“Koronavirusun ikinci dalğasını yaşayacağıq” xəbərdarlığı
Tarix: 8-05-2020, 09:33
Baxılıb: 1 067
Google+ Paylaş
Tumblr Paylaş

“Koronavirusun ikinci dalğasını yaşayacağıq” xəbərdarlığı

8-05-2020, 09:33

Ekspert: “Maska  və əlcək taxmaqla bağlı qaydaları ciddiləşdirmək lazımdır”

Dünyada və Azərbaycanda koronavirus infeksiyasına (Covid-19) yoluxma davam edir. Artıq dünyada koronavirusa ümumilikdə 3 milyon 822 min 295 nəfər yoluxub, 265 min 120 nəfər isə bu virusdan dünyasını dəyişib. İndiyə qədər müalicə alaraq sağalanların sayı isə 1 milyon 303 min 793 nəfərdir.
Hələ ki virusa qarşı vaksin tapılmayıb. Yoluxanlara immunitet sistemini gücləndirən preparatlar, bakteriya əleyhinə dərmanlar verilir. Bu səbəbdən də həkimlərin sözlərinə görə, ciddi xəstəliyi olanlar virusa tap gətirmir. Koronavirus ciddi xəstəliyi olanların ölümünü tezləşdirir. Ölüm və yoluxma sayına görə Avropada birinci yerdə İspaniya (253 min 682 yoluxma, 25 min 857 ölüm), dünyada isə Amerika gəlir (1 milyon 263 min 224 yoluxma, 265 min 120).
Azərbaycanda isə yoluxma sayı son günlər bir qədər də artıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib ki, bu say artımı karantin rejiminin yumşaldılması ilə bağlıdır: “Əvvəl insanlar fərdi qoruyucu vasitələrdən istifadəyə üstünlük verirdilərsə, vətəndaşlar artıq maskalardan istifadə etmir, sosial məsafəni qorumurlar. Əvvəl küçədə 10 nəfərdən 4-5 nəfərində maska görmək olurdusa, son günlərdə 1-2 nəfərdə belə maska görmək çətin olur”.
Azərbaycanda karantin rejimi ikinci dəfə mayın 4-də yumşaldılıb. Bundan sonra məhdudiyyətlərin qalxmasına baxmayaraq, paytaxtda küçəyə çıxan insanların sayı xeyli artıb. Xüsusilə də avtobuslarda yaşanan sıxlıq insanları təhlükə ilə üz-üzə qoyub. Bakı Nəqliyyat Agentliyi açıq şəkildə bildirir ki, avtobusların sayı insanları normal qaydada daşımağa imkan vermir.
Eyni zamanda qəribə hal odur ki, bu cür sıxlıq içərisində insanlar qoruyucu maska və əlcək istifadə etmirlər. Buna görə də ictimai şəxslər tərəfindən təkliflər irəli sürülür ki, dünyanın bir sıra ölkələrində olduğu kimi Azərbaycanda da maskadan istifadə etməyənlərə cərimə tətbiq edilsin və prosesə qanuni şəkildə nəzarət olunsun.
Öten gun karantini pozan 615 surucu cerimelendi - Musavat.az
Yollarda isə vəziyyət başqadır. Belə ki,  Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar ötən gün DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.
Bildirilib ki,  koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə mayın 6-dan mayın 7-si saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 615 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. Ümumilikdə, aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 49 001 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Onu da bildirək ki, Azərbaycanda son günlər koronavirusa yoluxanların sayı əsasən Gəncədə artır.  Zaur Əliyev açıqlamasında deyib ki, bizdə yoluxmalar daha çox ailə üzvləri arasında olur: “Bir vətəndaş yoluxduğu zaman onu ailə üzvlərinə də yoluxdurur. Gəncədə belə hal müşahidə edilib. Bir neçə ocaq müəyyənləşdirilib. Bir vətəndaş 5-6 nəfəri birdən yoluxdurub. Tibb işçiləri də eyni şəkildə yoluxublar. Ora bizim əməkdaşlar ezam olunub”.  Gəncədə aktiv yoluxma hallarının sayı 50-dən yuxarıdır. Aprel ayının 26 günündə Gəncədə 101 yoluxma halı müəyyən edilib.
Bank hesabım üzərində həbs olduğu üçün vəkillik fəaliyyətimi ...
“Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, Azərbaycanda qanuna tabe olan insanlar da çoxdur:
“Ümumilikdə isə etiraf etməliyik ki, bizim əhali tarixən də qayda-qanuna əməl etməkdən qaçıb. Bunu da özümüzə fəxr sayırıq. Hər gün yollarda dediyim mənzərə ilə rastlaşırıq. Sürücülərin davranışı, piyadaların hərəkəti açıq şəkildə görünür. Bu günə qədər koronovirusdan dəfələrlə çox insan avtomobil qəzasında həlak olub. Əksəriyyət isə piyadadır. İllərlə deyirik ki, qaydalara riayət edib, piyada keçidindən istifadə etmək lazımdır. Ancaq buna məhəl qoyulmur. Lakin qaydalar sərtləşəndə insanlar buna əməl etməyə başlayırlar. Əvvəllər insanları maşında kəmər taxmağa sövq etmək çox çətin idi. Sürücülər kəmər taxmırdılar. Lakin qaydalar sərtləşdirildi və insanlar artıq kəmərə adət ediblər. Yəni insanları məcburi tədbirlərlə qaydalara əməl etmələri üçün alışdırmaq lazımdır. Burada eyni zamanda maarifləndirmə də lazımdır. Lakin təcrübə göstərir ki, bizimkilərə qarşı daha sərt tədbirlər tətbiq olunmalıdır. İndi də maska ilə bağlı problemlə üzləşirik. Əvvəlki günlərdə qaydalar sərt olduğu üçün insanlar maskadan istifadə edirdilər. İndi isə yumşalma var və insanlar da maska taxmırlar. Halbuki apteklərdə maska da var və bu baxımdan problem yaşanmır. Ona görə də düşünürəm ki, maska, əlcək taxmaqla bağlı qaydaları ciddiləşdirmək lazımdır. Əks təqdirdə, biz koronavirusa yoluxmanın ikinci dalğasını yaşayacağıq. Sanki bəzi şəxslər maska taxmamağı qəhrəmanlıq hesab edir. Ona görə də bizim milli xüsusiyyətimizi nəzərə alaraq, qaydaları çox ciddiləşdirmək lazımdır”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ