Kılıçdaroğlunun dediklərinə Milli Məclis üzvlərindən sərt etirazlar
Tarix: 13-05-2023, 11:58
Baxılıb: 409
Google+ Paylaş
Tumblr Paylaş

Kılıçdaroğlunun dediklərinə Milli Məclis üzvlərindən sərt etirazlar

13-05-2023, 11:58

Parlament İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını qəbul etdi

12 mayda Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Sahibə Qafarova giriş nitqində Ermənistanın son təxribatından danışdı. Bildirdi ki, düşmənin əl atdığı xain təxribat nəticəsində hərbçimiz şəhid olub, həmçinin yaralımız var. Sədr şəhidimizə Allahdan rəhmət dilədi, yaralımıza şəfa arzuladı. S.Qafarova bildirdi ki, baş verənlərə görə Ermənistan məsuliyyət daşıyır.
Deputat Elnur Allahverdiyev bildirdi ki, mayın 14-də qardaş Türkiyədə keçiriləcək seçkiləri vətəndaşlarımız diqqətlə izləməkdədir. O qeyd etdi ki, bu seçimlərin hansı nəticələrlə başa çatmasından asılı olmayaraq, Türkiyə və Azərbaycan strateji tərəfdaş, qardaş, bir millət, iki dövlətlərdir. “Ancaq təəssüf ki, aramızda olan bu səmimi münasibətləri öz məqsədləri, hazırda isə seçki hədəfləri üçün yanlış istifadə etməyə çalışan qüvvələr də var”, - deyən E.Allahverdiyev ardınca Türkiyənin müxalifət liderinin ittihamlarına etirazını ifadə etdi. O, iki qardaş dövlətin, bir millətin tarixi sınaqlardan keçdiyini söylədi: “Bizim Çanaqqala savaşımız olub, bizim Vətən müharibəmiz olub, bizim Şuşa Bəyannaməmiz var. Bizim aramıza heç bir yad, əcnəbi kökənli ünsürlər girə bilməz! Odur ki, xalqlarımız və ölkələrimiz arasındakı münasibətləri xarakterizə edən ”Bir millət, iki dövlət" deyimini sarkazm mövzusu etmək Türkiyə kimi şanlı tarixi olan dövlətin prezidentliyinə iddia edən siyasətçiyə yaraşmır. Ümid edək ki, müxalifət lideri komandasının ona verdiyi bu informasiyanın səhv olduğunu tezliklə biləcək və fikirlərinə lazımi dəyişikliklər edəcək".
Komitə sədri Siyavuş Novruzov Prezidentin sonuncu əfv sərəncamından danışdı. Bildirdi ki, 800-dən çox məhkuma şamil olunan sərəncam çoxsaylı ailələrə sevinc bəxş edib. Komitə sədri dövlət başçısının bu addımına da kölgə salmağa çalışanların olduğunu söylədi: “Bəzi bloggerlər, partiyalar, təşkilatlar Prezidentin əfv sərəncamına kölgə salmağa çalışır. AXC-Musavat və ”Milli Şura" kimi təşkilatlar 3-4 toyuq oğrusunun əfvə düşməməsinə görə hay-küy salırlar".
S.Novruzov onu da qeyd etdi ki, rüşvətə görə həbs olunanlar da bu gün azadlığa çıxandan sonra əfv sərəncamına kölgə salır: “Onların niyyətini biz yaxşı bilirik. Amma buna baxmayaraq atılan bu humanist addım yüksək diqqətə və qiymətə layiqdir”.
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirdi ki, Nikol Paşinyanın son illər bütün xarici səfərlərində, o cümlədən son dəfə Çexiyada ölkəmizi antidemokratiklikdə suçlaması, Qərbin “Demokratiya sammitləri”ndə Ermənistana tribuna verilməsi ölkəmiz əleyhinə yeni planlardan və qarşıdırma məqsədlərindən xəbər verir: “Azərbaycanın hərbi təhdidi Ermənistan demokratiyası üçün təhlükədir” ritorikasını işə salanlar unudur ki, işğalçı və separatizmə dəstək verən dövlət demokratik sayıla bilməz. Ötən il 12-14 sentyabr toqquşması zamanı Nikol Paşinyan “müharibədə məğlub olsaq da ədalətli seçki keçiririk” bəyanatları ilə Avropa dövlətlərini Azərbaycana təzyiq göstərməyə çağırdı. Halbuki 3 ildir uzanan “sülh müqaviləsi” bu il imzalanmasa, sərhədlər açılmasa Paşinyan sarkisyanlaşacaq, koçaryanlaşacaq".
Deputat Naqif Həmzəyev kollec tələbələrinə əsgərlikdən möhlət hüququnun verilməsini təklif etdi. Bildirdi ki, hazırda Azərbaycanda universitet tələbələrinə əsgərlikdən möhlət hüququ tanınır, amma kollec tələbələrinə möhlət verilmir: "Təklif edirəm ki, bu şans kollec tələbələrinə də tanınsın".
Deputat Qüdrət Həsənquliyev əvvəlcə sərhəddə baş verənlərdən bəhs etdi. Qeyd etdi ki, dünən baş vermiş təxribat nəticəsində yenə də bizim bir əsgərimiz şəhid olub. Deputat şəhidimizə Allahdan rəhmət diləyib, yaxınlarına dərin hüznlə başsağlığı verib. Ardınca təəssüflə bildirib ki, Ermənistan 44 günlük savaşdan nəticə çıxarmayıb: “Onlar yenə də münaqişəni uzatmaq, hansısa möcüzələrin baş verəcəyini gözləməkdədirlər”. Q.Həsənquliyevin sözlərinə görə, Ermənistanda yenə də bölgədə yeni geosiyasi dəyişikliklərin baş verəcəyini və bundan sonra istədiklərinə nail olacağını düşünürlər: “Çox təəssüf ki, bizim daxilimizdə də məhz ermənilərin güvəndiyi dairələrə bağlı müəyyən insanlar bu cür düşünürlər. Amma cənab Prezident Şuşada bəyan elədi ki, geosiyasi dəyişikliklər Azərbaycanı daha da gücləndirəcək və gücləndirir. Ona görə də onlar nahaq bu cür ümidlərə qapılıb, pozuculuq fəaliyyəti ilə məşğuldurlar. 30 il danışıqları yubatdılar. Onlar konstruktiv mövqe tutsaydılar, beynəlxalq hüquqa sayqı göstərsəydilər, bəlkə də 44 günlük savaş da olmazdı, minlərlə erməni və Azərbaycan əsgəri həyatını itirməzdi. Amma, yenə də söyləyirəm ki, bu millət xəstələnib, ”Böyük Ermənistan" xəstəliyinə düçar olub. Onlar qonşuların ərazi bütövlüyünü tanımırlar, bizim daxili işlərimizə qarışmaqdan imtina etmirlər. Çox təəssüf ki, bu işlərdə onlara Fransa kimi dövlətlər də dəstək verir". Deputat ardınca təəssüflə qeyd etdi ki, hətta bizim qardaş ölkədə müxalifət funksiyasını yerinə yetirən bəzi partiyalar da bu və ya digər formada onları dəstəkləmiş olurlar: “Mən deputat həmkarım Elnur Allahverdiyevin çıxışını tam dəstəkləyirəm və Azərbayacana münasibətdə Türkiyədə səsləndirilən fikirlərdən dərin təəssüf hissi keçirirəm. Cənab Ərdoğanla İlham Əliyev Türkiyə-Azərbaycan münasibətlərini o səviyyəyə qaldırıb ki, orada hansısa hakimiyyət dəyişikliyi də bu münasibətlərə ciddi ziyan vura bilməz. Belə bir cəhd etmək istəyən şəxsləri də Türkiyə xalqı əfv etməz. Ona görə də mən növbəti dəfə Ermənistanın bu təxribatçı fəaliyyətini qınayıram. Azərbaycan Respublikası Prezidentinin Fransanın iştirakı ilə hər hansı bir danışıqda iştirak etməyəcəyinə dair mövqeyini növbəti dəfə dəstəkləyirəm və alqışlayıram. Hesab edirəm ki, Fransa Ermənistanın ”böyük bacısı" kimi özünün tərəfsizliyini nümayiş etdirə bilməyib. Ona görə də, bu proseslərdə iştirak etməməlidir və Azərbaycan da buna imkan verməməlidir".
Deputat Fəzail Ağamalı da Türkiyənin ana müxalifət partiyasının liderinin Azərbaycandan yan keçən layihənin anonsunu verməsinə sərt təpkisini ifadə etdi. F.Ağamalı qeyd etdi ki, özünü Türkiyənin baş müxalifəti adlandıran şəxsin sərsəm mövqeyi ortadadır. “Biz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan qarşısında xidmətlərini heç vaxt unudan deyilik. Mən ümid edirəm ki, müdrik Türk xalqı, Türkiyədə yaşayan bütün xalqlar Türkiyənin, Türk dövlətlərinin daha da möhkəmlənməsi üçün mövqelərini ifadə edəcəklər” - deputat əlavə etdi. Çıxışının sonunda F.Ağamalı 14 mayda Türkiyə xalqının indiki prezidentə yenidən etimad göstərəcəyinə inandığını vurğuladı: “Mən inanıram ki, mayın 14-də Türk xalqı Rəcəb Tayyib Ərdoğana səs verəcək və bu, Türk dünyasının daha da möhkəmlənməsinə növbəti töhfə olacaq”.
Deputat Ceyhun Məmmədov Prezident İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura səfərlərindən bəhs etdi. Xatırlatdı ki, artıq bir neçə dəfədir prezident İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura səfər edərək burada görülən işlərlə yaxından tanış olur, gərgin iş qrafikinə baxmayaraq, hər iki regionda aparılan işlərə özü birbaşa nəzarət edir: “Tezliklə Qarabağ və Şərqi-Zəngəzur dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək. Bunun üçün bütün addımlar zamanında atılır”. Deputat qeyd etdi ki, səfərdən sonra Ermənistan təxribata əl atdı: “Azərbaycan ordusu təxribatın qarşısını qətiyyətlə aldı. Ermənistan bilməlidir ki, bu cür təxribatlar Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi layihələrin qarşısını ala bilməz”.
Daha sonra iclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənildi. Məlumatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim etdi.
Deputat Razi Nurullayev Milli Kordinatorun məruzəsini müsbət qiymətləndirdi. Qeyd etdi ki, bu sahədə aparılan fəaliyyəti nəinki regionumuzda, həm də dünyada ən öncül təcrübə və fəaliyyətlərdən biri hesab edir. R.Nurullayev əlavə etdi ki, ümumiyyətlə, Daxili İşlər Nazirliyinin fəaliyyətini qiymətləndirirəm və ölkəmizdə stabilliyin, ictimai əsayişin və təhülkəsizliyin təmin edilməsində onların rolu danılmaz və əvəzsizdir: “Həm də qeyd etmək istəyirəm ki, Daxili İşlər Nazirliyi ilə parlament arasında çox sıx və faydalı iş birliyi var. Bu da sevindiricidir, çünki qarşılıqlı iş birliyi əsasında bir çox məsələləri anında və konkreüt epizodlar üzrə həll etmək olur. Buna görə də hörmətli nazir Vilayət müəllim Eyvazova, hörmətli Seyfulla müəllim (Əzizov-red.) sizə, o cümlədən bütün rəhbərlik və kollektivə dərin təşəkkürümü bildirirəm”.
Bir sıra deputatların müzakirəsindən sonra İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı səsə qoyularaq qəbul edildi.
Milli Məclisdə “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik və xüsusi/xidməti pasportlara malik şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar notalar mübadiləsinin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul olunub. Layihəyə əsasən, ümumvətəndaş pasportlarına malik Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları hər iki ölkəyə vizasız gedib 3 ay qala biləcəklər. Dəyişikliyə görə, Memorandumda “diplomatik” sözü “ümumvətəndaş, diplomatik və xüsusi/xidməti” sözləri ilə əvəz edilir. Yəni vizasiz giriş əvvəllər yalnız diplomatik və xüsusi/xidməti pasportlara malik şəxslərə şamil edilirdisə, dəyişiklikdən sonra ümumvətəndaş pasportlarına malik şəxslərə də şamil ediləcək.
İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edildi. İki türk dövləti arasında əldə olunan razılaşmaya əsasən, Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılacaq. Layihə barədə deputat Məşhur Məmmədov təqdim etdi. Bildirdi ki, Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun nizamnamə kapitalı Azərbaycan tərəfi üçün 75 %, Özbəkistan tərəfi üçün isə 25 % müəyyənləşdirilib. Bundan əlavə, baş ofis Özbəkistanda, nümayəndəlik Azərbaycanda olacaq.
Deputatlar iki qardaş ölkə arasında əməkdaşlığı və qanun layihəsini yüksək qiymətləndirdilər. Həmçinin Özbəkistan dövlətinin Qarabağda məktəb tikintisi ilə bağlı verdiyi qərarı məmnunluqla xatırlatdılar. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edildi.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi də birinci oxunuşda müzakirəyə çıxarıldı. Layihə barədə komitə sədrinin müavini Əli Məsimli ətraflı məlumat verdi, onun mütərəqqi əhəmiyyətindən danışdı.
Deputat Vahid Əhmədov çıxışında bildirdi ki, bu, çox ciddi qanun layihəsidir. “Dövlət başçısı cənab İlham Əliyev mütəmadi olaraq daha şəffaf yoxlamalarla əlaqədar göstərişlər verib”-deyən V.Əhmədov sahibkarların vaxtaşırı yoxlamalardan azad edilməsi ilə bağlı tətbiq olunan güzəştləri də xatırlatdı. Eyni zamanda, qeyd etdi ki, bəzi nazirliklərdə aparılan yoxlamalar kifayət qədər şəffaf olmadığı üçün belə bir qanun layihəsinin hazırlanmasına qərar verilib. Deputat bildirdi ki, bu qanun layihəsini İqtisadiyyat Nazirliyi təklif edib və digər nazirliklər üçün də nümunəvi addımdır. V.Əhmədov qeyd etdi ki, hansısa müəssisələr yoxlanılarkən bütövlükdə müəssisənin fəaliyyəti yoxlayıcılar tərəfindən dayandırılırsı, bu da ciddi problemlər yaradılırdı: “Amma bu qanun layihəsinə əsasən, yoxlayıcılar hansı sahəni yoxlayacaqsa, ancaq o sahənin işini dayandıracaq, digər sahələrin fəaliyyətini dayandırmaq hüququ yoxdur”. V.Əhmədov qeyd etdi ki, çox vaxt yoxlayıcıların sahibkarları yoxladığı zaman etik-davranış qaydalarının pozulması halları da qeydə alınır, bu məsələ layihədə əksini tapıb. Həmçinin deputat götürülən nümunələrlə bağlı da mütərəqqi təkliflərə diqqət çəkdi. Bildirdi ki, burada sahibkarların hüquqlarının qorunmasına önəm verilib. “Yoxlamanın əsas məqsədi şəffaflığın təmin edilməsidir, ona görə də şəffaflığın təmin olunması ilə bağlı əlavə maddənin təklif edilməsini təklif edirəm”, - V.Əhmədov çıxışını yekunlaşdırdı.
Layihə ilk oxunuşda qəbul edildi.
Spiker Sahibə Qafarova yekunda bildirdi ki, mayın 16-da Milli Məclis ümummilli lider Heydər Əliyevə həsr olunmuş xüsusi iclas keçirəcək.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ