“Beş uşağın qızılcadan ölümü böyük rəqəmdir, bu...” - pediatrdan xəbərdarlıq
Tarix: 7-12-2023, 10:59
Baxılıb: 165
Google+ Paylaş
Tumblr Paylaş

“Beş uşağın qızılcadan ölümü böyük rəqəmdir, bu...” - pediatrdan xəbərdarlıq

7-12-2023, 10:59

""Peyvənd etdirmişdim, uşağım ağır keçirdi" kimi nağıllara mən inanmıram"

Ölkədə qızılca, məxmərək, suçiçəyi, qrip tüğyan edir. Məktəblərdə, bağçalarda uşaqlarla yanaşı artıq müəllimlər də qızılcaya yoluxur. Bakının 20 saylı məktəbində bir gündə 9 şagird, 1 müəllimdə qızılca aşkarlanıb. Xəstəxanalarda yoluxucu xəstəliklərə mübtəla olmuş uşaqların, habelə böyüklərin sayı hədsiz artıb. Ən qorxulusu odur ki, qızılca virusu sanki aqressivləşib. Daha əvvəlki illərdə çox az halda qızılcadan ölüm halları olurdu. Son bir həftədə isə ölkədə ən azı 5 uşaq qızılcaya yoluxaraq ölüb. Son olaraq Neftçala rayonunun Aşağı Surra kəndində 10 yaşlı məktəbli qızılcadan ölüb. 
Kənd sakini - 2013-cü il təvəllüdlü Əliyeva Samirə Elxan qızı xəstəxanaya çatdırılsa da, həkiməqədər ölüm halı qeydə alınıb. 
Yaxınlarının bildirdiyinə o, bir həftə əvvəl qızılcaya yoluxub. Ailəsi onu ev şəraitində müalicə etməyə çalışıb. Lakin getdikcə vəziyyəti daha da ağırlaşıb. S.Əliyeva xəstəxanaya aparılan zaman yolda vəfat edib. 
Onun qardaşı da bir müddət əvvəl qızılcaya yoluxub və sağalıb. Faktla bağlı araşdırma aparılır. 
Bu arada Səhiyyə Nazirliyi bəyan edib ki, ölkə ərazisində qeydə alınmış qızılca hadisələri arasında bəzən risk qrupuna aid uşaqlarda ağırlaşmalar, yanaşı bakterial infeksiyaların inkişafı, gecikmiş müraciətlər və ya yanlış diaqnostika hallarına rast gəlinir: “Valideynlərin nəzərinə çatdırmaq istəyirik ki, uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədi ilə ölkədə qüvvədə olan "Profilaktik peyvəndlər təqvimi"nə əsasən, 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar. Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar. 
Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar. Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar.
Uşaqların vaksinasiyası üçün yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edilməsi tövsiyə olunur", - qeyd olunub. 
Vəziyyət kifayət qədər qorxunc xarakter almağa başlayıb. Belə davam edərsə, yoluxmalar artarsa, karantin elan oluna bilərmi?  Düzdür, rəsmi qurumlar bildirir ki, yoluxma karantin elan olunacaq qədər çox deyil. 
Yeri gəlmişkən, Rumıniyada dekabrın 6-da qızılca epidemiyası elan edilib. Bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmi saytı məlumat yayıb: “Qızılca xəstəliyinə yoluxma hallarının həyəcanverici artımını, həmçinin yoluxmuş uşaqların pediatriya və yoluxucu xəstəliklər şöbələrində çoxlu xəstəxanalara yerləşdirilməsini nəzərə alaraq, Rumıniyanın Səhiyyə Nazirliyi 9 yaşlı uşaqların peyvənd olunmasını təmin etmək üçün milli qızılca epidemiyası elan edir. 11 ay, həmçinin peyvənd olunmamış və ya natamam peyvənd olunmuş uşaqların müalicəsi təmin edilsin”, -  deyə məlumatda bildirilir.
Qeyd edək ki, son günlər həm sosial şəbəkələrdə, həm də valideynlər arasında qızılca ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəziləri sosial şəbəkələrdə bildirir ki, bu, qızılca deyil, qızılcanın gedişatı bu cür ağır keçməməlidir. Xüsusilə də sovet dövrü ilə müqayisə edərək, xəstəlikdən bu qədər ölüm hallarının olmadığını arqument gətirirlər. Bəzi valideynlər isə bildirir ki, övladlarına qızılca peyvəndini vurdursalar da, xəstəliyi çox ağır keçirir. Bəs görəsən, deyilənlər nə dərəcədə həqiqətə uyğundur? Qızılca da koronavirus kimi mutasiyaya uğraya bilərmi? Virus son illərdə daha da aqressivləşibmi? 
Dr. Vaqif Qarayev - Onlayn rezervasiya edin, rəyləri oxuyun |  doktorsitesi.az
Vaqif Qarayev
Mövzu ilə bağlı tanınmış pediatr Vaqif Qarayev “Yeni Müsavat”a fikirlərini açıqladı: ""Peyvənd etdirmişdim, uşağım ağır keçirdi" kimi nağıllara mən inanmıram. Keçirə bilər, amma ağır yox. Sovet vaxtı qızılca peyvəndi təkvalentli idi, ancaq qızılcaya qarşı vurulurdu. Özü də bir dəfə. İndi isə həm iki dəfə, həm də üç valentli (qızılca, məxmərək, epidemik parotit) daha davamlı immunitet almaq üçün vurulur. İkinci dəfə vurulmanın məqsədi odur. Misal üçün, AKDS peyvəndi var, dəfələrlə vurulur. Vərəmə qarşı peyvənd də dəfələrlə vurulur.  Yəni dünya elminin gəldiyi nəticə budur. Bəzi düşüncələr elə COVİD-dəki kimidir. “Bəlkə bu COVİD deyil, başqa xəstəlikdir” deyir, indi də “qızılcadan ölməyib” deyə şayiə buraxırlar. Bəs nədən ölüb? Bu uşaq həkim nəzarətində olubsa, ona artıq diaqnoz qoyulub. Əsas səbəb qızılca, ölüm səbəbi pnevmoniya, ya da ensefalit. Başqa xəstəliklərdə də belədir. Amma o ağırlaşmanı yaradan əsas xəstəlik nədir, qızılcanı da tanımaq o qədər çətin deyil. Ömründə bir dəfə qızılca görən həkim onu dərhal tanıyır. Misal üçün, kataral dövr deyirik - qızdırma, öskürək, gözlərin qızarması və sair. Bu dövr 3-4 gün çəkir. Sonrakı 4 gündə səpgi dövrü başlayır. Bir gün sifətdə, boyunda, o biri gün bədəndə, 3-4-cü gün isə əllərdə-ayaqlarda, sonrakı dövrlərdə bütün səpkilər sönür, uşaq sağalmağa doğru gedir. Bu, klassik gedişli qızılcadır. Amma atipik gedişli  qızılca da var. Misal üçün, son günlər azı iki xəstədə səpginin bir həftədən sonra yarandığını gördüm. Bir həftə hamının bildiyi qrip əlamətləri, bir həftədən sonra uşaq səpir. Bu da qızılcadır, bunun başqa adı yoxdur". 
Pediatr qızılca peyvəndindən imtinanın böyük faciələrə səbəb olmasından danışıb: “COVİD-dən qabaq Rumıniyada qızılca tüğyan edirdi. ÜST o ölkəyə kömək etməkdən imtina etdi, onların köməyi də pulsuz vaksin verilməsi idi. Arqumentləri də bu idi ki, səhiyyə qurumları əhali ilə normal işləməyib. İndi oxudum ki, Rumıniyada qızılca ilə bağlı epidemiya elan olunub. Yəni xəstəlik sönməyib. Adamı əsəbiləşdirən odur ki, təbabətdən xəbəri olmayan bir adam həkimi səhv çıxarmağa çalışır. Yaxşı, düzünü deyin, görək nə deyirsiniz. Ömrünü-gününü bu işə həsr edən həkimlər var. Sovet vaxtı sahə pediatrının iki əsas işi vardı, onun ən birincisi immunizasiya-peyvəndləmə idi. İndi buna nə nəzarət edən var, nə də tələb edən var. Səhiyyə qurumları ildə bir dəfə immunizasiya ilə bağlı əhaliyə müraciət etməlidir. Nə qədər uşaq peyvənd olunmayıb, elan olunmalıdır. Yalan, saxta rəqəmlər də var, o rəqəmlər çox asanlıqla görünür. Neçə faiz peyvəndlənməyib, səbəbi nədir, izah olunmalıdır. Açıq danışmaq lazımdır, bütün günahı valideynlərdə görürlər, bəs poliklinikalar nə edir, bunu araşdırmaq lazımdır. Artıq virus yayılandan sonra yox, ondan əvvəl etmək lazımdır. İndi hamı deyir, COVİD-ə peyvəndləmə etmədilər, yaxşı iki ili keçdik, ondan qabaq da yox idi axı. 5 uşağın qızılcadan ölümü böyük rəqəmdir. Bu, əhalinin sanitar maarifləndirilməsinin son dərəcə aşağı olmasının göstəricisidir. Ümumiyyətlə, "ölkə səhiyyəsinə, ölkə həkiminə inamımız yoxdur. Ona görə peyvənd vurdurmuruq". Kifayət qədərdir belə adamlar. Amma bir iş də var. Son vaxtlar buralarda müxtəlif klinikalardan xəstə sıxlığı ilə bağlı paylaşımlar edilir. Pasiyentlər də bura vətəndaşıdır, onlara xidmət edən həkimlər də! Onda soruşuram, inam yoxdursa, bu qədər sıxlıq haradandır? Son günlər peyvənd təbliğatıma görə inciyənlər çox oldu. Yəni kifayət sayda  ağırlaşmış və ölümlə nəticələnən qızılca görmüş tibb adamına yox, şoumen aparıcıya inanan insanlarımız küsürlər, inciyirlər. Bəzən tibdən dərs keçməyə də cəhd edirlər.  Etməyin. Uşaqları hamımız qoruyaq". 
Qeyd edək ki, suallarımızı TƏBİB-in ictimaiyyətlə əlaqələr sektoruna  da ünvanladıq. Qurumdan bildirildi ki, qızılca xəstəliyinin ağırlıq dərəcəsi pasiyentin müvafiq fiziki və diaqnostik müayinələrdən keçirilərək əldə olunan nəticələr əsasında həkim tərəfindən təyin edilə bilər: “Uzun illər ərzində aparılan elmi tədqiqatlar onu göstərir ki, qızılca əleyhinə peyvənd, xəstəliyə yoluxmanın profilaktikası və nadir hallarda olsa da yoluxduğu təqdirdə xəstəliyin nisbətən yüngül keçirilməsi üçün ən effektiv metoddur. Qeyd edək ki, peyvəndlənmə sübuta əsaslanan tibbi təlimatlarda, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində xəstəliklərdən qorunma üçün ən effektiv üsul hesab edilir”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ