Kəlbəcər təhsilində sərhədsiz özbaşınalıq: ƏMHM rəisi köçkünü işdən qovdu - Faktlar
Tarix: 29-12-2020, 03:15
Baxılıb: 1 476
Google+ Paylaş
Tumblr Paylaş

Kəlbəcər təhsilində sərhədsiz özbaşınalıq: ƏMHM rəisi köçkünü işdən qovdu - Faktlar

29-12-2020, 03:15

Kəlbəcər təhsilində özbaşınalıqlar sərhəd tanımır. Rayon təhsil sektorunda hər gün elə qanunsuzluqlara, misli görünməmiş dərəbəyliklərə yol verilir ki, buna ad vermək mümkün deyil.

Bu da yerli təhsil şöbəsi rəhbərliyinin, tabe olduğu Gəncə 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin həyata keçirdiyi işlərin nəticəsidir.

Söhbət Kəlbəcərin təhsil şöbəsi rəisi Fazil Zeynalov və ətrafındakı dəstənin fəaliyyətindən gedir. Bu da hər məktəbdə narazılıq yaradır.

Bundan əvvəl Kəlbəcərin 31 saylı tam orta məktəbindən baş alıb gedən özbaşınalıqlardan bəhs etmişdik. İndisə rayonun 33 saylı məktəbində gərginlik yaşanır.

Ardıcıl olaraq məktəblərdə şikayətlərin artması isə sırf təhsil şöbəsi rəhbərliyinin yaratdığı mühitin, dövlətin qanunlarına zidd addımların atılmasının təcəssümüdür.

Xeberfakt.az-a verilən məlumata görə, bu dəfə Kəlbəcərin Ağdaban kəndindən olan məcburi köçkün, hazırda Goranboyun yeni qaçqın şəhərciyində məskunlaşmış Bayramov Yusif Rza oğlu etiraza qalxıb.

Elə sözügedən şəhərcikdə yerləşən Kəlbəcərin 33 saylı məktəbində dalandar-bağban vəzifəsində işləyən Y.Bayramov üzləşdiyi haqsızlıqla bağlı Prezident İlham Əliyevə, Baş Prokuror Kamran Əliyevə, Təhsil Naziri Emin Əmrullayevə və aidiyyatı orqanlara müraciət edib.

Məcburi köçkünün sözlərinə görə, o, 2017-ci il 15 sentyabrından həmin məktəbdə işləyirdi. Goranboyda yerləşən bu məktəbdə onunla müqavilə bağlanıb, işə götürülüb, ştat açılıb. Bu da Y.Bayramovun ürəyincə olub.

Lakin bu ilin dekabrının 1-də Gəncə 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin məsləhətçisi, mühasib vəzifəsində çalışan İlhamə Muradova onun işlədiyi ştatı ləğv edib. İ.Muradova özfəaliyyət edib, özbaşına addım atıb.

Y.Bayramovun Prezidentə müraciətində dediyinə görə, ona sadəcə, şifahi bildiriş göndərilib, işdən azad edildiyi deyilib.

Halbuki, Prezident İlham Əliyev pandemiya dövründə heç kəsi işdən azad etməməyə çağırmışdı, amma İ.Muradova dövlətin qərarlarına qarşı gedib. Üstəlik torpağı düşməndən yeni azad edilmiş köçkünü işsiz qoyub.

Bağban qeyd edib ki, İ.Muradova qanunları pozub, heç bir qanuna əməl etməyib, ştatı ləğv edib. Y.Bayramov bildirib ki, işdən çıxarılması ailədə maddi vəziyyəti ağırlaşdırıb.

“Mənim iki övladım var. Bu maaşla dolanırdıq, başqa gəlir yerim yoxdur. Onu da İlahə Muradova kəsdi. Həmin ştatın ləğv olunması təkcə mənim işdən azad edilməyim yox, ailəmin dolanışıq vəziyyətinin pisləşməsidir. Bu, həm də uşaq hüquqlarının pozulması deməkdir”, -deyə şikayətçi qeyd edib.

Onun sözlərinə görə, işlədiyi müddətdə məktəbin həyətində 100 ədəd şam, 150 meyvə ağacları, 60 ədəd dekorativ gül kolları əkib, qulluq göstərməklə məktəbdə gözoxşayan mənzərə yaradıb:

“Xahiş edirəm ki, gördüyüm işlərlə bağlı məktəbdə baxış keçirilsin, eyni zamanda İlahə Muradovanın fəaliyyəti ilə müqayisə olunsun. Bizi çörəksiz, işsiz qoyan adamlar barəsində araşdırma aparılmasını xahiş edirəm.

İlin-günün bu vaxtında, pandemiyanın hamının həyatına təsir etdiyi bir zamanda məni işdən azad edir, ştatı ləğv edirlər.

Mənim bir məcburi köçün olmağımın nəzərə alınmasını xahiş edirəm, işə bərpa olunmaqda köməklik göstərilməsini istəyirəm. Dövlətimə, prezidentimə güvənirəm”.

İddialara görə, belə qanundankənar hərəkətlərin arxasında Kəlbəcər RTŞ şefi Fazil Zeynalov və 8 saylı ƏMHM-nin rəisi Fərahid Qəhrəmanov dayanır.

Məhz elə F.Qəhrəmanovun mühasibi İ.Muradova bağbanı işsiz-gücsüz qoyub. Ümumiyyətlə, F.Qəhrəmanovdan şikayətlər mediada aşıb-daşır.

Amma nə nazirlik tərəfindən araşdırma aparılır, nə bir tədbir görülür. Bir müddət əvvəl mətbuatda məlumat yayılmışdı ki, F.Qəhrəmanov ayrı-ayrılıqda məktəb direktorlarını toplayaraq tarifikasiya üçün məktəb üzrə siniflərin sayına uyğun olaraq, hər sinifdən 40 manat toplanmasını tapşırıb.

Xeberfakt.az xatırladır ki, bu, Kəlbəcər təhsilində ilk belə nadürüst, özbaşına əməl deyil. Son dövrlər rayon təhsilindən kütləvi şəkildə şikayətlər gəlməkdədir. F.Zeynalov RTŞ rəhbəri olaraq bu addımları ilə nəyə nail olmaq istəyir bəlli deyil.

Kəlbəcər məktəblərində yaranmış özbaşınalıq, rüşvətxorluq, nizam-intizamsızlıq mühiti məhz təhsil şöbəsi müdirinin yaratdığı ab-havadan qaynaqlanır. Əvvəlki şikayətlərdə bildirilirdi ki, onlardan biri elə Kəlbəcərin 31 saylı tam orta məktəbidir.

Məktəbin direktoru Namiq Rəcəbov və Təhsil İşçiləri Azad Həmkarlar ittifaqı Kəlbəcər rayon Komitəsinin sədri M.Əbdürəhmanov əlbir olublar.

Məlumata görə, məktəb direktorundan şikayət edənlər işindən qanunsuz xaric olunur, “burada mənəm, Bağdadda kor xəlifə” deyilir.

Gələn informasiyalada o da iddia edilir ki, Həmkarlar İttifaqı sədri direktorlarla əlbir olaraq müəllimlərin və texniki işçilərin adından ərizələr yazır, onların kartlarına pulu köçürüb öz aralarında bölməklə məşğuldur. Bu da cinayət məsuliyyəti daşımaq deməkdir.

Təbii ki, bütün bu korrupsiya və maxinasiyalar Kəlbəcər təhsilinin “firon”u Fazil Zeynalovun nəzarətindən kənar baş vermir. Deməli, ortada ciddi bir təhsil mafiyası mövcuddur.

Bundan başqa, F.Zeynalovun qanunsuz göstərişləri sayəsində diplomu saxta olan və imtahanlarda az bal toplayan müəllimlərə daha çox dərs saatları verildiyi deyilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ