Azərbaycanın ilk qadın şoumeni: Onu diri-diri dəfn ediblər?
Tarix: 19-12-2023, 13:56
Baxılıb: 103
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanın ilk qadın şoumeni: Onu diri-diri dəfn ediblər?

19-12-2023, 13:56

Onun özünəməxsus, şaqraq gülüşü, şaqraq səsi indiki kimi yadımdadır. Kanalların birində gündəlik efir aparan vaxtları idi. İlahi, elə ürəkdən gülürdü, fikirləşirdin ki, indicə ürəyi partlayıb öləcək...
Publika.az xəbər verir ki, bu gün Xalq artisti Gülşən Qurbanovanın doğum günüdür. Bu münasibətlə aktrisanın həyatının ən maraqlı məqamlarını sizə təqdim edirik.
Gülşən Qurbanova 1950-ci ilin dekabr 19-da peşəkar aktyor Ağadadaş Qurbanovun ailəsində dünyaya gəlib. Elə fitri istedadı da ona atasından keçmişdi.

O vaxtkı Azərbaycan Teatr İnstitutunun aktyorluq fakültəsini bitirib, özünü aktrisa kimi sınamaq üçün üz tutur Gənc Tamaşaçılar Teatrına. Zamanla adı çəkilən sənət ocağının ən sevilən, arzulanan aktrisalarından biri olmağı bacarır. "Mənim nəğməkar bibim", "Ana laylası", "Tamahkar", "Fudzi dağında qonaqlıq", "Zəncirlənmiş Prometey", "Pul dəlisi", "Bala bəla sözündəndir" kimi tamaşalarda özünəməxsus , bənzərsiz obrazlara həyat verir Gülşən Qurbanova. Teatrla yanaşı kinoda da özünü təsdiq etməyi bacarır. 20-ə yaxın filmə öz imzasını atır.

Onun məşhurluğunun bir səbəbi də müxtəlif televiziyalarda aparıcı kimi çıxış etməyi olur. Gülşən Qurbanova uzun illər kanalların birində “Gəlin birlikdə gülək” adlı layihəsini uğurla təqdim edir. Daha sonra özünü gündəlik efirdə sınamağa qərar verir və onun aparıcısı olduğu veriliş çox sevilir. O illərdən bəri Gülşən Qurbanova tamaşaçının yaddaşında həm də “Qaynar Qazan” verilişinin Gülşəni kimi qalır.
Hər zaman “Gülüş - mənim müdafiə reaksiyamdır” deyən aktrisa ölümdən qorxduğunu da gizlətməyib. Elə buna görə də aktrisa həmişə iş yoldaşlarına və yaxınlarına deyərmiş ki, “əgər mən ölsəm, məni bir-iki gün saxlayın sonra basdırın. Ola bilər ki, mən dirildim”. Kim bilir, bəlkə də bu sözləri o heç də zarafatyana deməmişdi. Ölümündən sonra doğurdan da elə məhz özünün dediyi kimi etmək lazım olduğu bilindi.

Həyatdan ayrılmaq istəməyən aktrisanın bu sözləri ölümündən sonra belə, onun haqqında yayılan şayiələri azaltmadı. Gülşən Qurbanova vəfat edərkən bir günün içində o qədər şayiə yayıldı ki... Deyilənlər görə aktrisa dünyasını dəyişməyib, sadəcə kliniki ölüm keçirib və diri-diri basdırılıb. Əgər onu dəfn etməyib həkim nəzarətində saxlasaydılar, yaşaya bilərdi.... Və daha nələr nələr... Ən inanılmaz şayiə isə guya ölümündən bir neçə gün sonra onun qəbrinin yaxınları tərəfindən açılması idi...
“Kəfəni cırıblar. Görüblər ki, üz gözü cırıq-cırıqdır. Sağ əli qulağının dibində qalıb. Bundan sonra belə qənaətə gəliblər ki, əslində o, dəfn edilərkən sağ imiş. Qəbirdə ayılıb və qorxudan ürəyi partlayıb”. Təbii ki, bütün bunlar şayiə olaraq da qaldı. Cünki, aktrisanın ailə üzvləri birmənalı olaraq bu fikirləri təkzib etdilər.

Gülşən Qurbanovanın bacısı onu belə xatırlayır:
“Gülşən tək olanda ağlaya da bilərdi. Amma biz onu görmürdük. Şəxsən mən onun ağladığını görmürdüm. O, heç evdə tapılmırdı. Ancaq iş arxasınca qaçırdı. Bir sözlə, onu iş saxlayırdı. Gülşəni məndən soruşanda deyirəm ki, siz məndən çox bilirsiniz onun haqqında. Ürəyi nə istəyirdisə, onu da edirdi. O səhnəni çox sevirdi, çox. Camaata ürəyini verdi. Gülşən iki dəfə infarkt keçirmişdi. Heç birində də yaxşı müalicə almadı, on gündən çox xəstəxanada qala bilmirdi. Halbuki ona müalicə lazım idi. Nə qədər dedik, qulaq asmadı. Təsəvvür edin ki, o vəziyyətdə canlı efirə çıxırdı. Gülşən özünü qurban verdi, hamıya qurban verdi. Və üçüncü infarktla həyatını itirdi”.

Gülşən Qurbanova öz doğmalarının, dostlarının, tamaşaçıların yaddaşında şən, zarafatcıl, nikbin, şux, sevib-sevilən, həyatı olduğu kimi yaşayan aktrisa kimi qaldı. Adama hərdən elə gəlir ki, aktrisa hələ də sağdır, ölməyib. Axı elə həyat dolu bir insanın gedişi ilə asanlıqla razılaşmaq çətin olur. Bəlkə elə bu səbəbdəndir ki, hərdən elə bilirsən ki, Gülşən Qurbanova gülüşü hələ də qulaqlarında cingildəyir. Elə hiss edirsən ki, bu saat qapı açılacaq, o şaqraq gülüşlü qadın yenə də studiyaya daxil olub efirdən tamaşaçılarını Gülşənsayağı salamlayacaq...
Cəmilə Hətəmxanova


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ