İran-Azərbaycan münasibətləri qaydaya düşür?
Tarix: 23-10-2021, 10:03
Baxılıb: 480
Google+ Paylaş
Tumblr Paylaş

İran-Azərbaycan münasibətləri qaydaya düşür?

23-10-2021, 10:03

Zərbə alan Tehran və İrəvan oldu, çünki Azərbaycan həm haqlı, həm də güclü idi...İran-Azərbaycan münasibətlərində gərginliyin aradan qalxması üçün tərəflər müəyyən addımlar atır. Tehran TIR-larla Qarabağa qanunsuz daşımaçılığı dayandırdı. İranın öz vətəndaşlarının və sürücülərin Azərbaycan Respublikasının Dağlıq Qarabağ və Laçın bölgələrinə Ermənistan ərazisindən keçməklə girməsini qadağan etməsindən bir gün sonra Azərbaycan saxladığı iki iranlı sürücünü ölkəsinə qaytarıb.

Münasibətlərin normallaşmasından hər iki ölkə qazanacaq. Çünki İrana və Azərbaycana bir-biriləri ilə dalaşmaq qəti sərf etmir. Amma genəl olaraq prosesi Azərbaycan uddu. Azərbaycanın Prezidentinin güzəştsiz və qətiyyətli mövqeyi Tehranı geri çəkilməyə vadar etdi. Ən birincisi, ona görə ki, Azərbaycan bu məsələdə haqlı idi. Haqlı olmaqla bərabər, güclü idi. Regional güclərin hamısı Azərbaycanı müdafiə etdi, İran faktiki təkləndi. Bu, gələcəkdə Azərbaycana qarşı hədə və təhdid dilə danışmağa həvəslənəcək hər bir dövlətə dərs oldu.
Bəs İran sərhəddəki hərbi təlimlərini dayandırdımı? Başqa hansı güzəştlərə gedəcək? İranı Azərbaycanla konfliktdən və hərbi qarşıdurmadan çəkindirən faktorlar hansılardır? Prezident İlham Əliyevin vermiş olduğu bəyanat - “qeyri-bərabər döyüşdən çəkinmirik” sözləri də bu məsələdə ciddi rol oynadı. Halbuki ölkəmizdə xeyli adam səmimi olaraq düşünürdü ki, Azərbaycan İranla ehtiyatlı olmalıdır, çünki rəsmi Tehranın əlində Azərbaycanda qarışıqlıq yaratmaq üçün rıçaqlar var. Bu hesablamalar və ehtiyatlı mövqe təklif edənlər yanıldılar. Azərbaycan sərt ritorikadan, haqlı mövqedən 1 sm da olsun geri durmadı. Biz İranın qabağından az da olsa qaçsaydıq, ayağı yer alardı. “Ən yaxşı müdafiə hücumdur” deyimi burda tam yerinə düşdü.
Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a şərhində bildirdi ki, İran-Azərbaycan münasibətlərində yumşalma artıq görünür və bu yaxşı haldır: “Artıq İran tərəfi elan etdi ki, İran nəqliyyat şirkətlərinə Laçın dəhlizinə daxil olmağı qadağan edilib. Bundan öncə İran rəsmiləri bəyan edirdilər ki, Qarabağa İrandan yük maşınlarının gedib-gəlməsi dövlətə aid deyil, özəl şirkətlərin işidir. İndi İran dövləti öz qərarını verdi və Qarabağa qanunsuz yük daşımaları dayandırdı. Buna cavab olaraq Azərbaycan da iranlı sürücüləri azad etdi. Cənubi Qafqazda yeni reallıq yaranıb və Tehran bu reallığı qəbul etməli idi. Eyni zamanda, Azərbaycanın həm hüquqi, həm mənəvi baxımdan haqlı durumda olması, dövlət olaraq haqlı mövqeyində sonadək dirəniş göstərməsi öz sözünü dedi. Azərbaycanın İranla qarşıdurmada maraqlı olmadığını bütün dünya gördü və yaranmış gərginlikdə Azərbaycanın haqlı mövqeyini Türkiyə, Pakistan, Rusiya öndə olmaqla dünya açıq və dolayısı ilə müdafiə etdi. İranı faktiki olaraq Ermənistandan başqa dünyada heç bir ölkə bu məsələdə müdafiə eləmirdi. Bax, bu reallıq da sonda İranın mövqeyinə təsir etməli idi və etdi. İranın yeni hakimiyyəti ikinci Qarabağ müharibəsinin nəticələrinin ortaya çıxardığı reallıqları və çağırışları nəzərə almamışdı. Azərbaycana qarşı addımlar atmağın İranın özünü böyük problemlərlə üz-üzə qoyacağını hesablamamışdılar. Real güclə rastlaşandan sonra İran geri çəkilməyə məcbur oldu. Tehranın Azərbaycana qarşı aqressiv addımları Azərbaycana dividendlər gətirdi. Azərbaycanın hücumlar qarşısında geri çəkilməməsi beynəlxalq birlik və bir çox ayrı-ayrı böyük dövlətlər tərəfindən yüksək qiymətləndirildi, Azərbaycanın nüfuzu artdı. Əlbəttə, artıq İranın münasibətlərimizin düzəlməsi istiqamətində atdığı addımlar müsbətdir və addımların davamı olması lazımdır. Azərbaycanla İran arasında əməkdaşlıq lazımdır. Biz iki qonşu dövlət kimi əməkdaşlığa məcburuq”.
Arzuxan Əlizadə — Vikipediya
Arzuxan Əlizadə
AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, İran Azərbaycan torpaqları işğal altında qaldığı müddətcə işğalçı Ermənistana hər sahədə davamlı olaraq dəstək verib, bununla da faktiki olaraq ermənilərin blokada şəraitindən çıxmasına əhəmiyyətli dərəcədə töhfə verib: “Əvəzində isə sözdə din qardaşımız dediyi Azərbaycanda din pərdəsi altında və gələcəyə hesablanmış öz məkrli niyyətli siyasətini yürüdüb. Bu siyasətin kökündə İnanclı insanlarımızın inancından sui-istifadə edərək beyinləri yumaq və burada özünə bir poliqon yaratmaq, bir qisim gənclərimizi isə şirnikləndirmə yolu ilə narkotik alverinə və narkotiklərdən asılılığa düçar etmək planları dayanıb. Azərbaycan dövləti bütün bunların fərqində olub, müxtəlif vaxtlarda bəzən qeyri-rəsmi, bəzən də rəsmi diplomatik kanallarla İran rəhbərlərinə ölkəmizə qarşı yürüdülən siyasətin yanlış olduğu çatdırılıb. Lakin cənub qonşumuzun bizə özünün bir əyaləti olaraq baxması, bəzən hətta ölkəmizi ”Bakı Cümhuriyyəti" kimi yolverilməz ifadələrdən istifadə etməklə regionda özünün hegemonluğunu qabartmaqla edilən iradlarına əhəmiyyət verməyib. Təbii ki, Azərbaycanın ikinci Qarabağ savaşında əldə etdiyi qələbə və faktiki olaraq regionda söz, nüfuz və güc sahibinə çevrilməsi həm də İranın bu illər ərzində yürütdüyü siyasətin iflası demək idi. Qonşu dövlətin bunu heç cür qəbullana bilmədiyinə görə bu vaxta qədər pərdələdiyi düşmən münasibəti açıq müstəviyə keçdi. Bu məsələdə əlbəttə ki, Azərbaycanın qətiyyətli mövqeyi, İranın bu vaxta qədər elədiklərini ictimailəşdirməsi və sonadək öz haqlı mövqeyindən geri çəkilməyəcəyini atdığı addımlarla sübut etməsi cənub qonşumuzun geri çəkilməsinə səbəb oldu.
İran yürütdüyü yanlış siyasət nəticəsində onsuz da dünya dövlətlərinin, o cümlədən əksər müsəlman dövlətlərinin qınağına tuş gəlib, illərlə sanksiyalar altında qalmağa məhkum olunub. Üstəlik, regionda söz sahibinə çevrilən Azərbaycanla və Türkiyə ilə münasibətlərin gərginləşməsi Tehrana heç də xoş gələcək vəd etmirdi. İran rəsmiləri hesab edirəm ki, həm bunun, həm də ərazisində 40 milyona yaxın Türk kökənli soydaşlarımızın mövcudluğunun fərqindədirlər. Bu səbəbdən də Azərbaycan dövləti olaraq heç bir halda haqlı mövqeyimizdən geri çəkilməməli və dosta dost münasibəti, düşmənə də layiq olduğu şəkildə mövqe sərgiləməkdə davam etməliyik".
Elçin Mirzəbəyli — Vikipediya
Elçin Mirzəbəyli 
Politoloq Elçin Mirzəbəyli isə hesab edir ki, Azərbaycan dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn təməl prinsiplərini əsas götürdüyünü, bu xüsusda öz ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, suveren hüquqları ilə bağlı məsələlərdə heç bir ölkəyə, yaxud beynəlxalq təsisata güzəştə getməyəcəyini, milli maraqlarını sonunadək qoruyacağını nümayiş etdirdi: “Azərbaycan istər ərazilərinin Ermənistanın işğalı altında oduğu dönəmdə, istər ərazi bütövlüyümüzün bərpası uğrunda döyüş əməliyyatlarının getdiyi dövrdə, istərsə də Müzəffər Ordumuzun təcavüzkar üzərindəki qələbəsindən sonra İran iş adamlarının etnik ermənilərin yaşadığı yaşayış məntəqələrindəki qanunsuz fəaliyyətlərinə son qoyulmasını tələb etmiş, yaxın qonşuluq münasibətlərinin üzərinə kölgə salınmaması üçün rəsmi Tehrana diplomatik yollarla mesajlar göndərmiş və nota vermişdi.
Bütün bunlar uzun illər ərzində heç bir nəticə vermədiyinə, İranın Azərbaycanın haqlı tələbləri qarşında konkret əməli addımlar atmadığına görə, ölkəmiz zəruri tədbirlər həyata keçirmək məcburiyyətində qaldı və qısa bir zaman ərzində sübuta yetirdi ki, heç Azərbaycan dövləti ilə diktə və təzyiq dilində danışa bilməz. Çünki Azərbaycan dövlətinin prinsipial mövqeyi Azərbaycan xalqının sarsılmaz birliyinə və iradəsinə, hüququn aliliyinə, özünü Prezident İlham Əliyevin hər kəlməsində və addımında ifadə edən milli iradəmizə söykənir.
İşğaldakı torpaqlarını xalqının əzmi bahasına almağı bacaran bir dövləti öz haqlı mövqeyindən nə hədələrlə, nə də hərbi təlimlərlə çəkindirmək olmaz. Azərbaycan bütün müstəvilərdə istənilən təzyiqə, basqıya, siyasi-ideoloji və harbi şantaja cavab vermək, öz prinsipial mövqeyini müdafiə etmək iqtidarındadır".
Ekspertin sözlərinə görə, İran-Azərbaycan münasibətlərində nəzərə çarpan gərginlikdən istifadə etməyə çalışanlar, Azərbaycanın prinsipial, güzəştsiz mövqeyi nəticəsində iflasa uğradılar və əvvəlkindən daha ağır duruma düşdülər: “Bu baxımdan, baş verənlərin Ermənistana da böyük zərbə olduğunu deyə bilərik. Ermənistan üçüncü tərəflərin dəstəyi ilə Azərbaycan ərazilərinə müdaxilə etmək imkanından məhrum oldu və bu ölkənin bu müstəvidə atacağı bütün addımların perspektivinin üzərindən xətt çəkildi”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ