Prezidenti dəstəkləmək yox, ona qarşı informasiya təxribatları satqınçılıqdır - sosial mediadakı trollara trotilli cavabım
Tarix: 28-06-2020, 20:10
Baxılıb: 648
Google+ Paylaş
Tumblr Paylaş

Prezidenti dəstəkləmək yox, ona qarşı informasiya təxribatları satqınçılıqdır - sosial mediadakı trollara trotilli cavabım

28-06-2020, 20:10

Müstəqil medianın, tanınmış yazarların İlham Əliyevi dəstəkləməsi kimləri və niyə narahat edir – faktlar
Ölkənin həssas, gərgin, çətin dövrüdür. Ağlı, əxlaqı, mənliyi, şərəfi, mərhəməti, mərdliyi olan hər kəs xalqa gücü çatdığı, bacardığı köməyi edir, maarifləndirir, dövlətə dəstəyini əsirgəmir. Bütün sağlam düşüncəli, əxlaqlı, dövlət, millət sevgisi olan vətəndaşlar hamısı Azərbaycanın güclənməsi üçün həyata keçirilən islahatlar, antikorupsiya prosesini alqışlayır, təqdir edir, eyni zamanda koronavirus bəlasının tez bitməsi, normal həyata qayıtmağımız, iqtisadiyyatımızın bərpası üçün əlindən gələni edir, bütün diqqətlər buna yönəlib.
Əlbəttə, hər kəs şahiddir ki, bu gün ölkədə çox ciddi bir proses gedir. Şübhəsiz, sağlam tənqidə hər zaman yer var, ölkədə müəyyən çatışmazlıqlar, nöqsanlar da mövcudur, hətta çoxdur, heç danılmır da. Bu nöqsan və problemləri də, nöqtə atışı ilə daha çox və müntəzəm olaraq ölkə prezidenti gündəmə gətirir. Həm də yalnız sözdə deyil, müxalifətin belə güman etməyəcəyi miqyasda əməldə həyata keçirdir. Anti-korrupsiya həbsləri, Nazirlər Kabinetinin, Prezident Administrasiyasının təmizlənməsi, Milli Məclisin oliqarxik koalisiyanın nəzarətindən çıxarılması (Eldar Mahmudov - Oqtay Əsədov tandeminin son qalası MM idi) dediklərimizə ən gözəl sübutdur...
Belə bir ağır yükün, belə bir qlobal mahiyyətli dəyişim prosesinin, mövcud iqtidarın demontaj edilərək, paralel şəkildə yenisinin qurulmasının Azərbaycanın hər bir vətəndaşı üçün böyük əhəmiyyəti var. Bu prosesdə Prezident qalib olmalıdır! Mafiyalar deyil! Və onun - prezident İlham Əliyevin böyük islahat prosesində qalib olması üçün özünün və dövlətin sabahını düşünən, ölkəsinə, xalqına fayda vermək istəyən hər kəs dövlət başçısına dəstək verməlidir.
O cümlədən “Yeni Müsavat” Media Qrupu və onun rəhbəri Rauf Arifoğlu da bu dəstəyi açıq, şəffaf şəkildə ifadə edir, ortaya mövqe qoyur. Milli azadlıq hərəkatından doğan bir qəzetin, onun kollektivinin, rəhbərinin belə bir prosesə dəstək verməsi mühümdür, göstəricidir. Lakin illərdir ki, iqtidarın mühafizəkar qanadının (artıq onların çoxu iqtidardan təmizləniblər) gizli olaraq idarə etdiyi bir qism müxalifət funksionerlərinin, düşərgənin və onun bəzi tör -töküntülərinin, cəmiyyətin əyyaş, əxlaqsız və məsuliyyət hissindən yoxsul fərdlərinin terroru ilə üz-üzə qalmışıq. Səbəb birdir: niyə "Yeni Müsavat" Media Qrupu prezident İlham Əliyevi, onun islahat kursunu dəstəkləyir? Sən demə biz Əli Kərimlini, Cəmil Həsənlini, Hilal Əsədovun müxalifətdəki 8 minlik "moşşennik" adamını və ümumiyyətlə müxalif düşərgə cəngəlliyində fələyə qarşı zər tutan başqalarını müdafiə etməliydik.
Media Qrupumuzun rəhbəri Rauf Arifoğluna, kollektivə "satqın, əqidəsindən dönmüşlər", yazırlar, mənəvi terrora məruz qoyurlar. Çünki bu platforma güclüdür, mühümdür və "Yeni Müsavat" Media qrupu ictimai rəyə, siyasi atmosferə təsir edir. Və belə bir platforma Prezidenti dəstəkləyir! Onların və arxalarındakı çeşidli anti -Azərbaycan mərkəzlərinin illərdir yıxmağa, devirməyə çalışdıqları İlham Əliyevi gücləndirən hər bir faktora qarşıdır bu nadürüstlər! Fəal millət vəkilləri, yazarlar, redaktorlar ona görə açıq və aqressiv hədəfə götürülürlər. Kimsə dəstəyini ifadə etməsin, kimsə mövqe qoymasın, kimsə bunları ifşa etməyə cəsarət göstərməsin. Söhbət ümumi olaraq, "iqtidaryönümlü" təyinatından getmir. Söhbət məhz prezident İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın konkret kurs və islahat siyasətlərini dəstəkləyən fərd və quruluşlardan gedir. Hədəf onlardır!
Bu səbəbdən hədəf Rauf Arifoğludur, "Yeni Müsavat" Media Qrupudur!
3 gün əvvəl Rauf Arifoğlu növbəti dəfə ifadə edib bu mövqeyi. Yenisabah.az saytına verdiyi müsahibəsində konkret və əsaslandırılmış fikirlər ifadə edib. Sitat: “...Mən prezident İlham Əliyevi dəstəkləyirəm. Onun addımlarını, uzun illər müxalifətdə olduğum bir iqtidarı ağıl və sistemlə demontaj etməsini dəstəkləyirəm. Görünən budur ki, Prezident özü də bu iqtidara qarşı illərlə müxalifətdə olub. Düşünüb, plan qurub, hazırlaşıb, məqam gözləyib. Və mən bilən ən azı, 3 dəfə bu iqtidarı islah etmək təşəbbüsləri göstərib. Həm də ilk dəfə 2005-ci ilin parlament seçkiləri zamanı... Əli İnsanov da daxil, nazirlərin həbsləri, Rəsul Quliyevin qəfildən Bakıya uçmaq cəhdləri yadınızdadırmı... 2013-cü ildə Moskvada modelləşdirilən Milli Şura oyunları, Rüstəm İbrahimbəyovun timsalında Kremlin ölkəni qarışdırmaq təşəbbüslərini də xatırlamaq lazım... Qəribə budur ki, hər dəfə də iqtidarda islah hədəfində olan vəzifəli məmurlarla müxalifətin bir qismi birləşərək, ona maneçilik törətməyə çalışıblar. 2005-də, 2013-də və son dəfə də indi! İlham Əliyev demək, bu anda, bu zaman kəsiyində, Azərbaycan deməkdir. Başqa heç bir siyasi lider hazırda Azərbaycan demək deyil. Heç onun bir küçəsi də demək deyil. Bu baxımdan, mən Azərbaycanı dəstəkləyirəm. Bu model dəyişəcəksə, Prezident Azərbaycanı normallaşdırıb, islahatları tamamlayıb, dövləti mafiyalardan, siyasəti natəmizlərdən, işğaldakı torpaqları ermənilərdən təmizləyəcəksə , mən fərqli seçimləri düşünəcəm. Amma indiki halda, Azərbaycanı seçirəm...”
(Müsahibəni tam şəkildə buradan oxuya bilərsiniz: https:// yenisabah.az/eli-insanov-dedi-ki-rauf-arifoglunun-basini-kesib-tepiklemek-lazimdir)
Maraqlısı bilirsiniz nədir? Rauf Arifoğlunun məhz “İlham Əliyev demək, bu anda, bu zaman kəsiyində, Azərbaycan deməkdir” fikri bəzi bəlli kəsləri ciddi şəkildə narahat edib və onlar eybəcər, əxlaqsız, cəmiyyət və dövlət üçün çox təhlükəli bir kampaniyaya başlayıblar. Onların kimliklərini təxmin etmək də mümkündür və Rauf Arifoğlunun müsahibəsində suallardan birinə cavabından da görünür.
Müsahibədən çıxarış:
"- Rauf bəy, son vaxtlar sosial şəbəkələrdə hədəfə götürülən tanınmış simaların sırasında siz də varsınız? Sizcə, bu hücumların arxasında nə dayanır?
- Seçkiyə getmək və orada iştirak etmək təbii ki, tərəfdar toplusu ilə yanaşı, həm də əleyhdarlar toplusu yaradır. Nədənsə, mənə qarşı bu dəfə əleyhdarların koalisiyası yaranmışdı. Əli Kərimlinin bütün virtual var-yoxu, sosial şəbəkə fenomeni hesab olunan Aslan İsmayılov, İqbal Ağazadə və onun tərəfdarları, hətta mənim vaxtilə rəhbərliyində olduğum Müsavat Partiyasının bəzi funksionerləri, iqtidardan vurulmuş məmurların, mafiyaların təsir dairəsi mənə qarşı ciddi şəkildə kampaniya aparırdı. Bu, tənqid deyildi..."
Bəli, ölkədə hətta ən ağır dönəmlərdə belə bir missioner, yalnız öz firqə maraqları, siyasi ambisiyaları üçün çalışan, Azərbaycanın inkişafı əleyhinə maksimum səy göstərən, təxribatlar həyata keçirən adamlar, siyasi qüvvələr var. İndiki mərhələdə də kəmfürsət, tülkü xarakterlərini gizlədə, pərdələyə bilmirlər. Bizim başımız dövlətin, millətin maraqlarına xidmət edən məsələlərə dəstəyimizi verməyə, maarifləndirməyə, eyni zamanda bu həssas dövrdə, mərhələdə ermənilərin informasiya təxribatlarına qarşı savaş aparmağa qarışdığı bir vaxtda bir neçə xain xislətli adam sosial şəbəkələrdə bizi – “Yeni Müsavat”ı, Rauf Arifoğlunu bəhanə edərək, hədəf seçərək, de-fakto Azərbaycanın, inkişaf prosesinin üstünə ulamağa başlayıblar. Onlar məlum müsahibədən sonra facebookda Rauf Arifoğlunu böyükçöplərə, alkaşlara, ailəsinə övlad, övladına ata ola bilməyən, anormal həyat tərzi sürənlərə, çaqqallara niyə söydürürlər, bilirsinizmi? Çox sadə bir səbəbdən: Bəzi vurulmuş məmur-oliqarxlar, onların müxalif düşərgədəki əlamanları, ÜMİDsiz liderlər, Qərbin missioner projelərində yer alan əli-ce-pe-çilər güclü Azərbaycan görmək istəmirlər. Güclü Azərbaycanda onlar siyasi məhvə məhkumdurlar. Buna görə də Azərbaycanı gücləndirən İlham Əliyevə xalq hərəkatından çıxmış şəxslərin, nüfuzlu, tanınmış qələm sahiblərinin, müstəqil medianın dəstək verməsinin qarşısını da almaq üçün ən iyrənc planlar həyata keçirirlər.
“İlham Əliyevi Azərbaycan naminə dəstəkləyirəm” deyən şəxsləri sosial şəbəkələrdə ən ağır formada təhqir edirlər, buna satqınçılıq adı verdirirlər, bununla digərlərində də qorxu yaratmaq istəyirlər ki, “baxın haa, İlham Əliyevi, Azərbaycan dövlətini dəstəkləsəniz sizi də belə söyərik, söydürərik"...
Hər kəsi, hər bir yazarı, deputatı, hərəkatçını, siyasətçini dövlətinə, Azərbaycanda sabitliyi qoruyan şəxsə dəstək verdiyi üçün şərləyib, gözdən salırlar. Çünki onlara güclü, sistemli dövlət, sabit, oturuşmuş cəmiyyət, sağlam münasibətlər sərf etmir. Bu zaman qara-qura yollarla parlamentə düşə, Qərbdən, missioner layihələrdən, gizli erməni fondlarından milyonlarla qrantlar, qaranlıq yollarla dövlət qurumlarından tenderlər uda bilmirlər...
Göründüyü kimi, “İlham Əliyevi dəstəkləyirəm” deyənləri söymək, təhqir etmək, bu prosesi gözdən salmaq dövlətə qarşı təxribatdır, sabotajdır və kibercinayətkarlıqdır. Dövlətin müvafiq strukturlarının belə kampaniyalar aparan şəxsləri məsuliyyətə cəlb etməsi üçün kifayət qədər də əsaslar tapılacağına şübhə yoxdur. Onlar mütləq cəzalandırılmalıdır. Çünki daha güclü Azərbaycan, normal cəmiyyət qurulması prosesinə dəstək verənləri şantaj etmək dövlətiçiliyə qarşı yönəlmiş prosesdir. Bunu kimsə bilməyərəkdən edirsə, rəsmi qaydada son xəbərdarlığını, bilərəkdən edirsə, cəzasını almalıdır...
Yekunda: bu anda, bu zaman kəsiyində İlham Əliyevi dəstəkləməmək, ona qarşı çıxmaq Azərbaycana xəyanət və satqınçılıqdır!
Elşad MƏMMƏDLİ
“Yeni Müsavat”

Elşad MƏMMƏDLİ


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ