“Sabahın xeyir, kral” və ya Rusiyanın öz neftində boğdurulması
Tarix: 17-04-2020, 08:46
Baxılıb: 1 295
Google+ Paylaş
Tumblr Paylaş

“Sabahın xeyir, kral” və ya Rusiyanın öz neftində boğdurulması

17-04-2020, 08:46

Bu gün dünyanın başının bəlası olan 5 dövlət varsa, biri də Səudiyyə Ərəbistanıdır.

Əslində nə dövlət? Yer üzündə o cür dövlət quruluşuna malik ikinci dövlət yoxdur. Bu, 500 il əvvəlin səltənətlərindən də betər bir mütləqiyyət rejimidir. Qərbi Asiyanın sərvətcə ən qüdrətli bu ölkəsini 105 ildir bir ailə idarə edir – Səudlar ailəsi.

Dünyada öz adını dövlətə verən ikinci bir hakim ailə varmı? Elə olsaydı, vaxtilə Peron Argentinası, Markos Filippini, Xoca Albaniyası, Kim İr Sen Koreyası, Kastro Kubası, Mübarək Misiri kimi dövlətlər də yaranardı. Amma heç kəs elə etməyib. Səud sülaləsi isə ölkəyə öz adlarını qoyublar.

Dünyada heç bir seçkili orqana seçki keçirməyən dövlət varmı? Qoca Afrikanın oxuma-yazma bilməyən qəbilələrinin formalaşdırdığı dövlətlərdə belə seçki (qanuni, ya saxta – fərqi yoxdur) keçirilir, amma Səduiyyə Ərəbistanında seçki keçirilmir. Orada ən xırda vəzifədən tutmuş ta nazirlərə qədər bütün vəzifələrə təyinatı Səudiyyə Ərəbistanının kralı və vəliəhd şahzadə edir.

Kral və oğlu isə bütün dövlət vəzifələrini öz qohum-əqrəbası və onların züryətləri arasında bölüşdürür. Başqalarına bir şey çatmır, çünki ailə çox böyükdür. Bir ölkədə ki yüzlərlə şahzadə ola və hərəsi limitsiz sayda (bəzən 1000-ə qədər) arvad almaq hüququna malik ola, necə olar?
Səudiyyə Ərəbistanı dünya neft bazarında İranı əvəzləməyə hazır ...
Səudiyyə Ərəbistanı teokratik monarxiyadır. Onu 105 il öncə Böyük Britaniya təsis edib. Elə ərəb dövlətinin başçısının “kral” adlanması da ingilisləri təqliddən əmələ gəlib. Ancaq BB kralı ilə SƏ kralının statusları arasında böyük fərq var. Birincidə kral simvolik vəzifədirsə, dövləti əsasən parlament idarə edirsə, ikincidə kral ölkədəki hər şeyi, eləcə də qanunverici orqanı idarə edir. 

Əslində Səudiyyə Ərəbistanında klassik parlament yoxdur. Parlament seçkisi keçirilmir. Formal olaraq ölkədə parlamentə oxşayan bir orqan fəaliyyət göstərir. Bunun adı Məşvərət Şurasıdır və tərkibinə alimlər, yazıçılar, sahibkarlar, kral ailəsinin görkəmli nümayəndələri daxildir. Onları kral təyin edir. Hazırda Məşvərət Şurasının 150 kişi üzvü var. Qadınların Şura üzvü ola bilməsi yeni nəzərdə tutulub. Buna qədər qadınların belə bir mötəbər məclisə buraxılması yasaq idi.

Həmişə qadınlara böyük dəyər verilməsindən bəhs edən dövlətdə qadınların hələ indi-indi parlament üzvü olmalarına və avtomobil idarə etmələrinə dair qadağaların götürülməsi “böyük islahat” hesab olunur. Bunu vəliəhd Məhəmməd bin Salmanın adıyla bağlayırlar.
ssss.jpg (57 KB)

İndi təsəvvür edin, demokratiyanın işartısı olmayan, elementar insan haqlarına riayət edilməyən bu istibdad yuvası ABŞ kimi dünyaya demokratiya dərsi keçən superdövlətin gözünün işığıdır.

Dünyanın bütün başqa dövlətlərində demokratiya və insan haqlarına dair hesabatlar hazırlayan ABŞ Səud ailəsinin hüdudsuz və qanunsuz hakimiyyətinə göz yumur, hətta daha pisi, onunla sıx əməkdaşlıq edir. Heç 2018-ci ilin oktyabrında ABŞ öz vətəndaşının – jurnalisr Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda birbaşa dövlətin ikinci başçısının – vəliəhdin göstərişi ilə vəhşicəsinə qətlə yetirilməsinin sorğu-sualını da etmədi.

Çünki Səudiyyə Ərəbistanı regionda ABŞ-ın əsas müttəfiqlərindən biri sayılır. Əslində burada müttəfiqlikdən söhbət gedə bilməz, müttəfiq İsrail kimi olar, Səudiyyənin statusu “əl-ayaq işlərinə baxan oğlan”dır. Son vaxtlar isə bu dövlət ABŞ-ın “şilləvuranı” rolunda çıxış edir. Amerikalılar Rusiyanın neft bazarını bağlamaq, onu neft gəlirlərindən məhrum edərək əl-qolunu və dilini gödəltmək, aqressiyasını azaltmaq üçün məhz Səudiyyə Ərəbistanından, onun resurslarından istifadə edirlər.

Səudiyyənin nefti çoxdur və ucuz başa gəlir, onun üçün 100 milyard dollar o yana, 100 milyard dollar bu yana, bir şey deyil. Amma bu qədər itki Rusiyanın iqtisadiyyatını çökdürməyə qadirdir. Bu durum, “sudan ucuz nisyə neft” fəndi Rusiyanın öz neftində boğdurulması deməkdir. Hər açılan sabah Rusiya liderinin krala qəzəbini daha da artırır.

Həm də bu, ər-Riyadın Rusiyaya qarşı etdiyi birinci mərdiməzarlıq aktı deyil. 1995-ci ildən 2005-ci ilə qədər geniş miqyas alan dini ekstremizm dalğasının – Şimali Qafqazda vəhhabilik cərəyanının rəhbərlik etdiyi terrorçuluğun əsas maliyyə qaynağı ərəb kralılığından gəlirdi. Böyük ehtimalla bu da ABŞ-ın və İngiltərənin sifarişiydi. Sonradan bir sıra çeçen mücahidlərin İngiltərəyə sığınması və İngiltərə tərəfindən ciddi şəkildə müdafiə olunmaları ortadakı bağa dəlalət edir.

SƏ rejiminin neftlə bağlı yeritdiyi siyasət bizim də ümdə maraqlarımızı vurur. Azərbaycan xeyli dərəcədə neftdən, onun əlverişli bazar qiymətindən asılı ölkədir. Ona görə də SƏ-nin nefti alıcılara su qiymətinə, hətta nisyə satmaq istəməsi iqtisadiyyatımıza ciddi zərbədir. Təkcə ona görə ki, krallığın dünya bazarına çıxardığı neftin ümumi həcmi bir sisterndirsə, bizimki bir qrafindir. O da maya dəyərindən ucuz satılanda rentabelli olmur, ələ-ovuca bir şey gəlmir.
Bu nisyə neft siyasəti ABŞ-ın düşməni Rusiyanın və SƏ-nin düşməni (həm də ABŞ-ın) İranın iqtisadiyyatını, hətta var olmalarının ciddi sual altına qoyur. Bu cür siyasətin qlobal bir xətası çıxmasa yaxşıdır.
 

Xalid KAZIMLI


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ