Siyarto: Azərbaycan Macarıstan üçün ən realist enerji mənbələrindən biridir
Tarix: 26-10-2023, 20:59
Baxılıb: 59
Google+ Paylaş
Tumblr Paylaş

Siyarto: Azərbaycan Macarıstan üçün ən realist enerji mənbələrindən biridir

26-10-2023, 20:59

Təəssüf ki, Avropa enerji tədarükü məsələsinə siyasi məsələ kimi baxır, lakin biz realist olmalı və anlamalıyıq ki, enerjinin təhlükəsiz tədarükü fiziki reallıq məsələsidir.
Reportyor.tv Tbilisi müxbiri xəbər verir ki, bunu Tbilisi Beynəlxalq İpək Yolu Forumunun enerji mənbələrinin şaxələndirilməsinə həsr edilmiş panel müzakirəsində Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyarto deyib.
“Biz etibarlı tədarükçülərlə tərəfdaşlığı saxlayırıq və istənilən siyasi təzyiqə baxmayaraq bu əlaqələrdən imtina etməyə hazırlaşmırıq… Qazı haradan almağınız siyasi bəyanat məsələsi deyil, çünki siz evinizi və ya mənzilinizi siyasi bəyanatla qızdıra, siyasi bəyanatlarla iqtisadiyyatınızı idarə edə bilməzsiniz. Bir halda ki, qaz çantada və ya təyyarədə çatdırıla bilməz, siz qazı əlaqələriniz, infrastrukturunuz, kəməriniz olan yerlərdən almalısınız”, - Siyarto deyib.
Nazir əlavə edib ki, Macarıstan daxili iqtisadiyyatında Rusiya enerjisinin payını azaltması üçün Aİ-nin daimi siyasi təzyiqinə və hücumlarına məruz qalır.
“Enerji mənbələrinin şaxələndirilməsi bizim üçün həyati əhəmiyyət daşıyır. Lakin şaxələndirmənin nə anlama gəldiyini anlamaq çox vacibdir. Bizim üçün şaxələndirmə etibarlı tədarükçüləri yeni tədarükçülərlə yeniləmək anlamına gəlmir”.
Piter Siyarto vurğulayıb ki, Macarıstan enerji mənbələrinin şaxələndirilməsində Azərbaycanı ən realist mənbədən biri kimi nəzərdən keçirir:
“Macarıstan enerji şaxələndirilməsi üçün yeni realist mənbələri nəzərdən keçirir. Azərbaycan və bu region ən realist mənbələrdən biridir. Lakin buradan qaz satınalmalarını artıra bilmək üçün biz Cənub-Şərqi Avropa regionunda boru kəmərləri şəbəkəsinin imkanlarını artırmalıyıq. Lakin, Aİ açıq şəkildə bildirdi ki, onlar qaz infrastrukturu üçün hər hansı maliyyə yardımı etməyəcəklər, çünki bu “kifayət qədər trend” deyil”.
XİN başçısı Budapeştin Azərbaycan və Gürcüstandan Şərqi Avropaya “yaşıl enerji” nəqlinə imkan verəcək Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsinə sadiqliyini vurğulayıb.
“Biz “yaşıl” enerjinin Gürcüstan və Azərbaycandan Qara dəniz vasitəsilə Rumıniya və Macarıstana çatdırılması kimi fantastik ideyaya sadiq qalaraq Qafqaz regionunu öz enerji şaxələndirməmizə daha çox daxil edirik”, - Siyarto bildirib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ