Zəncan şəhəri: iki mədəniyyətin çarpışdığı yer - GÜNEY AZƏRBAYCANI TANI
Tarix: 29-06-2023, 12:28
Baxılıb: 322
Google+ Paylaş
Tumblr Paylaş

Zəncan şəhəri: iki mədəniyyətin çarpışdığı yer - GÜNEY AZƏRBAYCANI TANI

29-06-2023, 12:28

Reportyor.tv “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Zəncan (Zəngan) şəhəri: iki mədəniyyətin çarpışdığı yer” məqaləsini təqdim edir.
Birinci yazı – XOY
İkinci yazı – Urmiya
Üçüncü yazı – Güney Azərbaycanda Novruz adətləri
Dördüncü yazı – Güney Azərbaycanda farslaşdırılmış türk adları
Beşinci yazı – Ərdəbil
Altıncı yazı – Güney Azərbaycanın milli oyanışında futbolun gücü
Yeddinci yazı - Marağa
Səkkizinci yazı - Təbrizdə Amerika bayrağına sarılaraq, oda atılan Azərbaycan sazı
Zəngan və ya Zəncan şəhəri Zəngan əyalətinin mərkəzi sayılır və bu əyalətin ən böyük və ən sıx məskunlaşan şəhəridir. İranın inzibati ərazi bölgüsünə əsasən, Güney Azərbaycan bölgəsi Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Əlburz, Qəzvin və Həmədan əyalətlərinə (ostanlarına) bölünür. Zəncan şəhəri, əslində, Zəncan rayonunun (şəhristan) mərkəzi sayılaraq bu rayonun Zəncançayı (Zəncanrud), Qərə Puştlu, Binab, Buğda kənd, Çaypara, Təhəm, Qoltuq, Qənibəyli, Mücəzat adlı bir neçə qəsəbəni və 178 kəndini öz ətrafında birləşdirir.
2017-ci ilin siyahıyaalınmasına əsasən, Zəncan şəhərinin əhalisi 430 871 nəfər olub. Azərbaycanın ən qədim şəhərlərindən biri olan Zəncan şəhərinin əhalisinin əksəriyyəti müsəlman şiəsidir və Azərbaycan türkcəsində danışır.
Zəncan şəhəri Zəncançay vadisində (Qızıl Özən çayının qollarından biri) yerləşir və Təbriz-Tehran avtomobil və dəmir yolu üzərindədir. Zəncan yayda nisbətən sərin, qışda isə soyuq və qarlı olan dağlıq iqlimə malik şəhərdir.
Zəncanın qədim zamanlardan müasir dövrə qədər tarixinə qısa baxış
Azərbaycanın bir çox digər şəhərləri kimi Zəncanın da tarixi keçmişi eramızdan əvvəlki minilliklərə gedib çıxır. İranda Azərbaycanın digər şəhərlərinin adları kimi tarixən bu şəhərin adının da fars kökənli olduğunu sübut etməyə çalışmışlar. Lakin bu adın ilk dəfə bu şəhərə nə zaman qoyulduğu dəqiq bilinmədiyi üçün şəhərin adı ilə bağlı fikir söyləmək o qədər də asan deyil. Necə ki son zamanlara qədər Zəncan vilayəti Xəmsə adlanırdı. “Xəmsə” sözünün ərəbcə olduğunu və ərəbcədə “beş”, “beşlik” anlamına gəldiyini bilirik. Bu adın verilməsinə səbəb Xəmsə vilayətinin beş bölükdən (Zəncançay, Əbhərçay, Xaraçay, İcəçay, Sucasçay) ibarət olması idi.
Arxeoloji tapıntılar, o cümlədən indiki Zəncan şəhərinə nisbətən yaxın olan duz mədənində mumiyalanmış cəsədlərin aşkar olunması bu bölgənin qədim tarixinə dəlalət etsə də, təəssüf ki, şəhərin islamdan əvvəlki dövrlərinə aid tarixi haqqında doğru-düzgün məlumat yoxdur. Tarixi mənbələr şəhərin bir dəfə ərəb-islam ordusu, bir dəfə də monqol ordusu tərəfindən olmaqla, ən azı, iki dəfə tamamilə yerlə-yeksan edildiyini bildirir. Lakin, qeyd etdiyimiz kimi, tarixi qaynaqlarda Zəncanın iki dəfə dağıdılmasından söz getsə də, bundan əvvəlki dövrlərdə şəhərin məskunlaşması və uyqarlığı haqqında o qədər də çox məlumat yoxdur.
Əbu İshaq İbrahim ibn Məhəmməd əl-Farisi əl-İstəxri (850 – 934) “Məsalik v-əl Məmalik” adlı əsərində və Əbu-l-Qasim ibn Hövqəl (943– 988) “Surət əl-arz” kitabında Zəncanı kiçik, amma bol su sayəsində əkinçilik və bağçılıqda inkişaf etmiş bir şəhər kimi təqdim ediblər. Sultan Məhəmməd (Olcaytu) Xudabəndənin dövründə (1304 – 1316) Moğol Elxanilər dövlətinin başkəndinin (paytaxtının) Təbrizdən Zəncan şəhərinin yaxınlığında yerləşən Sultaniyyə çölünə daşınması və orada yeni bir şəhərin tikilməsi Zəncanın artıq kölgədə qalmasına səbəb olmuş və şəhərin inkişaf etməsinə mane olmuşdur. Əslində, bu gün Zəncan olaraq tanıdığımız şəhər Səfəvilər (1501 – 1736) dövründən bu yana inkişaf edən və genişlənən bir şəhərdir. Qeyd etmək lazımdır ki, sözügedən şəhər Qacarlar (1789 – 1925) dövründə daha da əhəmiyyət qazanmış və daha da genişlənmişdir.
1925-ci ildə Pəhləvi hökumətinin qurulması ilə Azərbaycanda durğunluq və hətta bir qədər geriləmə dönəmi başladı. Azərbaycanın Məşrutə inqilabında (1905 – 1911) rolunu yaxşı bilən Rza şah ölkəni zəiflətməyə çalışırdı. Təbii ki, Rza şahın bu yanaşmasında Azərbaycan xalqının türk olduğu da təsirsiz deyildi. Pəhləvi hökuməti farsçı və irqçi bir hökumət idi. Əslində, kökü çox daha keçmişlərə dayanan, ancaq məşrutə inqilabı ərəfəsində yenidən bir nəzəriyyə kimi ortaya çıxan farsçılıq düşüncəsinin mahiyyətində türk və ərəb düşmənliyi vardır. Bunun üçün də bu düşüncə Rza şah dönəmində hökumət siyasətinə çevrildiyi zaman Güney Azərbaycan türklərinin ana dili yasaqlandı və istər təhsil sistemində, istər bütün dövlət orqanlarında Azərbaycan türkləri aşağılandı, təhqirlərə məruz qaldı. Hakimiyyətin bu siyasətinin son məqsədi Azərbaycan türklərinin kimliyini, mədəniyyətini məhv etmək idi. Əlbəttə, mərkəzi hakimiyyətin Azərbaycanla münasibətləri revanş xarakteri daşıyırdı. Sanki min ilə yaxın türk hökumətinin əmri altında yaşayan farslar Azərbaycan türklərindən tarixi bir intiqam alırdılar. 1941-ci ildə İranın müttəfiqlər tərəfindən işğalı və Rza şahın məcburi olaraq uzaq bir adaya sürgün edilməsi ilə Azərbaycan xalqı ayağa qalxdı. 1941 – 1945-ci illər arasında Azərbaycanın əksər şəhərləri Tehran hökumətinin siyasət və agentlərinə qarşı xalq mübarizəsi və etiraz səhnəsi olmuşdur. Zəncan əhalisi də bütün bu illərdə eyni dərdləri çəkmiş, eyni taleyi yaşamışdır. Səbəbsiz deyil ki, 1945-ci ildə Azərbaycan Milli Hökumətinin formalaşması ərəfəsində İranın mərkəzi hökumətinə bağlı məmur və ərbablarla ən qanlı qarşıdurmanın baş verdiyi şəhərlərdən biri də Zəncan idi.
Azərbaycan milli hökuməti 1945-ci il iyunun 13-də İranın mərkəzi hökuməti ilə Zəncan vilayətinin Azərbaycan dövlətinin tərkibindən çıxarılması haqqında müqavilə imzalamaq məcburiyyətində qalanda Zəncan camaatı 50 min nəfərlik toplantıda iştirak edərək buna öz kəskin etirazlarını bildirdilər. Toplantıda oxunub təsdiqlənən bəyanat içindəki fikirlər baxımından çox maraqlıdır. Bəyanatda “Biz açıq-aydın məsələni təkrar etmək istəyirik ki, Xəmsə (Zəncan) vilayəti bütün milli cəhətlərdən, yəni dil və adət-ənənə baxımından Azərbaycanın doğma və ayrılmaz bir hissəsidir” fikirləri olduqca diqqət çəkicidir. Bu hadisədən təxminən 6 ay sonra İranın mərkəzi hökuməti Güney Azərbaycana hücum edərək Azərbaycan Milli Hökumətini məhv edə bilsə də, bəyanatın mətnindən də göründüyü kimi, İran hökuməti nə həmin hadisədən əvvəl, nə də ondan sonra Azərbaycan türklərinin kimliyini məhv edə bilib.
İran hökuməti son yüz ildəki siyasəti ilə Azərbaycan türklərinin bir qismini assimilyasiya etməyi bacarsa da, Zəncanda Azərbaycan mədəniyyəti hələ də yaşamaqdadır. Azərbaycan rəqsi və musiqisi, azərbaycanlı həvəskarların çıxışları, aşıqların ifaları, bayatılar, Azərbaycan muğamı, ilin son çərşənbə axşamı ilə bağlı mərasimlər, Novruz bayramı dəbləri, sayaçılar, təkəmçilər, çillə gecəsi, “Koroğlu” dastanı kimi adət və ənənələr, dəblərin Zəncanda yaşaması, var olması Azərbaycanın da hələ də məhz bu şəhərdə yaşaması deməkdir. Təbii ki, İran hökumətinin Azərbaycan türklərinin assimilyasiyası üçün yürütdüyü siyasətin Zəncan vilayətində müəyyən qədər uğurlu olduğunu danmaq olmaz. Bir növ, Zəncanın qərbində yerləşən şəhərlərlə müqayisədə İran hökumətinin assimilyasiya siyasəti Zəncanda və onun şərq bölgələrində təsirli olmuşdur. Tehrana və farsların məskunlaşdığı ərazilərə yaxınlıq, son illərdə kürdlər və lorlar da daxil olmaqla qeyri-türklərin Zəncana genişmiqyaslı köçü bu məsələyə öz təsirini etmişdir.
Günümüzdə Azərbaycan gəncliyi hökumətin bütün maneə və sərtliklərinə baxmayaraq, azərbaycanlılığını, mədəniyyətini, tarixini və dilini qoruyub saxlamağa qərarlı görünür. Zəncan gənclərinin fəaliyyəti təkcə Azərbaycanın mədəniyyətinin və dilinin qorunub saxlanılması və inkişaf etdirilməsi ilə məhdudlaşmır, bu gənclər son illərdə dəfələrlə İran hökumətinin Azərbaycan türklərinə qarşı yürütdüyü siyasətlərə qarşı fərqli yollarla öz etirazlarını bildiriblər. Son illərdə Zəncanın bəzi siyasi, incəsənət və ədəbiyyat xadimləri Azərbaycan xalqının kimliyini, tarixini, dilini və mədəniyyətini qoruyub saxlamaq və yaşatmaq yolunda yorulmaz zəhmət və səyləri ilə, eləcə də bu insanların mədəni, sosial, iqtisadi və siyasi hüquqlarının reallaşdırılması uğrunda göstərmiş olduqları cəhdlərinə görə, Azərbaycanda tanınmış simalara çevrilib. Bir cümlə ilə demək olar ki, Zəncan İran farsçılığı ilə Azərbaycan türkçülüyünün qarşıdurmasının güclü şəkildə davam etdiyi bir şəhərdir. Amma bu qarşıdurma ədalətsiz bir şəraitdə baş verir: yəni farsçıların əllərində hakimiyyətin bütün imkanları və qaynaqları var, digər tərəfdə isə, Azərbaycan xalqı və Azərbaycan milli fəalları öz cüzi fərdi resursları ilə mübarizə aparırlar.
Tarixi əsərlər və görməli yerlər
Qeyd edildiyi kimi, qədim tarixə malik olmasına baxmayaraq, Zəncan şəhərinə Qacar hakimiyyətinə kimi o qədər də diqqət yetirilməmişdir və bu səbəbdən də, bu şəhərin tarixi abidələrinin əksəriyyəti Qacar yadigarlarıdır. Təbii, qeyd etmək lazımdır ki, burada diqqətimiz Zəncan şəhəridir, əks halda, Zəncana yaxın Zəncan vilayətinə daxil olan digər şəhərlərdə və bölgələrdə İslamdan əvvəlki dövrlərin izlərini də görmək olar.
Zəncanın üstüörtülü (qapalı) bazarı
Güney Azərbaycanın Təbriz, Xoy və Urmiya (Urmu) kimi bəzi şəhərlərinin üstü örtülübazarları ilə müqayisədə Zəncanın üstü örtülü bazarının tarixi daha azdır. Amma bu məsələ Zəncanın üstüörtülü bazarının əzəmətindən və gözəlliyindən heç bir şey əskiltmir. Zəncanın üstüörtülü bazarının tikintisinə 1790-cı ildə Qacarlar sülaləsinin banisi Ağa Məhəmməd Xan Qacarın dövründə başlanılıb və 1798-ci ildə Fəth Əli Şah Qacarın dövründə tamamlanıb. Tarixi cazibəsi və memarlıq üslubu ilə yanaşı, Zəncan bazarı hələ də ənənəvi biznes mərkəzi kimi fəaliyyət göstərir və səyahət edənlərlə yanaşı ticarət edənləri də özünə sarı çəkir.

Camaşırxana
Zəncanın bir çox digər tarixi abidələri kimi, bu da Qacar hakimiyyətinin yadigarıdır. Qacarlar dövründə Zəncan hökmdarı qadınların rahatlığı üçün buranı tikdirmişdir. Bu yerə su gətirmək üçün su kəmərindən bir qol ayrılaraq bu istiqamətə yönləndirilib və ilin soyuq və ya isti mövsümündə qadınlar burada şəxsi şəraitdə paltar yuya biliblər. Bu gün həmin yer bərpa və təmir olunub və muzey kimi turistlərin ziyarətinə açılıbdır.
Sultaniyyə günbəzi
Yuxarıda qeyd etdiyimiz kimi, Sultan Məhəmməd (Olcaytu) Xudabəndənin dövründə Moğol Elxanilər dövlətinin başkəndi Təbrizdən Zəncan şəhərinin yaxınlığında yerləşən Sultaniyyə çölünə daşındı və bu çöldə yeni bir şəhər tikildi. Sultaniyyə günbəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Bu bina dünyanın ən böyük kərpic günbəzidir, ondan sonra Santa Maria del Fiore kilsəsinin günbəzi və Ayasofiya məscidinin günbəzi dünyada ikinci və üçüncü yerləri tutur. Lakin sonrakı iki günbəzdən fərqli olaraq, bu günbəzin qorunub saxlanılması üçün ciddi səy göstərilmir. Bu isə Güney Azərbaycanda yerləşən bütün tarixi abidələrin üzləşdiyi aqibətdir. Uzun zaman diqqətsiz qalan bu dəyərli binanın içərisi oğrular tərəfindən qarət olunub, eşiyi isə sərt təbiət hadisələri ucbatından dağılıb, uçulub.
https://mag.dooronazdik.com/wp-content/uploads/2018/04/5403-4.jpg
Son söz:
Zəncan müxtəlif tarixi məqamlarda, xüsusən də Azərbaycan milli hökumətinin birillik dövründə (1945 – 1946) azərbaycanlılığını nümayiş etdirmiş, taleyinin Azərbaycanın digər şəhərlərinin taleyindən ayrı olmadığını göstərmiş bir şəhərdir. Buna baxmayaraq, bu şəhər İran farsçı hökumətinin ağır mədəni bombardmanı altındadır. Bu şəhər və onun əhalisi hələ də məhdud imkanları ilə bu kütləvi mədəni hücuma tab gətirə bilsə də, bu milli müqavimətdə bütün Azərbaycansevərlərin köməyinə ehtiyacı var.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ