Yeni əyləncə və nəqliyyat növü “Electro-Scooter”lər: Bakıda onları kimlər sürür?   FOTO REPORTAJ
Tarix: 7-04-2022, 14:51
Baxılıb: 307
Google+ Paylaş
Tumblr Paylaş

Yeni əyləncə və nəqliyyat növü “Electro-Scooter”lər: Bakıda onları kimlər sürür? FOTO REPORTAJ

7-04-2022, 14:51

Havanın isinməsi ilə paytaxt sakinlərinin şəhərə axını çoxalıb. Bir çox insan hava almaqla yanaşı müxtəlif məşğuliyyətlərlə öz gəzintilərinə maraq, əyləncə qatır. Bu məşğuliyyətlərdən bəzisi velosiped, konki, skeyt sürməkdir.
Hazırda isə şəhərdə yeni əyləncə növü yaranıb.
Bu, kirayə götürülə bilən "Electro-Scooter"lərdir. Artıq şəhərin bir neçə mərkəzi küçələrində, Dənizkənarı milli parkda bu əyləncə növünə rast gəlmək olar.
Nədir bu elektroskuter?
Bir çox Avropa ölkələrində elektroskuterlərdən nəqliyyat vasitəsi kimi istifadə edilir.  Bu cihazlar həm tıxac problemini aradan qaldıraraq gedəcəyimiz ünvana çatma prosesini sürətləndirir, həm də təmiz havada səyahət etməyə şərait yaradır. Bakıda da az da olsa bundan istifadə edənlər var.
Ancaq əksər paytaxt sakini hazırda bu cihazdan nəqliyyat vasitəsi kimi deyil, daha çox bulvar və paytaxtın mərkəzi küçələrində əyləncəli vaxt keçirmək üçün istifadə edirlər.
Bəs bu elektroskuterlər necə icarə götürülür?
Belə ki, vətəndaşlar dənizkənarı milli parkda elektroskuter sürmək üçün (söhbət icarə edilənlərdən gedir-red.) əvvəlcə “Wingz.az” mobil tətbiqini yükləyib, qeydiyyatdan keçərək kart hesabını daxil edirlər. Daha sonra elektroskuterlərin icarəyə verilən məntəqələrinə gəlib, müəyyən müddətlik icarə götürə bilirlər. Cihazı istifadə etmək üçün isə yaş həddi yoxdur. İdarə etməyi bacaran istənilən şəxs gəlib elektroskuter icarəyə götürə bilər. Vaxt isə skuteri icarəyə götürdüyünüz andan hesablanır. Məsələn, 25 dəqiqəlik icarəyə götürsəniz, hesablanan pul avtomatik kart hesabından çıxılır.
İcarəyə götürüb istifadə edən zaman vaxt bitərsə elektroskuter avtomatik olaraq dayanır və istifadə edən şəxs ya yenidən müddəti artırıb skuteri aktivləşdirməli, ya da onu olduğu yerdən sürükləyib icarəyə götürdüyü yerə gətirməlidir.
“Wingz.az” mobil tətbiqinə gəldikdə isə tətbiq vasitəsi ilə xəritədə mövcud skuterləri tapıb icarəyə götürmək olar. İcarə müddəti bitdikdə isə həmin xəritədə görünən parklama nöqtələrinə yaxınlaşaraq səyahəti sonlandırmaq mümkündür.
Hazırda bulvar və ətraf ərazilərə baxdıqda bir çox vətəndaşın elektroskuterdən istifadə etdiyini və olduqca əyləndiyini görmək olar.
Ümumi olaraq elektroskuterlərin qiymətinə nəzər saldıqda isə öyrəndik ki, ikinci əl satış qiyməti minimum 400 manatdan başlayır. İstifadə olunmamış, yəni yeni elektroskuterlərin minimum başlanğıc qiyməti 980 manatdır.
Onu da qeyd etmək lazımdır ki, hazırda avtomobil əvəzinə elektroskuterə üstünlük verən şəxslər də var. Ekspertlər bildirirlər ki, əgər bu hal çoxalarsa və adət halını alarsa ölkəmizdəki tıxac problemi də azalar. Eyni zamanda bu cihazdan istifadə edərkən, təhlükəsizlik qaydalarına da ciddi şəkildə riayət etmək lazımdır. Lakin təəssüf ki, Bakıda bu vasitələri sürənlərin çox az bir qismi qoruyucu geyimləri geyinirlər. Söhbət kaska, gecələr əks işıq verən jilet, diz və dirsəyi qorumaq üçün qoruyucu və sairələrdən gedir.
Bir çox özəl və dövlət klinikalarında çalışan həkimlərdən aldığımız məlumata görə, son zamanlar skuterlərdən yıxılaraq xəsarət alanların sayı çoxalıb. Həkimlərin sözlərinə görə onlar daha çox gənc xanımlardır. Buna görə də skuterdən istifadə edən zaman təhlükəsizlik qaydalarına ciddi əməl etmək vacibdir. Müşahidə etdik ki, skuterlərin icarə yerlərində də hər hansı bir qoruyucu vasitə verilmir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ