Qıtlıq dövründə turizm - xaricə kürü aparıb kürk gətirənlər, 4 arağa 4 ayaqqabı alanlar...
Tarix: 16-01-2023, 15:42
Baxılıb: 322
Google+ Paylaş
Tumblr Paylaş

Qıtlıq dövründə turizm - xaricə kürü aparıb kürk gətirənlər, 4 arağa 4 ayaqqabı alanlar...

16-01-2023, 15:42

Xaricdə istehsal olunmuş mallara, istər geyimlərə, istər texnika və məişət avadanlıqlarına, istərsə də içki və ərzaq məhsullarına SSRİ-də həmişə böyük maraq və tələbat olub. Sıravi vətəndaşlardan tutmuş ən yüksək ranqlı dövlət məmurlarına qədər hamı xarici məhsullara daha çox üstünlük verib.
Məsələn, dünya proletarlarının rəhbəri Lenin qərb siyasətini qəbul etməsə də, alman pivəsi içib, Stalin kapitalistləri “qamçılasa” da ona xaricdən tütün, eksoztik meyvələr daşıyıblar, Xruşovun şəxsi qarajında xaricdə istehsal edilmiş bir neçə avtomobil dayanıb, özünü həmişə yaraşıqlı göstərmək istəyən Brejnevin kostyumları xaricdə istehsal edilmiş parçalardan tikilib, Çernenko və Andropovun ailələrində yalnız xarici texnikalardan istifadə edilib, Qorbaçov və həyat yoldaşı isə ümumiyyətlə SSRİ istehsalı olan geyimlərdən istifadə etməyiblər.
Zenit_6883.jpg (218 KB)
Bu da bir faktdır ki, xaricə səfər etmək şansı qazanan sovet vətəndaşları getdikləri ölkədən daha çox mal gətirməyə çalışıblar. Amma mövcud dövrün qanunlarında xaricə səfər edənlərə valyuta məhdudiyyəti qoyulub. Yəni sovet vətəndaşları özləri ilə istədikləri qədər valyuta götürə bilməyiblər.
Bunun da çıxış yolu tapılıb. Belə ki, sovet vətəndaşlarının xarici məhsullara marağı kimi, əcnəbilərin də SSRİ istehsalı olan məhsullara marağı heç də az olmayıb və xaricə gedən sovet vətəndaşları özləri ilə mümkün olan qədər yük aparıblar.
Maraqlıdır, əcnəbilər hansı sovet məhsullarına daha çox maraq göstəriblər? Kommunistlərin bəyənmədiyi hansı məhsullar əcnəbilərin xoşuna gəlib?
Ikra-chernaya.jpg (91 KB)
Istənilən Avropa ölkəsində SSRİ-nin qara kürüsü ən tələbatlı mallardan biri sayılıb. 1960-cı illərdə SSRİ-də qara kürünün kiloqramı 4 rubl olub. 112 qrmlıq qablardakı kürü qəpik-quruşa satılıb. Həmin ərəfədə xaricə səfər edən sovet vətəbdaşı bu çəkidə olan 10 qab kürünü xaricdə satmaqla bütün səfər xərclərini ödəyə bilib. Onu da qeyd edək ki, məhz həmin ərəfələrdə bu günlərdən fərqli olaraq müəyyən miqdarda qara kürünü xaricə keçirmək bir o qədər də problem olmayıb. Sonralar xarici ölkələrdə qara kürünün qiymətinin astronomik olduğunu görən SSRİ rəsmiləri bu məhsulun xaricə daşınmasında ciddi məhdudiyyətlər tətbiq ediblər.
Xarici ölkələrdə SSRİ-nin ən populyar mallarından biri də “Zenit” fotoaparatları sayılıb. SSRİ-də həmin aparatların qiyməti 70- 90 rubl olub ki, 120-180 rubl maaş alan sovet vətəndaşı üçün həmin aparatı almaq büdcəyə uyğun olmayıb. Avropa ölkələrində isə bu qiymət tam məqbul sayılıb. Xarici ölkələrdə “Zenit” fotoaparatları 180-200 rubla satlıb.
O cümlədən SSRİ-nin istehsal etdiyi saatlar da xarici ölkələrdə sərfəli qiymətə satılıb. Xüsusilə, “Komandir”, “Pobeda”, “Luç” və “Vosxod” saatlarını sovet vətəndaşları Avropa ölkələrində 2-3 qat baha qiymətə satıblar. Təxminən bir saatın satışından 60-70 rubl gəlir əldə etmək mümkün olub.
3 (1).jpg (130 KB)
 
SSRİ-nin rəmzi ulduzları da xaricə gedən sovet vətəndaşlarına yaxşı pul qazandırıb. Qiyməti 5-10 qəpik olan “Oktybryat”, “Pioner”, “DOSAAF”, “KPSS”, “Udarnik truda”, “Lenin” və s. ulduzları əcnəbilər valyuta kursuna görə 5-10 rubla alıblar.
Moskvanın məşhur “Bolşeviçka” trikotaj fabrikinin məhsullarına xaricdə böyük maraq göstəriblər. Xüsusilə fabrikin tikdiyi kişi kostymlarına tələbat daha çox olub. Xaricə səfər edən sovet vətəndaşları iki dəst kostyum satmaqla 7-8 cins şalvar ala biliblər.
SSRİ-dən xarici ölkələrə alkoqollu içkilərin aparılmasında konkret məhdudiyyət qoyulub. Hər adam xaricə yalnız iki litr içki keçirə bilib. Yəni 4 yarımlitrlik. Xaricdə rus arağının populyar olmasını nəzərə alan səfərə çıxanlar özləri ilə yalnız araq aparıblar. 4 şaşə arağın qiymətinə xarici ölkələrdə 4 cüt ayaqqabı almaq mümkün olub.
3b9523fb53c2a0178585f98ca0b8ba25.jpg (116 KB)
Sovet vətəndaşları xaricdən əsasən geyim və məişət texnikaları gətiriblər. Onların bəziləri gətirdiklərini özləri istifadə etsələr də, bəziləri alver məqsədi güdüblər. Moskvada və SSRİ-nin digər böyük şəhərlərində “qara bazarlar” da məhz belə yaranıb. Mağazaların piştaxtalarının boş olduğu illərdə “qara bazar”da istənilən malı tapmaq mümkün olub - geyimdən tutmuş, ərzaq məhsullarına, yapon texnikasına qədər. Maraqlı məqamlardan biri də odur ki, bu bazarlardan dövlət məmurlarının ailə üzvləri də, hətta birincilərin övladları da istədikləri qədər yararlanıblar.
630_360_1619893637-706.jpg (141 KB)
Qeyri-qanuni ticarət fəaliyyətinə qarşı mübarizə aparan qurumlar da həmin dövrdə “alverçi” adlandırılan şəxslərin fəaliyyətinə göz yumub. Təbii ki, belə də olmalı idi. Əgər Brejnevin qızı məşuqlarına cins şalvarları, xarici içkiləri, Kosıginin qızı xarici fotoaparatları, daxili işlər naziri Şelokovun həyat yoldaşı xəz kürkü, baş katibin kürəkəni Çurbanov “Kent” siqaretini, Moskvanın birinci katibi Qrişinin ailəsi xaricdə istehsal edilmiş soyuducunu, ən “təmiz” kommunist sayılan Mərkəzi Komitənin katibi Suslovun oğlu videomaqnitafonu, Qromıkonun həyat yoldaşı öz ərinə şlyapaları bu bazarlarda axtarıblarsa, kim onlara bir söz deyə bilərdi, kim bu bazarların “sahib”lərini cəzanlandırmağa cürət edərdi?
Sonra da deyirlər ki, SSRİ sonuncu baş katib Qorbaçovun yanlış siyasəti üzündən süqut etdi. Dərindən araşdıranda aydın olur ki, bu dövlətin süqutunda sovet liderlərinin əksəriyyəti iştirak edib.
İlham Cəmiloğlu, Musavat.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ