Ermənistan parlamentində QƏTLİAM: Qarabağda sülh Kremlin sifarişi ilə MƏHV EDİLİB – TƏHLİL
Tarix: 4-12-2021, 00:34
Baxılıb: 741
Google+ Paylaş
Tumblr Paylaş

Ermənistan parlamentində QƏTLİAM: Qarabağda sülh Kremlin sifarişi ilə MƏHV EDİLİB – TƏHLİL

4-12-2021, 00:34

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev
ABŞ-dan olan siyasi ekspert, politoloq Pol Qobl düzgün olaraq deyir ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşündə konkret hər hansı razılıq əldə edilməyib, daha çox fikir mübadiləsi, söhbət aparılıb. Amerikalı ekspert onu da deyir ki, Rusiya Azərbaycan və Ermənistanla hər hansı sülhə can atmır, kommunikasiya məsələsində də səmimi davranmır və əsas məqsədi də Cənubi Qafqazda həmişəlik qalmaqdır. Əslində, Pol Qobl yeni heç nə deməyib, daha doğrusu bizim də gəldiyimiz qənaətləri, arqumentləri dilə gətirib.
Qeyd edim ki, Qobl 90-cı illərdə ABŞ dövlət katibinin xüsusi müşaviri olub. Bu o dövr idi ki, Ermənistan və Azərbaycan arasında,1999-cu ilin aprelində sülh danışıqlarının yeni mərhələsi başlamışdı. O zaman ABŞ-ın dövlət katibi Madlen Olbraytın (Olbrayt əslən macar yəhudisi idi) təşəbbüsü ilə mərhum Heydər Əliyev ermənistanlı həmkarı Robert Köçəryanla NATO-nun 50 illik zirvə görüşündə bir araya gəlmişdi. Belə ki, həmin tarixdə qərb mediasında ABŞ dövlət katibinin xüsusi nümayəndəsi Pol Qoblun Dağlıq Qarabağla bağlı sülh planı ciddi müzakirə olunmaqda idi.
Konkret olaraq, Qobl planının mahiyyəti belə idi ki, Azərbaycan və Ermənistan öz aralarında güzəştə gedəcək, Laçın koridoru ermənilərə veriləcək, Naxçıvanla quru yolunu təmin edəcək Mehri dəhlizini əldə edəcəkdik. Fikir verin, Qoblun təklifi Laçın dəhlizi əvəzinə, Mehri dəhlizinin açılması idi. Etiraf edək ki, Qoblun bu planı indiki baş verənlərdən daha məqbul idi. Digər tərəfdən, Qoblun planı Ermənistanda narahatlıq yaratmışdı. Buna qarşı çıxanlar elə o vaxtda Rusiyaya yaxın olanlar idi.
Bundan sonra 1999-cu il iyulun 16-da İsveçrənin Cenevrə şəhərindəki Jato qəsrində H. Əliyev və R. Köçəryan arasından görüş keçirilir. Bu görüşlər əgər pozitiv nəticəylə bitsəydi, Dağlıq Qarabağ problemi Rusiyasız həll olunacaqdı. Həmin ilin avqustun 22-də Əliyev və Köçəryan növbəti dəfə İsveçrədə görüşürlər. Məhz bu görüşdən sonra qərb mediası da yazırdı ki, artıq Dağlıq Qarabağ problemi həll oluna bilər. Bu görüşdən sonra ABŞ dövlət katibinin müavini oktyabrın 26-da Azərbaycan və Ermənistana səfər edib, son məsələləri dəqiqləşdirib ölkəsinə geri döndü. Artıq Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün böyük fürsət yaranmışdı.

Necə deyərlər, sən saydığını say, gör fələk nə sayır…
Belə ki, oktyabrın 27-si günü arxasında Rusiyanın olduğu şübhə doğurmayan Unanyan soyadlı erməni daşnak Ermənistan parlamentinə daxil olaraq baş nazir Vazgen Sərkisyan, spiker Karen Dəmirçiyan da daxil olmaqla xeyli insanı qətlə yetirir. Hamı bilir ki, bu teraktın sifarişçisi Kreml idi. Təsəvvür edin ki, hadisədən dörd gün sonra Rusiyanın o zaman baş naziri olan Vladimir Putin İrəvana gəlir. Elə bu tarixdən sonra Qarabağ klanı bötövlükdə Ermənistanın siyasi eşalonunda hakim mövqe əldə edir və bu ölkə Kremlin əbədi vassalına çevrilir.
O zaman həm Dəmirçiyan, həm də Sərkisyan prezident Köçəryandan fərqli olaraq Ermənistanı Rusiyanın təsirindən çıxarmaq istəyirdilər. Bu hər iki şəxs Köçəryan və Serj Sərkisyandan fərqli olaraq, Qarabağ klanına bağlı deyildilər. Azərbaycan və Ermənistan o zaman razılığa gəlmişdi ki, Rusiya olmadan İstanbulda sülh müqaviləsi imzalayacaqlar. Əgər bu sülh müqaviləsi həyata keçsəydi, Ermənistan Dağlıq Qarabağın ətrafındakı 7 rayonu tərk edəcəkdi. Ən vacib olanı isə, Dağlıq Qarabağda heç bir ölkənin müşahidəçisi, sülhməramlı kontingenti olmayacaqdı.
Bəs biz indi nə görürük?
Onu görürük ki, 2020-ci il 10 noyabr razılaşmasından sonra rus “sülhməramlılar” əraziyə daxil oldu, Xocalıda öz ədiblərinə büst, “Xilakar Əsgər” heykəli qoydu. İndi həyata həmişə nikbin yanaşan azərbaycanlı belə düşünür ki, Putin rus “sülhməramlılarını” heç vaxt Yuxarı Qarabağdan çıxarmayacaq. Bax budur Rusiyanın bizim başımıza açdığı bəla.
1999-CU İLDƏ ERMƏNİSTAN PARLAMENTİNDƏ TERAKT BAŞ TUTMASAYDI, PROBLEM ÇOXDAN HƏLL OLUNACAQDI…
Hətta bunu o vaxt K.Dəmirçiyan da dilə gətirmişdi. Azərbaycan isə öz növbəsində Dağlıq Qarabağa öz tərkibində yüksək status verəcəkdi. Daha sonrakı illərdə ABŞ-ın o zamankı dövlət katibi Kolin Pauel H. Əliyev və R. Köçəryanla görüşdü, ancaq nəticə olmadı. Əgər nəticə hasil olsaydı, Azərbaycan və Ermənistan prezidentləri Vaşinqtonda, “Ağ Ev”-də ABŞ prezidenti Corc Buş tərəfindən qəbul olunacaqdı. Yeri gəlmişkən, Ki-Uestdəki görüşdə də dəhliz məsələsi gündəmə gəlmişdi.
Gəldiyimiz nəticə
Rusiya məramı sülh olmayan hərbçilərini Qarabağda yerləşdirərək, Cənubi Qafqazda möhkəmləndi. Rusiyanın 1995-ci ildən Ermənistanda (Gümrü) olan 105 saylı hərbi bazası hələ 2041-cü ilə qədər bu ölkədə qalacaq.
Görəsən, “sülhməramlı” ruslar Yuxarı Qarabağda nə qədər qalacaqlar?
KAİM.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ