Azərbaycanda İranlı iş adamını hansı yüksək çinli məmurlar himayə edir? – Belə-belə işlər…
Tarix: 20-10-2023, 11:18
Baxılıb: 755
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda İranlı iş adamını hansı yüksək çinli məmurlar himayə edir? – Belə-belə işlər…

20-10-2023, 11:18

Azərbaycan–İran münasibətləri dərin tarixi köklərə malikdir. Əsrlər boyu bərabər yaşayan İran və Azərbaycan xalqları islam aləminə mənsubdurlar və elmi, mənəvi, mədəni əlaqələr bu xalqları tarix boyu birləşdirib.Lakin bu bir gerçəklikdir ki, İrandakı molla rejimi Azərbaycan dövlətinin güclənməsini istəmir və onun inkişafını ləngidə biləcək hər vasitədən istifadə edir. İran otuz ildən çoxdur ki, Azərbaycan əhalisinin bir qisminin şiə olmasına görə şiəlik mərkəzli siyasət aparmış, ölkədə müəyyən qədər nüfuz sahibi olmaq və iranyönümlü seqmentin formalaşması üçün illərlə vaxt, maliyyə və insan resursu sərf etmişdir.
İranın müxtəlif saytlar, sosial şəbəkə və “YouTube” kanalları vasitəsilə Azərbaycan dini dövlət olmadığına görə tənqid edilmiş, İran modelinin orada tətbiqinin vacibliyi vurğulanmışdır, Azərbaycanın Qərb dövlətləri və İsrail ilə əlaqələri kəskin surətdə tənqid atəşinə tutulur. Tohid İbrahimbəyli və onun ətrafında olanların yaratdığı “Hüseynçilər Müqavimət Hərəkatı” yuxarıda qeyd olunanlara bir nümunədir. Qasım Süleymaninin İraqda öldürülməsindən sonra Azərbaycandakı sosial şəbəkə istifadəçilərinin Süleymanini şəhid kimi görməsi və bu mövzu ətrafında ciddi müzakirələrin getməsi İranın məzhəbçilik siyasətinin uğurunun göstəricisi idi.
İranın Azərbaycan daxilində apardığı siyasətə baxmayaraq, İkinci Qarabağ müharibəsi vaxtı İranın nümayiş etdirdiyi mövqe azərbaycanlı dindarlarda suallar doğurmuş, İrana qarşı skeptik düşüncə və çaşqınlıq yaratmışdır. Müharibə zamanı İran vasitəsilə Ermənistana silahların daşınması ölkədə qızğın müzakirələrə səbəb olmuşdu. Bu, atəşkəs dövründə yaradılan imicin müharibə dövründə və sonrasında ciddi zərbə və zədələr almasına səbəb olmuşdur.
Nəhayət, cari ilin yanvar ayında Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı və bunun nəticəsində səfirliyin bir əməkdaşının ölməsi digərinin yarlanması iki dövlət arasında gərginliyi pik həddə çatdırdı. Hazırda İrandakı məhdud diplomatik təmsilçiliyimiz nəzərə alınmaqla, Azərbaycan vətəndaşlarına zəruri olmadığı təqdirdə İrana səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur.
İran İslam Respublikası xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir. Həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilmişdir ki, bəzi Azərbaycan vətəndaşları İranda dini təhsil aldıqları müddətdə maddi maraq müqabilində adıçəkilən ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş, onların tapşırığı ilə Azərbaycan Respublikasının suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Silahlı Qüvvələrimizin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplamış, həmin məlumatları mobil telefon vasitəsilə, eləcə də İranda həmin şəxslərlə görüşlər zamanı bilavasitə təqdim etməklə casusluq formasında dövlətə xəyanət etmişlər. Araşdırmalarlaə müəyyən edilmişdir ki, İrana işləyən casuslar ölkəmizdə neft və qaz boru kəmərlərinin keçdiyi ərazilərin, hava limanlarında saxlanılan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə aid pilotsuz uçuş aparatlarının, tankların və müxtəlif hərbi avadanlıqların olduğu ərazinin, Bakı şəhərində “Texnofest” Aviasiya, Kosmik və Texnologiya festivalında nümayiş etdirilmiş texnikaların, Bakıda, həmçinin Salyan və Füzuli rayonlarında yerləşən strateji və hərbi obyektlərin, zenit-raket komplekslərinin, eləcə də digər radar-nəzarət qurğularının fotoşəkillərini və videoçəkilişlərini ani mesajlaşma sistemləri vasitəsilə xüsusi xidmət orqanının nümayəndəsinə göndərmişlər. Həmin Azərbaycan vətəndaşları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunmuşlar.
Araşdırmalar zamanı İran xüsusi xidmət orqanının tapşırığı əsasında fəaliyyət göstərən, barələrində olan cinayət işləri üzrə məsuliyyətdən yayınaraq İranda gizlənən Tohid İbrahimbəyli, Orxan Məmmədov, Elşad Hacıyev və digərləri tərəfindən təsir dairəsində saxlanılan Azərbaycan vətəndaşlarının üzv kimi cəlb edildiyi “Müzakirələr”, “Elanlar” və digər adlar altında “WhatsApp” tətbiqində yaradılmış qapalı qruplar ifşa edilmişdir. Məlum olmuşdur ki, bu qruplar vasitəsilə müasir beynəlxalq hüquqla tanınan insan hüquqlarına, Azərbaycan Respublikasının Konstitusiyasına zidd, Azərbaycanda dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyaların yayılması həyata keçirilmişdir.
Lakin müşahidələrdən belə qənaətə gəlmək olur ki, İran casuslarının ifşa edilməsi yönündə həyata keçirilən tədbirlər hələ tam yetərli deyildir. İrana casusluq etməkdə şübhə doğuran arasında elələri var ki, Azərbaycanda yüksək çinli, böyük vəzifəli şəxslər tərəfindən himayə olunurlar. RealMedia.az-ın redaksiyasına daxil olan məlumatlara görə, 2017-ci ildə Bakıda yaradılmış “Uluturan” MMC şirkətinin də bu xüsusda fəaliyyəti şübhə doğurur.  Əsas fəaliyyəti neft ayırma və neft kimya zavodlarının və digər sənaye zavodlarının ağır və sabit qurğularının dizaynı və istehsal edilməsi, habelə metal qırıntıları və neft məhsullarının alqı-satqısının da həyata keçirilməsi olan bu şirkətin təsisçisi İranlı iş adamı Atilla ləqəbli Sagha Farizdir.
“Uluturan” və  “Göktürk” şirkətinin başqa tərəfdaş firmalara, eləcə də ayrı-ayrı vətəndaşlara qarşı dələduzluq etmələri barədə əlimizdə kifayət qədər məlumat vardır. Etibarlı mənbədən verilən informasiyaya görə, Atilla ləqəbli Sagha Farizi təsisçisi olduğu “Uluturan” etibarından sui-istifadə edərək, ortaq iş qurmaq adı ilə bir çox vətəndaşı biznes layihələrinə şirnikləndirərək, əmlaklarını girov qoymalarına sövq etdirmiş, nəhayətdə isə külli miqdarda ziyana salmışdır. Eləcə də, adları çəkilən şirkətlərin vergi və maliyyə hesabatlılığına, müqavilə öhdəliklərinə də əməl etmədikləri, bir növ himayədarlarının köməyi ilə toxunulmazlıq statusu qazandıqları deyilir. Bu barədə səhih məlumatları, eləcə də himayədarlıq edən nüfuzlu şəxslərin adlarını oxucularla irəliləyən görüşlərimizdə açıqlayacağıq.
Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
RealMedia.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ