Boşananların sayını azaltmaq üçün unikal təklif - fərqli rəylər
Tarix: 19-12-2023, 14:00
Baxılıb: 84
Google+ Paylaş
Tumblr Paylaş

Boşananların sayını azaltmaq üçün unikal təklif - fərqli rəylər

19-12-2023, 14:00

Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 44 643 nikah və 17 988 boşanma halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,2-dən 5,3-ə düşüb. Ölkə üzrə boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb. Bu barədə rəsmi statistikada bildirilir.
Psixoloq Ülviyyə Murtuzovaya görə, iki hal boşanmaya səbəb ola bilər: “Ailədə zorakılıq və xəyanət varsa, o ailə dağılmağa məhkumdur: Bu gün olmasa da, gələcəkdə onun fəsadları özünü bariz şəkildə göstərəcək. Buna görə də bəzi islam cəmiyyətləri kimi bizdə də yersiz səbəblərdən boşanmaları aradan qaldırmaq üçün cərimə sistemi tətbiq olunmalıdır”.
Onun qənaətincə, boşanmaların sayını azaltmaq üçün təkcə psixoloqların fəaliyyəti yetərli deyil, ailə problemləri ilə bağlı fəaliyyət göstərən bütün qurumlar bu məsələdə birgə çalışmalıdır.
Cərimə sisteminin tətbiqi boşanmalara qarşı nə dərəcədə səmərəli ola bilər? Mümkünmü? Bu, ailənin daxili işinə müdaxilə anlamına gəlməzmi?
Fazil Mustafa güllələndi
Fazil Mustafa: “Cərimə tətbiq etməklə kimisə boşanmadan çəkindirmək mümkün deyil, birinci növbədə sosial şərtləri ortadan qaldırmaq lazımdır”
Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışıb: “Bu cür cərimə sisteminin tətbiq olunması boşanmaların qarşısını almayacaq. Hesab edirəm ki, birinci növbədə sosial şərtləri ortadan qaldırmaq lazımdır. Daha sonra narkomaniya ilə bağlı problem də çox ciddi şəkildə boşanmalara öz təsirini göstərir. 
Ölkədə təhsil sisteminin bərbad vəziyyətdə olması mədəni  səviyyəni aşağı salır. Bu gün təhsilin idarə olunmasında mövcud olan problemlər əslində sonradan yerlərdə özünü hiss etdirməyə başlayır. Diqqət edirsinizsə, təhsil və təlim anlayışı həmişə bir yerdə işlədilir. Bizdə isə təhsil bir çox hallarda keyfiyyətli deyil, həmçinin təlim də aşağı səviyyədədir. Ümumiyyətlə, məktəblərdə təlim məsələsi bir problemdir. 
Bu baxımdan, boşanmaların  səbəbini bu məsələlərdə axtarmaq lazımdır. Cərimə tətbiq etməklə kimisə boşanmadan çəkindirmək mümkün deyil. Dözümsüzlük halları o səviyyədədir ki, onun qarşısını almaq yalnız cəmiyyətin mədəni inkişafı ilə bağlıdır. Yəni insanlar əvvəlcədən doğru seçim etməklə ailə qurmalıdırlar. Burada valideynlərin də təsiri var və müəyyən problemlər məhz oradan yaranır".
Deputat qeyd edib ki, ölkədə nikahların sayının azalması, əksinə, boşanmaların sayının artması hər kəsi narahat etməlidir: “Çünki bu həm də ailə institutunun dağılması deməkdir. Biz bu məsələlərdə daha həssas davranıb, bütün cəmiyyətin bu istiqamətdə səfərbərliyini təmin etməliyik”.
Sosioloq Üzeyir Şəfiyev isə qeyd edib: “Hesab edirəm ki, psixoloqun bu fikri çox absurddur. Ona görə ki, boşanmaların qarşısını cərimələrlə almaq mümkün olsaydı, boşanmaya təşəbbüs göstərən tərəf təzminat ödəyir, onda təsir edərdi. 
Cütlüklər niyə qeyri-rəsmi münasibətə üstünlük verir? "Ailə institutu"  ciddi təhlükə ilə üz-üzədir - Mediapost.az - Azərbaycan Xəbərləri
Üzeyir Şəfiyev: “Bu barədə səslənən fikirləri absurd hesab edirəm, çünki...”
İkinci məqam isə ondan ibarətdir ki, əgər boşanmaların qarşısını cərimə ilə almağa çalışsalar, cərimə baryerindən qorxan, boşanmadan çəkinən insanlar rəsmi olaraq boşanmasalar da, ailələrdə ailədaxili konfliktlər davam edəcək. Yəni formal olaraq ailə qalır, amma reallıqda demək olar ki, ailə olmur. Bu isə daha böyük ailədaxili konfliktləri körükləyir".
Sosioloq boşanma səbəbləri və onların aradan qaldırılması istiqamətində də danışıb: “Hesab edirəm ki, Azərbaycanda boşanmaların sayının artması dinamikası bu və digər səbəblərdən hələ bir neçə il də davam edəcək. Səbəb isə odur ki, əvvəllər cəmiyyətimizdə bəzi stereotiplər var idi ki, onlar ailələrin dağılmasının qarşısını alırdı. Məsələn, əvvəllər Azərbaycan kişisi boşanmanı qəbullanmır, qadınlar boşanmağa böyük bir faciə kimi yanaşırdı. Bu gün isə ailə fəlsəfəsində dəyişmələr var, həm qadınlar, həm də kişilər boşanmaya çox normal yanaşır ki, bu da bu və digər səbəblə izah olunur. 
Belə ki, Azərbaycan qlobal dünyaya açılandan sonra qloballaşma fonunda bir sıra başqa ölkələrdə ailələrdə baş verən dəyişikliklər Azərbaycan ailəsinə də təsir göstərdi. İnsanlar seriallardan, filmlərdən və yaxud gedib-gəldiyi xarici ölkələrdən görür ki, xaricə boşanmalar rahat şəkildə qarşılanır, bunu faciəyə çevirmirlər. Yəni, həyat tərzlərinin imitasiyası baş verir.
Boşanmaların qarşısını almaq üçün ilk öncə ailələr sağlam sütunlar, sağlam sevgi əsasında qurulmalıdır. Hesab üzərində ailələr qurulmamalıdır. Hesab üzərində qurulan ailələr boşanmalara məruz qalır. 
Gənclər ailə böhranlarına hazır olmurlar. Məlum olduğu kimi, adətən yeni ailə qurularkən 3-5 il ərzində böhranlı dövr olur. Əvvəllər ağsaqqalların, ağbirçəklərin müsbət müdaxiləsi ilə bu böhranlar tənzimlənirdi. Amma indiki ailələr adətən ayrı yaşamağa üstünlük verirlər, nəticədə 3-5 il ərzində bir-birindən doyduqdan sonra böhranlar yaranır və emosional şəkildə ayrılır, boşanırlar. Güman edirəm ki, ailə quran gənclərə həm də ailə böhranlarından çıxmağın yolları ilə bağlı həm orta, həm də ali məktəblərdə təlimlər vasitəsilə dəyərlər aşılanmalıdır. Yəni gənclər ailə qurmağa hazırlanmalıdırlar. Müşahidə edəndə görürük ki, indiki gənclərin xeyli hissəsinin ailə dəyərləri haqqında bilgiləri çox bəsitdir. 
Daha bir məsələ, boşanmaların səbəblərindən biri də sosial-iqtisadi əsaslar da ola bilir. Gənc ailələrin mənzil-məişət problemləri olur. Çox yaxşı olardı ki, gənc ailələrə mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı əlavə sosial dəstək tədbirləri həyata keçirilsin, sosial paketlər təsdiq olunsun. Eləcə də onlarla bağlı rayonlarda, bölgələrdə gənc ailələrə pay torpaqlar ayrılsın ki, onlar öz həyatlarını orada qura bilsinlər, şəhərə axın etməsinlər".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ