Türkiyə böyük qaz xabına çevrilir: Ərdoğan Putinlə razılaşdı - Bakı da uduşda
Tarix: 15-10-2022, 09:27
Baxılıb: 315
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyə böyük qaz xabına çevrilir: Ərdoğan Putinlə razılaşdı - Bakı da uduşda

15-10-2022, 09:27

Ekspertlər təklifi müsbət dəyərləndirir, ancaq...

Rusiya prezidenti Vladimir Putin Astanada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşündə Türkiyədə Avropa üçün qaz qovşağının (xab) yaradılması məsələsini müzakirə edib.
“Birgə yarada biləcəyimiz bu mərkəzin işi zamanı əlbəttə ki, o, təkcə tədarük üçün deyil, həm də qiymətlərin müəyyən edilməsi üçün platforma olardı”, - Putin bildirib.
Rusiya lideri qiymət məsələsini çox vacib adlandırıb və bildirib ki, Türkiyə Avropaya qaz nəqli üçün ən etibarlı marşruta çevrilib.
Qeyd edək ki, Rusiya prezidenti Türkiyədə qaz xabının yaradılması təklifini ilk dəfə oktyabrın 12-də “Rusiya enerji həftəsi”ndəki çıxışında səsləndirib. Artıq Türkiyə tərəfi, prezident Ərdoğan Putinin təklifinə çox müsbət yanaşdığını deyib və onu qəbul edib. O bildirib ki, Türkiyədə qısa zaman ərzində beynəlxalq qaz kəmərlərinin qovşağı yaradılacaq: “Beynəlxalq qaz kəmərləri qovşağı qısa vaxt ərzində Türkiyədə yaradılacaq. Bunun üçün ən uyğun yer ölkənin Avropa hissəsindəki Trakiya bölgəsidir. Rusiya Prezidenti Vladimir Putinlə birgə energetika nazirlərinə lazımi işləri görməyi tapşırmışıq. Heç bir gecikmə olmayacaq. Bizim əməkdaşlar lazımi danışıqları aparıb dərhal işə başlayacaqlar. Qovşağın təhlükəsizliyinin təşkili ilə bağlı bütün məsələlər həyata keçiriləcək”.

 Aleksey Miller
“Qazprom” şirkətinin rəhbəri Aleksey Miller bildirib ki, “Türk axını”nın yeni xətlərində Rusiya istehsallı turbinlərdən istifadə olunacaq. Onun sözlərinə görə, Türkiyəyə nəql olunacaq qaz Rusiyanın Baltik dənizi ilə Avropaya çatdırmağı hədəflədiyi həcmdə ola bilər: “Yeni xətlərin ötürücülük gücü bizim ”Şimal axın"larındakı terror aktına görə itirdiyimiz həcmə bərabər ola bilər".
Millerin fikrincə, Türkiyə üzərindən təklif olunacaq qaz həcmlərinə alıcı tapılacaq: “Bizim sualtı boru kəmərlərini tikmək bacarığımız kifayət qədərdir. Buna görə də lazım gələrsə, yeni xətləri çəkmək problem olmayacaq”.
Rusiya baş nazirinin müavini Aleksandr Novak isə “Anadolu” agentliyinə müsahibəsində Türkiyə üzərindən Avropaya qaz ixracı potensialının ildə 63 milyard kubmetr civarında olduğunu deyib: “Biz ”Cənub axınını 63 milyard kubmetrlik ötürücülük gücünə uyğun layihələndirmişdik. Bu potensial tələb olarsa, Qara dəniz və Türkiyə vasitəsilə Avropaya çatdırıla bilər. Bunun üçün əsas şərt kəmərlərdə təhlükəsizliyin tam təmin olunmasıdır".
Qeyd edək ki, “Cənub axını” Rusiyanın Ukraynadankənar ərazilərlə Avropaya qaz nəqli üçün yaratdığı kəmərdir. Avropa İttifaqının yaratdığı maneələr səbəbindən kəmərin Bolqarıstana deyil, daha az ötürücülük gücü ilə(31,5 milyard kubmetr) Türkiyəyə çəkilməsinə qərar verilib. Türkiyə Xarici Siyasət İnstitutunun direktoru Hüseyn Bağcı TASS-a bildirib ki, Rusiyanın təklifi çox perspektivlidir, lakin Türkiyə onu dəyərləndirərkən mümkün geosiyasi riskləri nəzərə almalıdır: “Bu, yeni və yaxşı perspektivi ola biləcək təklifdir. Lakin Türkiyə Ukraynadakı konfliktdə tutduğu ölçülüb-biçilmiş mövqeni nəzərə alaraq bu təklifi hərtərəfli qiymətləndirməlidir”.
Ekspertə görə, Rusiyanın təklifini qiymətləndirərkən Ankara ilk növbədə Avropanın ona yanaşmasını nəzərə almalıdır: “Ehtiyatlı optimizm nümayiş etdirmək son dərəcə vacibdir. Yaxın günlər ərzində prosesin mümkün inkişaf istiqamətləri daha aydın görünəcək”.
Natiq Cəfərli: "80 min yeni iş yerinin açılması inandırıcı deyil”
 Natiq Cəfərli 
Azərbaycanda iqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, “Şimal Axını 1/2" boru kəmərləri ilə Avropaya 110 milyard kubmetr qaz nəqli nəzərdə tutulmuşdu: ”2021-ci ildə “Şimal Axını-1" ilə 55 milyard kubmetr qaz Avropa Birliyi ölkələrinə çatdırılmışdı, borunun ikinci xətti isə Rusiyanın Ukraynaya təcavüzünə görə sanksiyalara məruz qaldığına görə açılmadı, bir neçə gün öncə isə naməlum səbəblərdən partladılaraq sıradan çıxarıldı. Son məlumatlara görə, partladılan boru xəttlərinə dəniz suyu dolub, onların bərpası mümkün deyil, çünki duzlu su karroziyaya səbəb yaradır, ona görə də su dolan hissələr mütləq dəyişdirilməlidir. Bu isə o deməkdir ki, yaxın illərdə bu xətlər bərpa olunmayacaq.
Avropanın illik qaz istehlakı 510 milyard kubmetrdir, keçən ilə qədər Rusiya bu həcmin 170-180 milyard kubmetrini bir neçə boru xətti ilə təmin edirdi, indi bu xətlərdən yalnız biri - Ukraynadan keçən xətt işlək vəziyyətdədir. Müharibəyə baxmayaraq nə Rusiya, nə də Ukrayna o kəmərlərə dəymirlər, amma həcm olaraq qaz nəqli çox aşağı düşüb. Belə şəraitdə Avropa üçün qazla əsas tədarük istiqaməti Türkiyə üzərinə keçir, həm “Türk axını”, həm də TANAP və TAP layihələri, bundan başqa İrandan Türkiyəyə çəkilmiş, artıq işlək vəziyyətdə olan (İTE) boru xətti də var, ötürücülük gücünü 30 milyard kubmetrə qədər qaldırmaq imkanı olan xətdir. Ümumilikdə Türkiyə bütün boru xətlərinin tam həcmlə işləməsi zamanı Rusiya, Azərbaycan və İrandan 90-100 milyard kubmetr qaz ala bilər, bu isə Türkiyəni böyük qaz “xabına” çevirmək üçün yetərlidir. Bundan başqa Türkiyənin özü də qaz hasil etməyə başlayır, həm də İsrail qazının bir hissəsi Türkiyə üzərindən Avropaya çatdırılması planlaşdırılır".
N.Cəfərlinin sözlərinə görə, Türkiyənin yeni qazpaylayıcı mərkəzə çevrilməsi Azərbaycanın maraqlarına tam uyğun olması ilə yanaşı, qardaş Türkiyəyə də böyük imkanlar açır və bu, Avropa üçün də çox önəmlidir: “Avropa Birliyi ölkələrinin ehtiyac duyduğu qaz həcmi getdikcə artacaq, buna görə də birbaşa olmasa da, dolayısı ilə Rusiyadan qaz almaqda davam edəcəklər, başqa çarələri yoxdur. Qazın qiymətinin kəskin bahalaşması isə Avropada həm də sənaye istehsalının maya dəyərini bahalaşdırır. Bu mənada Almaniya və digər Avropa ölkələri iri enerjitutumlu sənaye istehsalını Türkiyəyə daşıya bilər. Bunun üçün Türkiyə ideal logistik və enerji üstünlüklərinə malikdir, həm də gənc, dinamik nüfuzu var, işsiz olan 4 milyon nəfər vətəndaşı var ki, bunlardan da 20 faizini gənclər təşkil edir. Ucuz enerji, ucuz işçi qüvvəsi, ideal coğrafi-logistik mövqeyi Türkiyəni yaxın gələcəkdə fraqmental dünyanın yeni regional liderlərindən birinə çevirəcək. Bunun üçün Türkiyə bəzi institutsional problemlərini həll etməli, məhkəmə hakimiyyətində olan boşluqları doldurmalı, Mərkəzi Bankı və məhkəmələri AKP idarəetməsindən çıxartmalıdır. Ötən əsrin 50-60-cı illərində yüz minlərlə Türkiyə vətəndaşı Almaniyaya işləmək üçün axın etdi, Almaniyanın dirçəlməsində rol oynadı, indi isə Almaniya sənayesi özü Türkiyəyə gələ bilər, bu isə qardaş ölkə üçün həyati önəmlidir”...
 
interview.az - Neft-Qaz sahəsi üzrə ekspert İlham Şaban: "Azərbaycan  müddəti 2050-ci ilədək nəzərdə tutulan yeni neft müqavilələri imzalamağa  hazırlaşır"
Enerji məsələləri üzrə ekspert, “Neft” Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, Putinin təklifi kifayət qədər gözlənilməz olub: “Çox gözlənilməz təklif oldu. Türkiyənin təbii sərvətlər enerji naziri Fateh Dönməz təklifi ilk dəfədir eşitdiklərini, ona görə bir sıra siyasi-iqtisadi, texniki məsələlərin araşdırılmasına ehtiyac olduğunu deyib. Ümumiyyətlə, Türkiyənin öz ərazisində beynəlxalq səviyyəli enerji qovşağının yaradılması arzusunu 1997-ci ildən açıqlayıb. Həmin ilə Türkiyə ilə Türkmənistan arasında qaz alqı-satqısına dair müqavilə imzalanarkən qardaş ölkə öz arzusunu dilə gətirmişdi. Ondan bəri ötən müddətdə Türkiyə bu arzusuna qismən çatıb: 2022-ci ildə Azərbaycandan Avropa Türkiyə üzərindən 11 milyard kubmetr qazın nəqli nəzərdə tutulur. ”Rusiya enerji həftəsi"ndəki çıxışında Vladimir Putin elan etdi ki, cari ildə Türkiyə üzərindən Avropaya 14 milyardkubmetr qaz ötürülməsi planlaşdırılır. 25 milyard kubmetrlik qaz nəqli kifayət qədər böyük həcm deməkdir. Əgər əlbəttə, təhlükəsizlik tam təmin olunsa".
Mütəxəssisin fikrincə, Türkiyə üzərindən Rusiya qazının bəzi İraqa çadırılması da mümkündür İraq qaza tələbatı getdikcə artan ölkədir, özünün qaz ehtiyatları olsa da, davam edən daxili silahlı qarşıdurmalar üzündən onların hasilatını artıra bilmir. Hazırda İraq İrandan bir neçə milyard kubmetr qaz alır. Əlverişli şərtlər təmin edilərsə, Rusiya qazını da əldə etməkdə maraqlı olacaq. Lakin Putinin bu təklifinin gerçəkləşməsi çoxsaylı beynəlxalq siyasi-iqtisadi şərtlərdən asılıdır. Bu şərtlərin necə dəf olunacağını zaman göstərəcək".
Azərbaycanın Türkiyədə yaradıla biləcək qaz habından iki yolla qazanc əldə etməsi mümkündür. Bunlardan birincisi, özünün getdikcə hasilat həcmi artan qazının satılmasıdır. İkinci yol isə Türkmənistan qazını öz üzərindən haba çatdırmaqdır.
Onu da qeyd edək ki, Azərbaycan 2021-ci ildə Avropaya ixrac etdiyi 8,2 milyard kubmetr qaz həcmlərinə, cari ilin 9 ayı ərzində nail olub. Energetika naziri Pərviz Şahbazovun özünün “Twitter” hesabından yaydığı məlumata görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ötən ili eyni dövrü ilə müqayisədə 8,6 faiz çox -  34,4 milyard kubmetr qaz hasil edilib. Bu həcmin 8,3 milyard kubmetri Avropaya tədarük edilib. Həmçinin bu müddətdə Türkiyəyə 6,1 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetr qaz ixrac olunub. Bu dövrdə qaz ixracı 22,6  faiz artıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ