Prezident: "Bu barədə ya diletantlar, ya da provokatorlar danışa bilərlər"
Tarix: 17-01-2023, 10:06
Baxılıb: 310
Google+ Paylaş
Tumblr Paylaş

Prezident: "Bu barədə ya diletantlar, ya da provokatorlar danışa bilərlər"

17-01-2023, 10:06

Bu cür bəyanatlar ermənipərəst qüvvələr tərəfindən yayılır.
Əminliklə söyləmək olar ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi ölkəmizin tarixinə növbəti önəmli bir siyasi hadisə kimi yazıldı. Prezident İlham Əliyevin televiziya işçilərinin suallarını cavablandırarkən verdiyi açıqlamalar hər zaman olduğu kimi, bu dəfə də ictimaiyyətin diqqətini çəkdi.
Xatırladaq ki, ölkə başçısı çıxışı zamanı son zamanlar xarici mətbuatda Azərbaycanın guya sonradan Avropa, dünya bazarlarına ixrac etmək məqsədilə Rusiyadan qaz alması barədə yayılan xəbərlərə də aydınlıq gətirib. Prezident İlham Əliyev sözügedən informasiyanı manipulyasiya kimi dəyərləndirib.
“Ötən ilin sonunda kontrakt bağlanıb və keçən müddətdə həmin həcmin heç yarısını da almamışıq. Biz bunu nə üçün edirik? Bəli, bizdə istehlak artır, əhali artır. Kifayət qədər ehtiyat olmayan vaxtlarda tam gücü ilə işləməyən müəssisələr – metanol zavodu, karbamid zavodu, neft-kimya müəssisələri indi tam gücü ilə işləyir. Təkcə keçən il Azərbaycanda istehsalın və ixracın həcminə nəzər salsaq görərik ki, biz 22 milyard kubmetr qaz ixrac etmişik və mənim fikrimcə, cəmi 200 və 300 milyon kubmetr, yəni bir faiz idxal etmişik. Bu il 24 milyard kubmetr qaz ixrac edəcəyik və həmin 1 milyarddan qalan hissəni idxal edəcəyik. Yəni, bizim guya Rusiyadan qaz alıb onu sonradan satacağımız barədə ya diletantlar, ya da provokatorlar danışa bilərlər”, - deyə Azərbaycan Respublikasının Prezidenti vurğulayıb.
Publika.az qeyd olunan məsələ ilə bağlı fikirlərini bölüşmək üçün siyasi şərhçi Elşən Məcidovdan açıqlama alıb.

Siyasi şərhçi açıqlamasında deyib: “Bu bəyanatlar Ermənistan və ona yaxın olan qüvvələr, xüsusən də, Fransa, Lüksemburq, Hollandiya kimi erməni diasporasının güclü olduğu ölkələr tərəfindən yayılır. Təbii ki, məqsəd Azərbaycanla Rusiyanı bir alyans kimi təqdim etməkdir. Bildiyiniz kimi, Rusiya Ermənistanın əsas müttəfiqlərindən biridir. Odur ki, Ermənistan qərbin Rusiyaya daha da güclü zərbə endirmək üçün yaxın gələcəkdən artıq onun müttəfiqlərinə qarşı da müəyyən tədbirlər görəcəyindən ehtiyat edir”.
“Xatırlayırsınızsa, 1-2 ay bundan öncə “Bloomberg” agentliyi Ermənistanın Rusiyaya “Hi-Tech” texnologiyaları əldə etmək üçün köməklik göstərməsi barədə xəbər yaymışdı. Ermənistanın Avropadan aldığı məişət texnologiyalarını Rusiyaya satdığı, Rusiyanın isə həmin texnologiyaların içindəki mikroçiplərdən Ukraynaya qarşı müharibədə hərbi məqsədlərlə istifadə etdiyi bildirilirdi. Bu məsələnin qabardılması, əlbəttə ki, Ermənistana qarşı ikinci dərəcəli sanksiyaların qəbul edilməsi ilə nəticələnə bilər. Buna görə də Ermənistan özünü dünyaya Rusiya ilə sanki müttəfiq deyilmiş kimi göstərməyə çalışır. Odur ki, Azərbaycanla bağlı belə bir manipulyativ xəbərin yayılmasını ermənilər və ermənipərəst qüvvələr qarşılarına məqsəd qoyaraq, Ermənistana qarşı tətbiq oluna biləcək sanksiyaları ölkəmizə yönəldəcəklərini düşünürlər”, - deyə siyasi şərhçi E.Məcidov fikirlərinə əlavə edib.
Siyasi ekspert qeyd edib ki, bu cür uydurma informasiyalar heç vaxt Azərbaycanın reputasiyasına ciddi zərbə endirə bilməz.
Mehti Kamiloğlu


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ