Körpə mələk üçün ağlamaq günahdır!  Xahiş edirəm, Ağlamayın…
Tarix: 15-03-2023, 22:42
Baxılıb: 647
Google+ Paylaş
Tumblr Paylaş

Körpə mələk üçün ağlamaq günahdır! Xahiş edirəm, Ağlamayın…

15-03-2023, 22:42

Yazı dostum-qardaşım Elvin Basqallı və onun həyat yoldaşı Gülnar xanıma ithaf olunur…
Bəzən belə də olur. Təkcə bu dünyanın sakinləri bəs etmir yaşamağa. O dünyanın daimi sakinləri olanlara da ehtiyacımız yaranır. Axı onlar bizi bu dünyaya əmanət qoyduqları kimi, biz də onları o biri dünyaya əmanət etmişik. Biz gələnə qədər onlara yaxşı baxın demişik. Hələ o kəslər körpədirlərsə… Torpaq altında doğum günlərini bir-bir sayar, onları əmanət etdiyimiz torpağa “əmanətimə yaxşı bax” deyə xahiş edə-edə davam edərik, sevdiklərimizdən bəzilərinin olmadığı dünyada yaşamağa. Bu gün də davam edirik. Amma bacarırıqmı? Bax bu başqa sualdır. Görünən budur ki, bacarmırıq. Əgər bacarsaydıq…
Bir yazıda oxumuşdum. Deyirlər ki, körpə üçün ağlayan valideyinə görə uşağın qəbri su ilə dolur və körpə üşüyür. Bu neçə ayda bu fikri özümdə formalaşdırsam da bir atanı sakitləşdirə və onu öz fikrindən daşındıra bilmədim. Hələ də ağlayır. Özü də ürək yanğısı ilə…
Balacası, amma onun həyatında silinməz izlər qoyan Fidanı üçün. Fidan demişkən, onun anadan olması da, həyatla mübarizəsi də indiki kimi gözlərimin önündədir. Atası kimi mübariz idi. Nə az, nə çox düz bir ildən çox mübarizə apardı. Amma təəssüf… O doğulanda atası efirə anonssuz çıxmışdı. Düşünürdüm ki, həmin gün elan edəcək ki, mən qız atası olmuşam. Etmədi. Amma yanılmamışdım. Cəmi bir neçə gün sonra qız övladları ilə bağlı bir sujet çəkdirdi və elan etdi ki, mən də bir neçə gündür ki, artıq qız atasıyam və bu böyük şərəfdir. O bu böyük şərəfi düz bir ildən artıq çiyinlərində daşıdı. Qızı ilə birgə mübarizə apardı. Sonu belə olsa da… Fələk aman vermədi. Elə təxminən Fidan dünyasını dəyişən ərəfə idi. Barışa bilmirdim. Hətta hüzür mərasiminə də gec getdim. Tez-tez otaq yoldaşım Elvinə təskinlik verirdim. Sağalacaq. Hətta biz onun nişan mərasimində bacı-qardaş iştirak da edəcəyik. Amma yalan oldu. Həyatımda ən böyük yalanı danışmışdım. Özüm də bu yalana inanmışdım. Ona görə də barışa bilmirdim. Mən olduqca çox az-az hallarda ürəkdən üzülə bilirəm. Həyata real baxır və illərin mənim həyatımda açdığı keçməkeçli cığırlar kimi həyatın da mənə hansı məqamda hansı zərbəni vuracağını və bu zərbənin altından nə qədər məharətlə çıxacağımı bilirəm. Amma bu həyatda barışa bilmədiyim az-az faktlar olur. Bunlardan biri də Fidanın ölümü idi. Rəhmətə getməsi də gəlişi kimi səssiz oldu. Həmin gün Elvin işə bir az da tez gəlmişdi. Arxayın və gülər üz idi. Son bir idə ilk dəfə idi iki, Fidan üçün narahat deyildi. Özüm də təəccüb qalmışdım. “Fidanı xəstəxanaya apardım. Əməliyyata götürəcəklər” dedi. İçimdə narahat olsam da Elvinə bildirmədim. Düşündüm ki, yəqin asan bir əməliyyatdır deyə Elvin rahatdır. Hər şey günün ikinci yarısı baş verdi. Saatlar ötdükcə Elvinin göz yaşları selə döndü. Vəziyyətin ciddi olduğunu anlamışdım. O günü xatırlamaq istəmirəm. Həyatımda əzizlərimi itirdiyim günləri üst-üstə saysam 4, ya da beşinci ağır gün idi. Axşama qədər gözlədik. Elvin çoxdan xəstəxanaya getmişdi. Axşam biz də gedək, Onun balaca balasına baş çəkək deyib, yola çıxdıq. Yaxşı yadımdadı. Maşında qarşıda əyləşmişdim. Sanki göydə buludlar Fidan sözünü yazmışdı.  Çox diqqətlə baxdım. Hətta istədim, uşaqlara da deyim. Sonra tez də fikrimdən daşındım. Xəstəxanaya çatanda artıq hər şey məlum oldu.  Amma o qədər böyük ümidim vardı ki… And içirəm, həmin dəqiqə Elvinlə onun həyat yoldaşı Gülnarın vəziyyətinə baxdıqca canımı belə istəyirsən, al Allah! Amma bunları boynu bükük buraxma deyə yalan olar, 6-7 dəfə Allaha yalvardım. Sonralar özümü qınayırdım, həmin günü bəlkə ürəyimdə dedim, tanrı məni eşitmədi, ona görə belə oldu deyə… Niyə qışqıra-qışqıra deməmişdim?-  Deyə dəfələrlə özümü danlamışdım. Amma nəyə yarıyar? Artıq, Fidanın son nəfəsi də dayanmışdı. Elvinin içəridəki qışqırtısını ilk duyan da mən oldum.  Özümün , Ay allah! Deyib, qışqırdığım da yadımdadı.  İçridən çıxan Elvinin , sonra Gülnarın dizlərini yerə atıb, bir-birilərinə təskinlik verməsi də. Dəhşətli səhnə idi. İki sevən şəxsin sevgisinin barı qırılıb, düşmüşdü. Həmin gündən yazmaq istəmirəm. Bir az dərinə gedərəmsə, ürəyim dayanar deyə…
Xəstəxananın qapısından çıxmağım, evə gəlməyim, üz üstə düşüb, pallı-paltarlı yatmağım və səhəri qara paltarda üzümü yumadan işə gəldiyim hələ də yadımdadı. Bir körpə fidan açmamış solmuşdu. Hər kəsdən küskün, hər kəsdən gizli dolana-dolana içimi sızıldadan göz yaşları ilə davam etməli idim. O indi mənə iş yerini əmanət etmişdi. Öz yerini. Onu qorumalı idim. Elvin o halda deyildi. Hər şeyin üstündən bir andaca xətt çəkəcək qədər sarsılmışdı. Sonra çox şeylər yaşandı. İllər ayırdı bizi o gündən…  Nə az, nə çox. Düz 5 il… Amma Gülnarla Elvin üçün elə bil dünəndir. Nə ağrıları azalıb, nə də acıları bitib. Bu səhər yenə Gülnarın və Elvinin payaşımlarına baxdım. Heç elə bil o gündən 5 il ötməyib. Yenə də səhəri göz yaşları ilə açan o cütlüyə bir söz demək istəyirəm. Amma qorxuram inciyərlər… Körpə Fidan üçün ağlamaq günahdır. Bunu mən yox, qocalar, kifayət qədər həyat təcrübəsi olanlar deyir. Hər damla göz yaşı Fidanın əbədi olan o körpə beşiyini isladır. Xahiş edirəm, ağlamayın!…


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ