“Pandemiya kiçik dövlətlərə daha çox ziyan vuracaq” – iqtisadçı Natiq Cəfərli səbəbləri açıqladı
Tarix: 11-04-2020, 01:19
Baxılıb: 879
Google+ Paylaş
Tumblr Paylaş

“Pandemiya kiçik dövlətlərə daha çox ziyan vuracaq” – iqtisadçı Natiq Cəfərli səbəbləri açıqladı

11-04-2020, 01:19

COVİD19 epidemiyası Çinin Uhan bölgəsindən başlasa da, sürətlə bütün dünyanı bürüdü və pandemiyaya çevrildi. Hazırda 200-dən çox ölkədə bu virusa yoluxma faktı qeydə alınıb. Sözsüz ki, bu dövlətlər cərgəsində Azərbaycan da var. Lakin hazırda Çinin özündən daha çox ABŞ, Avropa ölkələrinin koronavirusdan zərər çəkdiyi ortadadır. 
İlk vaxtlarda yoluxma və ölü sayında lider olan Çin indi yerini Amerika, İtaliya, İspaniya, Fransa, Almaniyaya verməkdədir. Həmçinin, İran, Türkiyə, Rusiya kimi Azərbaycanla qonşu ölkələrdə yoluxma və ölü sayında artım müşahidə edilir. Proqnozlara görə, pandemiya daha çox böyük dövlətlərə həm insan tələfatı, həm iqtisadi cəhətdən zərbə vura bilər. 
Ekspertlərin fikrincə, kiçik ölkələrin koronavirusdan aldığı ziyanın miqyası elə özlərinin böyüklüyü boyda olacaq. Yəni supergüc ölkələrə, dünyanın siyasi-iqtisadi həyatında mühüm iştirakı olan dövlətlərə koronavirus baha başa gələcək və onun ziyanlarının altından çıxmaq üçün xeyli vaxt lazım olacaq.
“Tunelin çıxışında”kı mənzərənin daha qorxunc olacağını indidən görənlər arasında Avropa Komissiyasının Prezidenti Ursula Von Der Leyen də yer alır. Pandemiyadan iflic vəziyyətə düşmüş Avropa ölkələrinin böhrandan çıxa bilməsi üçün daha çox maliyyə yardımı ayrılmasını tələb edən Von Der Leyen “Avropa Birliyi üçün  “Marşal Planı”na ehtiyac var” fikrini təsdiqləyib.
Leyenin bu fikri ortaya atması heç də təsadüfi deyil.  Avropa Birliyinin (AB) dirənişi, demək olar ki, artıq qırılıb. Pandemiya bitdikdən sonra AB-nin bu vəziyyətdə ayağa qalxa bilməsi heç də real görünmür.  İtaliyadan sonra İspaniyanın da təşkilata inamı sarsılıb. İspaniyanın baş naziri “Avropa özü təhlükə altındadır, ya sarsılmaz dirəniş göstərəcəyik, ya da birliyimiz bütövlükdə çökəcək” deyirdi.
“Marşal Planı” kağız üzərində parlaq görünsə də, onu kimin maliyyələşdirəcəyi hələlik məlum deyil.  Ancaq ağla 3 namizəd gəlir - ABŞ, Çin və Almaniya. Böhranı idarə etmək bacarığı olan Türkiyə isə koronavirus pandemiyasından sonrakı dünya düzənində özünü əməkdaşlıqdan daha çox, rəqabət və münaqişələrə hazırlamalıdır.
İqtisadçı-ekspert Natiq Cəfərli isə koronavirusdan böyük dövlətlərə daha çox ziyan dəyəcəyi fikirlərini bölüşmür.
Onun Musavat.com-a bildirdiyinə görə, kiçik dövlətlərin üzləşəcəyi zərbələr daha ağır olacaq. Ekspert hesab edir ki, böyük dövlətlərə zərər həcm olaraq çox dəyə bilər: “Amma biz nəzərə almalıyıq ki, böyük dövlətlərin böyük maliyyə “silah”ları da var. Onlara trilyonlarla zərər dəyirsə, əvəzində pul çap edə bilirlər, bazarlara dəstək verirlər, özlərini, istehsalçılarını və bizneslərini qoruya bilirlər, müxtəlif əməliyyatlarla yardım edirlər. Kiçik dövlətlərin isə belə bir lüksü yoxdur”. 
N.Cəfərli qeyd etdi ki, əksinə, pandemiyanın vurduğu maliyyə zərbələri səbəbindən 100-ə yaxın kiçik dövlət Beynəlxalq Valyuta Fonduna yardım üçün müraciət edib: “Bu, o deməkdir ki, kiçik  dövlətlərin vəziyyəti yaxşı olmayacaq”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ