İş adamı R.Aslanov bununla bağlı Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və müxtəlif dövlət qurumlarının rəhbərlərinə açıq şikayət məktubu ünvanlayıb.
Hörmətli Cənab Prezident,
Bir neçə gün öncə, 16 oktyabrda 19/21 saylı və 21 oktyabrda 20/21 saylı məktublarımla Sizin elektron poçt ünvanınıza müraciət etmişdim. Həmin məktublarda mənə məxsus olan “LİON CENTRE” MMC şirkəti ilə Çin Xalq Respublikasından idxal edilən malların Bakı Baş Gömrük İdarəsindən qeyri-müəyyən səbəblərdən buraxılmadığını və ümumiyyətlə, respublika gömrük orqanları tərəfindən şirkətimin fəaliyyəti ilə bağlı yaradılan süni maneələri qeyd etmişdim.
Məlumat üçün bildirim ki, yalnız bu gün, yəni sonuncu məktubumdan 5 gün sonra çox böyük əziyyətlə şirkətimə aid olan mal ilə bağlı gömrük rəsmiləşdirilməsi həyata keçirildi. Bu günlər ərzində şirkətimə dəymiş maddi ziyan gömrük orqanları tərəfindən ödənilmədi, eyni zamanda şirkətim “LİON CENTRE” MMC-nin ticari imicinə xələl gətirildi, prestijimə zərbə vuruldu, həmçinin əsəb, sarsıntı səbəbilə səhhətimə də böyük ölçüdə zərər dəydi.
Nəzərinizə çatdırmaq istəyirəm ki, şirkətimin işinin dayanmaması üçün şirkət işçilərinə aylıq əmək haqqı və şirkətimlə bağlı kommunal xidmətlərin xərcini ödədiyimdən məcbur olaraq Bakı Baş Gömrük İdarəsinin təkidlə, sözün əsl mənasında öhdəliyimə qoymaq istədiyi qiymətlə razılaşaraq mallarımı gömrükdən çıxarmalı oldum.