Paşinyandan Rusiyaya və Azərbaycana qarşı “U dönüşü”
Tarix: 25-10-2022, 08:33
Baxılıb: 451
Google+ Paylaş
Tumblr Paylaş

Paşinyandan Rusiyaya və Azərbaycana qarşı “U dönüşü”

25-10-2022, 08:33

Ermənistan fəlakətə doğru sürüklənir; “Nikolun Moskvanın əsas rəqibləri olan paytaxtlarla işbirliyində olmasını Kreml ona bağışlamayacaq”

Nikol Paşinyan hökuməti Qərblə Rusiya arasında Azərbaycana qarşı riskli “iki stul” siyasətini, məkrli oyunlarını davam etdirir. Ermənistana son bir həftədə Avropadan (cürbəcür “müşahidəçilər” missiyası, AB-nin Ermənistan üzrə həmməruzəçisi və s.), ABŞ-dan (konqresmenlər və başqaları), İrandan (xarici işlər naziri) və Rusiyadan (baş nazir və s. ) artan emissar axını göstərir ki, bu saxta dövlət ötən əsrin əvvəllərində olduğu kimi, yenə regionu qarışdırıb “bulanıq suda balıq tutmaq”, bölgəni çalxalamaq istəyənlərin" əlində alətə olmağa məmnuniyyətlə razılıq verib.
Halbuki gərginliyə son qoymağın da, Ermənistan üçün təhlükəsiz, rifah içində mövcud olmağın da, yeni hərbi toqquşmalardan qaçmağın da tək və sadə yolu məlum: Azərbaycan və Türkiyə  ilə vaxt itirmədən beynəlxalq hüquqa əsaslanan sülh müqavilələri imzalamaq, ərazi iddialarından həmişəlik əl çəkmək. Yəni böyük sülh, nicat yolu kapitulyant ölkənin cəmi bir addımlığındadır, nəinki uzaqlarda, okeanın o tayında. Əfsus ki, Ermənistan rəhbərliyi hələ də “çəhrayı arzularla” yaşayır. Köhnə siyasəti davam etdirmək üçün eyni vaxtda az qala, hamıya satılmağa hazır görünür. Bu isə nəinki Paşinyan iqtidarına və erməni siyasi elitasına, ümumən erməni xalqına növbəti və daha böyük fəlakət vəd edir.   
Bu arada rusiyalı tanınmış ekspert, “Mülki müdafiə” jurnalının baş redaktoru İqor Korotçenkonun sosial şəbəkələrdə Ermənistan baş naziri ilə bağlı keçirdiyi sorğunun nəticələri diqqət çəkib. Bildirilir ki, ekspert iştirakçılara “Nikol Paşinyan Rusiyaya xəyanət edəcəkmi” sualı qoyulub. Sorğu həm Twitter, həm də Telegram sosial şəbəkəsində keçirilib.
Twitterdəki sorğuda 1236 nəfər iştirak edib. İştirakçıların 91%-i Nikol Paşinyanın xəyanət edəcəyini bildirib. 2% “yox” cavabını verib, 2% cavab verməkdə çətinlik çəkib. Telegram kanalında isə 2658 nəfər səsverməyə qatılıb. Onların 91%-i Nikol Paşinyanın Rusiyaya xəyanət edəcəyini bildirib, 1% etməyəcəyini, 2% cavab verməkdə çətinlik çəkib. Hər iki sorğunun nəticələrinin demək olar ki, üst-üstə düşməsini vurğulayan İqor Korotçenko bunun qətiyyən təsadüf olmadığını bildirib.
Bəs Paşinyan hökumətinin Rusiyadan tamamilə üz döndərməsi realdırmı? O halda o, Qərbin tam dəstəyinə nail ola bilərmi və bu “U dönüşü” Azərbaycana və Ermənistana nə vəd edəcək? 
Erməni xalqı Azərbaycanla qonşu olmaq istəyir - Xəyal Bəşirov - VİDEO
Xəyal Bəşirov
Politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, son zamanlar Ermənistan hakimiyyəti tərəfindən müxtəlif təhlükəli addımların atıldığının şahidi oluruq. Nikol Paşinyan hakimiyyəti özünün son resurslarından istifadə edərək çox təhlükəli mərhələyə qədəm qoyub. Artıq Nikol Paşinyan demək olar ki, başını itirmiş durumda görünür. Hansı istiqamətə yönəlmək kimi məsələləri də düzgün idarə edə bilmir. Baş verən proseslər ondan xəbər verir: “Ermənistan tərəfi necə ki 44 günlük müharibədə Azərbaycan Silahlı Qüvvələri tərəfindən dalana dirənmişdi, indi də Ermənistan siyasi və diplomatik müstəvidə döyüşdə Azərbaycan tərəfindən eyni situasiya ilə üz-üzə qoyulub. Ermənistan dalana dirənmiş vəziyyətdədir. Bu vəziyyətdən çıxmaq üçün əslində Bakı ilə danışıqlar aparmaq və problemlərin həlli istiqamətində addımlar atmaq, sülh sazişinin mətnini hazırlamaq istiqamətində müzakirələrə başlamaq əvəzinə Paşinyan çox təhlükəli oyunlar oynamaqla məşğuldur. Artıq bu təhlükəli oyunların nəticələri Ermənistanın özü üçün çox ciddi problemlərə, hətta faciələrə gətirib çıxaracaq. Paşinyan aralarında var-gəl etdiyi paytaxtların sayını artırıb, Tehranla və Dehli ilə də əlaqəli işləməyə çalışır. Erməni baş nazirin oyun oynadığı, əlaqəli işlədiyi paytaxtlar arasında bir-biri ilə münasibətlər heç də normal deyil, hətta bir-biri ilə az qala müharibə vəziyyətində olanları var. Paşinyanın bu oyunları onun hakimiyyətinin itirilməsi bahasına başa gələ bilər. Xüsusilə də onun Moskva ilə görüntü xatirinə guya münasibətlər qurması, əslində isə Moskvanın əsas rəqibləri olan paytaxtlarla işbirliyində olmasını Kreml bağışlamayacaq”.
X.Bəşirovun sözlərinə görə, Ermənistanı idarə edənlər bunu da hələ anlamırlar ki, Ermənistan adlı dövlətin sərhədlərinin 70 faizdən artığı Azərbaycan və Türkiyə ilədir və bu reallıq Ermənistanın məhz Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmasını diktə edir: “İrəvan isə onunla coğrafi baxımdan bağlı olmayan dövlətlər arasında vurnuxur, o dövlətlərdən kömək gözləyir. Bu, da bir daha ondan xəbər verir ki, Ermənistanın hakimiyyəti idarəetməni itirib. Ermənistan Rusiya buxovundan çıxmağa cəhdlər edir. Rusiya cəmiyyətində Ermənistana və onun hakimiyyətinə münasibətin də mənfiyə dəyişməsi həm də bununla bağlıdır. Ruslar Paşinyan iqtidarının Rusiyaya xəyanət etdiyini görür. Amma mən düşünmürəm ki, bu gün başı Ukraynada müharibəyə qarışan Rusiya dövləti Ermənistana bu cəhdləri sona qədər etməyə imkan verəcək. Ermənistan dövlətçiliyi, mövcudluğu Rusiyadan asılı olan vəziyyətdədir. Paşinyan sanki bu reallığı da unudub və dövlətinin ərazisini çoxlu sayda dövlətlərə platsdarm etməklə məşğuldur. Ermənistan hakimiyyəti 10 noyabr üçtərəfli bəyanatında və sonrakı dövrlərdə keçirilən görüşlərdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə bu cür ağılsız davranışlar, oyunlar həyata keçirməkdədir. Bunlar isə sonda onun özünün başında çatlayacaq”.
Azad MƏSİYEV - TEZADLAR
Azad Məsiyev
Politoloq Azad Məsiyev isə bildirdi ki, 10 noyabr üçtərəfli bəyanatının imzalanmasının təşəbbüskarı indi Paşinyanın “qucağında oturduğu” paytaxtlar deyil, məhz Rusiya olub. Həmin bəyanatı imzalamaqla Ermənistan üzərinə öhdəliklər götürüb. Lakin bu gün faktiki olaraq başqa paytaxtların diktəsi ilə hərəkət edərək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınır: “Bütün bu kimi addımlarla həm də Rusiyaya qarşı çıxdığını nümayiş etdirmiş olur. Nikol Paşinyan hakimiyyətinə Rusiya ictimai rəyində "hər an xəyanətə gedən" fikrinin formalaşması da təbiidir. Hər kəs bilir ki, Nikol Paşinyanı hakimiyyətə Amerika gətirib. Vaşinqton Paşinyan hakimiyyəti üzərindən Cənubi Qafqazda öz nüfuzunu artırmaq məqsədi güdürdü və bu gün də belədir. Paşinyan hakimiyyətinin zəifləməsini görən Vaşinqton onu qoruyub saxlamaq üçün ona dəstəyini son zamanlar daha da artırmağa başladı. Ermənistana ard-arda Qərbdən səfərlərin təşkil edilməsi də bunun üçündür. Dünya siyasətində iki superdövlətin maraqları toqquşur. Bunların biri ABŞ, o biri Rusiyadır. Bu maraqların toqquşması Cənubi Qafqazda da özünü göstərir. ABŞ-ın Cənubi Qafqazda özünə dayaq bildiyi nöqtə Paşinyandır. Paşinyan da Vaşinqtonun diktəsi ilə Rusiyanın Cənubi Qafqazda zəiflədilməsi planında rol alıb. ABŞ istəmir ki, Azərbaycanla Ermənistan arasında böyük sülh sazişi Rusiyanın vasitəçiliyi və təşəbbüsü ilə gedən prosesin sonunda olsun. Ona görə də Paşinyana bu prosesi pozmaq göstərişi verilib. Paşinyan artıq Rusiya ictimai rəyində ABŞ-ın oyuncağı kimi qəbul edilir".
Politoloq qeyd etdi ki, əgər Ermənistan hakimiyyəti ölkəsini xilas etmək istəyirsə, doğru yola qayıtmalıdır. Bu yol isə üzərinə götürdüyü məlum öhdəlikləri yerinə yetirmək və Azərbaycanla sülh sazişini imzalamaqdır. Bununla o, həm də Türkiyə ilə münasibətlərinin düzəlməsinə nail olacaq. Eyni zamanda Rusiyanın qəzəbindən qurtulmuş olacaq.  


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ