Türkiyənin “Rəsmi Qəzet”ində Azərbaycanla bağlı qərar dərc edildi
Tarix: 18-11-2020, 10:21
Baxılıb: 508
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyənin “Rəsmi Qəzet”ində Azərbaycanla bağlı qərar dərc edildi

18-11-2020, 10:21

Azərbaycana əsgər göndərilməsi ilə bağlı Türkiyə Böyük Millət Məclisinin ümumi iclasında qəbul edilən qərar layihəsi “Rəsmi Qəzet”də yayımlanıb.
Publika.az xəbər verir ki, layihə ilə bağlı TBMM-in qərarında dost və qardaş ölkə Azərbaycanın işğal altındakı torpaqlarının azadlığı uğrunda mübarizənin illərdir davam etdiyi bildirilib.
Ermənistanın 27 sentyabrdan etibarən Dağlıq Qarabağda cəbhə xətti boyunca hərbi və mülki hədəflərə qarşı hücumlarına cavab olaraq Azərbaycanın qanuni müdafiə haqqına istinadən başlatdığı əks-hücum əməliyyatları nəticəsində işğal altındakı ərazilərin azadlığı uğrunda əhəmiyyətli uğurlar əldə olunduğu qeyd edilib. Qərar layihəsində “Türkiyə beynəlxalq hüquq və qanuni suverenlik haqları əsasında Azərbaycana ərazi bütövlüyü daxil olmaqla, bütün haqlarını qoruya bilməsi üçün prosesin əvvəlindən bəri dəstək verib. Nəticədə Azərbaycanın əks-hücum əməliyyatlarında təmin etdiyi irəliləyiş yeni vəziyyət ortaya qoyub. Azərbaycan, Rusiya və Ermənistanın əldə etdiyi bəyanat çərçivəsində 10 noyabr 2020-ci il tarixində saat 00:00 etibarilə bölgədə atəşkəs təsis edilib və işğal altındakı ərazilərin bəzi bölgələrinin müəyyən edilən təqvimə görə Azərbaycana qaytarılmasını ehtiva edən plan elan olunub” ifadələri yer alıb.
Əldə olunan razılaşmaya əsasən, atəşkəsə riayət edilib-edilməməsinin monitorinqi üçün işğaldan azad olunan Azərbaycan torpaqlarında Birgə Mərkəz qurulacağı vurğulanıb: “Azərbaycanın tələbinə əsasən Mərkəzdə Türkiyə və Rusiyanın müştərək işi qərarlaşdırılıb. Azərbaycanın müəyyən edəcəyi yerdə Türkiyənin Rusiya ilə birgə quracağı Birgə Mərkəzdə və bu Mərkəzin icra edəcəyi fəaliyyətlərdə Türkiyə Silahlı Qüvvələri heyətinin və lazım gələrsə, ölkəmizdən mülki heyətin xidmətinin 16 avqust 2010-cu ildə imzalanan “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası Arasında Strateji Əməkdaşlıq və Qarşılıqlı Yardım Razılaşması” əsasında ölkəmizin öhdəliklərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən beynəlxalq hüquq, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarları və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının prinsipləri ilə uzlaşdığı, bölgə xalqlarının sülh və rifahının yararına olacağı, milli maraqlarımız baxımından lazımi olduğu dəyərləndirilib”.
Bu mülahizələrlə “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası Arasında Strateji Əməkdaşlıq və Qarşılıqlı Yardım Razılaşması”ndan irəli gələn öhdəliklərimizi yerinə yetirmək, atəşkəsin bərpası və pozuntuların qarşısının alınması, bölgədə sülh və sabitliyin təmin olunması məqsədilə Türkiyənin ali maraqlarını effektiv şəkildə qorumaq üzrə hüdud, miqdar və zamanı prezident tərəfindən təqdir və təyin olunacaq şəkildə Türkiyə Silahlı Qüvvələrinin müştərək mərkəzinin vəzifələrinin ifası istiqamətində hərəkət etmək üzrə xarici ölkələrə göndərilməsi, bu qüvvələrin prezidentin müəyyən edəcəyi əsaslara görə istifadə edilməsi ilə risk və təhdidlərin aradan qaldırılması üçün hər növ tədbirin görülməsi və bunlara imkan təmin ediləcək tənzimləmələrin prezident tərəfindən müəyyən ediləcək əsaslara görə edilməsi üçün Konstitusiyanın 92-ci maddəsinə əsasən 1 il müddətinə icazə verilməsi ümumi iclasın 17 noyabr 2020-ci il tarixli 16-cı birləşməsində qəbul edilmişdir”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ