uçuş həyata keçirə bilməyəcək.

Ermənistan Mülki Aviasiya Dövlət Komitəsinin rəhbəri Tatevik Revazyan, başçılıq etdiyi komitənin yox, erməni təyyarələrinin sertifikatdan məhrum olunduğunu, problemin keçmiş hakimiyyətdən gəldiyini ifadə edib. N.Paşinyan da “Facebook”dakı canlı yayımında bu tezisi rəhbər tutaraq baş verənlərə görə keçmiş hakimiyyəti tənqid edib.

Avropa Aviasiya Təhlükəsizliyi Təşkilatının sənədində deyilir: “Ermənistan hazırda beynəlxalq standartlara uyğun olaraq öz operatorlarını və təyyarələrini sertifikatlaşdırma və idarə etmə qabiliyyətində deyil. Avropa Aviasiya Təhlükəsizliyi Təşkilatı Ermənistanın Mülki Aviasiya Dövlət Komitəsinin təyyarə istismar edən tərəfə verdiyi sertifikata etibar edə bilməz.”

Məsələyə tələm-tələsik reaksiya verənlərdən biri də Ermənistanda təsis olunmuş “Taron Avia” şirkəti olub. Şirkətin kommersiya direktoru Levon Karamyan bildirib ki, baş nazir N. Paşinyan məlum çıxışında qətiyyən onları nəzərdə tutmayıb: “Məgər Paşinyan silah satışı barədə danışarkən “Taron Avia” şirkətini nəzərdə tutub? Afrikada fəaliyyət göstərən başqa aviaşirkətlər də var.”


L. Karamyanın son cümləsini təhlil edək: “Afrikada fəaliyyət göstərən başqa aviaşirkətlər də var.”

Belə qənaətə gəlmək olar ki, digər aviaşirkətlərin qanunsuz silah daşıması barədə “Taron Avia”da məlumat olub. Amma onlar susublar. Özlərindən arxayın olduqlarına görə, N. Paşinyanın çıxışına çox rahatlıqla münasibət bildirirlər.

Qeyd edək ki, “Taron Avia”nın Birləşmiş Ərəb Əmirliklərində ofisi olub və həmçinin şirkət Afrikada AN-12, İL-76 təyyarələri ilə yük daşımaları həyata keçirib.

Təyyarələrinin Afrikada silah daşımasına dair məlumatları yanlış adlandıran bu aviakompaniyanın təsisçisi Qarnik Papikyandır. O, Sovet İttifaqının məşhur hərbi təyyarəçilik məktəblərindən birininin məzunu, Əfqanıstan müharibəsində uçuşların iştirakçısıdır. SSRİ dağılandan sonra mülki aviasiyada fəaliyyətini davam etdirib. Ən azından, onun həyat yolu qurucusu olduğu kompaniyanın fəaliyyət kursunda nələrin baş verəcəyinin mümkünlüyündən xəbər verir.

Ermənistanda hakimiyyət dəyişikliyinə qədər Papikyanın Serj Sarkisyana yaxınlığı istisna edilmir.


Paşinyan bəyan edib ki, o hələ bir neçə il əvvəl erməni təyyarələrində silah və narkotik daşınması ilə bağlı məsələ qaldırsa da, səsi eşidilməyib: “Bu problemlər barədə danışdığım indi deyil. Hələ 2013-cü ildə, “Armavia” şirkəti öz iflasını bəyan edəndə, bu haqda danışmışam. Tədqiqatlarımda şəxslərdən yox, bu sistemdə mövcud olan problemlər, onların səbəbləri haqqında danışıram və mövcud çatışmazlığı necə aradan qaldırmaqla bağlı təklif edirəm”.

Ermənistan baş nazirinin keçmiş müşaviri, Paşinyanın təzyiqləri ilə öz ərizəsinə əsasən istefa verən Hakob Tsağaryan da məsələyə münasibət bildirib.

O deyib ki, Ermənistanda mülki aviasiyaya qarşı bu cür münasibət 90-cı illərdən başlayaraq nümayiş etdirilib: “Bu, Levon Ter-Petrosyanın dövründən başlayıb, sonrakı iki prezidentin hakimiyyəti dövründə davam etdirilib və son iki il ərzində də ciddi dəyişikliklər baş verməyib, bu da mənim istefamın əsas səbəbi oldu”. Bununla yanaşı, Tsağaryan ölkəsinin baş nazirinin müəyyən mənada, “Nikol Paşinyanın altına iki bomba qoyub - birincisi ayrıseçkilik yanaşmaları, ikincisi aviasiya səlahiyyətlilərinin beynəlxalq qanunlara uyğun olmayan idarəetməsidir”-deməklə onu günahlandırıb da.

Yuxarıda sadaladığımız açqlamalardan da görünür ki, burada Paşinyanı Ermənistan Mülki Aviasiyasının üzləşdiyi məhrumiyyətlərdən daha çox özünün siyasi maraqları düşündürür. Robert Köçəryanın və Serj Sarkisyanın hakimiyyəti dövründə yaradılmış erməni aviakompaniyalarının “oyundan çıxarılması” həm də Köçəryan və Sarkisyanın maliyə dayaqlarının, eyni zamanda, dünyanın müxtəlif yerlərindəki tərəfdarları ilə əlaqələrinin kəsilməsinə səbəb olacaq.


Avropa Aviasiya Təhlükəsizliyi Təşkilatının Ermənistanla bağlı yaydığı sənəddə göstərilir ki, bu ölkədə qeydiyyata alınmış 28 təyyarədən 18-i Ermənistandan kənarda, 10 təyyarə isə Afrika ölkələrində - Cənubi Sudanda, Çadda bazalaşıb. Afrika ölkələrində bazalaşmış təyyarələr əsasən yük daşımaları həyata keçirir.

2019-cu ilin payızında Avropa təşkilatı Ermənistanın aviaşirkətlərindən birində apardığı yoxlamadan dərhal sonra Ermənistan Aviasiya Komitəsinə xəbərdarlıq bildirişi göndərsə də, bu komitənin rəhbəri sözügedən sənəd haqda iki ay sonra Avropada baş tutmuş müzakirə zamanı öyrəndiyini deyib. Bu faktın özü belə, onu göstərir ki, Ermənistan Mülki Aviasiya Komitəsində siyasi qütbləşmə mövcuddur və burada sabiq ölkə başçılarına yaxın adamlar öz fəaliyyətləri ilə Paşinyan hakimiyyətinin bu sferaya əl qoymasına maneçilik törətməyə çalışıblar.

Afrika səmalarında can verən erməni pilotlar

“Regnum”un araşdırmalarına görə, son 15 ildə təkcə Afrika səmasında 15 erməni pilot ölüb. 2003-cü ildən bu günə qədər Ermənistan qeydiyyatı olan erməni təyyarələrinin və erməni pilotların iştirakı ilə 12 aviaqəza baş verib ki, onların əksəriyyəti ağır nəticələrə səbəb olub və çoxsaylı insan itkisi ilə nəticələnib.


Belə ki, 17 noyabr 2003-cü ildə Sudanda AN-12BP yük təyyarəsinin düşməsi 4 erməni təyyarəçiyə həyatları bahasına başa gəlib.

2004-cü ildə Sudanda qəzaya uğrayan daha bir AN-12 yük təyyarəsində dörd nədər erməni pilot-ekipaj üzvləri həyatını itirib.

2004-cü ildə Ekvatorial Qvineyaya uçan 6 nəfər erməni pilot bu ölkədə dövlət çevirilişinə cəhddə ittiham olunaraq həbs edilib. Onlar bu ittihamı qəti şəkildə rədd etsələr də məhkəmə tərəfindən azadlıqdan məhrum ediliblər.

Yalnız 2005-ci ildə gərgin danışıqlardan sonra azadlığa çıxa biliblər...

2012-ci ilin avqust ayında yenə Sudanda AN-26 yük təyyarəsinin qəzaya uğraması bir erməni pilotun ölümünə səbəb olub.


2013-cü ilin noyabr ayının 30-da daha 5 erməni pilot, “Ilyuşin-72” ağır yük təyyarəsinin Konqonun paytaxtı Brazzavildə uçuş-enmə zolağından çıxaraq evlərə və bir bara çırpıldığı qəzadan sağ çıxa bilməyib.


2015-ci ilin noyabr ayının 4-də Cənubi Sudan hava limanının yaxınlığında, göyərtəsində ən azı 36 nəfərin olduğu təyyarə qəzaya uğrayıb. Onlardan 5 nəfəri Ermənistan vətəndaşı olan pilotlar idi.

Terrora və terrorçulara “güc” daşıyan erməni aviakompaniyaları

Ermənistanın baş naziri Nikol Paşinyan erməni təyyarələrinin Afrikada silah və narkotik daşımasına dair fikri öz siyasi maraqlarına hesablanmış məqsədlə ifadə etsə də, bunun arxasında inanılmaz və nəhəng faktlar dayanır.

“Veteran Avia”



Erməni avikompaniyalarından biri, adı, xüsusilə, 2014-cü ildə Liviyada baş verən vətəndaş mharibəsi zamanı bu ölkəyə silah daşınmasında hallanan “Veteran Avia” şirkətidir. Amerika Birləşmiş Ştatlarında dərc olunan mətbu orqanlar uzun müddət bu şirkətin uçuşlarını BMT Təhlükəsizlik Şurasının tələblərini pozmaqda ittiham edərək onu beynəlxalq təhlükəsizliyə və ABŞ-ın maraqlarına təhlükə kimi qeyd ediblər. “Veteran Avia” Ermənistan vətəndaşı olan Artaşes Gevorqyan tərəfindən 1996-cı ildə yaradılıb.


“Veteran Avia” şirkəti əsasən Afrika və Yaxın Şərq ölkələrində yükdaşıma fəaliyyəti ilə məşğul olub. BMT-nin hesabatlarında bu şirkətin Birləşmiş Ərəb Əmirliklərindən və İordaniyadan Liviyada silahlı tərəflərə sursat və hərbi ləvazimat daşıdığı əks olunur. Şirkətin lisenziyası 2015-ci ilin ortalarında başa çatdığından fəaliyyəti dayandırılıb. Eyni adlı aviakompaniya Rusiya Federasiyasında, Böyük Britaniyada, Pakistanda, Yunanıstan və Hidistanda da fəaliyyət göstərir. Rusiya və Ermənistan istisna olmaqla digər ölkələrdəki “Veteran Avia”lar Hindistan familiyalı Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı Caydip Mirçandaniyə məxsusdur. ABŞ bu şirkətləri də Suriya lideri Bəşər Əsəd qüvvələrinə yardım etməkdə günahlandırıb və onları “qara siyahı”ya daxil edib.

“V-Berd Avia”


Adı terrorçuluğa dəstəkdə hallanan erməni aviaşirkətlərindən biri də “V-Berd Avia”dır. Yaradıcısı Vaqram Simonyan olan bu kompaniya Liviya və Sudanda çoxsaylı müəmmalı uçuşlar həyata keçirib. 2005-ci ildən etibarən BMT Sudanın Hartum və Darfur əyalətlərinə hərbi uçuşlara qadağa qoysa da Vaqram Simonyana məxsus, bort nömrəsi EK-76592 olan “İL-76” yük təyyarəsi 2011-ci ilin aprel iyun ayları ərzində Sudan Hərbi Hava Qüvvələrinə aid “Qadir” kod adı altında 17 dəfə uçuş həyata keçirib. Onun bütün reyslərində silah və sursat, hərbi kontingent daşındığına dair faktlar mövcuddur. BMT-nin ekspertləri bu təyyarənin Sudan Müdafiə Nazirliyi tərəfindən icarəyə götürüldüyü haqda sənədlərlə çıxış ediblər.
Elə həmin il Vaqram Simonyana məxsus təyyarələrin Albaniya və Benqazidən Liviya lideri Müəmmar Qəddafinin əleyhdarlarına silah daşıdığı haqda sənədlər mövcuddur.

“Ridge Airways” və "Ala International LTD"


2010-2011-ci illərdə Sudan Müdafiə Nazirliyi daha bir erməni hava gəmisini - bort nömrəsi EK-76300 olan “İl-76” yük təyyarəsini də icarəyə götürüb. Bu təyyarə isə Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisinin müavini general-leytenant Stepan Qalstyanın həyat yoldaşı tərəfindən idarə edilən “Ridge Airways” şirkətinə məxsus olub. Həmin hava gəmisi 2012-ci ilin noyabr ayının 30-da Konqo respublikasında qəzaya uğrayıb və ermənilərdən ibarət 5 nəfərlik ekipaj daxil olmaqla 32 nəfər həyatını itirib. Afrika ölkələrində çalışmış erməni təyyarəçilərin sözlərinə görə, bu qitədə Qalstyan ailəsinə məxsus "Ala International LTD"dən başqa bir şirkətin adı altında sayı ən azı dörddən çox olan təyyarə fəaliyyət göstərir.

Vaqram Simonyana məxsus başqa bir aviaşirkət isə “South Airlines” adı altında Konqoda dövlət qeyiyyatına alınıb. Bu aviaşirkətin də adı qanunsuz silah daşınmalarında yer alır. BMT-nin rəsmi sənədlərinə görə, Vaqramyanın bu şirkəti ilk dəfə Birləşmiş Ərəb Əmirliklərində yaradılsa da, təyyarələrə düzgün texniki xidmət göstərilməməsi üzündən onun bu ölkədə uçuşlarına qadağa tətbiq edilib. Bu səbəbdən də, “South Airlines” rəsmi ofisini Konqoya köçürüb.

“Skiva Air”


Şirkətlərinin adı Afrika ölkələrində silah və sursat daşınması ilə məşhur olan Vaqram Simonyana məxsus daha bir aviaşirkət “Skiva Air” adı altında Ermənistanda qeydiyyatdan keçib. Bu şirkətə məxsus dörd təyyarənin Cənubi Sudanda vətəndaş müharibəsi zamanı bu ölkəyə silah-sursatın daşımasına dair Avropa Xarici Əlaqələr xidmətinin Ermənistan hökumətinə təqdim etdiyi sənədə əsasən “Skiva Air”in lisenziyası dayandırılıb.

“South Airlines” və “Reliable Unique Services Aviation”


Nə qədər qəribə görünsə də, Vaqram Simonyana məxsus daha bir aviakompaniya Afrikanın gərgin hərbi-siyasi proseslər baş verdiyi bölgələrində çox məşhurdur. Bu şirkət 1995-ci ildə Böyük Britaniyaya məxsus Virciniya adalarında yaradılan “South Airlines”dir. Bu şirkətin Cənubi Afirka, Konq Demokratik Respublikası, Uqanda, Livan, Somali kimi ölkələrdə ofisi olub. Piratların daha çox olduğu və qanunsuz ticarətin geniş yayıldığı şərqi Somalinin Putlend əyalətinə çoxsaylı uçuşlar həyata keçirib.


2010-cu ilin oktyabrında beynəlxalq ekspert qrupu bu şirkətə məxsus, bort nömrəsi EK76592, uçuş nömrəsi VBD6019 olan “İl-76” təyyarəsinin Somaliyə 3 ədəd “Ford F350 B6” markalı zirehli maşın gətirdiyini qeydə alıblar. Belə daha bir maşını isə növbəti gün, Ermənistan qeydiyyatlı ərəb kapitalı əsasında yardılmış “Reliable Unique Services Aviation” şirkətinə məxsus, bort nömrəsi EK-76425 olan başqa bir erməni təyyarəsi aparıb.

“Vertir”

Ermənistan Respublikası Mülki Aviasiya Dövlət Komitəsinin sabiq rəhbəri Artyom Movsesyanın əmisi Rafik Movsesyan tərəfindən yaradılan bu şirkət də həmçinin 2013-cü ilə ABŞ-ın İrana qarşı sanksiyalarını pozduğuna görə, rəsmi Vaşinqton tərəfindən “qara siyahı”ya əlavə edilib. “Vertir” qanunsuz aviasiya şəbəkəsinə qoşulmaqda günahlandırılır.

“Ayk Avia” və “Air Armenia”

2010-cu ilin dekabr ayının 10-da Uqandanın Entebbe şəhərindən uçan, bort nömrəsi EK-32604 olan “An-12” təyyarəsi Somali federasiyasından ayrılan Somalilend muxtariyyətinin Bosaso şəhər aeroportuna yan alır. Ekipaj komandiri yanacaq götürmək üçün enməyə icazə istəyir. Təyyarə enmə zolağına oturduqdan sonra şübhə doğurduğundan ona baxış keçirilir. Heyət Puntlendə film çəkməyə gedən iki rusiyalı jurnalisti apardığını bildirir. Amma maraqlıdır ki, təyyarədə olan 583 kq yük hərbi geyimlərdən və metalaxtaran qurğulardan ibarət idi…



Təyyarənin uşuş sənədləri isə başqa bir erməni aviaşirkətinin - “Air Armenia”nın adına rəsmiləşdirilmişdi. Uçuş heyəti və jurnalistlər rusiyalı olduğu üçün yerli hökumət onları sərbəst buraxır.


2011-ci ilin iyun-noyabr aylarında “Ayk Avia”nın 3 təyyarəsi bort nömrələri EK-32410, EK-32604 olan “Аn-32” və bort nömrəsi EK-2042 olan “Beechcraft Super King Air 200” təyyarəsi Somaliyə 33 dəfə uçuş həyata keçirib. Eyni zamanda “South Airlines”də Somalidə bort nömrələri EK-26818, EK-26819 və EK-26878 olan “Аn-26” təyyarələrindən yükdaşımalarda istifadə edib.

Rəsmi hava piratları

Sadalanan erməni aviaşirkətlərinin böyük əksəriyyətinin qurucusu və rəhbəri keçmiş hərbi təyyarəçilərdir.

Bunların bir çoxunun Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-leytenant Stepan Qalstyana bağlı olduğuna dair iddialar var. Onun özünün, Afrika qitəsində silah, narkotik və qeyri-qanuni mühacirlərin daşınması üçün bir iş qurduğunu erməni mətbuatı və erməni müəllifləri dəfələrlə işıqlanıdırblar. Hətta iddialara görə, o, Afrikadakı erməni mafiyasına rəhbərlik edir, yerli mənbələrdən xüsusi vasitələrlə əldə edilmiş qiymətli daş-qaş, almaz alır, terror təşkilatlarına və narkotik satıcılarına silah tədarük edir.

Bəzi erməni ekspert və media nümayəndələri öz çıxışlarında bildirirlər ki, Ermənistan Müdafiə Nazirliyi rəsmilərinin rəhbərlik etdiyi "Ridge Airways" və "Ala International LTD" şirkətləri Qarabağ klanının yaratdığı qanunsuz cinayət “imperatorluğu”nun bir hissəsidir. Ermənistanda qeydiyyata alınan bir neçə kiçik aviaşirkət, cinayətkar "Qarabağ klanı"na aiddir və onlara yuxarı çinli erməni hərbi qruplaşma nəzarət edir. Onlar uzaq qitənin almaz və daş-qaşına sahib olmaq üçün Afrika səmasına giriblər… Qurbanları nəinki afrikalılar, hətta erməni hərbi pilotlarıdır. Ermənistanda iş tapmaqda çətinlik çəkən pilotlar bir parça çörək axtarışında, bütün ağlabatan və ağlasığmaz iş şərtlərini qəbul edib paslı təyyarələrdə uçmaq məcburiyyətində qalırlar. Ölən pilotlardan birinin həyat yoldaşının dediyi kimi, "müayinədən keçən” təyyarənin təbii ki, paslı bir görünüşü olmayacaq. Yalnış təyyarələr işlədilir, insanlar işə götürülür, canları ilə oynayırlar, bunun üçün kim cavabdeh olmalıdır?”


35 ildir səmada olan erməni pilot Eduard Karapetyan www.armeniafly.com-saytına müsahibəsində deyib ki, o da digər pilot yoldaşları kimi hərbi təyyarəçilik məktəbini bitirib. Əvvəllər helikopter eskadrilyasında uçub. Qarabağ döyüşlərində iştirak edib. Atəşkəs haqda razılıq əldə olunduqdan sonra mülki aviasiyada işləməyə qərar verib. Birləşmiş Ərəb Əmirliklərində, Əfqanıstanda, Qazaxıstanda işləyib. 4 il isə Afrikada yaşayıb və orada fəaliyyət göstərən erməni aviaşirkətlərində çalışıb. Əsasən, ağır yüklər və humanitar yardımla yanaşı silah da daşıyıblar.

Ermənistan aviatorlarının xarici ölkələrdə qanunsuz işlərlə məşğul olmalarına dair geniş araşdırma aparan erməni jurnalist Vahe Saruxanyan, xüsusən "qara" qitədə-Afrikada işləyən erməni aviaşirkətlərinin tez-tez qalmaqalların mərkəzində olduğunu bildirir.

Amma bu dəfə onlar öz ölkələrində ən böyük qalmaqalla üzləşiblər ki, yaxın gələcəkdə də bu şirkətlərin taleyi hansı aqibətlə üzləşəcək, bilinmir.

Bir sözlə, yad səmalardan geri sağ qayıtmaları sual altında olduğu bir vaxtda, indi onları öz aeroportlarında, sözün məcazi mənasında “ölüm gözləyir”… Bir az işsiz qalsalar, həqiqi mənada ölümlə üz-üzə qalmaq məcburiyyətinə tuş gələcəklər…

Hərbi-siyasi ekspert Teymur Zahidoğlu
Ordu.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ