Karantin dövründə Azərbaycan mediası - onlar danışır
Tarix: 6-04-2020, 19:30
Baxılıb: 535
Google+ Paylaş
Tumblr Paylaş

Karantin dövründə Azərbaycan mediası - onlar danışır

6-04-2020, 19:30

Xalid Kazımlı: “Nyu-media ənənəvi mediaya tam qalib gəlib”
Aynur Camalqızı: “Həkimlərlə yanaşı, jurnalistlər də öndədir”
Akif Aşırlı: “Ən düzgün yolu jurnalistlərimiz tutdu”
Elçin Mirzəbəyli: “Peşəkarlıq və vətəndaş təəssübkeşliyi ön planda dayanır”
Hazırda dünyanın əsas probleminə çevrilən koronavirus pandemiyasının önlənməsində medianın da özünəməxsus rolu var. Bu yöndə Azərbaycan mətbuatı peşəkar şəkildə fəaliyyət göstərir. Ölkəmizdə virusla əlaqədar elan olunan karantin rejimindən keçən 19 gün bunu deməyə əsas verir.
Bir neçə tanınmış media rəhbərinin karantin dövründə ölkə mətbuatının necə çalışdığı yönündə mövqelərini aldıq.  
Musavat.com saytının veb-redaktoru Xalid Kazımlı: “Karantin və pandemiya dövründə medianın elektron, onlayn qanadı çalışdı, qəzetlər çıxmadı. Bu qanadlar mövcud şərait və imkanlar daxilində öz üzərilərinə düşən vəzifənin öhdəsindən pis gəlmədilər. Diqqət yetirən oldusa, koronavirusla bağlı intensiv xəbər yayan saytların auditoriyası çox genişlənib. Əvvəllər hər 10 evdən birinə qəzet girirdisə, indi elə bir ev yoxdur ki, insanlar kompüterlər və smartfonlar vasitəsilə gündəlik xəbərləri izləməsinlər. Oxucu kütləsi 20 gün əvvəlkinə nisbətən azı 20 dəfə artıb. Bu baxımdan medianın işinin heç də tənəzzüldə olmasından danışmaq olmaz. Sadəcə, formatlar dəyişib. Nyu-media ənənəvi mediaya tam qalib gəlib”.
“Gündəlik Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı Azərbaycan mətbuatının işinin öhdəsindən layiqincə gəldiyini söylədi: “Fikrimcə, mediamız həddindən artıq çox yüksək peşəkarlıqla çalışır. Çünki bu pandemiya bizim üçün tamamilə yeni şərtlər, həyat tərzi, iş rejimi ortaya çıxardı. Amma düşünürəm ki, Azərbaycan jurnalistləri çox yüksək şəkildə bu işin öhdəsindən gələ bildilər - istər informasiyaların vaxtlı-vaxtında ictimaiyyətə çatdırılması, istərsə də, maarifləndirmə yönündə işlərin aparılması istiqamətində. Sosial şəbəkələrdə də fikir verirsinizsə, maarifləndirmə işlərinin aparılması, insanları məlumatlandırmaq, onlara doğru yol göstərmək işi tanınmış jurnalistlərin üzərinə düşür. Biz bu işin öhdəsindən kifayət qədər ustalıqla gələ bilirik. Ortada böyük uğurların əldə edilməsi var. Bu da onunla bağlıdır ki, insanlar evlərindədirlər, daha çox internetdən istifadə edirlər, saytlara baxırlar, daha çox məlumat əldə etməyə çalışırlar. Biz bu işin öhdəsindən layiqincə gələ bildik. Heç bir problem yoxdur. Pandemiya xüsusi bir rejimdir. Hər halda tarixdən xatırlamıram ki, son yüz ildə, hətta deyərdim ki, iki yüz ildə belə bir hadisə baş versin. Hansı ki, bütün dünya evlərə çəkilsin və sadəcə gözləsin. Amma siz fikir verirsinizsə, həkimlər təkcə Azərbaycanda deyil, bütün dünyada necə fədakarlıqla çalışırlarsa, işlərinin başındadırlarsa, eyni missiyanı da jurnalistlər həyata keçirir. Pandemiya bir müharibədir. Sadəcə olaraq, burada hərbçilər deyil, həkimlər qabağa çıxırlar. Çox maraqlıdır ki, həkimlərlə yanaşı, jurnalistlər də məhz öndədir. Düşünürəm ki, bu bizim həm peşəkarlığımızın, həm də nə qədər vətənpərvər olmağımızın göstəricisidir”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı jurnalistlərin düzgün yolda olduğunu qeyd etdi: “Pandemiya və karantin dövründə mediamız çox peşəkarcasına və lazım olan səviyyədə, hətta deyərdim ki, üzərinə düşən vəzifəni ən yüksək səviyyədə həyata keçirdi, şayiələrin, panikanın yaranmasına imkan vermədi. Sosial şəbəkələrdə əsas informasiya siyasətini, informasiya yönləndirməsini öz üzərinə götürdü, maarifçilik işini normal qura bildi. Hesab edirəm ki, həkimlərlə, hüquq mühafizə orqanları ilə yanaşı, Azərbaycan jurnalistlərinin göstərmiş olduğu fəaliyyəti çox yüksək qiymətləndirmək lazımdır. Mətbuatımız dövlətin apardığı siyasəti normal şəkildə bütün detalları ilə cəmiyyətə çatdırdı. Burada həqiqətən də media öz gücünü göstərdi. Peşəkarlıq baxımından bütün gücünü səfərbər edən həmkarlarımın hər birinə təşəkkürümü bildirirəm. Bu gün ən ağır zamanda millətin, dövlətin yanında oldular. Ən doğru seçim bundan ibarətdir. Ən düzgün yolu jurnalistlərimiz tutdu”.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də mətbuatın fəaliyyətindən razıdır: “Bu müddət ərzində ənənəvi medianın və klassik media platforması üzərində yaradılan internet resurslarının, əksər televiziya kanallarının yüksək peşəkarlıq nümayiş etdirdiyini düşünürəm. Prosesin başlanğıcında müəyyən yanlışlıqlar var idi. İndi bəzən bir sıra həmkarlarımız oxucuların diqqətini cəlb etmək məqsədilə təşviş yaradan başlıqlar seçirlər, yaxud falçıların, cadugərlərin və onlardan heç də geri qalmayan şoumen həkim və ekspertlərin açıqlamalarını yayımlayırlar. Amma bütün bunların sayı o qədər də çox deyil. Hesab edirəm ki, peşəkarlıq və vətəndaş təəssübkeşliyi ön planda dayanır. Eyni zamanda, hazırda baş verən yanlışlıqların daha ciddi monitorinqinin aparılmasını da vacib hesab edirəm. Bütövlükdə həmkarlarımın fəaliyyətindən razıyam”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ