Azərbaycanın “Qarabağ” gecəsi - bütün ürəklər Norveçdə döyünəcək...
Tarix: 30-11-2023, 09:14
Baxılıb: 323
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanın “Qarabağ” gecəsi - bütün ürəklər Norveçdə döyünəcək...

30-11-2023, 09:14

Bu gün Azərbaycan futbolu üçün tarixi günlərdən biridir. Son 10 ildə bütün dünyada ölkəmizi uğurla təmsil edən, qızıl hərflərlə tarix yazan “Qarabağ” futbol klubu Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxır. Təmsilçimizin rəqibi “H” qrupunda eyni xala malik olduğu Norveçin “Molde” komandasıdır. Bütün Azərbaycanın gözü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq oyunda Norveçə dikiləcək. 
“Qarabağ” bu axşam həm də Avropada növbəti şanlı tarixini, tariximizi yaza bilər. Belə ki, klubumuz qələbə qazanacağı təqdirdə ilk dəfə olaraq, Avropa Liqasında qrupdan üst mərhələyə çıxacaq. Heç-heçə də “Qarabağ”ın işinə yarayır. Çünki Bakıdakı ev oyununda komandamız “Molde”ni 1-0-la məğlub edib. Xallar yenə eyni qalacaq və üstünlük “Qarabağ”da olacaq. Klubumuz son qrup oyununu dekabrın 14-də evdə İsveçin “Hakken” kollektivinə qarşı keçirəcək. İlk oyunda “Qarabağ” səfərdə bu kluba 1-0-la qalib gəlib. Yəni Bakıda keçiriləcək oyunda “Hakken”i udmaq o qədər də çətin olmaya da bilər. Bir üstünlüyümüzü də bu yerdə xatırladaq ki, “Molde” son oyununu səfərdə Almaniyanın ən güclülərindən sayılan, qrupda yüz faizlik nəticə göstərən “Bayer Levekuzen” klubuna qarşı keçirəcək. Bu oyunda isə norveçlilərin qalib gəlmə şansları dənizdə damla qədərdir...
Göründüyü kimi, bütün şanslar öz əlimizdədir. Qalır, bundan yararlanmaq. İnanırıq ki, Azərbaycan futbolunun imperatoru sayılan Qurban Qurbanov bu şansı əldən verməyəcək, futbolumuzun əfsanəsi 10 il ardıcıl Avropa kuboklarında qrup mərhələrində çıxış edən “Qarabağ”ı ilə bu uğura da çatacaq, yəni Avropa Liqasında qruplardan çıxacaq...
“Hazırlığımız pis keçmədi. Demək olar ki, hər şey qaydasındadır”.
QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsində “Molde” ilə səfər oyunu üçün Norveçə yollanarkən hava limanında jurnalistlərə açıqlamasında deyib.
O, matçın hər iki komanda üçün vacib olduğunu və buna görə də gərgin keçəcəyini bildirib: “Gözləntilərimiz yaxşı oyun və yaxşı nəticə ilə dönməkdir. İnanıram ki, alınar. Rəqib də eyni fikirdədir. Onların da böyük şansı var. Məncə, meydanda ciddi mübarizə gedəcək”.
Q.Qurbanov ""Qarabağ" ilk oyundakı üstünlüyü səfərdə də tətbiq edə biləcəkmi?" sualını isə belə cavablandırıb: “Çox istərdik ki, edək. Amma rəqibin evdə oynamağını nəzərə almaq lazımdır. Onların meydanı süni örtüklüdür. Azarkeşlər də rəqib üçün üstünlükdür. Amma maksimum çalışacağıq ki, öz oyunumuzdan əl çəkməyək. Bunu nə qədər bacardığımızı oyunda görəcəyik”.
Mən söz vermişəm" - Şahin Diniyev
Şahin Diniyev: "Bu şanslardan yararlanmağa "Qarabağ"ın bugünkü durumu tam şəkildə cavab verir"
“Səbayel” klubunun baş məşqçisi Şahin Diniyev ümidlidir. O, təmsilçimizin uğur qazanacağına inanır: “Bizi çox gərgin bir oyun gözləyir. "Qarabağ" indi çox yaxşı formadadır. Çempionatda keçirdikləri oyunlar da bunu sübut edir. Həm də yorğunluq hiss olunmur. Oyun öncəsi istirahət üçün yetərincə vaxtları qalırdı. Psixoloji baxımdan da çox yaxşı formadadırlar. Azərbaycan Çempionatında artıq lider olublar. Öz yerlərini tapıblar. Uğurlu oyunlar keçirdilər. Eyni zamanda zədəli futbolçuları da yoxdur. Maksimum nəticə qazanmaq üçün maksimum şərait var. Göstərdiyi oyunla, Avropa səviyyəsindəki təcrübələri ilə uğurlu nəticə qazanmaları təəccüblü də olmayacaq. Qrupdan necə çıxmağı hamımızdan yaxşı bilirlər. Onlara uğurlar arzulayıram. Hesab edirəm ki, qrupdan çıxmaq üçün “Molde” ilə heç-heçə etmək də kifayət edə bilər. Udsalar, tamamilə həll edəcəklər. Çünki “Qarabağ”ın xalları 9-a çatır, “Molde” 3 xal geridə qalacaq və aralarındakı oyunda təmsilçimiz üstün tərəf olacaq. Bir sözlə, qələbə qazansa, sonuncu oyundan asılı olmayaraq, qrupdan çıxacağıq. Amma bu futboldur. Hər şey ola bilər. Sonuncu evdə oynayacağımız oyunda qalib də gələ bilərik, məğlub da ola bilərik. Burada bir məsələ də var. “Molde”nin son oyunda gedib səfərdə Almaniya Çempionatının lideri olan “Bayer Leverkusen”ni udması da çox çətindir. Bu bizim üçün son şans sayılmalıdır. İnanıram ki, “Qarabağ” üstünlüyündən yararlana biləcək. Əgər topların sayında belə bərabərlik yaransa, bu ciddi problem yarada bilər. Yuxarıda sadaladıqlarımızla çox yaxşı şans qazanmışıq. Bu şanslardan yararlanmağa “Qarabağ”ın bugünkü durumu tam şəkildə cavab verir". 
Natiq Muxtarlı yazır: Avropanın səssiz işğalı - Onlar gəliblər
Natiq Muxtarlı: ""Qarabağ”ın taleyi öz əlindədir və..."
Tanınmış idman yazarı Natiq Muxtarlı “Qarabağ”ı rəqibindən üstün komanda sayır: ""Molde"-"Qarabağ" oyunu hər iki komanda üçün böyük əhəmiyyət kəsb edir. Çünki bu oyunun nəticəsi 2-ci yerin taleyini həll edəcək. “Qarabağ”ı heç-heçə də təmin edir. “Molde” isə qələbə qazanmalıdır. Bu amili nəzərə alsaq, “Qarabağ”ın bir addım öndə olduğunu güman etmək olar. “Molde” məcburdur ki, qol vursun, buna görə də Bakıda olduğu kimi qapalı futbol oynamayacaq. Bu amil də “köhlən atlar”ın işinə yaraya bilər. Meydan sahibləri böyük qüvvə ilə hücum etsələr, “Qarabağ” geniş sahə əldə edəcək. Ağdamlıların texnikalı futbolçuları olduğu üçün belə şəraitdə rahat oynayırlar. “Molde”nin boşluq buraxacağı dəqiqdir. Heç bir halda risk etmək olmaz. Müdafiədə diqqətli olub, rəqibin boşluqlarından yararlanmaq lazımdır. Heç “Molde”nin də avantürist şəkildə irəli atılacağını düşünmürəm. Norveçlilər təzyiqi hissə-hissə artırmağa üstünlük verəcək, “Qarabağ”ın səhv edəcəyinə ümid bəsləyəcəklər. Bu qarşılaşmada az səhv edən, şansdan maksimum yararlanan komanda qalib gələcək. Məğlubiyyət “Qarabağ”ı ikinci yerdən edəcək. Çünki “Molde”nin top fərqi daha yaxşıdır. Onların son turda heç bir iddiası qalmayan “Bayer”ə böyük hesabla məğlub olacağını güman etmirəm. “Qarabağ”ın taleyi öz əlindədir və bundan maksimum yararlanmaq lazımdır. Hava şəraitini nəzərə alanlar meydan sahiblərini daha şanslı sayırlar. Amma meydanda şərtlər hər iki komanda üçün eynidir. Fiziki cəhətdən hazırlıqlı olan komanda üçün hava şəraitinin böyük önəmi yoxdur. “Qarabağ” “Molde”dən çəkinməməlidir. Bakıdakı oyun göstərdi ki, “atlar” onlardan bir baş üstündür. Sadəcə, bu üstünlük nəticədə də təsdiqini tapmalıdır. Məğlubiyyət o demək olacaq ki, “Qarabağ” mübarizəni Konfrans Liqasının pley-offunda davam etdirəcək. Yəqin ki, futbolçular bu oyunun məsuliyyətini yaxşı anlayırlar. “Qarabağ” özünəxas oyunu nümayiş etdirsə, “Molde”nin heç bir şansı olmayacaq".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ