Prezident SƏRT DANIŞDI: Bu qurumlar ləğv EDİLMƏLİDİR! - ATƏT-in fəaliyyəti nə zaman DAYANDIRILACAQ?
Tarix: 15-05-2024, 11:58
Baxılıb: 113
Google+ Paylaş
Tumblr Paylaş

Prezident SƏRT DANIŞDI: Bu qurumlar ləğv EDİLMƏLİDİR! - ATƏT-in fəaliyyəti nə zaman DAYANDIRILACAQ?

15-05-2024, 11:58

    “ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır”,- bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.


Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək, işğala son qoyub.


1992-ci ildə ATƏT-in Minsk qrupunun yaradılmasında məqsəd Azərbaycanla Ermənistan arasında sülh yaratmaq idi. Təəssüflər olsun ki, uzun illər aparılan sülh danışıqları müsbət nəticə vermədi. Minsk qrupunun üzvləri olan ölkələr - nə ABŞ, nə Fransa, nə də Rusiya Ermənistanı işğalçı kimi tanıdı.


Bu ölkənin silahlı qüvvələrinin Azərbaycanın əbədi-əzəli ərazisi olan Qarabağdan çıxarılması istiqamətində heç bir addım atılmadı. Baxmayaraq ki, Birləşmiş Millətlər Təşkilatı Ermənistan ordusunun Azərbaycan ərazilərindən çıxarılması üçün dörd qətnamə qəbul etmişdi. Bu qətnamələrin qəbuluna Təhkükəsizlik Şurasının üzvü olan üç dövlət - Fransa, ABŞ və Rusiya da səs vermişdi. Uzun illər keçsə də, özlərinin səs verdikləri qətnamələrin icrası üçün heç bir iş görmədilər.


Məsələ ilə bağlı danışan politoloq Turan Rzayev Referans.az-a deyib ki, bənzər fikirləri ötən gün xarici işlər naziri Ceyhun Bayramov da qeyd etmişdi:


“Bu bir daha onu deməyə əsas verir ki, rəsmi Bakının ATƏT-in Minsk qrupu ilə bağlı yanaşması birmənalı və dəyişməzdir. Faktiki olaraq Azərbaycan 30 il müddətində keçmiş Ermənistan-Azərbaycan “Dağlıq Qarabağ” münqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupuna və onun həmsədrlərinin fəaliyyətinə güvənirdi və məhz buna görə diplomatik yolla bu problemin aradan qalxacağına ümid edirdi. Lakin Rusiya-Ukrayna müharibəsi başladı və savaşın ikinci ilində faktiki olaraq Fransa və ABŞ ATƏT-in Minsk qrupundakı fəaliyyətini dayandırdı və danışıqlar aparmayacağını bildirdi. Sonrakı proseslərdə isə Fransanın təktərəfli Ermənistanı və separatçıları dəstəkləməsi, hətta bunu açıq şəkildə bildirməsi faktiki olaraq zatən minsk qrupunun dayanmış fəaliyyətini rəsmi şəkildə dayandırılmasını gündəmə gətirdi”.



Politoloq qeyd edib ki, Azərbaycan faktiki olaraq ATƏT-in Minsk qrupu danışıqlarından kənarlaşdı və Ermənistana 44 günlük müharibədən sonra da təklif etdi ki, ikili görüşlər keçirilsin. Onun sözlərinə görə, sonuncu Berlin danışqları və yaxud Almatı görüşü onu deməyə əsas verir ki, Ermənistan və Azərbaycan arasında danışıqlar prosesi bu gün uğurla davam edir:


    “Artıq Ermənistan-Azərbaycan “Dağlıq Qarabağ” münaqişəsi deyə bir münaqişə yoxdur və bu məsələ tarixin tozlu səhifələri arasında qaldı. Amma bu gün Ermənistan-Azərbaycan danışıqları davam edir, münaqişə bu istiqamətdə irəliləyir və ATƏT-in Minsk qrupunun münaqişəni həll etmək üçün mandatı yoxdur. Onun mandatı Qarabağ konteksində idi. Yəni bu gün “Dağlıq Qarabağ” münaqişəsi olmadığına görə, ATƏT-in Minsk qrupunun da varlığını davam etdirməsinə ehtiyac yoxdur”.


Turan Rzayev əlavə edib ki, Azərbaycan və Ermənistan danışıqlar aparır və uğurlu nəticələr əldə olunur. Bu baxımdan da bizə bundan sonra nə ATƏT, nə də bənzər formatda hər hansı bir təşkilatın vasitəçiliyi lazım deyil.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ