Azərbaycanda hərbi cinayətlər azalıb - Baş prokuror
Tarix: 18-01-2024, 16:14
Baxılıb: 45
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda hərbi cinayətlər azalıb - Baş prokuror

18-01-2024, 16:14

Yanvarın 18-də Azərbaycan Hərbi Prokurorluğunda cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində 2023-cü il ərzində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən reportyor.org-a bildirilib ki, Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev toplantıda iştirtak edib.
Sonra Baş prokurorun müavini–Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev hesabat məruzəsi ilə çıxış edib.
O qeyd edib ki, ötən illərdə olduğu kimi, 2023-cü ildə də Hərbi Prokurorluq orqanlarının fəaliyyəti uğurlu olmaqla Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığına, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınmasına, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına yönəldilib.
Vurğulanıb ki, cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin ümumilikdə 99,8 faizi, o cümlədən bəzi qəbildən olan cinayətlərin 100 faizi açılıb.
X.Vəliyev bildirib ki, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, nizam-intizamın və qanunçuluğun möhkəmləndirilməsi, eləcə də cinayətkarlığa qarşı mübarizə istiqamətində əldə olunan müsbət nəticələrdə Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar, həmçinin qeyri-hökumət təşkilatları arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin də çox böyük əhəmiyyəti olub. Belə ki, hər il olduğu kimi, 2023-cü ildə də aidiyyəti dövlət orqanları ilə birgə hazırlanmış müvafiq tədbirlər planları əsasında mütəmadi olaraq hərbi qulluqçularla görüşlər təşkil olunmuş, onların qayğı və problemləri ilə maraqlanılmış, həmçinin fərdi qəbullar keçirilib.
Eyni zamanda bayramlarda və digər əlamətdar günlərdə hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanları ilə birgə hərbi qulluqçuların iştirakı ilə tədbirlər, o cümlədən bayram mərasimləri keçirilmiş və xidmətdə fərqlənənlərə hədiyyələr təqdim olunub.
Qeyd olunanlarla bərabər, Silahlı Qüvvələrdə ayrı-ayrı, xüsusən də ölümlə nəticələnən cinayətlərin qarşısının alınması məqsədilə, hər zaman olduğu kimi, hesabat dövründə də məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək, müxtəlif vaxtlarda Respublika Hərbi Prokurorluğunun kollegiya iclaslarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilmiş, kollegiyaların qərarlarına əsasən zəruri tədbirlərin görülməsi təmin olunmuşdur. Sözügedən istiqamətdə səmərəliliyi artırmaq məqsədilə aidiyyatı dövlət qurumları ilə birgə bir sıra digər işlər də görülüb.
Bütün bunların nəticəsində də hesabat dövründə qeydə alınmış cinayətlər ötən illə müqayisədə ümumilikdə 6,1%, hərbi xidmət əleyhinə olan cinayətlər isə 24,2% azalıb.
Eyni zamanda 2022-ci illə müqayisədə 2023-cü ildə qeydə alınmış Qəsdən adam öldürmə cinayətləri 40 %; Özünü öldürmə həddinə çatdırma cinayətləri 9,1 %; Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 12,9 %; Əmri icra etməmə cinayətləri 66,7 %; Hərbi xidmətdən yayınma cinayətləri 33,7 %; Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 37,9 %; Maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 26,1% və Xuliqanlıq cinayətləri 16,7 % azalıb.
Kollegiya iclasında, hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunmaqla, onların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi, işin effektivliyinin daim artırılması tələb edilib.
Çıxışının sonunda ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirdi ki, Hərbi Prokurorluğun kollektivi Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinin səmərəliliyini daim artıracaq, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, cinayətkarlığa və digər qanun pozuntularına qarşı mübarizədə üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcək.
Sonra məruzə ətrafında çıxışlar olub. Azərbaycan Respublikası Hərbi prokurorunun müavinləri-ədliyyə general-mayoru Şəfahət İmranov, ədliyyə general-mayoru Fuad Məmmədov, ədliyyə polkovniki Mehdi Hüseynzadə, Füzuli hərbi prokuroru, ədliyyə polkovniki Elçin Hacıyev və Kəlbəcər hərbi prokuroru ədliyyə polkovniki Mahir Bayramov çıxış edərək hesabat dövründə görülmüş işlərdən danışıb, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat veriblər.
Kollegiya iclasına yekun vuran Baş prokuror K.Əliyev, prokurorluq orqanları əməkdaşlarının Ulu Öndər Heydər Əliyevin millətimizin və dövlətimizin maraqlarına xidmət edən müdrik siyasətinin Prezidentimiz tərəfindən uğurla davam etdirilməsində, onun rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edəcəklərini, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunması, qanunun aliliyinin təmin edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək bütün hallara qarşı barışmaz mövqe tutacaqlarını bildirib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ