Öz “ayağına” atəş açan Ermənistan – yaraları “yalamaq” zamanı...
Tarix: 3-01-2022, 18:04
Baxılıb: 308
Google+ Paylaş
Tumblr Paylaş

Öz “ayağına” atəş açan Ermənistan – yaraları “yalamaq” zamanı...

3-01-2022, 18:04

Ermənistan kapitulyasiyadan sonra türk mallarının idxalına qoyduğu qadağanı 2022-ci il yanvarın 1-dən uzatmayacaq. Paşinyan hökumət hesab edir ki, “embarqo”nun mənfi təsirləri ölkədə əhəmiyyətli inflyasiyaya səbəb olub və bir çox istehlak mallarının qiyməti qalxıb.
Əslində, az-çox savadı olan erməni iqtisadçılar qadağanın əsas zərbəsinin kasıb erməni istehlakçısına dəyəcəyi barədə xəbərdarlıq eləmişdilər. Çünki iqtisadiyyatı rüşeym halında qalan ölkədə yoxsul erməni əhali üçün ucuz və keyfiyyətli Türkiyə mallarına alternativ tapmaq faktiki mümkünsüz idi.
İkinci yandan, Ermənistan Türkiyə məhsulları üçün kiçik bazardır. O üzdən embarqodan qardaş ölkə biznesi, yaxud iqtisadiyyatı ciddi zərər görə bilməzdi. Əksinə, sərfəli və rəqabətə davamlı olduğu üçün həmin mallar artıq qeyri-leqal yollarla Ermənistana yol tapmağa başlamışdı ki, bu da üstəlik, bahalaşmaya səbəb olmuşdu.

Qısası, Ermənistan hökuməti guya öz aləmində Türkiyəni 2-ci Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstəyə görə “cəzalandırmaq” istəyirdi, ancaq özü-özünü, öz xalqını cəzalandırmış oldu. Özgəsinə qurduğu tələyə yenə özü düşdü...
Buna bilə-bilə öz ayağına atəş açmaq da demək olar. Yəni, Türkə ənənəvi aşırı nifrətdən və xəstə təfəkkürdən doğan tam məntiqsiz, axmaq bir qərar. Obrazlı ifadə eləsək, qarışqanın fildən qisas alması kimi absurd cəhd.
Bir daha aydın oldu ki, Ermənistan iqtidarını gerçəkdən də öz xalqının rifahı düşündürürsə, təcili şəkildə Türkiyə ilə, Azərbaycanla sərhədlərin açılması, əməkdaşlığın qurulması yönündə təcili və praktik addımlar atmalıdır, nəinki əksinə. Bunu məhz Paşinyan hökuməti eləməlidir.
Bir səbəbə toxunduq: iki və çoxtərəfli iqtisadi-ticari əməkdaşlığa ən çox ehtiyac duyan məhz blokadanın əldən saldığı Ermənistandır. Türkiyə və Azərbaycanın itirəcəyi bir şey yox. İkinci o səbəbə ki, Bakı və Ankara çoxdan İrəvana sərhədlərin açılmasını təklif edir. Yetər ki, Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü Ermənistan qeyd-şərtsiz tanısın.
Paşinyan hakimiyyəti gec-tez buna getməli olacaq. Hər halda, daha bir il siçan-pişik oyununu davam etdirməyə İrəvanın zamanı qalmayıb. Yaraları “yalamaq” zamanıdır. Bu xüsusda 2022 yəqin ki, bir çox “i”lərin üzərinə nöqtə qoyacaq. Zira, Ermənistan üçün qurtuluşun ünvanı dəyişməz qalır – nə Rusiya və İran, nə də Qərb. Türkiyə və Azərbaycan!..
Ermənistanın ksenofobiyadan qurtula bilməyən siyasi elitası nəhayət, anlamalı olacaq ki, məhz iki qonşunun - Türkiyə və Azərbaycanın sərmayəsi, onlarla hərtərəfli əməkdaşlıq Ermənistan iqtisadiyyatını dərin tənəzzüldən qurtara, sürətlə artan xarici dövlət borclarını və ölkədəki səfaləti durdura, yekun etibarilə Ermənistandan kütləvi köçü səngidə bilər.
Ancaq qarşılıqlı sərfəli iqtisadi münasibətlər qurmağın “qızıl qaydası” var: belə əlaqələr bir-birinə qarşı məkrli hədəflər güdməyən, siyasi-diplomatik münasibətlərin qurulduğu ölkələr arasında olur. Yoxsa ki, Türkiyə və Azərbaycana qarşı həm ərazi iddialarını davam etdir, həm də heç nə olmayıbmış kimi onlarla geniş iqtisadi əlaqələr hesabına öz əhalini rifaha qovuşdur... belə olmur, olmayacaq!
Nəyəsə nail olmaq üçün İrəvan mütləq nələrdənsə keçməli olacaq. Özü də həmişəlik! Nələrdən? Onu indi az qala, bütün dünya bilir...

Zahid SƏFƏROĞLU


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ