Səhra həkimləri: Yaralı olduğuna görə üzr istəyən döyüşçü… Müharibəyə can atan ərköyün qız…
Tarix: 17-04-2020, 08:21
Baxılıb: 716
Google+ Paylaş
Tumblr Paylaş

Səhra həkimləri: Yaralı olduğuna görə üzr istəyən döyüşçü… Müharibəyə can atan ərköyün qız…

17-04-2020, 08:21

Xəstə uşağın anasının narahatlığı… Müharibəyəy aparan yolda ilk addım…

Dünyaya göz açdığı ailənin ona bəxş etdiyi bütün xoşbəxtlikləri müharibənin qılınclayacağından xəbərsiz idi hələ... Ata-anasının yeddinci-evin sonbeşik övladı idi. Hamı nazıyla oynayar, əli üstə saxlayardı onu... Orta məktəbi bitirdikdən sonra valideynlərinin və böyük qardaşının istəyi ilə Azərbaycan Tibb İnstitutuna qəbul olmuşdu-özünün də balacalıq arzusu idi həkim olmaq... Gələcəyini uşaqların sağlamlığına həsr etmək arzusuna sığınıb ali təhsilini də başa vurdu. Böyüyüb boya-başa çatdığı ailənin üzvlərindən dörd nəfəri ailmlik dərəcəsinə malik idi... Bu isə onun məsuliyyətini birə-beş artırırdı. Özündən böyük bacıları türk və ərəb dünyası üzrə ali təhsil almışdı...O isə Tibb İnstitutunu başa vurub təyinatla doğma rayona-Ağdama göndərildi... Ağdam Rayon Mərkəzi Xəstəxanasında, el dili isə desək, uşaq həkimi işləyirdi.... 1989-cu ilin sonlarında, indiki Xocavənd rayonunun Muğanlı kəndindən Ağdama, xəstəxanaya gələn bir nəfər qadının Ədalət həkimə dediklərinin şahidi olur: “Doktor, xahiş edirəm, biz axşama qalmayaq, yollar təhlükəlidir, ermənilər maşını daşlayırlar, yolu kəsirlər... Uşaqlar qanbağır olmasın”.


Gənc həkim söhbətə qoşulur. Məlum olur ki, Ağdam xəstəxanasına gətirilən uşağın vəziyyəti ağırdır və onu Muğanlıdan Ağdam şəhərinə gətirib təzədən evə qaytarmaq balaca pasiyentin həyatı üçün təhlükəlidir. Bir tərəfdən də, uşağın anasının dediklərinə əsasən, Muğanlıdakı vəziyyət həm ağır, həm də bu yaşayış məntəqəsinə axşam saatlarında gediş-gəliş təhükəli idi.

Elə həmin gün eşitdiklərindən mütəəssir olan gənc həkim qız işdən evə dönüb doğmalarına Muğanlıya işləməyə getmək istədiyini deyir. Ailədə heç kim onun bu arzusuna qarşı çıxmır... Gözlədiklərinin əksinə olaraq, hamı onunla razılaşır... Beləcə, uşaq həkimliyinə təzəcə başlayan pediatrın müharibə həyatı da başlayır...

Kənddə ilk amblator məntəqə... İlk döyüş təcrübəsi...

Həmin vaxtlar Muğanlı kəndindəki mama-feldşer məntəqəsinin çətin vəziyyətə düşən xəstələri xilas etmək imkanı sıfıra bərabər idi.

Xüsusilə, uşaqların xəstələnməsi ciddi problemə çevrilirdi. Bir tərəfdən də, yollarda maşınlara erməni quldurlarının aramsız basqınları...

Təyinatını Muğanlıya dəyişdirə bilən Nurəngiz Bəşirovanın ilk işi kənddə həkim amblatoriyasının təşkili olur...

Kənd feldşer-mama məntəqəsində cəmi bir nəfər feldşer vardı. Muğanlı və ətraf kəndlərdə azərbaycanlı tibb işçisi olmadığından yeganə feldşerin - İbrahim Sadıqovun hansı əziyyətlər bahasına həmkəndlilərinə tibbi xidmət göstərdiyini təsəvvür etmək o qədər də çətin deyil...

Kəndə yeni gələn gənc həkim Muğanlıda işə başladığı gündən tibb məntəqəsində ehtiyacı olanlara amblator xidmət göstərməyə başlayır. Bundan sonra yalnız ciddi zərurət olduqda xəstələr Ağdamın Mərkəzi Xəstəxanasına aparılırdı... Artıq kənd sakinlərinə, xüsusilə uşaqlara həkim yardımı kifayət qədər yaxşılaşmışdı... Nurəngiz Bəşirova həm də azərbaycanlılar yaşayan qonşu kəndlərdə nəzarətçi həkim vəzifəsini də yerinə yetirirdi. Amma bu rahatlıq uzun sürmür... Artıq ermənilər sakinlərə silahlı basqınlar edir, kimisini öldürür, kimisini isə yaralayırdılar... Kəndin kişiləri gecə-gündüz posta çıxır, yaşayış məntəqəsinin qorunmasını təşkil edirdi. Qısa zamandan sonra artıq adamlar əlisilahlı gəzməyə başladı. Muğanlıya, Əmirallara, Qaradağlıya quldur ermənilərin silahlı basqınları da çoxalmışdı...


Kəndin kolxoz sədri Ramiz Rüstəmov və sovet sədri (indiki kənd icra nümayəndəsi vəzifəsi-red.) Eyvaz Hüseynov - hazırda Xocavənd Rayon İcra Hakimiyyətinin başçısıdır - birotaqlı amblator həkim məntəqəsini təmir edib otaqların sayını beşə çatdırırlar.

Uzun sürməyən sevinc... Kəndə atılan ilk raketlər... Qorxusuz “zalım qızı”...

Məntəqənin bir həkimi və tibb bacıları həm uşaqların peyvəndini həyata keçirir, həm də xəstələrə tibbi xidmət göstərirdilər.

Ermənilər yaşayan kəndlərdən Muğanlıya “Alazan” və “Kristal”raketləri atılmağa başlayırdı.

Lənkəran rayonundan xeyli gənc könüllü olaraq Muğanlının müdafiəsinə gəlmişdi. Yerli sakinlərlə yanaşı onlar da postlara çıxır, kəndin qorunmasında iştirak edirdilər.

Kənd həkimi Nurəngiz Bəşirova uşaqların peyvənd olunmasını, xəstələrin müayinə və müalicəsini çatdırmadığı bir vaxtda işi daha da çoxalmışdı. Artıq çoxalan atışmalarda özünümüdafiə dəstəsinin yaralanmış döyüşçülərinə tibbi yardım göstərmək də onun üzərinə düşürdü. Bəzən birbaşa döyüş meydanına getmək zərurəti yaranırdı.

Muğanlıdan Ağdam şəhərinə asfalt yolla cəmi 20 dəqiqəyə çatmaq olurdu. Amma Qarakənd istiqamətində həmin yolu ermənilər bağladığından gediş-gəliş Ağdamın Mərzili kəndindən keçən torpaq və daş-kəsəkli yolla mümkün idi. Bu yolla Ağdam xəstəxanasına çatmaq üçün iki saat yarım müddət ötürdü.

Buna baxmayaraq, döyüşdə yaralananlara kənddə ilkin tibbi yardım göstərən gənc həkim onları öz tibb bacılarıyla birgə Mərzili yolu ilə Ağdam xəstəxanasına çatdırırdı. Bir dəfə xəstəxananın cərrahı Fərhad həkim Nurəngiz xanımın yenə yaralı gətirdiyini görüb soruşur: “Zalımın qızı, qorxmursan bu boyda yolu gəlib-gedirsən?!”

Ölümə aparan çağırış... Möcüzə kimi qurtuluş... Azərbaycanlı qadının əzəmətinə heyran olan rus zabit


Kənd adi döyüş günlərindən birini yaşayırdı. Gündüz saat 11 radələrində həkimi, Muğanlıdan təxminən üç kilomter aralıda olan Əmirallar kəndinə xəstə üstünə çağırırlar. Vəziyyəti pisləşən orta yaşlı bir qadın idi. Yaxınlarının dediyinə görə, soyuq su içib bu hala düşüb. Həkim onun vəziyyətində miningial əlamətlər göründüyünü və xəstənin təcili Ağdam xəstəxanasına çatdırılmalı olduğunu deyir. Artıq bir dəfə Ağdama müayinəyə gedən qadına onun vəziyyətinin ağırlığı və xəstəxana şəraitində yatmalı olduğu deyilsə də, o, uşaqlarının balacalığını əsas gətirərək yenidən kəndə qayıdır.

Nurəngiz həkim də xəstədən xahiş edir ki, inadından əl çəksin və özünü təcili Ağdama çatdırsın... Xəstə isə dediyindən əl çəkmir.

Muğanlıya qayıdb yaralılara və xəstələrə baş çəkən həkimin narahatlığı ona dincəlmək üçün aman vermir. Yenidən Əmirallara qayıdır. Axşama doğru saat 5 radələrində Elmira Məmmədovanın səhhətindəki problem kritik həddə çatır. Onun həyat yoldaşı polis işçisi idi və postda kəndin mühafizəsində dayandığı üçün evdə olmur. İki tibb bacısı, həkim və onların sürücüsü Cabir Mehtiyev xəstəni xərəyə uzadıb evdən çıxarırlar.

Qara “UAZ”-Təcili Tibbi Yardım maşını xəstə Elmira Məmmədovanı götürüb Əmirallardan Ağdama tərəf istiqamət alır. Amma geciksələr xəstəni itirəcəklərini yaxşı bilən həkim sürücüyə asfalt yolla getməyə göstəriş verir. Bu yolla getmək isə nəinki xəstənin, hətta tibbi heyətin hamısının ölümü ilə nəticələnə bilərdi... Xeyli getdikdən sonra yolun Qarakənd yaxınlığından keçən hissəsində maşında texniki nasazlıq yaranır. Elə bu zaman 50-60 ermənidən ibarət bir qrup silahlı maşını dövrəyə alır. Hələ ki, atəş açmayan saqqalı quldurlar avtomobilin qapılarını sındırıb həkimləri və sürücünü yerə salmağa çalışır. Amma maşındakıların tabe olmadığını görüncə silahları maşına tuşlayıb deyirlər ki, özləri düşməsə, onları güllələyəcəklər.

Başqa çıxış yolu qalmır... Həkim sürücü Cabir Mehtiyevdə üz tutur: “Maşında nəsə varsa, hamımızı vur öldür, amma ermənilərin əlinə keçməyək.” Sürücü isə donub qalmış vəziyyətdə onun üzünə baxır-çünki maşında heç nə yox idi... Lap olsa belə... Necə qıya bilərdi ki? Bir neçə erməni qapını açıb onları dartışdırmaq istəyəndə güllə səsləri eşidilir. Bir anlıq hamı yerində dayanır. Üstündə hərbiçilər olan iki BTR (ZTR-Zirehli transportyor) yaxınlaşır. Ərazidə patrul xidməti aparan rus hərbi hissəsinin qulluqçuları idi. Texnikanın üstündən düşüb “UAZ”a tərəf gələn rus kapitan ermənilərdən geri çəkilməyi tələb edib, öz əsgərlərinə təcili tibbi yardım maşınını yoxlamaq göstərişi verir.

Maşında 6 nəfər qadın-bir xəstə, iki tibb bacısı, bir həkim, xəstənin iki nəfər yaxını və bir də sürücüdən başqa heç kim və heç nə yox idi.


Ermənilər kapitandan saxlanılan şəxsləri onlara verməyi tələb edir. Zabit isə xarab olan maşını BTR-lərdən birinə qoşdurub digər yüngül zirehli texnikaya isə “UAZ”ı arxadan mühafizə etməyi tapşırır. Rusların qorxusundan silah işlədə bilməyən ermənilər tibbi yardım maşınını daş-qalaq edirlər...

Həkim onları Ağdamın Bağbanlar və Saybalı kəndlərinə qədər müşayiət edən kapitana Ağdama getdiyini deyir və söz verir ki, qayıdanda hərbiçilər üçün müəyyən sovqat gətirəcək... Zabit isə onlara nəsə lazım olmadığını bildirir.

Burdan o yana xarab maşınla getmək mümkünsüz idi. Nurəngiz Bəşirova çox çətinliklə də olsa Ağdama, atasıgilə zəng edə bilir. Bundan sonra qardaşı maşınla bacısının çağırışına yetirir özünü və Elmira Məmmədovanı ölümün əlindən xilas etmək mümkün olur.

Xəstəni palataya yerləşdirib sonralar şəhid olacaq Muxtar həkimə təhvil verir. Həmkarı Nurəngiz Bəşirovaya deyir ki, son vaxtlar yaralı xəstə çoxaldığından dərman çatışmazlığı var. Gənc pediatr Muxtar həkimə deyir ki, lazım olan dərmanlar kənddəki tibb məntəqəsində var, amma onları gedib gətirmək vaxt aparacaq... Gedib Muğanlıdan dərman gətirmək üçün xəstəxanadan çıxır. Amma əvvəlcə Ağdam bazarına gedib, onları ermənilərin əlindən alan ruslar üçün siqaret və ərzaq alır... Geri-Muğanlıya qayıdanda həmin iki BTR-i görən həkim maşını onların yanına sürməyi xahiş edir.

Bir azərbaycanlı qadının öz sözünə əməl etdiyinə heyranlıqla yanaşan rus hərbiçilər onlara alınan əşyaları qəbul etmək istəmirlər. Amma təkiddən sonra içində siqaret, şirniyyat və başqa ərzaq olan torbanı götürüb həkimə təşəkkürlərini bildirib uzaqlaşırlar.

O isə Muğanlıya qayıdıb Muxtar həkimə söz verdiyi dərmanları götürüb yenidən Ağdama gedir...


O vaxt xilas etdiyi Elmira Məmmədova indi də yaşayır və nəvə-nəticə sahibidir.

Pediatr və müharibə - bu iki anlayış, hərçənd, çox təzadlı səslənsə də, Nurəngiz Bəşirova deyir ki, böyük qardaşı elmlər doktoru olub və onun tövsiyyələri, məsləhətləri sayəsində həmişə öz təhsili üzərində ciddi çalışıb. Tibb İnstitutunda uşaq xəstəlikləri üzrə oxusa da, həmişə səhra cərrahiyəsini də öyrənib. Bu da taleyinə yazılan müharibə yollarında onu çox çətinliklərdən xilas edib.

Muğanlı artıq blokada şəraitində yaşayır, vuruşur, mübarizə aparırdı. Daha ermənilər kəndi minaatan, iriçaplı pulemyot top və reaktiv artilleriyadan atəşə tuturdu. Bir dəfə ermənilərin buranı atəşə tutması nəticəsində aralarında uşaq olmaqla xeyli adam yaralanır. Onlara isə tibbi kömək lazım idi. Mərmi yağışının altında yaralılara tibbi yardım göstərən Nurəngiz Bəşirova qıçından iriçaplı güllə dəymiş uşağı səhra şəraitində cərrəhiyə yolu ilə xilas edir və onun xəstəxanaya çatdırlmasına yardımçı olur. Qolundan ağır qəlpə yarası almış bir qadını amputasiyadan xilas edir. Cərrahlardan xahiş edir ki, mümkün olan hər yardımı göstərsinlər. O vaxt Ağdam xəstəxanasına yaralıların çox gəlməsinə rəğmən həmkarları onun sözünü yerə salmır və yaralının sümükləri paralanmış qolunu kəsilməkdən xilas edirlər...

Yaralandığına görə üzr istəyən oğlan... Çarəsizliyin ilk nümunəsi...

Muğanlı da daxil olmaqla, digər kəndlərdə ermənilərə qarşı vuruşan özünümüdafiə dəstələrinin heç birində həkim yox idi. Hərbi həkimdən isə, ümumiyyətlə, söz gedə bilməzdi.. Bütün döyüşçülərin həkim kimi ikicə nəfərə ümidləri bağlı idi: Nurəngiz Bəşirova və Muğanlıdan olan feldşer İbrahim Sadıqov...

Nurəngiz xanım deyir ki, bəzən yaralı çox olurdu və güllə altında onlara yardım göstərmək müşkülə çevrilirdi. Bir tərəfdən də, ermənilər artıq hərbi xəstəxanaya çevrilən kənd amblator həkim məntəqəsini tez-tez atəşə tuturdular.

Bir dəfə, döyüşdən qayıdanlar bir nəfər yaralı gətirirlər. O, Vətəni qorumaq üçün Rusiyadan qayıdıb gəlmiş Şahmar İbrahimov idi. Güllə onurğasından girib bel sümüklərini ciddi zədələmişdi. Onu tibb məntəqəsinə gətirəndə xərəkdə olduğu üçün həkimdən üzr istəyir: “Bağışlayın doktor, yaralıyam deyə, dura bilmirəm... ”
Döyüşçünün bu üzrxahlığını qəhər içində qarşılayan həkim ona ilkin tibbi yardım göstərib yaralını Ağdama göndərir. İki gündən sonra Şahmar İbrahimov gözlərini həmişəlik yumur

Müharibə həkimi... Yeganə oğluna söykənib duran ana...


Nurəngiz Bəşirova deyir ki, özü pediatr olsa da, müharibə püxtələşmək istiqamətində çox şeyə vadar edib: “Səhra-döyüş şəraitində qarşılaşdığım vəziyyətdən çıxış yolu tapmaq cəhdi mənə həkimliyin başqa sahələrini də mənimsəməyə yardımçı oldu..

Xüsusilə, “Qadın və müharibə” mövzusunun qadınlar üçün çox ağır və ağrılı olduğunu deyir Nurəngiz xanım. Onun fikrincə qadın və ya kişi sözün həqiqi mənasında vətənpərvərdirsə, o Vətən üçün əlindən gələni əsirgəmirsə, istənilən çətinlikdən üzü ağ çıxacaq.

Müharibə onun həyatında o qədər ağrı-acılı izlər buraxıb ki... Ailəsi uğursuzluğa düçar olub. Yeganə oğluna tapınıb həyata nikibin yanaşdığını deyir. Doğmalarının sayəsində heç vaxt özünü tək hiss eləməyib...

“Müharibə Sizdən nəyi aldı, əvəzində Sizə nə verdi?” - sualına “Çox şeyi aldı məndən müharibə” - deyir - “Torpağımı, ailəmi, sağlamlığımı, tanıdığım gözəl insanları, nə vaxtsa ölümdən xilas edə bildiyim xəstələrimi... Əvəzində isə bu gün də fəxarət hissi ilə adlarını çəkə biləcəyim dostlarımı verdi... xarakterimi formalaşdırdı, insanların dərdini hiss eləmək qabiliyyətini verdi, insanların mənə xoş münasibətini qazandım...

Bircə, doğma-yurd yuvalarımıza dönə bilsəydik, müharibənin mənə etdiyi zülmləri unutmağa gücüm çatardı....”

Teymur Zahidoğlu
Ordu.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ